Malik olduqlarınızla kifayətlənin
1 Müqəddəs Kitab bizi, ailəmizin maddi ehtiyaclarının qayğısına qalmağa çağırır, amma bu, həyatımızda başlıca məqsəd olmalı deyil. Bizim üçün başlıca ruhani məqsədlər olmalıdır (Mat. 6:33; 1 Tim. 5:8). “Çətin anlarda” yaşadığımız üçün, bu məsələdə münasib tarazlığı tapmaq o qədər də asan deyil (2 Tim. 3:1). Bu işdə bizə nə kömək edər?
2 Müqəddəs Kitabın nöqteyi-nəzərini qəbul edin. Allahın Kəlamı xəbərdarlıq edir ki, var-dövlət dalınca düşmək, ruhani fəlakətə gətirib çıxara bilər (Vaiz 5:10; Mat. 13:22; 1 Tim. 6:9, 10). Bizlərdən kim isə bu böhranlı vaxtlarda işə və ya maliyyə maraqlarına hədsiz dərəcədə qərq olduğu üçün ruhani fəaliyyəti — görüşləri, öyrənməni və xidməti — həyatında ikinci plana çəksəydi, bu, fəlakətlə nəticələnə bilərdi (Luka 21:34-36). Buna görə də Müqəddəs Kitabın məsləhətinə əsasən, “yeməyimiz və paltarımız varsa, bunlarla” kifayətlənməliyik (1 Tim. 6:7, 8).
3 Bu məsləhət, məsihçilərdən yoxsulluq içində yaşamağın tələb olunduğunu bildirmir. Bu məsləhət kömək edir ki, həqiqi maddi tələbatlarımızın, həyatımız üçün vacib olan qida, geyim və sığınacaq əldə etməkdən ibarət olduğunu başa düşək. Əgər lazım olan hər şeyimiz varsa, dolanışığımızı getdikcə daha da yaxşılaşdırmağa meylli olmamalıyıq. Bir şey almazdan və ya əlavə iş barədə düşünməzdən əvvəl yaxşı olardı ki, özümüzdən soruşaq: bu, həqiqətən də lazımdırmı? Hər şeyə bu cür yanaşmağımız Müqəddəs Kitabın “həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin” məsləhətinə müvafiq olacaq (İbr. 13:5).
4 Əgər Yehovaya güvəniriksə, O, bizə xeyir-dua verəcəkdir (Sül. məs. 3:5, 6). Ailəni ən zəruri şeylərlə tə’min etmək üçün sə’ylə çalışmalı olsaq da, bütün diqqətimizi işə cəm etməyəcəyik. Az və ya çox şeyimiz olsa da, əminik ki, Yehova bizim tələbatlarımızın qayğısına qalacaqdır (Filip. 4:11-13). Buna görə də biz Allaha xas olan məmnunluq hissindən və başqa xeyir-dualardan sevinc duyuruq.
5 Onların imanlarını təqlid edin. Qızını həqiqətdə böyüdən tənha ana, tədricən həyatını sadələşdirirdi. Evləri çox komfortlu olsa da, bir az balaca evə, sonra isə mənzilə köçdülər. Bunun sayəsində ana işə az, xidmətə isə çox vaxt ayıra bildi. Qızı böyüyüb, ərə getdikdən sonra bu bacı vaxtından qabaq təqaüdə çıxdı. Bu isə, gəlirin bir az da azalacağına işarə edirdi. Həmin qadın hal-hazırda yeddinci ildir ki, pioner kimi xidmət edir və Padşahlığın maraqları naminə maddi qurbanlara hazır olduğu üçün heç də təəssüflənmir.
6 Üç uşaqları olsa da, bir ağsaqqal və onun həyat yoldaşı artıq uzun illərdir ki, pioner xidmətində çalışırlar. Onlar ailəliklə zəruri olan şeylərlə qane olmağı və hər istədikləri şeyi əldə etməməyi öyrənmişlər. Qardaş izah edir: “Sadə yaşamalı olurduq. Ehtiyaclı günlərimiz olsa da, Yehova tələbatlarımızın qayğısına qalırdı. [...] Ailə üzvlərimin ruhani maraqları birinci yerə qoyduqlarını görəndə, hər şeyin lazımınca və qaydasında olduğunu dərk edirəm”. Həyat yoldaşı əlavə edir: “Onun [ərimin] ruhani işlərlə məşğul olduğunu görəndə, daxilən dərin məmnunluq hissi duyuram”. Uşaqlar da şaddırlar ki, valideynləri Yehovaya tammüddətli xidmət etmək qərarına gəliblər.
7 Maddi məqsədlər axtarmaq əvəzinə, Allaha bağlı qalmaq yolunu seçənlərin hamısına Müqəddəs Kitab indiki və gələcək həyat üçün bol xeyir-dualar və’d edir (1 Tim. 4:8).