«Əyyubun təhəmmülü barəsində eşitmisiniz»
«Əyyubun təhəmmülü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz; çünki Rəbb çox şəfqətli və mərhəmətlidir» (YAQUB 5:11).
1, 2. Polşalı bir ailə hansı sınaqlarla üzləşmişdi?
HİTLERİN qoşunu şimali Polşanın Qdansk şəhərini işğal edəndə Harald Apt bir ildən az idi ki, Yehovanın Şahidi idi. O zaman vəziyyət çətinləşdi, bəli, həqiqi məsihçilər üçün təhlükəli vəziyyət yarandı. Gestapo Haraldı imandan imtina etmək haqqında sənədi imzalamağa məcbur etməyə çalışsa da, o bunu rədd etdi. Bir neçə həftə həbsxanada qaldıqdan sonra, Haraldı Zaksenxauzen həbs düşərgəsinə göndərdilər, burada onu hədələyir və döyürdülər. Zabit meyitlər yandırılan binanın bacasını göstərib Haralda dedi: «Əgər 14 günə dinindən dönməsən, ora, öz Yehovanın yanına qalxacaqsan».
2 Harald həbs ediləndə onun həyat yoldaşı Elza on aylıq qızlarını hələ süddən ayırmamışdı. Lakin o da gestaponun diqqətindən yayınmadı. Çox keçmədən uşağı əlindən aldılar, özü isə Osventsim ölüm düşərgəsinə göndərildi. Lakin onların hər ikisi sağ qaldı. «Gözətçi Qülləsi»nin 1980-ci il 15 aprel sayında (ing.) onların necə tab gətirdikləri barədə oxuya bilərsiniz. Harald yazırdı: «Dini e’tiqadıma görə, ömrümün 14 ilini həbs düşərgələrində və həbsxanalarda keçirmişəm. Məndən soruşurdular ki, bütün bunlara tab gətirməkdə həyat yoldaşımın mənə köməyi dəyibmi. Əlbəttə! Mən əvvəlcədən bilirdim ki, o, heç vaxt imanından dönməyəcək və bu mənə güc verirdi. Mən bilirdim ki, o mənim imandan dönərək azadlığa çıxmağımı görməkdənsə, ölümümü görməyə razıdır... Elza özü də alman həbs düşərgələrində çox çətinliklərə tab gətirib».
3, 4. a) Kimlərin nümunəsi tab gətirmək üçün məsihçiləri möhkəmləndirə bilər? b) Nə üçün Müqəddəs Kitab bizi Əyyubun hadisəsini dərindən araşdırmağa təşviq edir?
3 Əziyyətlərə tab gətirmək heç də asan deyildir, bir çoxları bunu təsdiq edə bilər. Bu səbəbdən Müqəddəs Kitab bütün məsihçilərə məsləhət verir: «Rəbbin adı ilə danışmış peyğəmbərləri, məşəqqətə dözmə və səbir nümunəsi olaraq alın» (Yaqub 5:10). Əsrlər boyunca Allahın bir çox xidmətçiləri əsassız yerə tə’qiblərə mə’ruz qalmışlar. ‘Böyük şahidlər buludunun’ qoyduğu nümunə məsihçi yarışımızı təhəmmüllə qaçmaq üçün bizə cəsarət verə bilər (İbranilərə 11:32-38; 12:1).
4 Əyyub Müqəddəs Kitabda təhəmmül nümunəsi kimi qarşımızda durur. Yaqub yazırdı: «Budur, biz təhəmmül edənləri bəxtiyar hesab edirik: Əyyubun təhəmmülü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz; çünki Rəbb çox şəfqətli və mərhəmətlidir» (Yaqub 5:11). Əyyubun hadisəsi, Yehovanın xeyir-dua verdiyi sadiq insanların alacaqları mükafat haqda bizdə müəyyən qədər təsəvvür yaradır. Daha vacibi isə odur ki, bu hadisə bizə bəlalar zamanı kömək edəcək həqiqəti açıqlayır. «Əyyub» kitabı bu suallara cavab tapmağa kömək edir: sınaqlar zamanı vacib mübahisəli sualı nə üçün nəzərdən qaçırmamalıyıq? Hansı keyfiyyətlər və əhval-ruhiyyə tab gətirməkdə kömək edər? Bəlaya düçar olmuş həmimanlılarımızı necə ürəkləndirə bilərik?
Vəziyyəti hərtərəfli görmək
5. Sınaq və imtahanlar qarşısında hansı vacib məsələni yadda saxlamalıyıq?
5 Fəlakətlərlə üzləşərkən ruhani tarazlığı qorumaq üçün vəziyyət haqqında hərtərəfli təsəvvürə malik olmalıyıq. Əks təqdirdə, şəxsi problemlərimiz ruhani gözlərimizi dumanlandıra bilər. Ən vacibi Allaha sadiq qalmaqdır. Səmavi Atamızın bu müraciəti hər birimiz üçün mühümdür: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana [«Mənə istehza edənə», YD] cavab verə bilərəm» (Süleymanın məsəlləri 27:11). Bu necə də nadir imtiyazdır! Zəifliklərimizə və qeyri-kamilliyimizə baxmayaraq, biz Yaradanımızı sevindirə bilərik. Yehovaya olan məhəbbətimizdən irəli gələrək sınaq və imtahanlara təhəmmül edərkən biz Onu sevindiririk. Həqiqi məsihçi məhəbbəti hər bir şeyə tab gətirir. O, heç vaxt tükənmir (1 Korinflilərə 13:7, 8).
6. Şeytan Allaha necə və nə dərəcədə istehza etdi?
6 «Əyyub» kitabı Şeytanı açıq-aşkar Yehovaya istehza edən biri kimi tanıdır. O, həmçinin gözəgörünməz düşmənin mənfur təbiətini və Allahla münasibətimizi pozmaq arzusunda olduğunu açıqlayır. Əyyubun hadisəsindən göründüyü kimi, Şeytan xüsusilə də Yehovanın bütün xidmətçilərini xudbinlikdə ittiham edir və onların Allaha olan məhəbbətinin soyuyacağını sübut etməyə can atır. O, min illərdir ki, Allaha istehza edir. Şeytan göydən qovulanda, göydən gələn səs onu «qardaşlarımızın ittihamçısı» adlandırdı və «Allahımızın önündə gecə və gündüz» ittihamlar irəli sürdüyünü dedi (Vəhy 12:10). Sədaqətlə təhəmmül edərək bu ittihamların əsassız olduğunu göstərə bilərik.
7. Fiziki zəifliyə qarşı durmağın ən yaxşı üsulu nədir?
7 Yadda saxlamalıyıq ki, Şeytan başımıza gələn hər bədbəxtlikdən bizi Yehovadan uzaqlaşdırmaq üçün istifadə edəcək. O, İsanı nə zaman sınağa çəkdi? Qırx gün oruc tutaraq acanda (Luka 4:1-3). Ancaq İsa ruhani gücü sayəsində qətiyyətlə Şeytanın şirnikdirici təkliflərini rədd etdi. Necə də vacibdir ki, xəstəlik və ya qocalığın nəticəsi olan fiziki zəifliyimizə ruhən güclü olaraq qarşı duraq! Hətta «zahiri varlığımız pozulursa da» biz ruhdan düşmürük, çünki «daxili varlığımız gündən-günə təzələnir» (2 Korinflilərə 4:16).
8. a) Mənfi hisslər hansı zərəri yetirə bilər? b) İsa hansı düşüncə tərzinə malik idi?
8 Bundan başqa mənfi hisslər insanın ruhaniliyinə zərər yetirə bilər. İnsan təəccüb içində çaşıb qala bilər: «Yehova buna nə üçün yol verir?» Bir başqası isə sərt rəftarla üzləşəndə düşünə bilər: «Heç qardaş da belə davranar?» Belə hisslər diqqətimizi əsas məsələlərdən yayındıraraq şəxsən özümüzə cəmləşdirir. Əyyub xəstəliyinin onu haldan salmasından çox, üç dostunun yaratdığı çaşqınlaqdan əziyyət çəkirdi (Əyyub 16:20; 19:2). Həvari Pavel də göstərmişdi ki, uzunsürən qəzəb «iblisə yer», yə’ni imkan yaradır (Efeslilərə 4:26, 27). Məsihçi kiməsə əsəbiləşdiyini büruzə vermək və ya fikrini son dərəcədə haqsızlığa cəmləşdirmək əvəzinə, yaxşı olardı ki, özünü Yehova Allaha, ‘ədalətlə mühakimə Edənə təslim edən’ İsadan nümunə götürsün (1 Peter 2:21-23). Məsihin düşüncə tərzi Şeytanın həmlələrinə qarşı əsas müdafiə üsulu ola bilər (1 Peter 4:1).
9. Allah payımıza düşən yüklərə və üzləşdiyimiz imtahanlara dair bizi nəyə əmin edir?
9 Hər şeydən əvvəl biz heç vaxt fikirləşməməliyik ki, problemlərimiz Allahın bizdən narazı olduğunu göstərir. Təsəlli umduğu adamlar Əyyuba sərt sözlər yağdıranda bu səhv fikir onu incidirdi (Əyyub 19:21, 22). Müqəddəs Kitab bizi əmin edir: «Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir» (Yaqub 1:13). Əksinə, üzərimizə nə yük düşürsə-düşsün, Yehova onu daşımağa kömək edəcəyini və qarşılaşdığımız imtahanlardan qurtuluş verəcəyini və’d edir (Məzmur 55:22; 1 Korinflilərə 10:13). Çətinliklər zamanı Yehovaya yaxınlaşaraq vəziyyətə düzgün qiymət verəcək və Şeytana müvəffəqiyyətlə müqavimət göstərə biləcəyik (Yaqub 4:7, 8).
Təhəmmül etmək üçün kömək
10, 11. a) Əyyub nəyin sayəsində təhəmmül etdi? b) Təmiz vicdana sahib olması Əyyuba necə kömək etdi?
10 Əyyub vəziyyətinin çətinliyi ilə yanaşı, yalançı təsəlliçilərinin sözlə ona hücumuna və fəlakətlərinin əsl səbəbi barədə olan çaşqınlığına baxmayaraq, nöqsansızlığını qorudu. Onun təhəmmülündən hansı ibrət dərsini alırıq? Şübhəsiz, nöqsansızlığını qorumağının əsas səbəbi Əyyubun Yehovaya olan sadiqliyi idi. «O... Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi» (Əyyub 1:1). Bu onun həyatda seçdiyi yol idi. Hətta hər şeyin birdən-birə nə üçün pisləşdiyini başa düşməsə də, Əyyub Yehovaya arxa çevirmədi. O, necə ki yaxşı, eləcə də pis vaxtlarda Allaha xidmət etməli olduğuna əmin idi (Əyyub 1:21; 2:10).
11 Vicdanının təmiz olması da Əyyuba təsəlli idi. Hətta ömrünün sonuna az qaldığını düşünəndə də başqalarına kömək etmək üçün əlindən gələni etdiyini, Yehovanın saleh normalarına riayət etdiyini və yalan ibadətin hər bir növündən kənar durduğunu bilmək ona təskinlik verirdi (Əyyub 31:4-11).
12. Əyyub Elihudan aldığı köməyə necə hay verdi?
12 Düzdür, bə’zi məsələlərə dair düşüncə tərzinin dəyişməsi üçün Əyyubun köməyə ehtiyacı vardı. O, təhəmmülündə böyük rolu olan bu köməyi təvazökarlıqla qəbul etdi. Əyyub hörmətlə Elihunun müdrik məsləhətini dinlədi və Yehovanın düzəlişinə müsbət cavab verdi. O e’tiraf etdi: «Bilmədiyim şeylərdən... danışdım. Ona görə özümdən zəhləm gedir, torpağın, külün içində tövbə edirəm» (Əyyub 42:3, 6). Ona əzab verən xəstəliyin davam etməsinə baxmayaraq, Əyyub sevinirdi ki, düşüncə tərzinin dəyişməsi onu Allaha yaxınlaşdırdı. Əyyub dedi: «Bilirəm, Sən [Yehova] hər şeyə qadirsən» (Əyyub 42:2). Yehova Öz əzəmətini təsvir edəndə Əyyub Yaradanla müqayisədə öz mövqeyini daha aydın başa düşdü.
13. Mərhəmətli olmağın Əyyuba hansı faydası dəydi?
13 Nəhayət, Əyyub mərhəmət göstərməkdə gözəl bir nümunə qoyub. Saxta təsəlliçilərinin onu çox incitdiyinə baxmayaraq, Yehova Əyyuba onlar üçün dua etməyi tapşıranda, Əyyub Allahın dediyini yerinə yetirdi. Bundan sonra Yehova Əyyubu sağaltdı (Əyyub 42:8, 10). Məhəbbət və mərhəmət bizə tab gətirməkdə kömək etdiyi halda, hiddətin heç bir faydası dəyməyəcək. Hiddəti boğaraq biz ruhani cəhətdən təravət alacağıq. Yehova da məhz belə etdikdə xeyir-dua verir (Mark 11:25).
