Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/4 s. 3—7
  • Əyyub Yehovanın adına həmd edirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əyyub Yehovanın adına həmd edirdi
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Şeytan Əyyubu sınağa çəkir
  • Əyyubun əhval-ruhiyyəsindən nə öyrənirik?
  • Yehovaya məhəbbətimiz nə dərəcədə güclüdür?
  • Allaha meydan oxuyan düşmən və dönük
  • Əyyub Yehovanın adına həmd edirdi
  • «Son nəfəsimədək sadiq qalacağam!»
    İman örnəkləri
  • «Əyyub» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
  • Əyyub kamil qalır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/4 s. 3—7

Əyyub Yehovanın adına həmd edirdi

«Rəbbin isminə alqış olsun!» (ƏYY. 1:21).

1. Ehtimala görə, «Əyyub» kitabının müəllifi kimdir və bu kitab nə zaman yazılıb?

MUSA fironun qəzəbinə tuş gəlməmək üçün Misirdən qaçıb Midyanda məskunlaşanda onun təxminən 40 yaşı vardı (Həv. iş. 7:23). Ehtimal ki, həmin vaxt o, yaxınlıqdakı Uz diyarında yaşayan Əyyubun iztirabları barədə eşitmişdi. İllər sonra, Musa və İsrail xalqı səhradakı səyahətlərinin sonuna yaxın Uz diyarı yaxınlığında olanda, ola bilsin, Musa Əyyubun son illəri barədə xəbər tutmuşdu. Yəhudi tarixinə əsasən, «Əyyub» kitabını onun ölümündən bir qədər sonra Musa yazmışdır.

2. «Əyyub» kitabı Allahın müasir xidmətçilərinin imanını necə möhkəmləndirir?

2 «Əyyub» kitabı Allahın müasir xidmətçilərinin imanını möhkəmləndirir. Necə? Bu kitab bizə göylərdə baş verən hadisələrin vacibliyini və məğzini başa düşməyə kömək edir, həmçinin diqqəti Allahın ali hökmranlığına dair qaldırılan birinci dərəcəli məsələyə yönəldir. Əyyubun hadisəsi nöqsansızlığı qorumağın özünə nəyi daxil etdiyini və Yehovanın bəzən Öz xidmətçilərinin əzab çəkməsinə nəyə görə yol verdiyini başa düşməyimizə kömək edir. Bundan əlavə, «Əyyub» kitabı göstərir ki, Şeytan İblis Yehovanın və bəşəriyyətin yağı düşmənidir. Kitab həm də Əyyub kimi qeyri-kamil insanların şiddətli sınaqlar qarşısında Yehovaya sadiq qala biləcəklərini göstərir. Gəlin bu kitabda nəql olunan bəzi hadisələri nəzərdən keçirək.

Şeytan Əyyubu sınağa çəkir

3. Əyyub haqqında nə bilirik və o nəyə görə Şeytanın hədəfinə çevrilmişdi?

3 Əyyub varlı, nüfuzlu və yüksək mənəviyyata malik olan bir ailə başçısı idi. Görünür, o, kasıblara əl tutmaqla və müdrik məsləhətləri ilə böyük hörmət qazanmışdı. Ən vacibi isə, onda Allah qorxusu vardı. Əyyub haqqında deyilir ki, «o, kamil [«qüsursuz», YD], əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi». Əyyubu Şeytan İblisin hədəfinə çevirən onun var-dövləti və nüfuzu yox, Allaha olan sədaqəti idi (Əyy. 1:1; 29:7-16; 31:1).

4. Nöqsansızlıq nə deməkdir?

4 «Əyyub» kitabının əvvəlində mələklərin Yehovanın hüzurunda toplaşmaları haqda danışılır. Şeytan da orada idi və Əyyuba qarşı ittihamlar irəli sürürdü. (Əyyub 1:6-11 ayələrini oxu.) Əyyubun var-dövlətinə toxunsa da, Şeytanın əsas məqsədi onun nöqsansızlığını şübhə altına almaq idi. «Nöqsansızlıq» qüsursuz, saleh və eyibsiz olmaq deməkdir. Müqəddəs Kitabda insanın nöqsansızlığı altında Yehovaya bütün ürəklə sadiq olması nəzərdə tutulur.

5. Şeytan Əyyubu nədə ittiham edirdi?

5 Şeytan iddia edirdi ki, Əyyub Allaha nöqsansız olduğu üçün deyil, xudbin niyyətlərdən irəli gələrək ibadət edir. Şeytan Əyyubun Yehovaya yalnız onu xeyir-dualandırdığı və müdafiə etdiyi müddətdə sadiq qalacağını bəyan edirdi. Bu ittihama cavab vermək üçün Yehova Şeytanın Öz sadiq xidmətçisinə hücum etməsinə izin verdi. Bir günün içində Əyyub mal-qarasının talandığı və ya qırıldığı, nökərlərinin çoxunun öldürüldüyü və uşaqlarının hamısının məhv olduğu xəbərini aldı (Əyy. 1:13-19). Şeytan Əyyubun nöqsansızlığını sındıra bildimi? Müqəddəs Yazılarda Əyyubun bu bədbəxtliklərə necə reaksiya verdiyi göstərilir: «Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!» (Əyy. 1:21).

6. a) Göydə başqa bir toplantı zamanı nə baş verdi? b) Şeytan Əyyubun nöqsansızlığını şübhə altına alanda daha kimləri nəzərdə tuturdu?

6 Bir qədər sonra göydə başqa bir toplantı oldu. Şeytan yenə də Əyyuba qarşı ittihamlar irəli sürməyə başladı. O dedi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». Diqqət yetirin ki, Şeytanın bu ittihamı başqalarına da toxunurdu. İblis «insan canına görə hər şeyini verər» deməklə, yalnız Əyyubun deyil, Yehovaya ibadət edən hər bir ‘insanın’ nöqsansızlığını şübhə altına aldı. Bu səbəbdən Allah Şeytana icazə verdi ki, Əyyubu əzabverici xəstəliyə düçar etsin (Əyy. 2:1-8). Ancaq bununla Əyyubun sınaqları bitmədi.

Əyyubun əhval-ruhiyyəsindən nə öyrənirik?

7. Arvadı və dostları Əyyuba necə təzyiq göstərirdilər?

7 Başlanğıcda Əyyubla arvadı eyni sınaqlara məruz qalmışdılar. Uşaqlarının ölümü və var-dövlətlərini itirmələri ona çox pis təsir etmişdi. Ərinin üzücü xəstəlikdən əzab çəkdiyini görmək ona ürək ağrısı verirdi. O, Əyyubun üstünə qışqıraraq dedi: «Yenə də kamil [«nöqsansız», YD] olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» Sonra onun yanına guya təsəlli vermək üçün Elifaz, Bildad və Sofar gəldi. Ancaq onlar yalan mülahizələr yürüdərək ‘adamincidən təsəlliçilər’ olduqlarını göstərdilər. Misal üçün, Bildad Əyyubun uşaqlarının günah işlətdikləri üçün ölümə layiq olduqlarını dedi. Elifaz isə eyham vurdu ki, guya Əyyubun iztirabları keçmiş günahlarının cəzasıdır. O hətta nöqsansızlığını qoruyanların Allahın gözündə dəyərə malik olduqlarını şübhə altına aldı! (Əyy. 2:9, 11; 4:8; 8:4; 16:2; 22:2, 3). Belə ağır təzyiqlər altında belə Əyyub nöqsansızlığından dönmədi. Doğrudur, o «özünü Allahdan da saleh saydığı üçün» yanılırdı (Əyy. 32:2). Amma buna baxmayaraq, o sadiq qaldı.

