‘Müjdə günündə’ diqqəti yayındıran şeylərdən uzaq duraq
ŞƏHƏR darvazasının önündə dörd cüzamlı oturub nə edəcəkləri barədə düşünürdü. Onlara heç kim sədəqə verməmişdi. Samariyanı mühasirəyə alan suriyalılar şəhərə qida gətirilməsinin qabağını almışdılar. Şəhərə girməyin heç bir mənası yox idi; ərzaq çox baha idi. Verilən məlumata əsasən, hətta insan ətinin yeyildiyi hal da olmuşdu (2 Pad. 6:24-29).
‘Nəyə görə suriyalıların düşərgəsinə getməyək? — deyə cüzamlılar fikirləşirdilər. — Onsuz da itiriləcək bir şeyimiz yoxdur’. Onlar həmin axşam alaqaranlıqda yola düşdülər. Düşərgəyə yaxınlaşanda oradan səs-səmir gəlmirdi. Heç gözətçilər də gözə dəymirdi. Atlar və eşşəklər bağlı, əsgərlər isə yox idi. Onlar bir çadırın içinə baxdılar. İçəridə heç kim yox idi, yemək-içmək isə bol idi. Onlar oturub doyunca yedilər. Cüzamlılar qızıl-gümüş, pal-paltar və başqa qiymətli əşyalar da gördülər. Onlar istədiklərini götürüb getdilər və onları gizlətdilər, sonra isə yenidən qayıtdılar. Düşərgədə bir adam belə yox idi. Yehova möcüzəli şəkildə elə etmişdi ki, suriyalıların qulağına böyük ordu səsi gəlmişdi. Suriyalılar onlara hücum edildiyini zənn edərək oradan tələm-tələsik qaçmışdılar. İndi orada qalan hər şeyi kim istəsə götürə bilərdi.
Cüzamlılar qiymətli əşyaları götürüb gizlətdilər. Samariya əhalisinin aclıq içində olduğu yadlarına düşəndə vicdanları onları narahat etməyə başladı. Onlar bir-birinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür». Cüzamlılar tez Samariyaya qayıdıb bu müjdə haqda xəbər verdilər (2 Pad. 7:1-11).
Biz də ‘müjdə günü’ adlanan dövrdə yaşayırıq. «Dövrün sonuna əlamət» haqqında danışaraq İsa demişdir: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Mat. 24:3, 14). Bu, bizə necə təsir etməlidir?
Həyatın qayğıları və şəxsi maraqlarımız bizi ‘ağırlaşdıra’ bilər
Cüzamlılar sevincdən qısa müddətə Samariyanı unutdular. Çünki onların fikri əldə edəcəkləri şeylərdə idi. Bu, bizimlə də baş verə bilərmi? Dövrün sonuna əlamətlərdən biri də ‘qıtlıqdır’ (Luka 21:7, 11). İsa şagirdlərinə xəbərdarlıq etmişdir: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın» (Luka 21:34). Biz məsihçilər diqqətli olmalıyıq ki, həyatın gündəlik qayğıları ‘müjdə günündə’ yaşadığımızı unutmağımıza səbəb olmasın.
Blesinq adlı bacımız şəxsi maraqlarının onun həyatını ağırlaşdırmasına yol vermirdi. O, təhsil aldığı müddətdə pioner kimi xidmət edirdi, sonra da bet-elliyə ərə gedərək Benindəki Bet-El ailəsinin üzvü oldu. O deyir: «Mən xadimə kimi xidmət edirəm və təyinatımdan, həqiqətən də, çox razıyam». Blesinq arxaya dönüb 12 illik tammüddətli xidmətini sevinclə yada salır və ‘müjdə günündə’ yaşadığımızı nəzərdən qaçırmadığına görə xoşbəxtdir.
Çox vaxt aparan şeylərdən qaçın
İsa 70 şagirdini təbliğ etməyə göndərəndə dedi: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu toplamağa işçilər göndərsin» (Luka 10:2). Biçin zamanı ləngimək məhsulun zay olmasına gətirib çıxartdığı kimi, təbliğ işinə laqeyd münasibət də nəticədə həyat itkisinə gətirib çıxara bilər. Buna görə İsa əlavə etdi: «Yolda kimsə ilə salamlaşmayın» (Luka 10:4). Burada «salamlaşma» sözü altında sadəcə «salam» vermək nəzərdə tutulmur. Bura dostlar görüşəndə onların bir-birini qucaqlaması və saatlarla söhbət etməsi daxildir. Buna görə də İsa davamçılarına diqqəti yayındıran lazımsız şeylərdən qaçınaraq vaxtlarından müdrik istifadə etməyi öyrədirdi. Onların təbliğ etdiyi xəbər çox təcili idi.
Belə işlərin ümumilikdə nə qədər vaxt apardığı üzərində fikirləşin. Uzun illər ərzində televizor ən çox vaxt oğurlayan bir şey olmuşdur. Bəs mobil telefon və kompüterlər haqqında nə demək olar? Britaniyada 1000 nəfər arasında keçirilən sorğuya əsasən, «orta hesabla bir britaniyalı gün ərzində ev telefonu ilə danışmağa 88 dəqiqə, mobil telefonla danışmağa 62 dəqiqə, elektron poçtuna 53 və SMS yazmağa isə 22 dəqiqə sərf edir». Onlar buna köməkçi pionerin təbliğə gün ərzində sərf etdiyi vaxtdan ikiqat artıq vaxt sərf edirlər! Bəs sənin bu kimi şeylərə nə qədər vaxtın gedir?
Ernst və Hildeqard Zeliger cütlüyü vaxtlarından hər zaman səmərəli istifadə etməyə çalışırdılar. Üstəlik, onlar həyatlarının 40 ildən çoxunu nasist həbs düşərgələrində və kommunist həbsxanalarında keçirmişlər. Azadlığa çıxandan yerüzü xidmətlərini başa vuranadək onlar pioner kimi xidmət etdilər.
Zeligerlərlə çoxları məktublaşmaq istəyirdilər. Bu cütlük günün çox vaxtını məktub yazmağa və oxumağa sərf edə bilərdi. Lakin ruhani işlər onların həyatında əsas yeri tuturdu.
Əlbəttə, sevdiklərimizdən məktub almaq və onlarla telefonda danışmaq hamımıza xoşdur və bunda qəbahətli bir şey yoxdur. Bəzən gündəlik qrafikimizdə müəyyən dəyişikliklər etmək faydalıdır. Ancaq bu müjdə günündə ehtiyatlı olmalıyıq ki, vaxtımızı çox vaxt aparan şeylərə sərf etməyək.
Xoş xəbəri ətraflı surətdə təbliğ et
‘Müjdə günündə’ yaşamaq necə də böyük xeyir-duadır! Gəlin biz də əvvəlcə əsas məqsəddən yayınan dörd cüzamlı kimi olmayaq. Onların sonra dediklərini xatırlayaq: «Biz yaxşı eləmirik». Eynilə, şəxsi maraqların və vaxt aparan şeylərin xidmətdə tam iştirak etməkdən bizi yayındırmasına yol vermək düzgün deyil.
Bu sahədə bizim üçün gözəl nümunə var. Xidmətinin ilk 20 ilinə nəzər salaraq həvari Pavel yazırdı: «Mən... Məsihin Müjdəsini bütünlüklə elan etdim» (Rom. 15:19). Pavel yol vermirdi ki, nə isə onun səyini zəiflətsin. Gəlin biz də onun kimi bu ‘müjdə günündə’ Padşahlıq xəbərini səylə bəyan edək.
[28-ci səhifədəki şəkil]
Blesinq bacı şəxsi maraqlarının tammüddətli xidmətinə mane olmasına yol vermirdi
[29-cu səhifədəki şəkil]
Zeligerlər vaxtlarını nəyə sərf etdiklərinə çox ciddi yanaşırdılar