Əsaslı surətdə şahidlik etməyə qətiyyətli ol
«[O,] xalqa təbliğ edib [«əsaslı surətdə», YD] şahidlik etməyi bizə əmr etdi» (HƏV. İŞ. 10:42).
1. Korneliusun önündə danışarkən Peter hansı əmri vurğuladı?
İTALİYALI bir yüzbaşı qohumlarını və dostlarını toplamışdı — Allahın insanlarla münasibətində böyük dəyişiklik gözlənilirdi. Allahdan qorxan bu yüzbaşı Kornelius idi. Həvari Peter onlara müraciətində bildirdi ki, həvarilərə «xalqa təbliğ edib» İsa haqqında ‘[«əsaslı surətdə», YD] şahidlik etmək’ əmr edilib. Peterin təbliği bir çox gözəl bəhrələr verdi. Sünnət olunmamış qeyri-yəhudilər Allahdan müqəddəs ruh alıb vəftiz olundu və İsa ilə göydə padşah olmaq ümidini aldılar. Peterin bu insanlara əsaslı surətdə şahidlik etməsi necə də gözəl bəhrələr verdi! (Həv. iş. 10:22, 34-48).
2. Şahidlik etmək tapşırığının yalnız 12 həvariyə verilmədiyini haradan bilirik?
2 Bu hadisə eramızın 36-cı ilində baş vermişdi. Bundan təxminən iki il öncə məsihçiliyin qatı düşməni olan bir insan həyatını tamamilə dəyişən bir hadisə yaşadı. Tarsuslu Şaul Dəməşqə gedəndə İsa ona görünüb dedi: «Şəhərə get və nə edəcəyin sənə söylənəcəkdir». İsa şagird Hananyanı əmin etdi ki, Şaul «qeyri-yəhudilər, hökmdarlar və İsrail oğulları qarşısında» şahidlik edəcəkdir. (Həvarilərin işləri 9:3-6, 13-20 ayələrini oxu.) Hananya Şaulun yanına gəlib dedi: «Əcdadımızın Allahı... səni təyin etdi... Çünki... bütün insanlar qarşısında Onun şahidi olacaqsan» (Həv. iş. 22:12-16). Sonradan Pavel kimi tanınan tarsuslu Şaul şahidlik etmək təyinatına nə dərəcədə ciddi yanaşdı?
O, əsaslı surətdə şahidlik edirdi!
3. a) Biz nəyi müzakirə edəcəyik? b) Efesli ağsaqqallar Paveldən xəbər alanda necə hay verdilər və bu bizim üçün hansı sahədə gözəl nümunədir?
3 Pavelin bundan sonra etdiklərini təfsilatı ilə öyrənmək maraqlı olardı, amma indi gəl eramızın təxminən 56-cı ilində Pavelin söylədiyi və «Həvarilərin işləri» kitabının 20-ci fəslində yazılan nitqə diqqət yetirək. Pavel bu nitqi üçüncü missioner səyahətinin sonuna yaxın söyləmişdi. O, Egey dənizinin sahilində yerləşən liman şəhəri Miletə gəlib, Efes yığıncağının ağsaqqallarını yanına çağırtdırmışdı. Efes bu şəhərdən təxminən 50 kilometr aralıda yerləşirdi və ora gedən yol əyri-üyrü idi. Paveldən xəbər alanda efesli ağsaqqalların necə sevindiklərini təsəvvür et. (Süleymanın məsəlləri 10:28 ayəsi ilə müqayisə et.) Bununla yanaşı, Miletə getmək üçün onlar planlarında dəyişiklik etməli idilər. Ehtimal ki, onlardan bəziləri işdən icazə almalı və yaxud dükanlarını müvəqqəti bağlamalı oldular. Bu gün də bir çox məsihçilər vilayət konqresinin bir hissəsini belə buraxmamaq üçün bu cür davranırlar.
4. Efesdə olduğu bir neçə il ərzində Pavel hansı işlə məşğul olurdu?
4 Səncə, ağsaqqallar gələnə kimi Pavel üç-dörd gün ərzində Miletdə nə edirdi? Bəs sən nə edərdin? (Həvarilərin işləri 17:16, 17 ayələri ilə müqayisə et.) Pavelin Efesli ağsaqqallara dediyi sözlər bu sualın cavabını öyrənməyimizə kömək edir. O, həm uzun illər ərzində, həm də bundan öncə Efesdə olarkən təbliğ etdiyini həmin ağsaqqallara danışdı. (Həvarilərin işləri 20:18-21 ayələrini oxu.) O, söylədiklərinin başqalarında şübhə oyatmayacağını bilərək dedi: ‘Asiya əyalətinə ayaq basdığım ilk gündən bəri [‘əsaslı surətdə şahidlik etdiyimi’, YD] özünüz bilirsiniz’. Bəli, Pavel İsadan aldığı tapşırığı yerinə yetirməyə qəti qərarlı idi. O bu tapşırığı Efesdə necə icra edirdi? Məsələn, o, yəhudilərin çox olduğu yerlərə gedərək onlara şahidlik edirdi. Luka xəbər verir ki, eramızın təxminən 52-55-ci illərində Pavel sinaqoqda nitq söyləyir və inandırıcı dəlillər gətirirdi. Yəhudilər «inadcıl olub... inanmaq istəmədikdə» o, diqqətini şəhərin digər sakinlərinə yönəldib təbliğinə davam edirdi. Gördüyümüz kimi, Pavel bu böyük şəhərdə həm yəhudilərə, həm də yunanlara şahidlik edirdi (Həv. iş. 19:1, 8, 9).
5, 6. Nəyə görə əmin ola bilərik ki, Pavelin evdən-evə təbliğ etdiyi insanlar məsihçi olmayan insanlar idi?
5 Efesdə məsihçi olanların bəziləri bir müddət sonra ağsaqqal kimi xidmət etməyə layiq görülmüşdü və Pavel Miletdə bu ağsaqqallarla danışmışdı. Pavel özünün istifadə etdiyi üsulu onlara xatırladaraq dedi: «Sizə faydalı olan heç bir şeyi bəyan etməkdən, istər açıqca, istərsə də evdən-evə sizə təlim etməkdən çəkinmədim». Bizim günlərdə bəziləri iddia edirlər ki, Pavel burada sadəcə ağsaqqalların imanlılara baş çəkməsi haqda danışırdı. Amma bu, belə deyil. ‘Açıqca və evdən-evə təlim etmək’ ifadəsi əsas etibarilə məsihçi olmayanlara şahidlik etməyə aiddir. Bu, Pavelin növbəti sözlərindən aydın görünür. O deyir: «Allaha tövbə və Rəbbimiz İsa Məsihə iman etməyi yəhudilərə və yunanlara ciddi tapşırdım [«şəhadət etdim», KM]». Aydındır ki, Pavel tövbə etməyə və İsaya iman gətirməyə ehtiyacı olan qeyri-məsihçilərə şahidlik edirdi (Həv. iş. 20:20, 21).
6 Yunanca Müqəddəs Yazıları hərtərəfli araşdıran bir alim Həvarilərin işləri 20:20 ayəsi haqda yazır: «Pavel Efesdə üç il yaşadı. O, hər evə baş çəkmiş və ya ən azı bütün xalqa təbliğ etmişdi (26-cı ayə). Məhz bu ayə evdən-evə və açıqca təbliğ etmək üçün əsasdır». Bu alimin dediyi kimi Pavel sözün əsl mənasında hər evə baş çəkib-çəkməsə də, o, efesli ağsaqqallarının onun necə şahidlik etdiyini və bunun gətirdiyi bəhrələri unutmalarını istəmirdi. Luka yazırdı: «Asiya əyalətində yaşayan həm yəhudi, həm də yunanların hamısı Rəbb İsa haqqındakı kəlamı eşitdilər» (Həv. iş. 19:10). Bəs Asiyada yaşayanların «hamısı» necə eşitdi və bu bizim şahidlik etməyimiz haqda nəyi göstərir?
7. Pavelin birbaşa təbliğ etmədiyi insanlar xoş xəbəri necə eşidə bilərdilər?
7 Pavel ictimai yerlərdə və evdən-evə təbliğ edəndə onun çatdırdığı xəbəri çoxları eşidirdi. Təbii ki, bu xəbəri eşidənlərin bəziləri müxtəlif səbəblərə görə Efesdən getdilər: kim isə işləmək, qohumlarına baş çəkmək və ya böyük şəhər həyatının səs-küyündən qaçmaq üçün başqa yerə köçdü. Bu gün də bir çoxları bu səbəblərə görə başqa yerlərə köçürlər. Ola bilsin, sən də onlardan birisən. Eyni zamanda başqa yerlərdən də Efesə kiminləsə görüşmək, yaxud alver etmək məqsədilə insanlar gəlirdilər. Onlar burada Paveli ya görə, ya da onun şahidliyini eşidə bilərdilər. Həqiqəti qəbul edənlər evlərinə qayıdanda şahidlik edirdilər. Qəbul etməyənlər isə Efesdə olduqları müddətdə eşitdiklərini, ola bilsin, başqalarına danışırdılar. Beləliklə, onların qohumları, qonşuları və ya müştəriləri həqiqəti eşidir və bəziləri, ola bilsin, onu qəbul edirdi. (Mark 5:14 ayəsi ilə müqayisə et.) Bu bizim xoş xəbəri əsaslı surətdə təbliğ etməyimizin nəticələri haqda nəyi açıqlayır?
8. Asiya əyalətinin sakinləri həqiqəti necə eşidə bilərdilər?
8 Efesdə xidmət etdiyi erkən vaxt haqqında Pavel yazır ki, qarşısında «fəaliyyət üçün geniş qapı açılmışdır» (1 Kor. 16:8, 9). Söhbət hansı qapıdan gedir və bu qapı necə açılmışdı? Pavelin Efesdə uzunmüddətli xidməti zamanı xoş xəbər geniş vüsət almışdı. Efesdən aralıda yerləşən Kolos, Laodikiya və İyerapolis şəhərlərinə nəzər salaq. Pavel heç vaxt bu şəhərlərdə olmasa da, xoş xəbər oralara gəlib çatmışdı. Epafra həmin ərazidən idi (Kolos. 2:1; 4:12, 13). Epafra Pavelin şahidliyini Efesdəmi eşidib məsihçi oldu? Müqəddəs Kitabda bu haqda konkret bir şey yazılmayıb. Epafra həqiqəti öz məmləkətində təbliğ etməklə, demək olar ki, Paveli təmsil edirdi (Kolos. 1:7). Pavel Efesdə təbliğ etdiyi illər ərzində xoş xəbər, ehtimal ki, Filadelfiya, Sardis və Tiatira kimi şəhərlərə çatmışdı.
9. a) Pavel nəyi ürəkdən arzulayırdı? b) 2009-cu il üçün illik ayə hansıdır?
9 Efes ağsaqqallarının Pavelin sözlərinə diqqət yetirmək üçün tutarlı səbəbləri vardı: «Mən öz həyatıma qiymət və əhəmiyyət vermirəm. Yetər ki, dövrümü sevinclə bitirim və Rəbb İsadan aldığım vəzifəni, yəni Allahın lütfü haqqındakı Müjdəyə [«əsaslı surətdə», YD] şəhadət etməyi tamamlayam». Bu ayədə olan təşviqedici sözlər 2009-cu il üçün illik ayə seçilib: ‘Müjdəyə əsaslı surətdə şəhadət et’ (Həv. iş. 20:24).
Əsaslı surətdə şahidlik edirik
10. Haradan bilirik ki, biz də əsaslı surətdə şahidlik etməliyik?
10 ‘Xalqa təbliğ edib əsaslı surətdə şahidlik etmək’ əmri yalnız həvarilərə verilməmişdi. Dirilmiş İsa Məsih Qalileyada toplaşan təxminən 500 şagirdə demişdi: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin». İsanın: «Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» sözlərindən göründüyü kimi, bu əmr bu gün bütün həqiqi məsihçilərə aiddir (Mat. 28:19, 20).