Təhəmmül etməyə bizə kömək edən müdrik məsləhətçilər
14, 15. a) Məsləhətçi hansı keyfiyyətləri sayəsində başqalarına şəfa verə bilər? b) Nə üçün Elihu Əyyuba kömək edə bildi?
14 Əyyubun hadisəsindən həm də müdrik məsləhətçilərin çox dəyərli olduğunu öyrənirik. Belələri ‘dar gün üçün döğulan’ qardaşlardır (Süleymanın məsəlləri 17:17). Ancaq gördüyümüz kimi, bə’zi məsləhətçilər sağaltmaq əvəzinə yara vura bilərlər. Yaxşı məsləhətçi gərək Elihu kimi mərhəmətli, hörmətcil və xeyirxah olsun. Ağsaqqallara və başqa yetkin məsihçilərə problemləri olan qardaşların düşüncə tərzini islah etmək lazım gələ bilər, bu zaman belə məsləhətçilər «Əyyub» kitabından çox şey öyrənə bilərlər (Qalatiyalılara 6:1; İbranilərə 12:12, 13).
15 Elihunun məsələyə necə yanaşmasından çoxlu dərs ala bilərik. O, Əyyubun üç dostunun yanlış sözlərinə cavab verməzdən əvvəl səbirlə onları dinlədi (Əyyub 32:11; Süleymanın məsəlləri 18:13). Elihu Əyyubu adı ilə çağırır və ona dostcasına yanaşırdı (Əyyub 33:1). Üç saxta təsəlliçilərdən fərqli olaraq, o özünü Əyyubdan üstün saymır, əksinə, deyirdi: «Mən də palçıqdan düzəldilmişəm». O, düşünülməmiş sözlərilə Əyyubun əzablarını artırmaq istəmirdi (Əyyub 33:6, 7; Süleymanın məsəlləri 12:18). Əyyubun keçmiş həyatını tənqid etməkdənsə, Elihu: «Sənin salehliyin məni sevindirir» deyərək onu tə’riflədi (Əyyub 33:32, YD). Ən vacibi isə Elihu hər şeyə Allahın nöqteyi-nəzəri ilə baxırdı və o, Əyyubun diqqətini Yehovanın heç vaxt ədalətsiz davranmadığına yönəltdi (Əyyub 34:10-12). O, Əyyubu təşviq etdi ki, öz salehliyini sübut etməkdənsə, Yehovanı gözləsin (Əyyub 35:2; 37:14, 23). Məsihçi ağsaqqalları və başqaları bundan özlərinə dərs götürə bilərlər.
16. Necə oldu ki, Əyyubun üç dostu Şeytanın alətinə çevrildi?
16 Elihunun müdrik məsləhəti Elifaz, Bildad və Sofarın acı sözlərinə bənzəmirdi. Yehova onlara dedi: «Siz qulum Əyyub kimi mənim haqqımda doğru olanı demədiniz» (Əyyub 42:7). Onlar Əyyubun yanına təmiz ürəklə gəldiklərini iddia etsələr də, özlərini vəfalı dostlar kimi deyil, Şeytanın alətləri kimi apardılar. Onların üçü də elə lap başlanğıcdan hesab edirdilər ki, fəlakətlərinin baş verməsində Əyyub özü günahkardır (Əyyub 4:7, 8; 8:6; 20:22, 29). Elifazın fikrincə Allah Öz xidmətçilərinə e’tibar etmir və bizim saleh olub-olmamağımızın Onun üçün heç bir əhəmiyyəti yoxdur (Əyyub 15:15; 22:2, 3). O, hətta Əyyubu etmədiyi əməllərdə günahlandırırdı (Əyyub 22:5, 9). Elihu isə bunun əksinə olaraq, Əyyuba ruhani cəhətdən kömək etdi. Məhəbbətli məsləhətçinin də məqsədi elə budur.
