Məhəbbətlə öyrədərək İsanı təqlid edin
«Bu Adam kimi danışan əsla olmamışdır» (YƏH. 7:46).
1. İsanın təlim vermə tərzi insanlarda hansı təəssüratı oyadırdı?
İSANIN təlimlərini eşitməyin nə qədər heyrətamiz olduğunu bir təsəvvür et! Müqəddəs Kitabda biz onun təlimlərinin başqa adamlarda hansı təəssüratı oyatdığı barədə oxuyuruq. Misal üçün, Luka yazır ki, İsanın doğma şəhərindən olan insanlar «Onun ağzından çıxan lətif kəlamlara heyran olur»dular. Mattanın yazdığına əsasən, İsanın Dağüstü təbliğini eşidən «xalq Onun təliminə təəccübləndi». Yəhya isə yazır ki, İsanı həbs etmək üçün göndərilən mühafizlər əliboş qayıdanda belə dedilər: «Bu Adam kimi danışan əsla olmamışdır» (Luka 4:22; Mat. 7:28; Yəh. 7:46).
2. İsa hansı təlim üsullarından istifadə edirdi?
2 Mühafizlər yanılmırdı. Həqiqətən də, İsa dünyada yaşamış ən dahi Müəllim idi. O, aydın, sadə və danılmaz məntiqlə öyrədir, məsəllərdən və suallardan məharətlə istifadə edirdi. O, həmsöhbətinin yuxarı və ya aşağı təbəqədən olmasını nəzərə alaraq təlim üsullarını dəyişdirirdi. Onun öyrətdiyi həqiqətlər asan başa düşülməklə yanaşı, eyni zamanda dərin məna kəsb edirdi. Ancaq İsanın ən böyük Müəllim olmasının səbəbi yalnız bunlar deyildi.
Ən vacib xüsusiyyət məhəbbətdir
3. Bir müəllim kimi, İsa öz günlərinin din rəhbərlərindən nə ilə fərqlənirdi?
3 Ehtimal ki, din alimləri və fəriseylər arasında savadlı və öyrətmək qabiliyyəti olan ağıllı insanlar da var idi. Bəs İsanın təlim üsulları onlarınkından nə ilə fərqlənirdi? O dövrün din rəhbərləri sadə xalqı sevmirdi. Əksinə, onlar sadə insanlara ikrahla yanaşır və onları ‘məlun’ hesab edirdilər (Yəh. 7:49). Onlardan fərqli olaraq, İsanın bu insanlara yazığı gəlirdi, çünki onlar «çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər» (Mat. 9:36). O, mülayim, şəfqətli və xeyirxah insan idi. Bundan əlavə, din rəhbərlərində Allaha qarşı əsil məhəbbət yox idi (Yəh. 5:42). Lakin İsa Atasını sevir və Onun iradəsini yerinə yetirməkdən zövq alırdı. Din rəhbərləri öz xeyirləri üçün Allahın Kəlamını təhrif etdikləri halda, İsa «Allahın sözünü» sevir, onu insanlara öyrədir, izah edir və ona əsasən yaşayırdı (Luka 11:28). Məsihin bütün varlığına hakim kəsilən məhəbbət özünü onun təlimlərində, insanlarla rəftarında və təlim üsullarında büruzə verirdi.
4, 5. a) Məhəbbətlə öyrətmək nəyə görə zəruridir? b) Nəyə görə təlim vermək işində bilik və bacarıq da tələb olunur?
4 Bəs bizim barəmizdə nə demək olar? Məsihin davamçıları olan bizlər xidmətdə və həyatda onu təqlid etmək istəyirik (1 Pet. 2:21). Məqsədimiz insanlara sadəcə Müqəddəs Kitab biliklərini çatdırmaq yox, həmçinin Yehovanın keyfiyyətlərini, xüsusilə də məhəbbətini əks etdirməkdir. Biliyimizin az və ya çox, öyrətmək bacarığımızın zəif, yaxud güclü olmasından asılı olmayaraq, məhəbbət təbliğ etdiyimiz insanların ürəyinə yol tapmaqda bizə kömək edəcək. Şagird hazırlamaq işində əsil müvəffəqiyyət qazanmaq üçün biz məhəbbətlə öyrədərək İsanı təqlid etməliyik.
5 Sözsüz ki, yaxşı müəllim olmaq üçün biz öz «fənnimizi» yaxşı bilməli və müəyyən müəllimlik bacarığına malik olmalıyıq. İsa şagirdlərinə bunların hər ikisinə də yiyələnməkdə kömək etmişdi. Bu gün Yehova təşkilatı vasitəsilə bizə də bunu etməyə kömək edir. (Yeşaya 54:13; Luka 12:42 ayələrini oxu.) Amma insanları öyrətməyə bizi yalnız ağlımız yox, həmçinin ürəyimiz sövq etməlidir. Bilik, bacarıq və məhəbbətin vəhdəti daha çox səmərə gətirə bilər. Bəs onda təlim verərkən biz məhəbbəti necə təzahür etdirə bilərik? İsa və onun şagirdləri bunu necə edirdilər? Gəlin bu sualları nəzərdən keçirək.
Biz Yehovanı sevməliyik
6. Sevdiyimiz şəxs haqqında biz, adətən, necə danışırıq?
6 Adətən, sevdiyimiz şeylər haqda söhbət etməkdən həzz alırıq. Bizə əziz olan bir şey, xüsusilə də sevdiyimiz şəxs haqqında danışanda ürəyimiz cuşa gəlir və alışıb-yanır. Biz onun haqqında bildiklərimizi başqaları ilə fərəhlə bölüşür, onu tərifləyir və müdafiə edirik. Biz istəyirik ki, həmin şəxs və onun keyfiyyətləri bizi cəlb etdiyi kimi, başqalarını da cəlb etsin.
7. Allaha olan məhəbbəti İsanı hansı işlərə təşviq edirdi?
7 Başqalarının Yehovanı sevməsini istəyiriksə, əvvəlcə özümüz Onu tanımalı və sevməliyik. Axı həqiqi ibadətin təməlini Allaha olan məhəbbət təşkil edir (Mat. 22:36-38). İsa bizə mükəmməl nümunə qoyub. O, Yehovanı bütün ürəyi, bütün canı, bütün düşüncəsi və qüvvəti ilə sevirdi. Ehtimal ki, Atası ilə göylərdə milyardlarla illər yaşayan İsa Onu yaxından tanımışdı. Buna görə də o: «Mən Atanı sevirəm», — demişdi (Yəh. 14:31). Bu məhəbbət İsanın dediyi və etdiyi hər şeydə özünü büruzə verir və onu həmişə Allahı razı salan işləri görməyə təşviq edirdi (Yəh. 8:29). Eləcə də onu özlərini Allahın təmsilçisi adlandıran ikiüzlü din rəhbərlərini ifşa etməyə təşviq edirdi. Və nəhayət, belə məhəbbət İsanı, başqaları da Yehovanı tanısın və Onu sevsin deyə, Onun haqqında danışmağa sövq edirdi.
8. Allaha olan məhəbbətləri İsanın şagirdlərini nəyə təşviq edirdi?
8 İsa kimi, onun birinci əsrdəki şagirdləri də Yehovanı sevdiklərindən xoş xəbəri cəsarətlə və səylə təbliğ edirdilər. Onlar əlində səlahiyyəti olan din rəhbərlərinin müqavimətlərinə rəğmən təlimlərini bütün Yerusəlimdə yaydılar. Şagirdlər gördükləri və eşitdikləri şeylər haqda danışmaya bilməzdilər (Həv. iş. 4:20; 5:28). Onlar Yehovanın onlarla olduğuna və onları xeyir-dualandıracağına əmin idilər. Yehova onların ümidini boşa çıxarmadı! İsanın ölümündən 30 il keçməmişdi ki, həvari Pavel xoş xəbərin ‘göy altında olan hər məxluqa təbliğ edildiyini’ yazdı (Kolos. 1:23).
9. Allaha məhəbbətimizi necə möhkəmləndirə bilərik?
9 Bacarıqlı müəllim olmaq üçün biz də daim Allaha olan məhəbbətimizi möhkəmləndirməliyik. Biz bunu necə edə bilərik? Duada Allahla tez-tez söhbət etməklə, Onun Kəlamını araşdırmaqla, Müqəddəs Kitaba əsaslanan nəşrləri oxumaqla və məsihçi görüşlərində iştirak etməklə. Allah haqqında biliklərimiz artdıqca ürəyimizdə Ona olan məhəbbətimiz də artacaq. Nəticədə, bu məhəbbət özünü sözlərimizdə və əməllərimizdə büruzə verəcək. Ola bilsin, bunu görərək başqaları da Yehovaya yaxınlaşmaq istəyəcək. (Məzmur 104:33, 34 ayələrini oxu.)
Öyrətdiyimiz həqiqətləri sevməliyik
10. Yaxşı müəllimi nədən tanımaq olar?
10 Yaxşı müəllim tədris etdiyi şeyləri sevməsi ilə fərqlənir. O əmin olmalıdır ki, öyrətdikləri həqiqət, eyni zamanda vacib və dəyərlidir. Əgər o, öyrətdiklərinə qarşı laqeyd deyilsə, bu, özünü büruzə verəcək və şagirdlərinə güclü təsir bağışlayacaq. Digər tərəfdən, müəllim öyrətdiklərini qiymətləndirmirsə, bunu şagirdlərindən necə gözləyə bilər? Heç vaxt Allahın Kəlamının müəllimi kimi verdiyin nümunənin əbəs olduğunu düşünmə. İsa demişdir: «Təkmilləşdikdən sonra, hər şagird öz müəllimi kimi olacaq» (Luka 6:40).
11. İsa öyrətdiyi həqiqətləri nəyə görə sevirdi?
11 İsa verdiyi təlimləri sevirdi. O bilirdi ki, onda başqaları ilə bölüşmək üçün qiymətli bir şey — səmavi Atası haqqında həqiqət, ‘Allahın kəlamları’ və «əbədi həyatın sözləri» var (Yəh. 3:34; 6:68). İsanın öyrətdiyi həqiqətlər parlaq nur tək pisin və yaxşının nə olduğunu üzə çıxarırdı. Bu həqiqətlər yalan din rəhbərləri tərəfindən aldadılan və İblisin əlindən əziyyət çəkən təvazökar insanlara ümid və təsəlli verirdi (Həv. iş. 10:38). İsanın həqiqətə olan məhəbbəti yalnız təlimlərində deyil, onun bütün əməllərində də görünürdü.
12. Həvari Pavel xoş xəbərə necə yanaşırdı?
12 İsa kimi, şagirdləri də Yehova və Məsih haqqındakı həqiqətləri o qədər sevir və qiymətləndirirdilər ki, düşmənləri bu həqiqətləri başqaları ilə bölüşməkdən onları çəkindirə bilmirdilər. Pavel Romadakı həmimanlılarına yazmışdı: «Var gücümlə Müjdəni təbliğ etməyə hazıram. Çünki mən Müjdədən utanmıram. O, iman edən hər kəsin, ilk əvvəl yəhudinin, sonra isə yunanın xilası üçün Allahın qüdrətidir» (Rom. 1:15, 16). Pavel xoş xəbəri bəyan etməyi şərəf hesab edirdi. O yazmışdı: «Məsihin kəşfolunmaz zənginliyini yəhudi olmayanlara müjdələmək... mənə bəxş edildi» (Efes. 3:8, 9). Başqalarına Yehova və Onun niyyətləri haqda öyrədərkən Pavelin necə şövqlə danışdığını təsəvvür etmək çətin deyil.
13. Xoş xəbəri sevmək üçün hansı səbəblərimiz var?
13 Allahın Kəlamındakı xoş xəbər bizə Yaradanımızla tanış olmağa, həm də Onunla sıx və mehriban münasibət qurmağa kömək edir. Bu xoş xəbər həyati vacib suallara dolğun cavab verməklə yanaşı, həyatımızı dəyişməyə, ümid verməyə və çətin anlarda bizi möhkəmləndirməyə qadirdir. Bundan əlavə, bu xəbər sonsuz və mənalı həyata yol göstərir. Xoş xəbərdən daha vacib və dəyərli bilik varmı? Bizə etibar edilən və ürəyimizi sevinclə dolduran bu xəbər çox qiymətli bir ənamdır. Bu xəbəri başqaları ilə bölüşəndə sevincimiz birə-beş artır (Həv. iş. 20:35).
14. Öyrətdiyimiz həqiqətlərə olan məhəbbətimizi necə möhkəmləndirə bilərik?
14 Xoş xəbəri daha çox sevmək üçün nə etmək olar? Allahın Kəlamını oxuyarkən bir anlığa dayanıb, oxuduğun hissənin üzərində düşün. Misal üçün, İsanın yerüzü xidməti zamanı onu müşayiət etdiyini və ya Pavellə missioner səyahətində olduğunu təsəvvür et. Xəyalında yeni dünyada olduğunu və qarşında tamamilə fərqli bir həyatın açıldığını canlandır. Xoş xəbərə itaət etməyin sayəsində aldığın xeyir-dualar haqda fikirləş. Əgər xoş xəbərə olan məhəbbətini qoruyub saxlasan, öyrətdiyin insanlar bunu hiss edəcəklər. Buna görə də öyrəndiklərimizin üzərində ətraflı düşünməli və onlara diqqət yetirməliyik. (1 Timoteyə 4:15, 16 ayələrini oxu.)
Biz insanları sevməliyik
15. Nəyə görə müəllim şagirdlərini sevməlidir?
15 Yaxşı müəllim dərslərdə rahat mühit yaradır ki, şagirdlərin yeni bir şey öyrənməyə və öz fikirlərini sərbəst ifadə etməyə həvəsləri olsun. Sevən müəllim səmimi-qəlbdən şagirdlərinin qayğısına qaldığı üçün onlara bilik verir. O, tədris üsullarını şagirdlərinin tələbatlarına və qavrama qabiliyyətinə uyğunlaşdırır. O həmçinin onların bacarığını və vəziyyətini nəzərə alır. Müəllimləri tərəfindən məhəbbət görən şagirdlər dərslərini böyük məmnuniyyətlə oxuyacaqlar.
16. İsa insanlara necə məhəbbət göstərirdi?
16 İsada məhz belə məhəbbəti görmək olardı. Onun məhəbbətinin ən böyük təzahürü başqalarının xilası naminə kamil həyatını qurban vermək idi (Yəh. 15:13). İsa yorulmadan insanların fiziki, xüsusilə də ruhani ehtiyaclarının qayğısına qalırdı. İnsanların onun yanına gəlməsini gözləmək əvəzinə, piyada yüzlərlə kilometr qət edərək xoş xəbəri bəyan edirdi (Mat. 4:23-25; Luka 8:1). O, səbirli və başa düşən insan idi. Şagirdlərinə düzəliş vermək lazım gələndə bunu məhəbbətlə edirdi (Mark 9:33-37). İsa onları ruhlandıraraq əmin edirdi ki, onlar xoş xəbərin məharətli təbliğçiləri olacaq. Yer üzündə İsa qədər sevən və qayğıkeş müəllim olmayıb. İsanın məhəbbəti şagirdlərini onu sevməyə və əmrlərinə riayət etməyə təşviq edirdi. (Yəhya 14:15 ayəsini oxu.)
17. İsanın şagirdləri başqalarına necə məhəbbət göstərirdilər?
17 İsanın şagirdləri də təbliğ etdikləri insanlara dərin məhəbbət göstərirdilər. Onlar təqiblərə tab gətirərək və həyatlarını təhlükəyə ataraq başqalarına xidmət edir və xoş xəbərin təbliğində müvəffəqiyyət qazanırdılar. Onlar ruhani cəhətdən kömək etdiyi insanları necə də sevirdilər! Həvari Pavelin yazdığı növbəti sözlər ürəklərimizi riqqətə gətirir: «Biz, uşaqlarını bağrına basıb əmizdirən ana kimi, sizinlə mülayim davrandıq. Bu yolla ürəkdən sizin həsrətinizi çəkən bizlər, sizə yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı da vermək istədik. Çünki siz bizim üçün çox əziz oldunuz» (1 Salon. 2:7, 8).
18, 19. a) Nəyə görə biz təbliğ işində fədakarlıq göstərməyə hazırıq? b) Göstərdiyimiz məhəbbətin başqalarının diqqətindən yayınmadığını göstərən bir nümunə çəkin.
18 Eynilə, bu gün də Yehovanın Şahidləri bütün dünyada əsaslı surətdə təbliğ edərək Allahı tanımağı və Ona xidmət etməyi arzulayan insanları axtarırlar. Son 17 il ərzində biz təbliğ və şagird hazırlamaq işinə hər il bir milyarddan çox saat sərf etmişik; bu işi hal-hazırda da davam etdiririk. Təbliğ işi çoxlu vaxt, vəsait və qüvvə tələb etsə də, biz onu canla-başla yerinə yetiririk. İsa kimi, biz də dərk edirik ki, sevən səmavi Atamız insanların əbədi həyata aparan biliklərə yiyələnməsini istəyir (Yəh. 17:3; 1 Tim. 2:3, 4). Məhəbbət bizi təşviq edir ki, səmimi insanların Yehovanı bizim kimi sevməsinə və tanımasına kömək edək.
19 Göstərdiyimiz məhəbbət başqalarının nəzərindən yayınmır. Məsələn, Birləşmiş Ştatlarda xidmət edən bir pioner bacı əzizlərini itirən insanlara təskinlik vermək üçün onlara məktub yazır. Bir kişi cavabında ona yazdı: «Düzünü desəm, məktubunuzu alanda əvvəlcə təəccübləndim. Çünki kiminsə tamamilə tanımadığı adamın dərdinə şərik olması və ona kömək etmək üçün məktub yazması, həqiqətən də, heyrətamizdir. Yalnız onu deyə bilərəm ki, siz insanları və onları həyat yoluna yönəldən Allahı sevirsiniz».
20. Məhəbbətlə öyrətmək nəyə görə vacibdir?
20 Bir nəfərin sözlərinə əsasən, insan öz işini sevəndə və onun ustası olanda, ehtimal ki, şah əsər ərsəyə gələcək. Biz Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Yehova haqqında bilik və Ona məhəbbət aşılamağa çalışırıq. Bəli, məharətli müəllim olmaq üçün bizdə Allaha, həqiqətə və insanlara qarşı məhəbbət olmalıdır. Bu məhəbbəti qəlbimizdə yetişdirməyin və xidmətdə təzahür etdirməyin sayəsində verməkdən sevinc duymaqla yanaşı, həm də İsanı təqlid etdiyimizi və Yehovanı razı saldığımızı bilməkdən məmnunluq duyuruq.
Necə cavab verərdiniz?
• Başqalarına xoş xəbəri öyrədərkən nəyə görə...
Allahı sevməliyik?
öyrətdiyimiz həqiqətləri sevməliyik?
öyrətdiyimiz insanları sevməliyik?
[15-ci səhifədəki şəkil]
İsanın təlim üsulları din alimlərinin və fəriseylərin üsullarından nə ilə fərqlənirdi?
[18-ci səhifədəki şəkil]
Yaxşı müəllim olmaq üçün bilik, bacarıq, ən vacibi isə məhəbbət lazımdır