11. Yehovanın Şahidləri hansı vacib işləri ilə tanınırlar?
11 Çalışqan məsihçilər ‘müjdəyə əsaslı surətdə şahidlik etməklə’ bu əmrə tabe olurlar. Pavelin Efes ağsaqqallarına xatırlatdığı kimi, bizim də əsas şahidlik etmək üsulumuz evdən-evə təbliğdir. Kiçik Devid Stüartın effektiv missioner işinə dair yazdığı kitabda (2007-ci il) qeyd edilir: «Yehovanın Şahidlərinin başqalarına öz imanlarını bölüşməyi necə öyrətmələri nəzəri üsuldan [kafedradan təbliğ etməkdən] daha effektivdir. Öz etiqadları haqda başqalarına danışmaq Yehovanın Şahidlərinin əksəriyyətinin sevimli məşğuliyyətidir». O davam edir: «İki Şərqi Avropa ölkəsinin paytaxtında apardığım sorğu nəticəsində məlum oldu ki, 1999-cu ildə 2-4 faiz insana Son Günlərin Müqəddəsləri adlanan “Mormon” missionerləri yaxınlaşmışdı. Sorğuda iştirak edənlərin 70 faizdən çoxu Yehovanın Şahidlərinin onlara şəxsən, əksəriyyətinə isə dəfələrlə yaxınlaşdığını dedi».
12. a) Nəyə görə biz ərazimizdə yaşayan insanların qapılarını «dəfələrlə» döyürük? b) Gətirdiyimiz xəbərə münasibəti dəyişən bir nəfərin nümunəsini çək.
12 Ehtimal ki, sizin ərazidə yaşayan insanlar da eyni şeyi deyə bilərlər. Ola bilsin, onlara yaxınlaşanlardan biri də sən olmusan. Sən evdən-evə təbliğ zamanı qapı ağzında kişilərlə, qadınlarla və gənclərlə söhbət edərkən onlara ‘şəxsən yaxınlaşmış’ olursan. Bəzilərinə «dəfələrlə» yaxınlaşsan da, ola bilsin, onlar sənə qulaq asmayıblar. Başqalarına isə Müqəddəs Kitabdan bir ayə oxuyanda və ya hər hansı fikirlə bölüşəndə, yəqin, az da olsa, sənə qulaq asıblar. Digərlərinə isə yaxşı şahidlik etmisən və onlar xoş xəbərə hay veriblər. ‘Əsaslı surətdə şahidlik edərkən’ bütün bu vəziyyətlərlə qarşılaşmağımız adi haldır. Yəqin, sən elə insanlar tanıyırsan ki, onlara dəfələrlə şahidlik edilməsinə baxmayaraq, az maraq göstərmiş, lakin sonradan həqiqətə münasibəti dəyişmişdir. Ola bilsin, onlarla və ya əzizləri ilə elə bir şey baş vermişdir ki, bu onların ürəyini və zehnini açmışdır. Hazırda bu insanlar bizim bacı və qardaşlarımızdır. Son vaxtlarda həqiqətə maraq göstərənlər az olsa da, məyusluğa qapılma. Biz hamının həqiqətə gələcəyini gözləmirik. Allahın istəyi odur ki, biz daim səylə və çalışqanlıqla əsaslı surətdə şahidlik edək.
Gözləmədiyimiz nəticələr
13. Şahidlik etməyimiz hansı gözləmədiyimiz nəticələri verə bilər?
13 Pavelin xidməti yalnız bilavasitə məsihçi olmalarına kömək etdiyi insanlara təsir etməmişdi. Eləcə də bizim xidmətimizdən təkcə şəxsən təbliğ etdiyimiz insanlar yararlanmır. Biz məqsədyönlü şəkildə evdən-evə təbliğ etməkdə müntəzəm iştirak edir və mümkün qədər çox insana şahidlik etməyə çalışırıq. Xoş xəbəri qohum-qonşulara, iş və sinif yoldaşlarımıza danışırıq. Bütün bunların hansı bəhrələr gətirəcəyini əvvəlcədən bilirikmi? Bəzi hallarda nəticə dərhal yaxşı olur. Digər hallarda isə həqiqət toxumu kök verib cücərənə qədər çox vaxt keçə bilər. Həqiqət təbliğ etdiyimiz insanların ürəyində kök salmasa da, onlar etiqadlarımız, danışdıqlarımız və hərəkətlərimiz haqda başqalarına danışa bilərlər. Beləliklə, bu insanlar özləri də bilmədən həqiqət toxumunun səmərəli torpağa düşməsinə səbəb ola bilərlər.
14, 15. Bir qardaşın təbliği hansı nəticələri verdi?