17. Sınaqlar zamanı nəyi yadda saxlamalıyıq?
17 «Əyyub» kitabından təhəmmül haqqında başqa bir dərsi də ala bilərik. Sevən Allahımız vəziyyətimizi müşahidə edir və müxtəlif üsullarla bizə kömək etməyə həm qadirdir, həm də hazır. Məqalənin əvvəlində Elza Aptın başına gələnlər haqqında oxuduq. Onun hansı nəticəyə gəldiyinə diqqət yetirin: «Həbs olunmamışdan qabaq, bir bacının məktubunu oxumuşdum. O yazırdı ki, şiddətli sınaqlar zamanı Yehovanın ruhu insana qəlb rahatlığı gətirir. Mən fikirləşirdim ki, o, yəqin bir az şişirdir. Lakin mən özüm sınaqlara düşəndə, onun söylədiklərinin həqiqət olduğunu anladım. Bu doğrudan da belə olur. Bunu öz üzərində hiss etməyincə təsəvvür etmək mümkün deyil. Ancaq bu mənimlə doğrudan da baş verdi. Yehova kömək edir». Elza Yehovanın minilliklər əvvəl Əyyubun günlərində etdiyi işlərdən danışmırdı. O bizim günlərimizdən danışırdı. Bəli, «Yehova kömək edir!»
Təhəmmül edən xoşbəxtdir
18. Əyyub təhəmmülündən hansı faydaları əldə etdi?
18 Bizlərdən az adam Əyyub qədər ağır sınaqlara mə’ruz qalmalı olacaq. Lakin bu sistemdə sınaqlarımız olsa da, Əyyub kimi bizim də nöqsansızlığı qorumağa əsaslı səbəblərimiz vardır. Əslində, təhəmmül Əyyubun həyatını zənginləşdirdi. Onun sayəsində Əyyub «kamil», yə’ni ruhən yetkin insan oldu (Yaqub 1:2-4). Allahla münasibətinin möhkəmləndiyini özü təsdiq etdi: «Qulaqlarıma sorağın çatmışdı, indisə Səni gözlərimlə görürəm» (Əyyub 42:5). Əyyubun nöqsansızlığını poza bilmədiyi üçün Şeytanın yalançı olduğu bilindi. Yüzilliklər keçəndən sonra Yehova xidmətçisi Əyyub haqqında saleh insan kimi danışırdı (Yezekel 14:14). Onun nöqsansızlıq və təhəmmül nümunəsi hətta bu gün də Allahın xalqını ruhlandırır.
19. Siz nə üçün düşünürsünüz ki, təhəmmül etməyə dəyər?
19 Yaqub birinci əsr məsihçilərinə təhəmmül haqqında yazarkən, onun məmnunluq gətirdiyini dedi. Yehovanın Öz xidmətçilərinə bol-bol xeyir-dua verdiyini xatırlatmaq üçün o, Əyyubu nümunə çəkdi (Yaqub 5:11). Biz Əyyub 42:12 ayəsində oxuyuruq: «Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi». Yehova Əyyuba itirdiklərinin əvəzini ikiqat qaytardı və o, xoşbəxt, uzun ömür sürdü (Əyyub 42:16, 17). Buna bənzər şəkildə, bu sistemin axırında tab gətirməli olduğumuz ağrı, əziyyət Allahın yeni dünyasında yox olacaq və unudulacaq (Yeşaya 65:17; Vəhy 21:4). Biz Əyyubun təhəmmülü haqda eşitmişik və Yehovanın köməyilə onun nümunəsini izləməyə qəti qərarlıyıq. Müqəddəs Kitab və’d edir: «İmtahana dözən adam xoşbəxtdir. Çünki sınaqdan uğurla çıxarkən, Rəbbin Onu sevənlərə və’d etdiyi həyat tacını alacaqdır» (Yaqub 1:12).
Necə cavab verərdiniz?
• Biz Yehovanın ürəyini necə sevindirə bilərik?
• Nə üçün belə qənaətə gəlməməliyik ki, problemlər Allahın bizdən narazı olduğunu göstərir?
• Təhəmmül etməyə Əyyuba nə kömək etdi?
• Həmimanlılarımızı ürəkləndirərkən Elihudan necə nümunə götürə bilərik?
[20-ci səhifədəki şəkil]
Yaxşı məsləhətçi mərhəmətli, hörmətcil və xeyirxah davranır.
[21-ci səhifədəki şəkillər]
Elza və Harald Apt