FƏSİL 4
Yığıncağın təşkili və idarə qaydası
HƏVARİ Bulus korinflilərə birinci məktubunda Allah haqqında vacib bir məqamı vurğulayır: «Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir». Sonra da məsihilərin ibadət görüşləri ilə bağlı deyir: «Qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 Kor. 14:33, 40).
2 Həvari məktubun əvvəlində Korinf yığıncağında yaranan fikirayrılığı ilə bağlı xəbərdarlıq verir. Bulus onları danışıqda fikir birliyini əks etdirməyə, yekdil və həmfikir olmağa səsləyir (1 Kor. 1:10, 11). Yığıncağın birliyinə təsir edən bir sıra məsələ ilə bağlı məsləhət verir. İnsan bədənini nümunə gətirərək Bulus birliyin və əməkdaşlığın vacibliyini vurğulayır. O, kimliyindən asılı olmayaraq, yığıncaqdakı hamını bir-birinə məhəbbət və qayğı göstərməyə təşviq edir (1 Kor. 12:12—26). Yığıncaqdakılar arasında bu cür əməkdaşlığın olması üçün yaxşı təşkilatçılıq gərəkdir.
3 Bəs bu məsihi yığıncağı necə təşkil olunmuşdu? Onu kim təşkil etmişdi? Daxili quruluşu necə idi? Onun idarəsini kimlər həyata keçirirdi? Gəlin görək Müqəddəs Kitab bu suallara necə cavab verir (1 Kor. 4:6).
ALLAHIN RƏHBƏRLİYİ ALTINDA QURULAN TƏŞKİLAT
4 Məsihi yığıncağı eramızın 33-cü ilinin Əllinci gün bayramında təsis edilib. Birinci əsrdə qurulan bu yığıncaq haqqında nə demək olar? Bu yığıncaq teokratik yolla qurulub idarə olunurdu, yəni hər şey Allahın (yun. teos) rəhbərliyi (kratos) altında idi. Bu iki sözə 1 Butrus 5:10, 11 ayələrində rast gəlinir. Təxminən 2000 il bundan əvvəl Yerusəlimdə baş vermiş və Allahın Kəlamında qələmə alınmış hadisələr bizi əmin edir ki, məsh olunmuş məsihilərin yığıncağı Allahın hökmü ilə təsis olunub (Həv. 2:1—47). Bu yığıncaq Allahın «inşa etdiyi bina» və «ailəsinin üzvləri» idi (1 Kor. 3:9; Efes. 2:19). Müasir məsihi yığıncağı da birinci əsrdəki yığıncağın nümunəsi əsasında təşkil olunub və fəaliyyət göstərir.
Müasir məsihi yığıncağı birinci əsrdəki yığıncağın nümunəsi əsasında təşkil olunub və fəaliyyət göstərir
5 İlk yığıncaq təxminən 120 şagirddən ibarət idi. İlk dəfə müqəddəs ruh onların üzərinə tökülmüşdü. Bununla da Yuil 2:28, 29 ayələrindəki peyğəmbərlik yerinə yetmişdi (Həv. 2:16—18). Həmin gün təxminən 3000 nəfər də suda vəftiz olunaraq ruhdan doğulmuşların yığıncağına qoşulmuşdu. Onlar Məsih haqda deyilənləri qəbul etmişdilər və «həvarilərdən həvəslə təlim alır»dılar. Bundan sonra «Yehova... hər gün xilas olanları onların sırasına qoşurdu» (Həv. 2:41, 42, 47).
6 Yerusəlimdəki yığıncaq elə sürətlə böyüyürdü ki, hətta yəhudi baş kahini narazılığını bildirərək şagirdlərin öz təlimlərini bütün Yerusəlimə yaydıqlarını söyləmişdi. Yerusəlimdəki yığıncağa qoşulan yeni şagirdlərin arasında çoxlu yəhudi kahinləri də var idi (Həv. 5:27, 28; 6:7).
7 İsa demişdi: «Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). İsanın bu sözləri Stefanın qətlindən sonra Yerusəlimdə baş qaldıran güclü təqiblərə görə şagirdlərin Yəhudiyyə və Səməriyyə bölgələrinə səpələnəndə yerinə yetdi. Şagirdlər getdikləri hər yerdə xoş xəbəri bəyan edir və çoxlu şagird hazırlayırdılar. Yeni şagirdlərin arasında səməriyyəlilər də var idi (Həv. 8:1—13). Qısa müddət sonra müjdə sünnətsizlərə, yəhudi olmayanlara da çatdırıldı və çox gözəl nəticələr əldə olundu (Həv. 10:1—48). Bütün bu müjdəçilik işinin nəticəsində yeni şagirdlərin sayı artır, Yerusəlimdən kənarda da yeni yığıncaqlar yaranırdı (Həv. 11:19—21; 14:21—23).
8 Yeni yığıncaqların Allahın rəhbərliyi altında təşkili və idarəsi üçün hansı tədbirlər görülmüşdü? Allahın ruhunun rəhbərliyi altında yığıncaqların qeydinə qalan ağsaqqallar təyin olunurdu. Bulus və Barnəba birinci təbliğ səyahətləri zamanı yığıncaqlarda ağsaqqallar təyin edirdilər (Həv. 14:23). Müqəddəs Kitabı yazanlardan biri Luka Bulusun Efes yığıncağının ağsaqqalları ilə görüşü barədə yazmışdı. Bulus onlara demişdi: «Özünüzə və bütün sürüyə fikir verin. Müqəddəs ruh sizi bu sürüyə nəzarət etmək üçün təyin edib ki, Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını otarasınız» (Həv. 20:17, 28). Onlar Müqəddəs Yazılardakı tələblərə cavab verdikləri üçün ağsaqqal təyin olunmuşdular (1 Tim. 3:1—7). Bulusun əməkdaşı Titusa Kritdəki yığıncaqlarda ağsaqqal təyin etmək səlahiyyəti verilmişdi (Tit. 1:5).
9 Yığıncaqların sayı get-gedə artırdı. Yerusəlimdəki həvarilər və ağsaqqallar birinci əsrdəki beynəlxalq məsihi yığıncağına rəhbərlik etməyə davam edirdilər. Onlar rəhbərlik şurası qismində fəaliyyət göstərirdilər.
10 Həvari Bulus efeslilərə məktubunda yazmışdı ki, onlar Allahın müqəddəs ruhuna uyğun hərəkət etməklə, Məsihin rəhbərliyinə tabe olmaqla yığıncaqdakı birliyi qoruya bilərlər. Həvari həmin məsihiləri özlərində təvazökarlıq yetişdirməyə və yığıncaqda olan hər kəslə sülhdə olub «ruhun verdiyi birliyi qorumağa» təşviq edirdi (Efes. 4:1—6). Sonra o, Zəbur 68:18 ayəsini sitat gətirir və bu ayəni Yehovanın ruhani cəhətdən yetkin kişilərlə bağlı tədbirinə aid edir. Allah onları həvari, peyğəmbər, müjdəçi, ağsaqqal və müəllim təyin edib ki, yığıncağın rifahına xidmət etsinlər. Yehova Allahın hədiyyəsi olan bu kişilər yığıncağı möhkəmləndirirlər ki, onlar Allaha xoş olan ruhani yetkinliyə çatsınlar (Efes. 4:7—16).
BU GÜN YIĞINCAQLAR HƏVARİLƏRİN QOYDUĞU NÜMUNƏ ÜZRƏ FƏALİYYƏT GÖSTƏRİR
11 Bu gün də Yehovanın Şahidlərinin yığıncaqları eyni cür fəaliyyət göstərir. Bu yığıncaqlardan beynəlxalq yığıncaq təşkil olunub və bu beynəlxalq yığıncağın özəyi məsh olunmuş məsihilərdir (Zək. 8:23). Bu, Məsihin sayəsində mümkün olub. O, vədinə əsasən, sədaqət göstərib «bu dövrün yekununa kimi» məsh olunmuş şagirdlərinin yanındadır. Günü-gündən böyüyən yığıncaqlara gələn insanlar Allahın müjdəsini qəbul edir, həyatlarını tamamilə Allaha həsr edir və vəftiz olunub İsanın şagirdi olurlar (Mət. 28:19, 20; Mark 1:14; Həv. 2:41). Onlar «yaxşı çoban» olan İsa Məsihi təkcə məsh olunmuş məsihilərin yox, başqa qoyunların da, yəni bütün sürünün başı kimi qəbul edirlər (Yəh. 10:14, 16; Efes. 1:22, 23). Bütün sürü Məsihin başçılığına itaət etməklə və onun təyin etdiyi «ağıllı və sadiq nökər»ə tabe olmaqla birliyi qoruyur. Gəlin bundan sonra da «ağıllı və sadiq nökər»ə ürəkdən etibar edək (Mət. 24:45).
DİNİ BİRLİKLƏR
12 Dövrün sonu yetişənə qədər vaxtı-vaxtında ruhani qida vermək və Padşahlıq haqqında müjdəni təbliğ etmək üçün bir sıra birliklər təşkil olunub. Bu hüquqi şəxslər bir çox ölkələrdə rəsmi qeydiyyatdan keçib və bir-biri ilə sıx əməkdaşlıq edir. Bunun sayəsində müjdə bütün dünyaya yayılır.
FİLİALLARIN DAXİLİ QURULUŞU
13 Təşkilatın hansısa ölkədə filialı açılanda üç və daha çox ağsaqqaldan ibarət filial komitəsi təşkil olunur. Bu komitə filialın nəzdində olan ölkədə, yaxud ölkələrdə gedən işə nəzarət edir. Komitə üzvlərindən biri komitənin koordinatoru təyin olunur.
14 Hər filialın nəzdində olan yığıncaqlardan teokratik rayonlar təşkil olunur. Bu rayonların ölçüsü coğrafi yerləşmədən, həmin ərazidə mövcud olan dillərin sayından, həmçinin filialın nəzdində olan yığıncaqların sayından asılı olaraq dəyişir. Hər rayona rayon nəzarətçisi təyin olunur ki, həmin rayona daxil olan yığıncaqları ziyarət etsin. Filial rayon nəzarətçisinə icra etdiyi məsuliyyətlərə dair göstərişlər verir.
15 Təşkilatın hamının rifahı üçün verdiyi göstərişləri yığıncaqlar ürəkdən qəbul edir. Onlar filiallarda, rayonlarda və yığıncaqlarda nəzarətçi vəzifəsini yerinə yetirən ağsaqqalların səlahiyyətinə hörmətlə yanaşırlar. Onlar sadiq və ağıllı nökərdən vaxtlı-vaxtında ruhani qida alırlar. Sadiq nökər isə öz növbəsində hər şeydə Məsihin başçılığına tabe olur, Müqəddəs Kitab prinsiplərinə əməl edir və müqəddəs ruhun rəhbərliyinə boyun əyir. Həvarilərin işləri 16:5 ayəsində yazılıb: «Yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü». Çiyin-çiyinə çalışmaqla biz də birinci əsrdəki məsihilərin əldə etdiyi nəticəyə nail olacağıq.