Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 noyabr s. 22—27
  • «Sən çox istəkli bəndəsən»!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sən çox istəkli bəndəsən»!
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • İSA İNSANLARA DƏYƏRLİ OLDUQLARINI BAŞA DÜŞMƏYƏ NECƏ KÖMƏK ETDİ?
  • ÖZÜNÜZƏ YEHOVANIN GÖZÜ İLƏ BAXIN
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
  • Yehova mehriban Allahdır
    Gözətçi qülləsi 2024
  • İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 noyabr s. 22—27

TƏLİM MƏQALƏSİ 47

NƏĞMƏ 38 Allah səni güclü edəcək

«Sən çox istəkli bəndəsən»!

«Sən çox istəkli bəndəsən» (DƏN. 9:23).

ƏSAS FİKİR

Bu məqalə özünü dəyərsiz hiss edən insanlara kömək edəcək ki, Yehovanın gözündə qiymətli olduqlarına əmin olsunlar.

1, 2. Yehovanın gözündə dəyərli olduğumuza əmin olmağa nə kömək edə bilər?

YEHOVANIN xidmətçiləri arasında elə dindaşlarımız var ki, özlərini dəyərsiz hiss edirlər. Ola bilsin, onlar pis rəftara məruz qaldıqlarına görə özləri haqda bu düşüncədədirlər. Bəlkə də, siz də bu cür hisslər keçirirsiniz. Bəs onda Yehovanın gözündə dəyərli olduğunuza əmin olmağa sizə nə kömək edə bilər?

2 Müqəddəs Kitabda yazılan bəzi hadisələrin üzərində düşünmək kömək edə bilər. Bu hadisələrdən öyrənirik ki, Yehova insanlarla necə rəftar olunmasını istəyir. Onun Oğlu İsa Məsih insanlarla ləyaqətlə və hörmətlə davranırdı. Bununla İsa göstərirdi ki, həm o, həm də Atası özünü dəyərsiz hiss edən təvazökar insanları çox qiymətləndirir (Yəh. 5:19; İbr. 1:3). Bu məqalədən öyrənəcəyik ki, 1) İsa insanlara dəyərli olduqlarını başa düşməyə necə kömək etdi, 2) biz özümüz Allahın gözündə dəyərli olduğumuza necə əmin ola bilərik (Həq. 2:7).

İSA İNSANLARA DƏYƏRLİ OLDUQLARINI BAŞA DÜŞMƏYƏ NECƏ KÖMƏK ETDİ?

3. İsa ondan kömək gözləyən Cəlilə xalqı ilə necə davrandı?

3 İsa Məsih üçüncü dəfə Cəliləyə gəlib təbliğ edəndə camaat onun danışdıqlarına qulaq asmaq üçün, şəfa tapmaq üçün hər tərəfdən onun yanına axışırdı. İsa demişdi ki, «bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq»dır (Mət. 9:36; «Təlim nəşri»ndə (rus.) bu ayəyə gətirilən şərhə baxın). Din rəhbərləri bu insanlara xor baxırdılar, hətta onları Allahın lənətinə gəlmiş adamlar adlandırırdılar (Yəh. 7:47—49; «Təlim nəşri»ndə (rus.) bu ayəyə gətirilən şərhə baxın). Amma İsa camaata qayğı və hörmət göstərirdi, vaxt ayırıb təlim verirdi, xəstə və naxoşları sağaldırdı (Mət. 9:35). Daha çox insana kömək etmək üçün İsa həvarilərinə də təbliğ etməyi öyrətmişdi, onlara insanlara şəfa vermək səlahiyyəti vermişdi (Mət. 10:5—8).

4. İsanın onu dinləyən təvazökar insanlarla rəftarından nə öyrənirik?

4 İsa onu dinləyən insanlara qayğı və hörmətlə yanaşmaqla həm özünün, həm də Atasının cəmiyyətin gözündə dəyərsiz olan insanları qiymətləndirdiyini göstərmişdi. Əgər Yehovanın gözündə dəyərli olduğunuzla bağlı ürəyinizdə şübhə varsa, onda İsanın təvazökar insanlara qarşı necə diqqətli olması barədə düşünün. Bu sizə Yehovanın gözündə dəyərli olduğunuzu başa düşməyə kömək edəcək.

5. İsa ilə qarşılaşan cəliləli qadının vəziyyətini təsvir edin.

5 İsa Məsih insanları təkcə toplu halda öyrətmirdi. Onlara fərd olaraq da diqqət ayırırdı. Məsələn, o, Cəlilədə xidmətdə olanda 12 il qanaxmadan əziyyət çəkən bir qadınla qarşılaşmışdı (Mark 5:25). Bu qadın xəstəliyinə görə Qanuna əsasən napak sayılırdı və kimsə ona toxunardısa, o da napak sayılırdı. Böyük ehtimal ki, bu səbəbdən onun insanlarla elə də sıx ünsiyyəti yox idi. Üstəlik, o, insanlarla birlikdə Yehovaya məbəddə ibadət edə və ya bayramlarda iştirak edə bilmirdi (Lav. 15:19, 25). Şübhəsiz ki, bu qadın həm fiziki, həm də mənəvi iztirab çəkirdi (Mark 5:26).

6. Qanaxmadan əziyyət çəkən qadın sağalmaq üçün nə etdi?

6 Xəstəliyə düçar olmuş bu qadın İsanın onu sağaltmasını istəyirdi, amma bunu İsaya deməyə çəkinirdi. Niyə? Ola bilsin, öz vəziyyətindən utanırdı. Bəlkə də, napak olduğu halda izdihamın arasına girdiyi üçün İsanın onu rədd edəcəyindən qorxurdu. Amma o, İsanın paltarının saçağına toxunmaqla sağalacağına əmin idi (Mark 5:27, 28). Onun imanı mükafatlandırıldı, o sağaldı. Sonra İsa soruşanda ki, ona kim toxundu, qadın ona toxunduğunu etiraf etdi. Bəs İsa onunla necə rəftar etdi?

7. İsa biçarə qadınla necə rəftar etmişdi? (Mark 5:34).

7 İsa bu qadınla şəfqətlə və hörmətcil davrandı. Onun bərk qorxduğunu və tir-tir əsdiyini görəndə hisslərinə anlayışla yanaşdı (Mark 5:33). Ona nəvaziş göstərdi, o hətta bu qadına «qızım» deyə müraciət etmişdi. Bu söz təkcə hörmətcil müraciəti yox, mərhəmət və nəvazişi də bildirirdi. (Mark 5:34 ayəsini və haşiyəni oxuyun.) Bu, İsanın bir qadına «qızım» deyə müraciət etdiyi yeganə hadisədir. O, qadının həssas vəziyyətini və qorxudan tir-tir əsdiyini nəzərə aldığı üçün belə demişdi. Qadının hansı hissləri keçirdiyini bir anlıq təsəvvür edin! İsa həmçinin öz sözləri ilə qadını arxayın etdi ki, məhəbbət dolu səmavi Atasının əziz qızıdır və izdihamın arasına girdiyinə görə, ona toxunduğuna görə özünü günahkar hiss etməməlidir.

8. Braziliyadan olan bir bacımız hansı çətinliklərlə üzləşmişdi?

8 Bu gün də Allahın xidmətçiləri arasında səhhətindəki problemlər ucbatından mənəvi iztirab çəkənlər var. Braziliyadan olan Mariyaa adlı öncül fiziki qüsurlu doğulub, onun ayaqları və sol əli yoxdur. O deyir: «Qüsurlu olduğuma görə məktəbdə həmişə məni ələ salırdılar. Hətta mənə çox pis adlar qoşurdular. Bəzən ailə üzvlərim belə mənimlə kobud davranırdı».

9. Mariyaya Yehova üçün dəyərli olduğunu başa düşməyə nə kömək etdi?

9 Mariyaya nə kömək etdi? O, Yehovanın Şahidi olandan sonra yığıncaqda qəlb rahatlığı tapdı. Bacı-qardaşların köməyi sayəsində özünə Yehovanın gözü ilə baxmağı öyrəndi. Mariya deyir: «Mənə kömək edən insanların sayı-hesabı yoxdur. Belə gözəl ruhani ailəyə görə Yehovaya bütün qəlbimlə minnətdaram». Dindaşların köməyi ilə Mariya Yehova üçün qiymətli olduğunu başa düşdü.

10. Məcdəlli Məryəm hansı problemlərlə üzləşmişdi? (Həmçinin şəkillərə baxın.)

10 Gəlin görək İsa Məcdəlli Məryəmə necə kömək etmişdi. Məcdəlli Məryəmin içinə yeddi cin girmişdi (Luka 8:2). Çox yəqin ki, o, cinlərin təsiri altında, qəribə hərəkətlər edirdi və ona görə də insanlar ondan yan qaçırdı. Təbii ki, həyatının bu çətin dönəmində o özünü tərk edilmiş, əlacsız hiss edirdi. Məcdəlli Məryəmi, çox ehtimal ki, İsa cinlərdən azad etmişdi, sonra o, İsanın sadiq şagirdi olmuşdu.

Kollaj: 1) İsa görür ki, Məcdəlli Məryəm küçənin qaranlıq döngəsinə qısılaraq yerə çöməlib. 2) Məcdəlli Məryəm böyük sevinclə təbliğdə İsaya və digər şagirdlərə qoşulub.

İsa Məcdəlli Məryəmə Yehova üçün dəyərli olduğuna əmin olmağa necə kömək etmişdi? (10 və 11-ci abzaslara baxın)


11. İsa Məcdəlli Məryəmə Allahın gözündə dəyərli olduğunu başa düşməyə necə kömək etmişdi? (Həmçinin şəkillərə baxın.)

11 İsa Məcdəlli Məryəmə Allahın gözündə dəyərli olduğunu anlamağa başqa necə kömək etdi? O, Məryəmə təbliğ səyahətlərində onlara qoşulmağı təklif etmişdi. Bunun sayəsində İsa başqalarına təlim verəndə o da faydalanırdıb. Həmçinin İsa dirildiyi gün Məcdəlli Məryəmə görünmüşdü. O, İsanın həmin gün danışdığı ilk şagirdlərdən biri idi. İsa hətta dirildiyi ilə bağlı xəbəri həvarilərinə çatdırmağı Məcdəlli Məryəmə tapşırmışdı. Bütün bu şeylər Məryəmə Yehovanın gözündə necə qiymətli olduğunu başa düşməyə kömək etmişdi (Yəh. 20:11—18).

12. Nəyə görə Lidiya özünü atılmış hiss edirdi?

12 Ola bilsin, bu gün də bir çoxları özünü Məcdəlli Məryəm kimi sevilməyən, atılmış hiss edir. İspaniyadan olan Lidiya bacı deyir ki, anası ona hamilə olanda abort etdirmək istəyib. Hətta körpə yaşlarından anası ona baxmayıb, alçaldıb, acılayıb. O deyir: «Ömür boyu insanlardan sevgi görməyin həsrətində olmuşam. Mən qorxurdum ki, heç vaxt heç kim məni sevməyəcək, çünki anam beynimə pis insan olduğum fikrini yeritmişdi».

13. Lidiyaya Yehovanın gözündə dəyərli olduğunu başa düşməyə nə kömək etdi?

13 Lidiya həqiqəti öyrənəndən sonra hər şey dəyişdi. O, Yehovaya dua etməyin, Müqəddəs Kitabı mütaliə etməyin, dindaşlarının şəfqət dolu sözlərinin və davranışlarının sayəsində Yehovanın gözündə dəyərli olduğunu başa düşdü. Lidiya deyir: «Yoldaşım məni nə qədər çox sevdiyini tez-tez dilə gətirir. Həmişə gözəl xüsusiyyətlərimin olduğunu mənə xatırladır. Dəyərli dostlarım da eyni şeyi edir». Ola bilsin, sizin də yığıncağınızda Yehovanın gözündə dəyərli olduğunu başa düşməyə ehtiyacı olan kimlərsə var. Siz şəfqət dolu sözlərlə və əməllərlə onlara kömək edə bilərsiniz.

ÖZÜNÜZƏ YEHOVANIN GÖZÜ İLƏ BAXIN

14. 1 İşmuil 16:7 ayəsi özümüzə Yehovanın gözü ilə baxmağa necə kömək edə bilər? (Həmçinin «Yehovanın xalqı Onun gözündə nəyə görə dəyərlidir?» adlı çərçivəyə baxın.)

14 Unutmayın ki, Yehova sizə insanların baxdığı kimi baxmır. (1 İşmuil 16:7 ayəsini oxuyun.) O sizə xarici görünüşünüz, sosial statusunuz və ya ali təhsiliniz əsasında dəyər vermir (Əşy. 55:8, 9). Ona görə də dəyərinizi bu dünyanın standartları əsasında yox, Yehovanın standartları əsasında ölçün. Müqəddəs Kitabdan İlyasın, Naimənin, Hənnənin hadisələrini oxuya bilərsiniz. Onlar da bəzən özlərini dəyərsiz hiss edirdilər. Amma Yehova üçün əziz idilər. İstəsəniz, siz də Yehovanın sizi sevdiyinə və dəyər verdiyinə əmin olduğunuz məqamları qeyd edə bilərsiniz. Həmçinin nəşrlərimizdən özünə dəyər verməklə bağlı mövzuları araşdıra bilərsinizc.

Yehovanın xalqı Onun gözündə nəyə görə dəyərlidir?

Yehova insanları heyvanlardan tamamilə fərqli yaradıb. O bizi elə yaradıb ki, biz Onunla yaxın münasibət qurub dost ola bilirik (Yar. 1:27; Zəb. 8:5; 25:14; Əşy. 41:8). Bu özümüz haqda sağlam düşüncədə olmağımız üçün əsaslı bir faktdır. Amma bizim bundan da böyük əsasımız var. Əgər Yehovaya yaxınlaşsaq, özümüzü Ona həsr etsək və itaətkar olsaq, Yaradanımızın gözündə əsl dəyərə sahib olacağıq (Əşy. 49:15).

15. Nəyə görə Dənyal Yehovanın istəkli bəndəsi idi? (Dənyal 9:23).

15 Unutmayın ki, sadiqliyiniz sizi Yehovanın gözündə dəyərli edir. Təxminən 90 yaşını haqlamış Dənyal peyğəmbər həyatının bir dövründə özünü «çox yorğun» və pərişan hiss edirdi (Dən. 9:20, 21). Bəs Yehova onu necə ürəkləndirdi? Onun yanına Cəbrayıl mələyi göndərdi. Mələk ona dedi ki, o, «çox istəkli» bəndədir və duaları eşidilib. (Dənyal 9:23 ayəsini oxuyun.) Dənyalı Yehova üçün belə əziz edən nə idi? Digər xüsusiyyətlərlə yanaşı, onun salehliyi sevməsi və sədaqətli olması (Hizq. 14:14). Yehova bu hadisəni Öz Kəlamına yazdırıb və qoruyub ki, bizə təsəlli olsun (Rom. 15:4). Yehova həmçinin sizin də dualarınızı eşidir, salehliyi sevməyinizi və Ona sədaqətlə xidmət etməyinizi çox qiymətləndirir (Mik. 6:8; İbr. 6:10).

16. Yehovaya sizi sevən bir Ata kimi baxmağa nə kömək edə bilər?

16 Yehovaya sizi sevən Atanız kimi baxın. O sizdə səhv axtarmır, kömək etmək istəyir (Zəb. 130:3; Mət. 7:11; Luka 12:6, 7). Bu haqda düşünmək özünü dəyərsiz hiss edən bir çox insana kömək edib. Gəlin İspaniyadan olan Mişel bacının hadisəsinə baxaq. Əri uzun illər onun ünvanına alçaldıcı sözlər deyirdi, təhqir edirdi. Bunun ucbatından Mişel özünü atılmış, lazımsız hiss edirdi. O deyir: «Özümü dəyərsiz hiss edəndə çalışırdım, belə bir şey təsəvvür edim: Yehova məni qucağına alıb, məhəbbəti ilə bürüyüb» (Zəb. 28:9). Cənubi Afrikadan olan Loren bacı həmişə özünə bunu xatırladır: «Əgər Yehova məni Özünə məhəbbət ipləri ilə çəkibsə, bu illər ərzində Ona yaxın qalmağıma kömək edibsə, başqalarına təlim verməkdə yararlı bilibsə, deməli, mən Onun gözündə dəyərliyəm və lazımlıyam» (Huşə 11:4).

17. Yehovanın rəğbətini qazandığınıza əmin olmağa sizə nə kömək edə bilər? (Zəbur 5:12; həmçinin şəklə baxın.)

17 Əmin olun ki, Yehova sizdən razıdır. (Zəbur 5:12 ayəsini oxuyun.) Davudun sözlərindən görürük ki, Yehova saleh bəndələrinə rəğbət bəsləyir və Onun lütfü salehləri qoruyan bir qalxandır. Yehovanın sizdən razı qaldığını, dayaq olduğunu bilməyiniz, sizi şübhə oxlarından bir qalxantək qoruyacaq. Bəs Yehovanın sizə rəğbət bəslədiyini haradan bilə bilərsiniz? Bunu Onun Kəlamından öyrənə bilərsiniz. Həmçinin Yehova ağsaqqalların, yaxın dostlarınızın, eləcə də digər insanların vasitəsilə Onun gözündə dəyərli olduğunuzu sizə xatırlada bilər. Bəs siz buna necə qarşılıq verəcəksiniz?

Bir bacı başqa bir bacı ilə təbliğə gedir. Onlar ibadət evindən çıxırlar. O biri bacı əlini onun çiyninə qoyub.

Yehovanın bizdən razı olduğunu bilmək dəyərsizlik hissi ilə mübarizə aparmağımıza kömək edir (17-ci abzasa baxın)


18. Nəyə görə tərif sözlərini qəbul etməlisiniz?

18 Sizi yaxından tanıyan və sevən insanların tərif sözlərini qəbul edin. Ola bilsin, Yehova onların vasitəsilə sizi Öz məhəbbətinə əmin etmək istəyir. Bayaq adı çəkilən Elyana deyir: «Tədricən başqalarının mənə dediyi şəfqət dolu sözləri qəbul etməyi öyrəndim. Öz ünvanıma belə gözəl sözlər eşitməyə öyrəşməmişdim, amma bilirəm ki, Yehova bunları qəbul etməyimi istəyir». Həmçinin ağsaqqallar da Elyanaya Yehovanın gözündə dəyərli olduğunu başa düşməyə kömək etdi. Hal-hazırda o, öncüldür və Beytelə məsafədən könüllü kimi kömək edir.

19. Yehova üçün istəkli bəndə olduğumuza əmin olmağa bizə nə kömək edə bilər?

19 İsa bizə səmavi Atamızın gözündə dəyərli olduğumuzu izah etmişdi (Luka 12:24). Ona görə də biz əmin ola bilərik ki, Yehova üçün istəkli bir bəndəyik. Bunu heç vaxt unutmamalıyıq. Həmçinin gəlin başqalarına da Yehovanın istəkli bəndələri olduqlarını başa düşməyə kömək edək!

NECƏ CAVAB VERƏRDİNİZ?

  • İsa insanlara Yehovanın gözündə dəyərli olduqlarını başa düşməyə necə kömək etmişdi?

  • İsa qanaxmadan əziyyət çəkən qadına necə kömək etmişdi?

  • Özümüzə Yehovanın gözü ilə baxmağa nə kömək edə bilər?

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

a Bəzi adlar şərtidir.

b Məcdəlli Məryəm təbliğdə İsaya qoşulan qadınların arasında idi. Bu qadınlar öz maddi vəsaitləri hesabına İsanın və digər həvarilərin qeydinə qalırdılar (Mət. 27:55, 56; Luka 8:1—3).

c Misal üçün, «Yehovaya yaxınlaş» kitabının 24-cü fəslinə (türk.) baxın və «Həyat bələdçimiz olan ayələr» kitabından «Şübhələr» mövzusu altında olan ayələri və hadisələri oxuyun.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş