Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 sentyabr s. 2—7
  • Şimşon kimi Yehovaya arxalanın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şimşon kimi Yehovaya arxalanın
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • ŞİMŞON YEHOVAYA ETİBAR EDİRDİ
  • ŞİMŞON YEHOVANIN VERDİYİ HƏR ŞEYDƏN YARARLANIRDI
  • ŞİMŞON TƏSLİM OLMADI
  • Ən güclü adam
    Müqəddəs Kitab hekayələri
  • Yehova Şimşona güc verir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Hakimlərin məzmunu
    Müqəddəs Kitab
Gözətçi qülləsi 2023
w23 sentyabr s. 2—7

TƏLİM MƏQALƏSİ 37

Şimşon kimi Yehovaya arxalanın

«Ey Külli-İxtiyar Yehova, məni yadına sal. Pərvərdigara, mənə… qüvvət ver» (HAK. 16:28).

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

İCMALa

1, 2. Nəyə görə Şimşonun hadisəsini araşdırmaq yaxşı olardı?

ŞİMŞON adını eşidəndə ağlınıza nə gəlir? Yəqin, onun qeyri-adi gücü. O, doğrudan da, belə insan idi. Bununla belə, Şimşon səhv qərar da vermişdi və bunun əzabını çəkmişdi. Amma Yehova onun illər ərzində sədaqətlə etdiyi xidməti qiymətləndirirdi və ondan örnək almağımız üçün nümunəsini Kəlamına yazdırıb.

2 Yehova İsrail xalqına kömək etmək üçün Şimşon vasitəsilə heyrətli işlər görmüşdü. Şimşonun ölümündən əsrlər sonra həvari Bulus onun adını böyük iman sahiblərinin arasında çəkmişdi (İbr. 11:32—34). Şimşon hətta ən ağır vəziyyətlərdə belə Yehovaya arxalanırdı. Məqalədən görəcəyimiz kimi, Şimşondan çox şey öyrənə bilərik və onun nümunəsi bizi ruhlandıra bilər.

ŞİMŞON YEHOVAYA ETİBAR EDİRDİ

3. Şimşona hansı tapşırıq verilmişdi?

3 Şimşon dünyaya gələn vaxt israillilər filiştlilərin tabeliyində idi (Hak. 13:1). Onlar israillilərə çox zülm verirdilər. Buna görə də Yehova israilliləri filiştlilərdən qurtarmaq üçün Şimşonu seçdi (Hak. 13:5). Bu heç də asan tapşırıq deyildi. Bunun üçün Şimşon Yehovaya etibar etməli idi.

Şimşon ona yaxınlaşan filiştlilərin ordusunu görüb yerdən eşşəyin çənə sümüyünü götürür.

Şimşon Yehovaya etibar edirdi və vəziyyətə uyğunlaşırdı. O, Yehovanın niyyətini həyata keçirmək üçün əlində olan hər vasitədən istifadə edirdi (4 və 5-ci abzaslara baxın)

4. Yehovanın köməyi ilə Şimşon filiştlilərin əlindən necə qurtulmuşdu? (Hakimlər 15:14—16).

4 Şimşonun Yehovaya, Onun dəstəyinə güvəndiyini göstərən bir hadisəyə baxaq. Bir dəfə filiştlilər Şimşonu tutmaq üçün Lehiyə, ehtimal ki, Yəhudaya gəlmişdi. Yəhudalılar qorxuya düşüb Şimşonu onlara təslim etmək qərarına gəldi. Onlar iki təzə kəndirlə onun əl-qolunu bağlayıb filiştlilərin yanına gətirdi (Hak. 15:9—13). Amma «Yehovanın ruhu Şimşona güc verdi» və o, əllərinin buxovunu açdı. Sonra «o, təzə ölmüş bir eşşəyin çənə sümüyünü tapdı» və onunla min filiştlini qırdı. (Hakimlər 15:14—16 ayələrini oxuyun.)

5. Şimşonun eşşəyin çənə sümüyündən istifadə etməsi onun Yehovaya güvəndiyini necə göstərmişdi?

