Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/9 s. 22—26
  • ‘Duaları eşidənə’ necə yaxınlaşa bilərik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Duaları eşidənə’ necə yaxınlaşa bilərik?
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Allaha yaxınlaşmaq üçün tələblər
  • Qanun əhdinə əsasən
  • Məsihçi quruluşunda Allaha yaxınlaşmaq
  • Hansı dualar qəbul olunur?
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
    Əbədi həyata aparan bilik
  • Dua ənamını qiymətləndirək
    Gözətçi qülləsi 2022
  • ‘Öz xahişlərinizi Allaha bildirin’
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/9 s. 22—26

‘Duaları eşidənə’ necə yaxınlaşa bilərik?

«Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək» (MƏZMUR 65:2).

1. İnsanları yerin başqa canlı məxluqlarından nə fərqləndirir və bu bizim üçün hansı imkanı yaradır?

YER ÜZÜNDƏ mövcud olan minlərlə canlı varlıqlardan yalnız insanlar Yaradana ibadət etməyi bacarırlar. Yalnız insanlar ruhani ehtiyaclarını dərk edir və onları tə’min etməyi arzulayırlar. Bunun sayəsində qarşımızda çox gözəl imkan, səmavi Atamızla şəxsi münasibət yaratmaq imkanı açılır.

2. Günah insanın Yaradan ilə münasibətinə necə tə’sir göstərdi?

2 İnsan Yaradanla ünsiyyətə girmək bacarığı ilə yaradılıb. Adəmlə Həvva günahsız yaradılmışdılar. Buna görə də, uşaq necə öz atasına sərbəst müraciət edirsə, onlar da Allaha elə müraciət edə bilirdilər. Lakin günahın ucbatından onlar bu möhtəşəm üstünlükdən məhrum oldular. Adəmlə Həvva Allahın itaətindən çıxdılar, nəticədə Onunla yaxın münasibətlərini itirdilər (Yaradılış 3:8-13, 17-24). Bəs bu o deməkdirmi ki, Adəmin qeyri-kamil nəsli artıq heç vaxt Allahla ünsiyyətə girə bilməyəcək? Xeyr, Yehova onlara Özünə müraciət etməyə indi də icazə verir, ancaq müəyyən şərtlərə əməl etdikləri təqdirdə. Bu hansı şərtlərdir?

Allaha yaxınlaşmaq üçün tələblər

3. Günahlı insanlar Allaha necə yaxınlaşa bilərlər və bu hansı nümunədən görünür?

3 Allaha yaxınlaşmaq istəyən qeyri-kamil insandan Onun nə tələb etdiyini Adəmin iki oğlu ilə baş verən hadisədən öyrənə bilərik. Həm Qabil, həm də Habil Allaha yaxınlaşmaq üçün qurbanlar gətirdilər. Habilin qurbanı qəbul edildi, Qabilinki isə yox (Yaradılış 4:3-5). Bəs fərq nədə idi? İbranilərə 11:4 ayəsində deyilir: «Habil, iman vasitəsilə Allaha Qabildən daha yaxşı qurban gətirdi. İman vasitəsilə saleh olduğuna şəhadət olundu». Aydındır ki, Allahın hüzurunda durmaq üçün iman ilkin şərtdir. Digər vacib şərt isə Yehovanın Qabilə dediyi sözlərdən görünür: «Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi?» Bəli, Qabil yaxşı iş görsəydi, Allah onun qurbanını qəbul edərdi. Amma Qabil Allahın məsləhətini rədd etdi, Habili öldürdü və ömrünü sərgərdan kimi başa vurdu (Yaradılış 4:7-12). Beləliklə, bəşər tarixinin lap əvvəlindən, Allaha yaxınlaşmaq üçün imanla yanaşı yaxşı işlər görməyin də vacibliyi aydın oldu.

4. Allaha yaxınlaşmaq üçün nəyi dərk etməliyik?

4 Allaha yaxınlaşmağı arzulayırıqsa, günahlı olduğumuzu dərk etmək vacibdir. Bütün insanlar günahlıdırlar, günah isə Allaha yaxınlaşmağımıza əngəl törədir. İsrail xalqına dair Yeremya peyğəmbər yazırdı: «Biz günah... etdik... Özünə buludlardan örtük çəkdin, onların arasından dua keçmir» (Mərsiyələr 3:42, 44). Ancaq buna baxmayaraq, bəşər tarixi boyunca Allah Onun əmrlərinə riayət edərək imanla, təmiz qəlblə Ona müraciət edənlərin dualarını qəbul etməyə hazır olduğunu göstərib (Məzmur 119:145). Bu şəxslər kimlər idilər və onların dualarından nə öyrənə bilərik?

5, 6. İbrahimin Allaha müraciət etməsindən nə öyrənə bilərik?

5 Belə insanlardan biri İbrahim olmuşdur. İbrahimi ‘dostu’ adlandırmasından görünür ki, Allah onun dualarını qəbul edirdi (Yeşaya 41:8). İbrahimin Allaha müraciətindən nə öyrənə bilərik? Bu sadiq ailə başçısı: «Mənə nə verəcəksən? Mənim övladım yoxdur» deyərək Yehovadan varis haqqında soruşdu (Yaradılış 15:2, 3; 17:18). Digər bir halda isə Allah pislik baş alıb gedən Sodom və Homorra şəhərlərinə qarşı hökmünü icra edəndə o, insanlar üçün narahatlığını bildirdi (Yaradılış 18:23-33). İbrahim həm də başqaları üçün dua edirdi (Yaradılış 20:7, 17). Habil kimi İbrahim də bə’zən Yehovaya qurban gətirirdi (Yaradılış 22:9-14).

6 Sadalanan bu hallarda İbrahim Yehova ilə sərbəst danışırdı. Ancaq sərbəstliklə yanaşı, o, Yaradanın qarşısında özünü təvazökar aparırdı. Onun Yaradılış 18:27 ayəsində yazılmış hörmətcil sözlərinə diqqət yetirin: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm». Təqlid edilmək üçün necə də gözəl nümunədir!

7. Qədimdə ailə başçıları hansı məsələlər barədə dua edirdilər?

7 Ailə başçıları da müxtəlif məsələlərə dair dua edib, Yehova tərəfindən iltifatla eşidilmişdilər. Yaqub duasında Allahla əhd bağladı. Allahdan kömək diləyəndən sonra o və’d etdi: «Mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm» (Yaradılış 28:20-22). Sonralar, qardaşı ilə görüşmək ərəfəsində Yaqub Yehovaya onu müdafiə etməsi üçün yalvardı: ‘Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki ondan qorxuram’ (Yaradılış 32:9-12). Ailə başçısı Əyyub öz ailəsi üçün Yehovaya dua edərək qurbanlar gətirirdi. Üç dostu sözlərində günah işlədəndə Əyyub onlar üçün dua etdi, «Rəbb də Əyyubun duasını qəbul etdi» (Əyyub 1:5; 42:7-9). Bütün bu nümunələr, Yehovaya hansı məsələlər barədə dua edə biləcəyimizi müəyyənləşdirməkdə kömək edir. Biz, həmçinin görürük ki, Yehova Ona düzgün tərzdə müraciət edənlərin dualarını qəbul etməyə hazırdır.

Qanun əhdinə əsasən

8. Qanun əhdinə əsasən, xalqa dair məsələlər haqqında kim dua edirdi?

8 Yehova İsrail xalqını Misirdən azad edəndən sonra onlarla Qanun əhdi bağladı. Qanun əhdinə görə, Allaha tə’yin olunmuş kahinlər vasitəsilə yaxınlaşmaq lazım idi. Bə’zi levililər xalq üçün kahinlik etməyə tə’yin olunmuşdular. Bütün xalq üçün əhəmiyyət kəsb edən suallar yarananda, xalqın nümayəndəsi, bə’zən padşah, bə’zən isə peyğəmbər, bu məsələ barədə Allaha dua edirdi (1 Şamuel 8:21, 22; 14:36-41; Yeremya 42:1-3). Məsələn, mə’bədin həsrolunma mərasimində padşah Süleyman səmimi duada Yehovaya müraciət etdi. Yehova da öz növbəsində, mə’bədi izzəti ilə doldurub, «bu yerdə edilən duanı... qulaqlarım eşidəcək» deyərək Süleymanın duasını qəbul etdiyini göstərdi (2 Salnamələr 6:12-7:3, 15).

9. Mə’bəddə Yehovaya lazımi qaydada müraciət etmək üçün nə tələb olunurdu?

9 Yehova İsrailə verdiyi Qanunda mə’bəddə Ona məqbul şəkildə müraciət etmək üçün nə tələb etdiyini bildirmişdi. Bu hansı tələb idi? Hər səhər və axşam, gətirilən heyvan qurbanlarına əlavə olaraq, baş kahin Yehova qarşısında xoş ətirli buxur da yandırmalı idi. Sonralar kahinlər də Kəffarə günündən başqa qalan günlərdə bu xidməti icra edirdilər. Əgər kahinlər belə ehtiramla davranmasaydılar, Yehova onların xidmətindən razı qalmazdı (Çıxış 30:7, 8; 2 Salnamələr 13:11).

10, 11. Yehovanın ayrı-ayrı şəxslərin dualarını qəbul etdiyinə hansı sübutlar var?

10 Bəs qədim İsraildə yalnız tə’yin edilmiş nümayəndələr vasitəsiləmi Allaha müraciət etmək mümkün idi? Xeyr, Müqəddəs Kitab göstərir ki, ayrı-ayrı adamların şəxsi dualarını qəbul etmək Yehovaya xoş idi. Mə’bədin həsrolunma mərasimində Süleyman Yehovaya yalvarıb dedi: «Kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs... bu mə’bədə tərəf əllərini açsa, o vaxt Sən göydən... eşit» (2 Salnamələr 6:29, 30). Luka yazır ki, Vəftizçi Yəhyanın atası Zəkəriyyə mə’bəddə buxur yandıranda camaat «kənarda dua edirdi». Görünür, qızıl qurbangahda Yehova üçün buxur yandırılanda, bayırda toplaşıb dua etmək xalqın adətinə çevrilmişdi (Luka 1:8-10).

11 Beləliklə, lazımi qaydada müraciət edildikdə istər bütün xalqı təmsil edənin, istərsə də şəxsən özü üçün müraciət edən ayrı-ayrı insanların xahişlərini qəbul etmək Yehovaya xoş idi. Biz bu gün artıq Qanun əhdi altında yaşamırıq. Buna baxmayaraq, qədim israillilərin Allaha müraciət etməsindən duaya aid mühüm dərslər ala bilərik.

Məsihçi quruluşunda Allaha yaxınlaşmaq

12. Məsihçilərin Yehovaya yaxınlaşması üçün hansı quruluş mövcuddur?

12 Hazırda tabe olduğumuz məsihçi quruluşunda kahinin bütün xalqı təmsil etdiyi və ya dua edərkən üz tutacağımız mə’bəd yoxdur. Bunun əvəzinə, Yehovaya yaxınlaşmağımız üçün Onun quruluşu vardır. Bu hansı quruluşdur? Məsih eramızın 29-cu ilində məsh olunub Baş Kahin tə’yin ediləndə ruhani mə’bəd fəaliyyətə başladıa. Bu ruhani mə’bəd İsa Məsihin əfv tə’min edən qurbanı əsasında Yehovaya yaxınlaşmağa imkan verən yeni quruluş idi (İbranilərə 9:11, 12).

13. Dua ilə əlaqədar Yerusəlimdəki mə’bədlə ruhani mə’bəd arasında hansı uyğunluq var?

13 Yerusəlimdəki mə’bəd bir çox cəhətdən ruhani mə’bədin, dua da daxil olmaqla, müxtəlif səciyyəvi xüsusiyyətlərini gözəl əks etdirir (İbranilərə 9:1-10). Məsələn, mə’bədin Müqəddəs yerində səhər-axşam buxur qurbangahında təqdim olunan buxur nəyin timsalı idi? «Vəhy» kitabına görə bu, «müqəddəslərin duaları»dır (Vəhy 5:8; 8:3, 4). Davud Allahdan ilham alaraq yazmışdı: «Qoy hüzurunda dualarım buxur kimi... qəbul olunsun!» (Məzmur 141:2). Beləliklə, məsihçi quruluşunda ətirli buxur, münasib olaraq, Yehovaya məqbul olan dua və mədhləri bildirir (1 Saloniklilərə 3:10).

14, 15. Məsh edilmişlər və ‘başqa qoyunlar’ Yehovaya necə yaxınlaşırlar?

14 Ruhani mə’bəddə Allaha kimlər yaxınlaşa bilər? Yerusəlimdəki mə’bədin içəri həyətində xidmət etmək üstünlüyü kahinlərə və levililərə verilsə də, Müqəddəs yerə yalnız kahinlər girə bilərdilər. İçəri həyət və Müqəddəs yer göylər ümidinə malik olan məsh edilmiş məsihçilərin malik olduğu nadir ruhani vəziyyəti təmsil edir. Bunun sayəsində onlar Allaha dua edir və Onu izzətləndirirlər.

15 Bəs yer ümidinə malik olan ‘başqa qoyunlar’ haqqında nə demək olar? (Yəhya 10:16). Yeşaya peyğəmbər göstərdi ki, «son günlərdə» bir çox millətlərdən olan insanlar Yehovaya ibadət etməyə gələcəklər (Yeşaya 2:2, 3). O, həmçinin yazırdı ki, ‘yadellilər’ də Yehovaya qoşulacaqlar. Allah: «Bütün yadelliləri... dua evimdə sevindirəcəyəm» deməklə, onların dualarını qəbul etməyə hazır olduğunu göstərir (Yeşaya 56:6, 7). Vəhy 7:9-15 ayələrində digər təfsilatlar da açıqlanır. Ruhani mə’bədin bayır həyətində «hər millətdən» olan «böyük... izdiham» «gecə-gündüz» Allaha ibadət və dua etmək üçün toplaşıb. Necə təsəllivericidir ki, bu gün Allahın bütün xidmətçiləri eşidiləcəklərinə tam əmin olaraq Ona sərbəst müraciət edirlər!

Hansı dualar qəbul olunur?

16. İlk məsihçilər dua etməkdə bizə hansı nümunəni qoymuşlar?

16 İlk məsihçilər həmişə dua edirdilər. Onlar hansı məsələlərlə bağlı dua edirdilər? Məsihçi ağsaqqalları yığıncaqda məs’uliyyətləri həvalə etmək üçün adam seçəndə Allahdan rəhbərlik verməsini xahiş edirdilər (Həvarilərin işləri 1:24, 25; 6:5, 6). Epafra həmimanlıları üçün dua edirdi (Koloslulara 4:12). Peter həbsdə olanda Yerusəlimdəki yığıncağın üzvləri onun üçün dua edirdilər (Həvarilərin işləri 12:5). İlk məsihçilər müqavimətlər qarşısında Allahdan cəsarət istədilər: «Ya Rəbb, onların təhdidlərinə bax və Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər» (Həvarilərin işləri 4:23-30). Şagird Yaqub sınaqlarla üzləşərkən müdriklik üçün Allaha dua etməyə təşviq edirdi (Yaqub 1:5). Sən Yehovaya bu məsələlər barədə də dua edirsənmi?

17. Yehova kimlərin dualarını qəbul edir?

17 Allah bütün duaları qəbul etmir. Bəs o zaman dualarımızın eşidiləcəyinə necə əmin ola bilərik? Keçmişdə insanlar səmimi və təmiz qəlblə müraciət edəndə Allah onların dualarını dinləyirdi. Bu insanlar imanlarını yaxşı işlər görərək sübut edirdilər. Biz əmin ola bilərik ki, bu gün də Yehova Ona eyni şəkildə yaxınlaşanların dualarını dinləyəcək.

18. Dualarının eşidilməsi üçün məsihçilərdən nə tələb olunur?

18 Daha bir tələb də vardır. Həvari Pavel bunu belə izah edirdi: «Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxmaq yolu əldə etdik». «Onun vasitəsilə» deyəndə Pavel kimi nəzərdə tuturdu? İsa Məsihi (Efeslilərə 2:13, 18). Bəli, biz yalnız İsa Məsihin vasitəsilə Ataya sərbəst müraciət edə bilərik (Yəhya 14:6; 15:16; 16:23, 24).

19. a) İsraillilərin gətirdiyi buxur qurbanı Yehova üçün nə zaman iyrənc idi? b) Necə əmin ola bilərik ki, dualarımız Yehova üçün xoş ətirli buxur kimidir?

19 Artıq qeyd edildiyi kimi, İsrail kahinlərinin təqdim etdiyi buxur sadiq xidmətçilərin Allaha məqbul dualarını təmsil edir. Ancaq bə’zən israillilərin buxur qurbanları Yehova üçün iyrənc idi. Çünki onlar mə’bəddə buxur yandırır, eyni zamanda bütlərə baş əyirdilər (Yezekel 8:10, 11). Eynilə bu gün Yehovaya xidmət etdiklərini iddia edib, ancaq Onun qanununa zidd gedən işləri görənlərin duaları Allah üçün xoşagəlməz qoxu kimidir (Süleymanın məsəlləri 15:8). Ona görə də, gəlin həyatımızın hər sahəsində təmizliyi qoruyaq ki, dualarımız Allah üçün xoş ətirli buxur kimi olsun. Yehova Onun saleh yolları ilə gedənlərin dualarından xoşlanır (Yəhya 9:31). Lakin hələ də bə’zi suallar cavab tələb edir. Biz necə dua etməliyik? Nə haqda dua edə bilərik? Allah bizim dualarımıza necə cavab verir? Növbəti məqalədə bu və digər suallar araşdırılacaq.

[Haşiyə]

a «Gözətçi Qülləsi»nin 2001-ci il 15 may sayının (rus.) 27-ci səhifəsinə baxın.

İzah edə bilərsinizmi?

• Qeyri-kamil insanlar Allaha düzgün tərzdə necə müraciət edə bilərlər?

• Dua edərkən qədimdə yaşayan ailə başçılarını necə təqlid edə bilərik?

• Erkən məsihçilərin dualarından nə öyrənirik?

• Dualarımız nə zaman Allah üçün xoş ətirli buxur kimi olur?

[23-cü səhifədəki şəkil]

Allah nə üçün Qabilin deyil, Habilin qurbanını qəbul etdi?

[24-cü səhifədəki şəkil]

‘Mən toz və kül kimi bir şeyəm’.

[25-ci səhifədəki şəkil]

«Hər şeyin onda birini Sənə verəcəyəm».

[26-cı səhifədəki şəkil]

Sizin dualarınız Yehova üçün xoş ətirli buxur kimidirmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş