«Mənim kimi... adam necə təbliğ edə bilər?»
Bütün dünyada ciddi xəstəliklərdən əziyyət çəkmələrinə baxmayaraq, təbliğdə fəal olan bacı-qardaşlarımızın gözəl nümunələri var. Gəlin Litvanın paytaxtı Vilnüsdə yaşayan Dalianın nümunəsinə nəzər salaq.
30-dan çox yaşı olan bacımız Dalia doğulanda beyninə qan sızmışdı və o, bu günədək onun fəsadlarından əziyyət çəkir. Bu xəstəlik onu iflic edib və nitqində ciddi qüsurlar yaradıb. Dalianın danışığını yalnız ailə üzvləri başa düşürlər. Dalia onun qayğısına qalan anası Qalina ilə yaşayır. Həyatı əzab-əziyyətlərlə və çətinliklərlə dolu olsa da, Dalia müsbət əhval-ruhiyyəsini qoruyur. Axı bu, necə mümkündür?
Qalina danışır: «1999-cu ildə yaxın qohumumuz Apoloniya bizə qonaq gəldi. Biz fikir verdik ki, Yehovanın Şahidi olan Apoloniya Müqəddəs Kitabı çox gözəl bilir və Dalia onu sual atəşinə tutdu. Tezliklə Dalia ilə Müqəddəs Kitabı öyrənməyə başladılar. Vaxtaşırı mən də onlara qoşulurdum və Dalianın dediklərini “tərcümə edirdim”. Görəndə ki, öyrəndikləri qızıma, həqiqətən də, fayda gətirir, xahiş etdim ki, mənə də Müqəddəs Kitabı öyrətsinlər».
Dalia Müqəddəs Kitab həqiqətini başa düşməyə başlayanda bir sual getdikcə onu narahat edirdi. Bir gün o, Apoloniyadan soruşdu: «Mənim kimi iflic olan adam necə təbliğ edə bilər?» (Mat. 28:19, 20). Apoloniya Daliaya təsəlli verərək dedi: «Qorxma, Yehova sənə kömək edəcək». Həqiqətən də, Yehova ona kömək əlini uzatdı.
Dalia necə təbliğ edir? Bir neçə üsulla. Məsihçi bacılar ona xoş xəbəri məktublar vasitəsilə təbliğ etməyə kömək edirlər. Əvvəlcə Dalia öz fikirlərini söyləyir, sonra isə bacılar onları məktubda qeyd edirlər. Dalia həmçinin mobil telefonla SMS göndərməklə də şahidlik verir. Hava yaxşı olanda isə yığıncaq üzvləri onunla birgə parklarda və küçələrdə təbliğə çıxırlar.
Dalia və onun anası ruhən inkişaf etdilər və özlərini Yehovaya həsr edib 2004-cü ilin noyabrında vəftiz olundular. 2008-ci ilin sentyabr ayında Vilnüsdə polyak dilində danışanlar üçün qrup təşkil olundu. Bu qrupda təbliğçilərə tələbat böyük olduğundan Dalia anası ilə birgə ora keçdi. Dalia deyir: «Bəzi aylarda xidmətə çıxmayanda çox pis oluram. Lakin bu barədə Yehovaya dua etdikdən sonra kimsə mənə yaxınlaşıb xidmətə yazılır». Əziz bacımız Dalia vəziyyətinə necə yanaşır? O deyir: «Xəstəlik bədənimi iflic etsə də, zehnimi iflic etməyib. Mən çox xoşbəxtəm ki, başqalarına Yehova barədə danışa bilirəm!»