14 ABŞ-ın Florida ştatında yaşayan bir ər-arvadın — Rayn və Mendinin nümunəsinə nəzər salaq. Rayn iş yoldaşına təbliğ etmişdi. Raynın geyim və danışıq tərzi hindu millətindən olan bu insana böyük təəssürat bağışladı. Söhbət zamanı Rayn dirilmə və ölülərin vəziyyəti kimi mövzulara toxundu. Yanvar axşamlarının birində həmin adam arvadı Codidən Yehovanın Şahidləri haqda nə bildiyini soruşdu. Onun katolik olan arvadı Yehovanın Şahidlərinin təkcə «evdən-evə təbliğ etdikləri» haqda bildiyini söylədi. Codi İnternetdə «Yehovanın Şahidləri» haqda məlumat axtardı və bu onu rəsmi saytımıza gətirib çıxardı (www.watchtower.org). Təxminən üç ay ərzində Codi, Müqəddəs Kitab və onu maraqlandıran məqalələr də daxil olmaqla, həmin saytdan müxtəlif materiallar oxudu.
15 Sonra o, Mendiyə rast gəldi, onların hər ikisi də tibb bacısı idi. Mendi böyük məmnuniyyətlə Codinin suallarına cavab verdi. Codinin dediyi kimi, onlar «Adəmdən Har-Megidona» qədər bütün mövzuları müzakirə etdilər. Codi Müqəddəs Kitabı öyrənməyə razılıq verdi. O, tezliklə Padşahlıq Zalında keçirilən görüşlərə gəlməyə başladı. Codi oktyabrda təbliğçi oldu, fevralda isə vəftiz olundu. O yazır: «Həqiqəti bildiyim üçün indi həyat mənə sevinc və məmnunluq gətirir».
16. Floridada yaşayan bir qardaşımızın əsaslı surətdə təbliğ etməsindən nə öyrənə bilərik?
16 Rayn heç ağlına belə gətirməzdi ki, onun bir nəfərə təbliğ etməsi sayəsində başqa birisi həqiqətə gələcək. Bu halda onun ‘əsaslı surətdə şahidlik etməyə’ qəti qərarlı olmasının hansı nəticələr gətirdiyindən xəbəri oldu. Amma sənin evdən-evə, işdə, məktəbdə və ya qeyri-formal təbliğ edəndə xoş xəbərin tamamilə başqa insanlara da çatacağından xəbərin olmaya da bilər. Həvari Pavelin Asiya əyalətində təbliğinin hansı bəhrələr gətirəcəyindən xəbəri olmadığı kimi, bizim də əsaslı surətdə şahidlik etməyimizin nə ilə nəticələnəcəyindən xəbərimiz olmaya bilər. (Həvarilərin işləri 23:11; 28:23 ayələrini oxu.) Buna baxmayaraq, bu işi davam etdirmək olduqca zəruridir.
17. Sən 2009-cu ildə nə etməyə qəti qərarlısan?
17 Gəlin hamımız 2009-cu il ərzində də evdən-evə və başqa üsullarla təbliğ etmək tapşırığına ciddi yanaşaq. Onda biz də Pavel kimi deyə bilərik: «Mən öz həyatıma qiymət və əhəmiyyət vermirəm. Yetər ki, dövrümü sevinclə bitirim və Rəbb İsadan aldığım vəzifəni, yəni Allahın lütfü haqqındakı Müjdəyə [«əsaslı surətdə», YD] şəhadət etməyi tamamlayam».
Necə cavab verərdiniz?
• Həvari Peter, Pavel və digərləri birinci əsrdə əsaslı surətdə necə şəhadət edirdilər?
• Nəyə görə sənin şahidlik etməyin gözləmədiyin bəhrələr verə bilər?
• 2009-cu ilin illik ayəsi hansıdır və bu ayə nəyə görə yerindədir?
[19-cu səhifədəki çərçivə]
2009-cu il üçün illik ayə: ‘Müjdəyə əsaslı surətdə şəhadət et’ (Həv. iş. 20:24, YD).
[17-ci səhifədəki şəkil]
Efes yığıncağının ağsaqqalları Pavelin evdən-evə şahidlik etdiyini bilirdilər
[18-ci səhifədəki şəkil]
Sənin əsaslı surətdə şəhadət etməyin hansı bəhrələri gətirəcək?