Müharibə və münaqişə içində sülhü tapanlar
Bir vaxtlar hərbçi olan Qeri deyir: «Müqəddəs Kitabı öyrənməmişdən qabaq baş aça bilmirdim dünyada nəyə görə bu qədər zülm, haqsızlıq və problem var. Amma indi ürəyim rahatdır. Bilirəm ki, Yehova Allah dünyanı təhlükəsiz bir yerə çevirəcək».
Bir çox insan da bu hissləri keçirib. Gəlin görək Müqəddəs Kitab onlara necə kömək edib.
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Ey Yehova, kəramətlisən, bağışlayansan» (Zəbur 86:5).
FAYDASI. «Bu ayə məni Yehovanın mərhəmətli Allah olduğuna əmin etdi. Bilirəm ki, O, keçmişdə müharibədə törətdiyim əməllərə görə məni bağışlamağa hazırdır» (Vilmar, Kolumbiya).
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Mən yeni göylər və yeni yer yaradıram, köhnə şeylər yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşiya 65:17).
FAYDASI. «Hərbçi olduğum vaxt başıma gələn hadisələr məndə posttravmatik stres pozuntusu və depressiya yaratdı. Amma bu ayə mənə xatırladır ki, Yehova tezliklə yaddaşımdakı pis xatirələri siləcək və qarabasmalar keçib gedəcək. Bu düşüncələrdən və hisslərdən birdəfəlik yaxa qurtaracağam. Necə də gözəl ənamdır!» (Zafira, Birləşmiş Ştatlar).
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Onun dövründə saleh adam çiçəklənəcək, Ay durduqca hər yanda sülh olacaq» (Zəbur 72:7).
FAYDASI. «Tez-tez bu sözlər haqda düşünürəm. Tezliklə müharibə kabusu sona yetəcək və bir də heç vaxt yaxınlarımızın həyatına görə narahat olmayacağıq» (Oleksandra, Ukrayna).
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Sənin ölülərin yaşayacaq... Qalxın, sevinc sədaları ucaldın, ey torpaq altında yatanlar!» (Əşiya 26:19).
FAYDASI. «Tutsi xalqına qarşı törədilən soyqırımda, demək olar, bütün ailə üzvlərim həlak oldu. Amma bu ayə məni əmin edir ki, onları yenidən görəcəyəm. Diriləndən sonra onların sevinc sədalarını eşidəcəyim günü səbirsizliklə gözləyirəm» (Mari, Ruanda).
MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Az qalıb! Artıq pis adam olmayacaq... Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).
FAYDASI. «Müharibə başa çatsa da, haqsızlıqlar, pis insanlar hələ də var. Bu ayələr dərdimə dərman oldu. Yehova hər şeyi görür, vəziyyətimi başa düşür. O, söz verir ki, tezliklə bütün əzablar sona çatacaq və bir də xatırlanmayacaq» (Daler, Tacikistan).
Bu jurnalda müsahibə verən insanlar Müqəddəs Kitab vasitəsilə sülhü tapan milyonlarla Yehovanın Şahidlərindən sadəcə bir neçəsidir. Yehovanın Şahidləri irqçiliyə, millətçiliyə və şəxsi-qərəzliyə qalib gəlməyi öyrəniblər (Efeslilərə 4:31, 32). Onlar siyasi məsələlərdə bitərəfdirlər və qəti şəkildə münaqişələrdə iştirak etmirlər (Yəhya 18:36).
Yehovanın Şahidləri həm də mehriban bir ailə kimi bir-birlərinə dayaq olurlar (Yəhya 13:35). Məsələn, bayaq adı çəkilən Oleksandra müharibə ucbatından bacısı ilə birlikdə başqa ölkəyə qaçıb. O deyir: «Biz sərhədi keçən kimi orada bizi qarşılamaq üçün gələn yerli bacı-qardaşları gördük. Onların dəstəyi sayəsində biz yad ölkədə qaçqın kimi yaşamağa uyğunlaşa bildik».
İbadət görüşlərimizdə həm indi sülhə necə nail ola biləcəyimizdən, həm də Müqəddəs Kitabda vəd olunduğu kimi gələcəkdə dünyanın sülh içində olacağından bəhs edilir. Sizi səmimi-qəlbdən bizimlə birgə bu ibadət görüşlərində iştirak etməyə dəvət edirik. jw.org saytına daxil olub, sizə yaxın ərazidə yerləşən ibadət evini tapa, eləcə də «Əbədi xoşbəxt həyat!» nəşri vasitəsilə Yehovanın Şahidlərindən biri ilə Müqəddəs Kitab dərsinə başlamaq üçün blankı doldura bilərsiniz.