8. Bu gün məsləhət verməli olanlar üçün Elihu hansı nümunəni qoymuşdur?

8 Sonra biz Əyyuba baş çəkməyə gələn Elihu haqqında oxuyuruq. Əvvəlcə o, Əyyubun və üç dostunun gətirdiyi dəlillərə qulaq asdı. Elihu yaşca bu dörd nəfərdən ən kiçiyi olsa da, onlardan daha müdrik davrandı. O, Əyyuba hörmətlə müraciət etdi və salehlik yolunu tutduğuna görə onu təriflədi. Lakin həm də Əyyubun diqqətini həddindən artıq öz qüsursuzluğunun müdafiəsinə yönəltdiyini söylədi. Sonra Elihu Əyyubu əmin etdi ki, Allaha həmişə sədaqətlə xidmət etməyə dəyər. (Əyyub 36:1, 11 ayələrini oxu.) Elihu bu gün məsləhət verməli olan insanlar üçün necə də gözəl nümunədir! O, səbirlə davrandı, diqqətlə qulaq asdı, lazım gəldikdə isə təriflədi və ruhlandırıcı məsləhətlər verdi (Əyy. 32:6; 33:32).

9. Yehova Əyyuba necə kömək etdi?

9 Axırda əzəmətli bir Şəxs Əyyuba müraciət etdi! Müqəddəs Kitabda oxuyuruq: «O zaman Rəbb qasırğanın içindən Əyyuba... cavab verdi». Əyyubun öz düşüncə tərzini dəyişə bilməsi üçün Yehova bir neçə sualdan istifadə edərək ona mülayimliklə, lakin qəti surətdə məsləhət verdi. Əyyub: «Mənim gərəksizliyimə bax... [...] ...torpağın, külün içində tövbə edirəm»,— deməklə bu məzəmməti qəbul etdiyini göstərdi. Yehova onunla söhbətini bitirdikdən sonra onun üç dostuna Öz qəzəbini bildirdi, çünki onlar ‘doğru olanı demədilər’. Əyyub onlar üçün dua etməli idi. «Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi» (Əyy. 38:1; 40:4; 42:6-10).

Yehovaya məhəbbətimiz nə dərəcədə güclüdür?

10. Nəyə görə Yehova Şeytana göz yummadı, yaxud onu məhv etmədi?

10 Yehova kainatın Yaradanı və bütün məxluqların Ali Hökmdarıdır. Bəs nəyə görə O, İblisin ittihamlarına sadəcə göz yummadı? Allah bilirdi ki, Şeytana nə göz yummaqla, nə də onu məhv etməklə onun qaldırdığı məsələ həll olunmayacaq. İblis iddia edirdi ki, Yehovanın sadiq xidmətçisi Əyyub var-dövlətindən məhrum olarsa, Allahdan üz döndərəcək. Əyyubun sadiqliyi bu sınaqdan keçdi. Sonra Şeytan fiziki iztirablara məruz qalan hər bir insanın Allahdan üz döndərəcəyi fikrini irəli sürdü. İztirab çəkməsinə baxmayaraq, Əyyub nöqsansızlığını itirmədi. Bununla da Şeytan sadiq, lakin qeyri-kamil Əyyubun vəziyyətində yalançı çıxdı. Bəs Allahın qalan xidmətçiləri haqda nə demək olar?

11. İsa Şeytanın ittihamına necə cavab verdi?

11 Şeytan tərəfindən istənilən sınaqlara məruz qalmalarına baxmayaraq nöqsansızlığını qoruyan Allahın hər bir xidmətçisi göstərir ki, ona gəldikdə həmin amansız düşmənin ittihamları yalandır. İsa yer üzünə gələndə Şeytanın ittihamlarına qəti cavab verdi. O, ulu atamız Adəm kimi kamil idi. İsanın ölənədək sadiq qalması Şeytanın yalançı, ittihamlarının isə əsassız olduğunu qəti surətdə nümayiş etdirdi (Vəhy 12:10).

12. Yehovanın hər bir xidmətçisinin hansı imkanı və məsuliyyəti var?

12 Bununla belə, Şeytan Yehovanın xidmətçilərini hələ də imtahana çəkir. Hər birimizin öz nöqsansızlığını qorumaqla Yehovaya xudbin niyyətlərdən deyil, məhəbbətdən irəli gələrək xidmət etdiyini göstərmək imkanı və məsuliyyəti var. Biz bu məsuliyyətə necə yanaşırıq? Yehovaya sadiq qalmaq bizim üçün əsil şərəfdir. Həmçinin Yehovanın bizə tab gətirmək üçün qüvvə verdiyini və Əyyubun hadisəsində olduğu kimi, gücümüzdən artıq imtahan olunmağımıza yol vermədiyini bilmək təskinlik gətirir (1 Kor. 10:13).

Allaha meydan oxuyan düşmən və dönük

13. «Əyyub» kitabından Şeytan haqqında hansı təfərrüatları öyrənirik?

13 Yunanca Müqəddəs Yazılarda Şeytanın Yehovaya qarşı çıxması haqda çoxlu məlumat verilir; «Vəhy» kitabından isə Yehovanın ali hökmranlığına bəraət qazandırılacağı və Şeytanın tamamilə məhv olunacağı barədə öyrənirik. İbranicə Müqəddəs Yazılarda da Şeytanın Yehovanı alçaqcasına ittiham etməsindən və bəşəriyyəti azdırmasından tam təfərrüatı ilə bəhs edilir. «Əyyub» kitabından isə Şeytanın üsyankarlığı haqda əlavə məlumat alırıq. Şeytan Yehovanın hüzuruna gələndə məqsədi Onu izzətləndirmək deyildi. İblis kinli və məkrli olduğu üçün pis məqsədlər güdürdü. Əyyuba qarşı ittiham yağdırdıqdan və onu imtahana çəkmək üçün icazə aldıqdan sonra «şeytan Rəbbin hüzurundan getdi» (Əyy. 1:12; 2:7).

14. Şeytan Əyyuba necə yanaşırdı?

14 Beləliklə, «Əyyub» kitabında Şeytanın bəşəriyyətin amansız düşməni olduğu göstərilir. Əyyub 1:6 və Əyyub 2:1 ayəsində bəhs edilən göydəki toplantılar arasında qeyri-müəyyən vaxt keçdi və bu vaxt ərzində Əyyub şiddətli sınaqlara məruz qaldı. Əyyubun sadiq qalması sayəsində Yehova Şeytana deyə bildi: «Məni vadar etdin ki, boş yerə onu [Əyyubu] məhv edim, amma o hələ kamil [«qüsursuz», YD] olaraq qalıb». Lakin Şeytan iddialarının yalan olduğunu boynuna almadı. Əvəzində tələb etdi ki, Əyyub başqa bir amansız sınaqdan keçirilsin. Beləliklə, İblis Əyyubu həm firavan, həm də kasıb günlərində imtahana çəkdi. Aydındır ki, Şeytanın yoxsullara və bədbəxtliklərə düçar olanlara rəhmi gəlmir. O, nöqsansız insanlara nifrət edir (Əyy. 2:3-5). Heç nəyə baxmayaraq, Əyyub sadiq qalmaqla Şeytanın yalançı olduğunu sübuta yetirdi.

15. Müasir dönüklərlə Şeytan arasında hansı oxşar cəhətlər var?

15 Dönük çıxan ən birinci məxluq Şeytan olub. Müasir dönüklər İblisə xas olan xüsusiyyətləri təzahür etdirirlər. Onların zehinləri korlandığından yığıncaq üzvlərinə, məsihçi ağsaqqallara və Rəhbərlik Şurasına tənqidi yanaşa bilərlər. Bəzi dönüklər Allahın müqəddəs Yehova adından istifadə olunmasına qarşı çıxırlar. Onları Yehova haqqında öyrənmək və Ona xidmət etmək maraqlandırmır. Dönüklər, ataları Şeytan kimi, nöqsansız insanları hədəfə alırlar (Yəh. 8:44). Təəccüblü deyil ki, Yehovanın xidmətçiləri onlarla təmasda olmaqdan tamamilə qaçınırlar! (2 Yəh. 10, 11).

Əyyub Yehovanın adına həmd edirdi

16. Sınaqlara baxmayaraq, Əyyub Yehovaya qarşı hansı münasibəti qoruyub saxladı?

16 Əyyub Yehovanın adını çəkir, həm də Ona həmd edirdi. Övladlarının ölüm xəbəri onu sarsıdanda belə, Allah haqqında pis bir şey demədi. Əyyub yanlış olaraq iztirablarının Allahdan olduğunu fikirləşsə də, Onun adını müdafiə edirdi. Bir qədər sonra o dedi: «Rəbb qorxusu hikmətdir, pislikdən çəkinmək müdriklikdir» (Əyy. 28:28).

17. Əyyuba nöqsansızlığını qorumağa nə kömək etdi?

17 Əyyuba nöqsansızlığını qorumağa nə kömək etdi? Aydındır ki, başına bu müsibətlər gəlməzdən öncə o, Yehova ilə artıq sıx münasibətlər inkişaf etdirmişdi. Biz Şeytanın Yehovaya qarşı irəli sürdüyü ittihamlardan Əyyubun xəbəri olub-olmadığını dəqiq bilmirik, buna baxmayaraq, o, sadiq qalmağa qəti qərarlı idi. «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm»,— deyə Əyyub bəyan etdi (Əyy. 27:5). Əyyub Yehova ilə sıx münasibətini necə inkişaf etdirmişdi? Şübhə yoxdur ki, o, uzaq qohumları olan İbrahim, İshaq və Yaqubla Allahın necə rəftar etdiyi barədə eşitdiklərini çox qiymətləndirirdi. Həmçinin Əyyub Yehovanın yaratdıqlarında Onun bir çox xüsusiyyətlərini görə bilirdi. (Əyyub 12:7-9, 13, 16 ayələrini oxu.)

18. a) Əyyub Yehovaya sadiq olduğunu necə göstərdi? b) Biz Əyyubun gözəl nümunəsini necə təqlid edə bilərik?

18 Əyyubun öyrəndikləri onda Yehovanı razı salmaq arzusunu hasil edirdi. Birdən ailə üzvləri Allaha xoş getməyən işlər görər və ya ‘ürəklərində Allaha lənət edər’ deyə, o, müntəzəm olaraq Allaha qurbanlar gətirirdi (Əyy. 1:5). Şiddətli sınaqlara məruz qalanda belə Yehova haqqında müsbət tərzdə danışırdı (Əyy. 10:12). Necə də gözəl nümunədir! Biz də Yehova və Onun niyyətləri haqqında müntəzəm olaraq dəqiq bilik əldə etməliyik. Şəxsi öyrənməyə vaxt ayırmaqla, dua etməklə, yığıncaq görüşlərində və xoş xəbəri təbliğ etmək işində iştirak etməklə Yehova ilə münasibətlərimizi möhkəmləndiririk. Üstəlik, əlimizdən gələni edirik ki, Yehovanın adını hamıya tanıdaq. Yehova Əyyubun nöqsansızlığından məmnun qaldığı kimi, müasir xidmətçilərinin nöqsansızlığı da Onun ürəyini sevindirir. Bu mövzu növbəti məqalədə müzakirə olunacaq.

Yadınızdadırmı?

• Əyyub nəyə görə Şeytan İblisin diqqətini cəlb etdi?

• Əyyub hansı sınaqlara tab gətirdi və buna necə münasibət göstərdi?

• Əyyub kimi, nöqsansızlığımızı qorumaqda bizə nə kömək edəcək?

• «Əyyub» kitabından Şeytan haqqında nə öyrənirik?

[4-cü səhifədəki şəkil]

Əyyub haqqındakı məlumat diqqətimizi Allahın ali hökmranlığına dair qaldırılan birinci dərəcəli məsələyə yönəldir

[6-cı səhifədəki şəkil]

Nöqsansızlığımız hansı şəraitlərdə sınağa çəkilə bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş