Hissə 8
Allahın niyyəti yerinə yetmək üzrədir
ƏSRLƏR boyu üsyankar insanların və cinlərin hökmranlığı bəşər ailəsinin vəziyyətini get-gedə daha da pisləşdirmişdir. Lakin Allah çəkdiyimiz iztirablara e’tinasız qalmamışdır. Əksinə, bütün əsrlər boyu insanları pislik və iztirabın əsarətindən azad etmək üçün tədbirlər görmüşdür.
2 Eden bağında üsyanın baş verdiyi vaxtdan e’tibarən, Allah yer üzünü insanlar üçün Cənnət məkanına çevirəcək bir hökumət yaratmaq niyyətini açıqlamağa başladı (Təkvin 3:15). Sonradan İsa Allahın baş nümayəndəsi kimi, Onun gələcək hökumətini öz tə’liminin əsas mövzusu etdi. O bildirdi ki, bu hökumət bəşəriyyətin yeganə ümid yeri olacaqdır (Daniel 2:44; Matta 6:9, 10; 12:21).
3 İsa Allahın gələcək bu hökumətini “Göylərin Padşahlığı” adlandırmışdır, çünki Padşahlıq göylərdən idarə edəcəkdir (Matta 4:17 İ–93). Yaradanı Allah olduğundan, İsa bu Padşahlığı həmçinin “Allahın Padşahlığı” adlandırdı (Luka 17:20, İ–93). Allah yüzilliklər ərzində bu hökumətin tərkibinə daxil olacaq insanlar və hökumətin həyata keçirəcəyi işlər haqqında peyğəmbərliklərin yazılması üçün katiblərini ilhamlandırmışdır.
Yer kürəsinin yeni padşahı
4 Təxminən iki min il bundan əvvəl, Allahın Padşahlığının Padşahı olacaq şəxs haqqında yazılan bir çox peyğəmbərliklər İsanın üzərində yerinə yetdi. Bəşəriyyət üzərində hökm sürəcək səmavi hakimiyyəti üçün Allahın seçdiyi Hökmdar İsa oldu. İsa öldükdən sonra Allah onu qüdrətli, ölməz ruhani bir varlıq kimi göydə yaşamaq üçün diriltdi. Onun dirilməsinin çoxlu şahidi olmuşdur (Həvarilərin işləri 4:10; 9:1-9; Romalılara 1:1-4; 1 Korinflilərə 15:3-8).
5 Sonra İsa “Allahın sağında oturdu” (İbranilərə 10:12). Orada o, göylər Padşahlığının Padşahı kimi fəaliyyət göstərmək üçün Allahın ona səlahiyyət verəcəyi bir vaxtı gözləyirdi. Bununla da Allahın Məzmur 110:1 ayəsində ona: “Mən düşmənlərini sənin ayaqların altına kətil olaraq qoyuncaya qədər, sağımda otur”, dediyi peyğəmbərlik yerinə yetdi.
6 İsa yer üzündə olarkən, belə bir vəzifəyə layiq olduğunu göstərdi. Tə’qiblərə baxmayaraq, o, Allah qarşısında nöqsansızlığını qorumağı üstün tutdu. İsa belə etməklə, Şeytanın, heç bir insan sınaqlar zamanı Allaha sadiq qalmayacaq iddiasının yalan olduğunu göstərdi. Kamil insan, “sonuncu Adəm” olan İsa göstərdi ki, Allah kamil insanları yaradarkən səhv etməmişdir (1 Korinflilərə 15:22, 45; Matta 4:1-11).
7 Hansı rəhbər İsanın bir neçə illik xidməti ərzində etdiyi qədər yaxşı işlər görüb? Allahın müqəddəs ruhunun vasitəsilə İsa xəstələrə, şikəstlərə, korlara, karlara və lallara şəfa verirdi. O, hətta ölüləri də dirildirdi! İsa, padşahlıq izzətində gələcəyi zaman bəşəriyyət üçün dünya miqyasında edəcəyi işləri kiçik ölçüdə göstərdi (Matta 15:30, 31; Luka 7:11-16).
8 İsa yer üzündə olarkən o qədər yaxşı işlər görmüşdür ki, şagirdi Yəhya demişdir: “İsanın etdiyi başqa çox şeylər hələ vardır və əgər birər-birər yazılmış olsalar, sanıram ki, yazılan kitablar dünyaya belə sığmazdı” (Yəhya 21:25)a.
9 İnsanlara böyük məhəbbəti olan İsa xeyirxah və şəfqətli idi. O, kasıblara və sıxıntı içində olanlara kömək edirdi, eyni zamanda zəngin və adlı-sanlı insanların da əleyhinə deyildi. Səmimi qəlbli insanlar, İsanın məhəbbətlə dolu də’vətinə hay verirdilər. O deyirdi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28-30). Allahdan qorxan insanlar İsanın ətrafına toplaşır və ümidlə onun rəhbərliyini gözləyirdilər (Yəhya 12:19).
Onun hakimiyyət şərikləri
10 İnsan hökumətlərində birgə fəaliyyət göstərən vəzifəli şəxslər olduğu kimi, Allahın göylər Padşahlığında da belədir. İsadan başqa, yer üzünə rəhbərlik etməkdə digərləri də iştirak edəcəklər, çünki İsa onunla sıx münasibətdə olanlara və’d etdi ki, bəşəriyyət üzərində onunla birlikdə padşahlar kimi hökmranlıq edəcəklər (Yəhya 14:2, 3; Vəhy 5:10; 20:6).
11 Beləliklə, İsa ilə birlikdə göydə yaşamaq üçün məhdud sayda insanlar da dirildilir. Onlar Allahın bəşəriyyətə əbədi xeyir-dualar gətirəcək Padşahlığının tərkibinə daxildirlər (2 Korinflilərə 4:14; Vəhy 14:1-3). Bununla da Yehova, əsrlər ərzində bəşər ailəsinə əbədi xeyir-dualar gətirəcək bir rəhbərliyin təməlini qoymuşdur.
Allahdan asılı olmayan rəhbərliyin sonu
12 Ötən yüzillikdə Allah dünyanın işlərinə bilavasitə müdaxilə etdi. Bu broşüranın 9-cu hissəsində müzakirə olunacağı kimi, Müqəddəs Kitab peyğəmbərliyi Allahın Padşahlığının 1914-cü ildə Məsihin rəhbərliyi altında qurulduğunu, indi isə bu Padşahlığın Şeytanın bütün sistemini məhv etmək üçün hazır bir vəziyyətdə olduğunu göstərir. Bu Padşahlıq, Məsihin “düşmənlərinin arasında hökmranlıq” etməyə hazırdır (Məzmur 110:2).
13 Bu haqda Daniel 2:44 ayəsindəki peyğəmbərlikdə deyilir: “O [indi mövcud olan] padşahların günlərində göylərin Allahı [göydə] əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq və onun hakimiyyəti başqa bir xalqa verilməyəcək [insan rəhbərliyinə artıq heç bir vaxt yol verilməyəcək]; ancaq bu padşahlıqların hamısını o [Allahın Padşahlığı] parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq”.
14 Allahdan asılı olmayan bütün hakimiyyətlər aradan götürüldükdə, Allahın Padşahlığının rəhbərliyi yer üzərində tam mə’nada hökm sürəcəkdir. Bu Padşahlıq göydən idarə etdiyinə görə, insanlar tərəfindən bir daha pozulmayacaqdır. Rəhbərlik səlahiyyəti başlanğıcda olduğu kimi göydə Allahın əlində olacaqdır. Allahın hökmranlığının bütün yer üzünə nəzarət edəcəyinə görə, artıq heç kim bir daha yalan dinlər və ya qənaətbəxş olmayan insan fəlsəfələri və siyasi nəzəriyyələrlə aldadılmayacaq. Bunlardan heç birinin mövcud olmasına yol verilməyəcək (Matta 7:15-23; Vəhy 17-19-cu fəsillər).
[Haşiyələr]
a İsanın həyatı barədə tam mə’lumat almaq üçün, Yehovanın Şahidləri tərəfindən 1991-ci ildə nəşr olunmuş “Dünyada yaşamış ən böyük insan” kitabına baxın (türk.)
[Oyrənilmə üçün olan suallar]
1, 2. Allah insanları iztirablardan qurtarmaq tədbirini necə hazırlayırdı?
3. İsa Yer kürəsi üçün qurulacaq hökuməti necə adlandırmışdır və nə üçün?
4, 5. Allah necə göstərdi ki, İsa Onun bəyəndiyi Padşahdır?
6. İsa Allahın Padşahlığının Padşahına qarşı irəli sürülən tələblərə müvafiq olduğunu necə göstərdi?
7, 8. Yer üzündə olarkən İsa hansı yaxşı işləri gördü və bununla nəyi göstərmiş oldu?
9. Səmimi qəlbli insanlar nəyə görə İsanın ətrafına toplaşırdılar?
10, 11. Yer üzünü idarə etməkdə İsa ilə bərabər kimlər iştirak edəcəklər?
12, 13. Allahın Padşahlığı hazırda hansı işlərə hazırdır?
14. İnsan rəhbərliyinin aradan qaldırılması nəticəsində hansı faydalar əldə ediləcəkdir?
[18-ci səhifədə olan şəkillər]
İsa yer üzündə olarkən xəstələrə şəfa verməklə və ölüləri diriltməklə, yeni dünyada edəcəyi işləri göstərirdi.
[19-cu səhifədə olan şəkil]
Allahın səmavi Padşahlığı, Allahdan asılı olmayan bütün hakimiyyət formalarına son qoyacaqdır.