Padşahlığın təbliğçilərinə tələbat olan ərazilərdə xidmət edə bilərsənmi?
«Birləşmiş Ştatlarda güzəranımız yaxşı idi, lakin buradakı insanların var-dövlət hərisliyinin gec-tez bizə və iki oğlumuza pis təsir edəcəyindən qorxurduq. Həyat yoldaşımla mən əvvəllər missioner kimi xidmət etmişdik və yenidən o sadə, xoşbəxt yaşadığımız günlərə qayıtmaq istəyirdik».
BU İSTƏKDƏN irəli gələrək, 1991-ci ildə Ralf və onun həyat yoldaşı Pam bir neçə filiala məktub yazıb təbliğçilərə tələbat olan yerdə xidmət etmək arzularını bildirdilər. Meksikadakı filial onların məktubuna cavab verərək bu ölkədə ingilisdilli əhaliyə təbliğ etmək üçün təbliğçilərə böyük tələbat olduğunu yazdı. Filialın qeyd etdiyi kimi, həqiqətən də həmin ‘tarlalar biçilmək üçün ağarmışdı’ (Yəh. 4:35). Ralfla Pam 8 və 12 yaşlı oğulları ilə birlikdə dəvəti dərhal qəbul etdilər və Meksikaya köçmək üçün hazırlıq görməyə başladılar.
Təbliğ üçün geniş ərazi
Ralf deyir: «Birləşmiş Ştatlardan köçməyə hazırlaşanda bəzi bacı-qardaşlar yaxşı niyyətlərdən irəli gələrək deyirdilər: “Xaricə köçmək çox təhlükəlidir!”, “Bəs xəstələnsəniz, necə olacaq?”, “İngilisdilli ərazidə təbliğ etmək üçün köçmək nəyə lazımdır? Onsuz da orada ingilisdilli insanlar həqiqətlə maraqlanmayacaqlar”. Amma qərarımız qəti idi, çünki biz bu qərarı bir an içində verməmişdik. Biz bunu neçə il idi ki, planlaşdırırdıq. Bunun üçün borca girməkdən qaçmağa çalışır və pul yığırdıq. Eyni zamanda, tez-tez ailəmizlə bir yerə toplaşıb üzləşə biləcəyimiz çətinlikləri müzakirə edirdik».
Ralf və ailəsi ilk növbədə Meksikadakı filiala baş çəkdilər. Qardaşlar onlara ölkənin xəritəsini göstərib: «Bu sizin təbliğ edəcəyiniz ərazidir!» — dedilər. Ailə Mexikodan 240 kilometr şimal-qərbdə yerləşən və əhalisinin əksəriyyətini əcnəbilərin təşkil etdiyi San-Miqel-de-Allende şəhərində yaşamaq qərarına gəldi. Onlar bu şəhərə köçəndən üç il sonra orada 19 təbliğçidən ibarət ingilisdilli yığıncaq yarandı. Bu, Meksikadakı ilk ingilisdilli yığıncaq idi, ancaq qarşıda görüləsi işlər hələ çox idi.
Bəzi hesablamalara görə, Meksikada Birləşmiş Ştatlardan bir milyon adam yaşayır. Bundan əlavə, ingilis dili bir çox meksikalı mütəxəssislərin və tələbələrin ikinci dilidir. Ralf deyir: «Biz daha çox işçilərin olması üçün dua edirdik. Simvolik mənada ‘torpağa nəzər salmağa’ gələn bacı-qardaşlar üçün evimizdə həmişə əlavə çarpayı hazır idi» (Say. 13:2).
Onlar xidmətlərini genişləndirmək üçün həyatlarını sadələşdirmişlər
Tezliklə həmin əraziyə xidmətlərini genişləndirmək istəyən çoxlu bacı-qardaşlar gəlməyə başladı. Onların arasında Birləşmiş Ştatlardan olan Bill və Keti də vardı. Onlar təbliğçilərə böyük tələbat olan ərazilərdə artıq 25 il xidmət etmişdilər. Bill və Keti ispan dilini öyrənməyi düşünürdülər, amma Birləşmiş Ştatlardan olan təqaüdçülərin məskən saldığı Çapala gölünün sahillərindəki gözəl Acicik şəhərinə köçəndən sonra fikirləri dəyişdi. Bill deyir: «Acicikdə həqiqəti öyrənmək istəyən ingilisdilli insanların axtarışı ilə daha çox məşğul olurduq». Bu şəhərə köçdükdən sonra Bill və Keti iki il ərzində Meksikada ikinci ingilisdilli yığıncağın təşkil olunmasının şahidi oldular.
Kanadadan olan Ken və Coan da həyatlarını sadələşdirmək və Padşahlıq işinə daha çox vaxt sərf etmək istəyirdilər. Onlar da Meksikaya köçmüşdülər. Ken deyir: «Günlərlə isti suyun və işığın olmadığı, telefonun işləmədiyi ərazidə yaşamağa alışmaq üçün çoxlu vaxt tələb olundu». Lakin təbliğ onlara çoxlu sevinc gətirirdi. Ken qısa müddət ərzində xidməti köməkçi, iki ildən sonra isə ağsaqqal təyin olundu. Əvvəlcə onların qızı Britanni üçün gənclərin az olduğu kiçik ingilisdilli yığıncağa qaynayıb-qarışmaq çətin idi. Amma o, Padşahlıq Zallarının tikintisində iştirak etməyə başlayandan sonra özünə ölkənin hər yerində çoxlu gözəl dostlar tapdı.
Birləşmiş Ştatların Texas ştatından olan Patrik və Roksana yaxınlıqlarında insanların ingilis dilində danışdığı missioner sahəsinin olduğunu eşidəndə çox sevinmişdilər. Patrik deyir: «Meksikanın şimal-şərqində yerləşən Monterrey şəhərinə gələndə başa düşdük ki, bura gəlməyimiz Yehovanın rəhbərliyi idi». Onlar beş günün içində Texasdakı evlərini satıb, belə desək, ‘Makedoniyaya keçdilər’ (Həv. iş. 16:9). Meksikada pul qazanmaq asan deyildi, lakin 17 təbliğçisi olan kiçik bir qrup iki ilin içində onların gözü önündə 40 təbliğçidən ibarət yığıncağa çevrildi.
Ceff və Deb də xidmətlərini genişləndirmək üçün həyatlarını sadələşdirmək qərarına gəlmişdilər. Onlar Birləşmiş Ştatlardakı geniş evlərini satıb Meksikanın cənub sahilindəki Kankun şəhərində balaca bir mənzilə köçdülər. Əvvəllər onlar evlərinin yaxınlığında rahat, kondisionerli binada keçirilən konqreslərdə iştirak edirdilər. İndi isə onlar ingilis dilində ən yaxın və üstüaçıq stadionlarda keçirilən konqresə getmək üçün səkkiz saat yol qət etməli olurdular. Ancaq Kankunda 50 təbliğçidən ibarət yığıncağın yaranmasının şahidi olmaq onlara dərin məmnunluq gətirdi.
Bəzi meksikalı bacı-qardaşlar da ingilisdilli ərazidə təbliğ işinə kömək etməyə başladılar. Misal üçün, Ruben və ailəsi San-Miqel-de-Allendedə ilk ingilisdilli yığıncağın yarandığını və bu yığıncağın ərazisinin bütün Meksika olduğunu eşidəndə dərhal kömək əllərini uzatmaq qərarına gəldilər. Onlar ingilis dilini öyrənməli, tamamilə fərqli bir mədəniyyətə alışmalı və görüşlərə getmək üçün hər həftə 800 kilometr məsafə qət etməli idilər. Ruben deyir: «Biz çox illər ərzində Meksikada yaşayan, amma xoş xəbəri ilk dəfə doğma dillərində eşitmək fürsəti olan əcnəbilərə şahidlik etməyə şad idik. Bəziləri göz yaşları ilə bizə öz minnətdarlıqlarını bildirirdilər». Ruben və onun ailəsi San-Miqel-de-Allendedəki yığıncağa kömək etdikdən sonra Quanaxuato şəhərində (mərkəzi Meksika) pioner kimi xidmət etmişlər. Burada onlar 30-dan çox təbliğçisi olan ingilisdilli yığıncağın təşkil olunmasında iştirak etmişlər. Hal-hazırda onlar Quanaxuato yaxınlığında yerləşən İrapuato şəhərindəki qrupda xidmət edirlər.
Təbliği çətinləşdirən hallar
Burada əcnəbilərdən savayı, bir çox meksikalılar da ingilis dilində danışır. Xoş xəbəri onlara çatdırmaq çox vaxt çətin olur, çünki onlar varlı insanların yaşadığı ərazilərdə yaşayır və əksər hallarda qapını qulluqçular açır. Hətta qapını ev sahibləri açsalar belə, onlar Yehovanın Şahidlərini yerli kiçik təriqət saydıqları üçün çox vaxt qulaq asmaqdan imtina edirlər. Amma başqa ölkələrdən gələn Yehovanın Şahidləri onlara təbliğ edəndə bəziləri qulaq asırlar.
Queretaro şəhərində (mərkəzi Meksika) yaşayan Qloriyanın nümunəsinə nəzər salaq. O deyir: «Əvvəllər mən ispanca danışan Yehovanın Şahidləri ilə rastlaşmışam, lakin heç vaxt onlara qulaq asmamışam. Ancaq ailəm və dostlarım problemlərlə üzləşəndə mən depressiyaya düşdüm və duada Allaha müraciət edərək mənə çıxış yolu göstərməsini xahiş etdim. Çox keçmədi ki, ingilis dilində danışan bir qadın qapımızı döydü. O, evdə kiminsə ingilis dilində danışıb-danışmadığını soruşdu. Qadının əcnəbi olması məndə maraq oyatdı və mən ingilis dilində danışdığımı söylədim. O, təqdiməsini edərkən öz-özümə fikirləşirdim: “Görəsən, bu amerikalı burada nə edir?!” Amma bundan əvvəl Allahdan duada əlamət istəmişdim. Ola bilsin ki, bu, Allahın dualarıma verdiyi cavab idi». Qloriya Müqəddəs Kitabı öyrənməyə razılıq verdi və ailəsinin müqavimətlərinə baxmayaraq, ruhən tez inkişaf etdi və vəftiz olundu. Bu gün Qloriya daimi pionerdir, onun əri və oğlu da Yehovaya xidmət edir.
Xidmətlərini genişləndirənlərin aldığı mükafatlar
Padşahlığın təbliğçilərinə tələbat olan yerlərdə xidmət etməyin öz çətinlikləri var, amma mükafatları da çoxdur. Məqalənin əvvəlində xatırlanan Ralf deyir: «Biz Böyük Britaniyadan, Çindən, Yamaykadan, İsveçdən və hətta Qananın kübar cəmiyyətindən olan insanlarla Müqəddəs Kitab öyrənməsi keçirirdik. Onlardan bəziləri tammüddətli xidmətə başlamışlar. Ötən illər ərzində ailəmiz yeddi ingilisdilli yığıncağın yaranmasının şahidi oldu. Oğullarımızın ikisi də bizimlə birgə pioner xidmətinə başladı və hal-hazırda onlar Birləşmiş Ştatlardakı Bet-Eldə xidmət edirlər».
İndi Meksikada 88 ingilisdilli yığıncaq və çoxsaylı qruplar fəaliyyət göstərir. Bu sürətli inkişaf nəyin sayəsində baş verib? Meksikada ingilisdilli insanların çoxu əvvəllər heç vaxt Yehovanın Şahidləri ilə rastlaşmayıb. Bəziləri burada, öz ölkələrində olduğu kimi, qohum-əqrəbalarının və dostlarının təzyiqinə məruz qalmadıqları üçün xoş xəbərə hay vermişlər. Başqaları isə təqaüdə çıxdıqları və ruhani işlərə çox vaxtları olduğundan Müqəddəs Kitabı öyrənməyə razılaşmışlar. Üstəlik, ingilisdilli yığıncaqlarda təbliğçilərin üçdə birinin pioner kimi xidmət etməsi yığıncaqlarda ruh yüksəkliyinə və artıma səbəb olur.
Səni xeyir-dualar gözləyir
Şübhə yoxdur ki, bütün dünyada daha çox insan Padşahlıq haqqında xoş xəbəri doğma dilində eşidəndə ona hay verəcək. Buna görə də, Yehovaya daha çox xidmət etmək istəyən çoxsaylı gənc və yaşlı, subay və ailəli bacı-qardaşların Padşahlığın təbliğçilərinə tələbat olan yerlərə köçməyə hazır olduqlarını görmək çox sevindiricidir. Düzdür, onlar çətinliklərlə qarşılaşa bilərlər, ancaq bu çətinliklər Müqəddəs Kitab həqiqətlərini qəbul edən səmimi-qəlbli insanları tapanda əldə etdikləri sevinclə müqayisədə heçdir. Bəs sən Padşahlığın təbliğçilərinə tələbat olan yerlərdə — istər öz ölkəndə, istərsə də xaricdə xidmət etmək üçün müvafiq dəyişikliklər etməyə hazırsanmı?a (Luka 14:28-30; 1 Kor. 16:9). Əgər belədirsə, əmin ol ki, səni bol xeyir-dualar gözləyir.
[Haşiyə]
a Təbliğçilərə ehtiyac olan yerlərdə xidmət etməyə dair «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» (rus.) kitabının 111, 112-ci səhifələrinə bax.
[21-ci səhifədəki çərçivə]
Onların xoşbəxt görünməsinin səbəbi
Berl Böyük Britaniyadan Kanadaya köçmüş və orada bir neçə beynəlxalq kompaniyalarda menecer işləmişdi. O həm də məharətli at sürən olmuş, hətta 1980-ci ilin Olimpiadasında Kanadanın təmsilçisi seçilmişdi. Təqaüdə çıxandan sonra Berl ilə əri Çapala gölü yaxınlığına köçdülər. Çox vaxt onlar yerli restoranda yemək yeyirdilər. O, xoşbəxt görünən ingilisdilli təqaüdçüləri görəndə onlarla tanış olur və Meksikaya gəlişlərinin səbəbini öyrənirdi. Tanış olduğu bu insanlar çox vaxt Yehovanın Şahidləri olurdular. Berl və onun əri fikirləşirdilər ki, əgər Allahı tanımaq xoşbəxtlik gətirir və həyatın mənasını tapmağa kömək edirsə, onda onlar da Allahı tanımaq istəyirlər. Bir neçə ay görüşlərə gəldikdən sonra Berl Müqəddəs Kitabı öyrənməyə başladı və Yehovanın Şahidi oldu. Bir neçə il ərzində o, daimi pioner kimi xidmət etdi.
[22-ci səhifədəki çərçivə]
«Onlar bizim üçün əsil xeyir-duadır»
Yerli Şahidlər Padşahlıq işində onlara kömək etməyə gələn bacı-qardaşları yüksək qiymətləndirirlər. Karib hövzəsi ölkələrindəki filialların biri yazır: «Burada yüzlərlə əcnəbi bacı-qardaşlar xidmət edir. Əgər onlar buranı tərk etməli olsalar, bu, yığıncaqların sabitliyinə təsir edəcək. Onlar bizim üçün əsil xeyir-duadır».
Allahın Kəlamında ‘bir alay qadınların müjdə payladığı’ deyilir (Məz. 68:11). Buna görə də xaricdə təbliğ edənlərin arasında bu qədər subay bacıların olması təəccüblü deyil. Bu fədakar bacıların köməyi çox böyükdür. Şərqi Avropadakı filialların biri öz müşahidəsi ilə bölüşür: «Yığıncaqlarımızın əksəriyyətində təbliğçilərin böyük qismi bacılardır, bəzən onlar yığıncaqdakıların 70 faizini təşkil edirlər. Onlardan çoxu həqiqətdə yenidir, ancaq xaricdən gələn subay pioner bacılar onlara təlim verməklə böyük köməklik göstərirlər. Bu bacılar bizim üçün qiymətli hədiyyədir!»
Bəs xaricdə xidmət etmələri barədə bu bacıların özləri nə düşünürlər? 30 yaşlarında olan və bir neçə il başqa ölkədə pioner kimi xidmət edən subay bacımız Ancelika deyir: «Çətinliklər çox olur. Təyin olunduğum ərazilərin birində hər gün palçıqlı yollarla getməli olurdum və əzab-əziyyət içində yaşayan insanları görürdüm; bu, çox məyusedici idi. Lakin xidmətdə insanlara kömək etməkdən məmnunluq duyurdum. Yerli bacıların onlara kömək etdiyimə görə dəfələrlə öz minnətdarlıqlarını bildirmələri mənə güclü təsir bağışlayırdı. Bir bacı onların ölkəsində xidmət etmək üçün bu qədər məsafə qət etməyimin onu tammüddətli xidmətə başlamağa təşviq etdiyini söylədi».
50 yaşlarında olan pioner bacımız Syu deyir: «Çətinliklər qaçılmazdır, lakin aldığımız xeyir-dualar qat-qat çoxdur. Xidmət insanı çox ruhlandırır! Vaxtımın çox hissəsini gənc bacılarla xidmətdə keçirdiyim üçün Müqəddəs Kitabdan və nəşrlərimizdən maneələrin öhdəsindən gəlməyə dair öyrəndiklərimi onlarla bölüşürəm. Onlar tez-tez mənə deyirlər ki, çox illər ərzində subay pioner kimi xidmət edərək problemləri dəf etməkdə göstərdiyim nümunə onları əmin edir ki, həyatdakı çətinliklərin öhdəsindən onlar da gələ bilərlər. Bu bacılara kömək etmək mənə dərin məmnunluq gətirir».
[20-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
MEKSİKA
Quanaxuato
İrapuato
Çapala
Acicik
Çapala gölü
Monterrey
San-Miqel-de-Allende
Queretaro
MEXİKO
Kankun
[23-cü səhifədəki şəkil]
Bəzilərinin xoş xəbəri ilk dəfə eşidən əcnəbilərə şahidlik etmək imkanları olub