5 Bəs nəyə görə eşşəyin çənə sümüyü ilə? Bu ki döyüşdə istifadə olunan silah deyildi! Şimşon yaxşı bilirdi ki, qələbə onun istifadə etdiyi silahdan yox, Yehovadan asılıdır. Buna görə də o, əlinə hansı silah keçdisə, ondan da istifadə etdi. Əsas o idi ki, Allahın niyyəti həyata keçsin. Yehovaya etibarı sayəsində bu imanlı insan böyük qələbə qazandı.

6. Şimşonun hadisəsindən təyinatlarımızla bağlı nə öyrənirik?

6 Yehovanın verdiyi güc sayəsində biz də bütün təyinatlarımızı yerinə yetirə bilərik, hətta bacarmayacağımızı düşündüyümüz tapşırıqları belə. Yehova bizə heç ağlımıza belə gəlməyən tərzdə kömək edə bilər. Əmin olun ki, Şimşona güc verən Allah sizə də iradəsini yerinə yetirməyə kömək edəcək. Əsas odur ki, Onun köməyinə arxalanasınız (Məs. 16:3).

7. Nəyə görə kömək üçün Yehovaya üz tutmalıyıq? Nümunə çəkin.

7 İbadət evlərinin tikintisində iştirak edən bacı-qardaşlar Yehovaya böyük etibar göstəriblər. Əvvəllər qardaşlar adətən yeni ibadət evlərinin və digər binaların layihəsini özləri hazırlayırdılar və sonra tikirdilər. Amma Yehovanın təşkilatı böyüdükcə müəyyən dəyişikliklər etməyə ehtiyac yarandı. Məsul qardaşlar Yehovanın köməyinə üz tutdular və yeni üsulları sınaqdan keçirdilər. Məsələn, bu üsullardan biri əmlak alıb, orada yenidənqurma işləri aparmaq idi. Robert adlı bir qardaş son illər ərzində dünyanın çox yerində tikinti layihələrimizdə iştirak edib. O deyir: «Əvvəl-əvvəl yeni üsul bəzilərinə çətin gəlirdi, çünki biz illər ərzində bu işi tamamilə fərqli cür görmüşük. Amma qardaşlar uyğunlaşmağa hazır idilər və aydın görünürdü ki, Yehova bu dəyişikliklərdən razıdır. O, işimizi avand edirdi». Bu hadisə göstərir ki, Yehova Öz iradəsini yerinə yetirmək üçün xalqına rəhbərlik edir. Bu kimi hadisələrin sayı çoxdur. Vaxtaşırı olaraq yaxşı olar ki, hər birimiz belə bir sualın üzərində düşünək: «Mən Yehovadan kömək istəyirəm və Ona daha yaxşı xidmət etmək üçün lazımi dəyişikliklər etməyə hazıram?»

ŞİMŞON YEHOVANIN VERDİYİ HƏR ŞEYDƏN YARARLANIRDI

8. Bir dəfə Şimşon bərk susayanda nə etmişdi?

8 Yəqin, Şimşonun igidlik göstərdiyi digər hadisələri də xatırlayırsınız. O, tək canı ilə şirlə vuruşmuşdu, daha sonra filiştlilərin Aşkelon şəhərində 30 nəfəri öldürmüşdü (Hak. 14:5, 6, 19). Şimşon yaxşı bilirdi ki, bütün bunları Yehovanın köməyi olmadan edə bilməzdi. Onun həyatında baş verən bir hadisədən bunu aydın görmək olar. O, 1000 filiştlini öldürəndən sonra bərk susamışdı. Bu zaman Şimşon öz bacarığına güvənib, özü üçün su tapa bilərdi. Amma o, belə etmədi, Yehovanı çağırıb Ondan kömək istədi (Hak. 15:18).

9. Yehova Şimşonun kömək üçün yalvarışına necə cavab vermişdi? (Hakimlər 15:19).

9 Yehova Şimşonun yalvarışını cavabsız qoymadı, möcüzəvi şəkildə bir çeşmə yaratdı. Şimşon bu sudan içdi və «özünə gəlib canlandı». (Hakimlər 15:19 ayəsini oxuyun.) Bu çeşmə uzun illər qaldı, hətta görünür, İşmuil peyğəmbər «Hakimlər» kitabını yazanda o hələ də var idi. Yəqin, hər dəfə bu çeşməni görmək israillilərə xatırladırdı ki, Yehova Ona güvənən xidmətçilərinin dadına yetməyə həmişə hazırdır.

Şimşon çeşmədən ovcuna su götürür. Dairələrin içindəki təsvirlər: 1) JW televiziyası proqramı. 2) Müqəddəs Kitab və müxtəlif nəşrlərimiz. 3) İbadət evinə gələn bacı-qardaşlar.

Şimşon Yehovanın verdiyi sudan içəndən sonra güclənmişdi. Biz də Yehovanın bizə verdiyi hər bir köməkdən yararlanaraq ruhani cəhətdən möhkəmlənə bilərik (10-cu abzasa baxın)

10. Yehovanın köməyini almaq üçün nə etməliyik? (Həmçinin şəklə baxın.)

10 Biz də bacarığımızdan, istedadımızdan, yaxud Yehovanın yolunda gördüyümüz işlərdən asılı olmayaraq, həmişə kömək üçün Ona üz tutmalıyıq. Təvazökar olub qəbul etməliyik ki, yalnız Yehovaya güvəndiyimiz təqdirdə uğur əldə edə bilərik. Şimşon Yehovanın verdiyi sudan içəndən sonra güclənmişdi. Biz də Yehovanın bizə verdiyi hər bir köməkdən yararlanaraq ruhani cəhətdən möhkəmlənə bilərik (Mət. 11:28).

11. Yehovanın köməyindən tam şəkildə necə yararlana bilərik? Nümunə çəkin.

11 Rusiyadan olan Aleksey qardaşın nümunəsinə baxaq. O, ağır təqiblərlə üzləşir. Bəs ona möhkəm qalmağa nə kömək edir? Alekseylə yoldaşının müntəzəm olaraq ruhani işlərlə məşğul olmaq üçün yaxşı cədvəli var. Aleksey fərdi mütaliə etmək və Müqəddəs Kitabı hər gün oxumaq üçün əlindən gələni edir. O, hər səhər yoldaşı ilə birgə günün ayəsini müzakirə edir və onlar birlikdə dua edirlər. Onun nümunəsindən nə öyrənirik? Biz Yehovaya arxalanmalıyıq, öz gücümüzə güvənməməliyik. Bunun üçün imanımızı möhkəmləndirən işlərlə məşğul olmalıyıq. Məsələn, Müqəddəs Kitabı mütaliə etməliyik, dua etməliyik, ibadət görüşlərində və təbliğ işində iştirak etməliyik. Onda Yehova da bizə xidmətimizi davam etdirməyə kömək edəcək. Yehova Şimşonu güclü etdiyi kimi bizi də güclü edə bilər.

ŞİMŞON TƏSLİM OLMADI

12. Şimşon hansı səhv qərarı vermişdi və bu onun öncəki qərarlarından nə ilə fərqlənirdi?

12 Əlbəttə, Şimşon da bizim kimi bəzən səhvlər edirdi. Onun verdiyi bir qərar böyük faciə ilə nəticələnmişdi, çünki Şimşon bu qərarında Yehovanın ona verdiyi tapşırığı unutmuşdu. O, hakim olandan bir müddət sonra «Soreq vadisində yaşayan Dilalə adlı bir qıza aşiq oldu» (Hak. 16:4). Bu münasibət əvvəlki münasibətlərindən fərqli idi. Bundan əvvəl o, filiştli bir qızla ailə qurmaq istəyirdi. «Bu iş Yehovadan» idi, çünki «O, filiştliləri cəzalandırmaq üçün məqam gözləyirdi». Bundan bir müddət sonra Şimşon filiştlilərin Qəzzə şəhərində bir fahişənin evində qalmışdı. Həmin vaxt Yehova Şimşona güc verdi və o, şəhər darvazalarını yerindən çıxartdı, bununla da şəhər zəiflədi (Hak. 14:1—4; 16:1—3). Dilalə isə, görünür, israilli idi, bu səbəbdən Şimşonun onunla münasibəti filiştlilərlə döyüşmək üçün heç bir fürsət yaratmırdı.

13. Dilalə Şimşonun acınacaqlı vəziyyətə düşməsinə necə səbəb oldu?

13 Dilalə böyük məbləğdə pulun müqabilində filiştlilərə Şimşonu satacağına boyun oldu. Yəqin, Şimşonun gözü Dilalənin eşqindən kor olmuşdu. Ona görə də Dilalənin onun arxasınca nə işlər çevirdiyini görə bilmirdi. Səbəb hər nə olsa da, Dilalə gedib-gəlib Şimşondan onun gücünün səbəbini soruşurdu. O da axırda məcbur qalıb sirri dedi. Əfsuslar olsun ki, Şimşonun səhvi ona baha-başa gəldi. O həm gücünü itirdi, həm də bir müddətlik Yehovanın rəğbətini (Hak. 16:16—20).

14. Dilaləyə etibar etdiyi üçün Şimşonun başına nələr gəldi?

14 Şimşon Yehovaya yox, Dilaləyə etibar etdiyi üçün bunun acı nəticələrini biçdi. Filiştlilər onu tutub gözünü kor etdilər. Sonra onu Qəzzə şəhərində zindana saldılar. Orada o, nökərçilik edib dəyirman daşı hərlədirdi. O həmin bu şəhərin darvazasını çıxarıb sakinlərini alçaltmışdı. İndi isə bir mərasim zamanı filiştlilər onu alçaltdılar. Onlar saxta allah olan Daqona qurban gətirdilər, çünki düşünürdülər ki, Şimşonu onların əlinə o, təslim edib. Sonra Şimşonu zindandan çıxarıb mərasimə gətirdilər ki, onları «əyləndirsin», onu ələ salsınlar (Hak. 16:21—25).

Şimşon var gücü ilə iki sütunu itələyir və bina çökür.

Yehova Şimşona güc verdi ki, o, Yehovanın filiştlilərə qarşı hökmünü icra etsin (15-ci abzasa baxın)

15. Şimşon yenidən Yehovaya güvəndiyini necə göstərdi? (Hakimlər 16:28—30). (Üz qabığındakı şəklə baxın.)

15 Şimşon ciddi səhv etsə də, təslim olmadı. O, Yehovanın ona verdiyi tapşırığı yerinə yetirmək, filiştlilərə qarşı vuruşmaq üçün fürsət axtardı. (Hakimlər 16:28—30 ayələrini oxuyun.) Şimşon filiştlilərdən heyfini çıxmaq üçün Yehovadan kömək istədi. Yehova da onun yalvarışını eşidib ona yenidən qeyri-adi güc verdi. Nəticədə, Şimşon əvvəlkindən də çox filiştlini qırdı.

16. Şimşonun etdiyi səhvdən hansı ibrəti götürə bilərik?

16 Şimşon səhvinin acısını çəksə də, bu ona Yehovanın niyyətini yerinə yetirməyə mane olmadı. Eynilə, ola bilsin, bizə səhvimizə görə irad tutulsun və ya məsuliyyətimizi itirək. Amma biz buna görə Yehovaya xidmətimizi dayandırmamalıyıq. Unutmamalıyıq ki, Yehova bizi bağışlamağa hazırdır (Zəb. 103:8—10). Səhv etsək də, Şimşon kimi biz də, Yehovanın işində yararlı ola bilərik.

Şəkillər: 1) Kədərli qardaş və yanında açıq Müqəddəs Kitab. 2) Həmin qardaş iki ağsaqqalla söhbət edir. 3) Qardaş planşetindən oxuduqları üzərində düşünür. 4) O, yığıncaqda görüşə diqqətlə qulaq asır. 5) O, ibadət görüşündə nitq söyləyir.

Hər halda, Şimşon etdiyi səhvə görə pərişan idi, amma o, təslim olmadı. Biz də təslim olmamalıyıq (17 və 18-ci abzaslara baxın)

17, 18. Mayklın hadisəsində sizi nə ruhlandırdı? (Həmçinin şəklə baxın.)

17 Gəlin görək Maykl adlı bir cavan qardaşla nə baş vermişdi. Bir zamanlar o, yığıncaq xidmətçisi və öncül kimi Yehovaya xidmətdə çox iş görürdü. Amma əfsuslar olsun ki, etdiyi səhvə görə o, yığıncaqdakı məsuliyyətlərini itirdi. Maykl deyir: «Bu vaxta qədər Yehovaya xidmətdə çox aktiv olmuşam. Amma birdən-birə sanki əlim-qolum bağlandı. Düzdür, Yehovanın məni atdığı heç ağlımın ucundan belə keçməyib. Lakin Onunla münasibətlərimin yenidən əvvəlki kimi olacağına və ya yığıncaqda yenə əvvəlki kimi xidmət edəcəyimə inanmırdım».

18 Tərifəlayiqdir ki, Maykl geri çəkilmədi. O, sözünə əlavə edir: «Yehova ilə münasibətimi bərpa etməyə çalışırdım. Bunun üçün tez-tez dua edib, ürəyimi Ona açırdım, həmçinin mütaliə edirdim». Bir müddət sonra yığıncaqda Maykla yenidən məsuliyyətlər həvalə olundu. Hal-hazırda o, ağsaqqal və öncül kimi xidmət edir. Maykl deyir: «Yığıncağın, əsas da ağsaqqalların dəstəyi və ruhlandırıcı sözləri sayəsində başa düşdüm ki, Yehova məni hələ də sevir, yığıncaqda yenidən təmiz vicdanla xidmət edə bilərəm. Başıma gələnlərdən öyrəndim ki, Yehova ürəkdən tövbə edən hər kəsi bağışlayır». Biz də əmin ola bilərik ki, hətta səhvlər etsək də, Yehovanın yolunda yararlı ola bilərik, O bizə dayaq olacaq. Əsas odur ki, əlimizdən gələni edib səhvimizi düzəldək və Ona arxalanmağa davam edək (Zəb. 86:5; Məs. 28:13).

19. Şimşonun hadisəsi sizi necə möhkəmləndirir?

19 Bu məqalədə Şimşonun həyatında baş vermiş bir neçə əlamətdar hadisəyə nəzər saldıq. Şimşon kamil insan deyildi. O, Dilaləyə uyub günah etsə də, Yehovaya xidmətini dayandırmadı. Yehova da onu atmadı, onun vasitəsilə yenə qüdrətli bir iş gördü. Şimşon Yehovanın gözündə hələ də iman örnəyi idi və Yehova onun adını İbranilərə 11-ci fəsildəki sadiq insanların siyahısına daxil etdi. Necə də xoşdur ki, biz belə bir məhəbbətli Allaha qulluq edirik! O ən zəif anlarımızda belə bizə dayaq olmağa hazırdır. Odur ki, gəlin biz də Şimşon kimi Yehovaya yalvaraq: «Məni yadına sal. Pərvərdigara, mənə… qüvvət ver» (Hak. 16:28).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Şimşon kimi Yehovaya etibar etdiyinizi necə göstərə bilərsiniz?

  • Yehova Şimşona filiştliləri məğlub etməyə necə güc verdi?

  • Şimşon səhv etsə də necə davrandı və biz ondan nə öyrənirik?

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

a Şimşon. Bu insanı çox adam, hətta Müqəddəs Kitabdan məlumatı az olan insanlar da tanıyır. Onun haqda pyeslər yazılıb, nəğmələr bəstələnib və filmlər çəkilib. Onun həyatı sadəcə gözəl bir hekayə deyil. Biz böyük iman sahibi olan bu insandan çox şey öyrənə bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş