Süleymanın var-dövləti və şan-şöhrəti
Süleyman Allahdan var-dövlət, şan-şöhrət və düşmənləri üzərində qələbə istəmək əvəzinə, hikmətli, anlayışlı və itaətkar ürək istədi ki, İsrail xalqını düzgün idarə edə bilsin. Süleymanın təvazökarlıqla etdiyi bu xahiş Yehovanın o qədər xoşuna gəldi ki, nəinki onun xahişini yerinə yetirdi, üstəlik ona var-dövlət və şöhrət verdi. Yehova ona dedi: «Belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq». Sonra ona nəsihət etdi: «Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam» (1 Pad. 3:4—14).
Bundan bir qədər sonra Süleymanın yanına iki fahişə qadın gəlib körpənin onlardan hansına məxsus olduğunu müəyyən etməyi xahiş etdi. Süleyman bu çətin məsələni elə həll etdi ki, heç kimdə Allahın ona hikmət verdiyinə şübhə qalmadı. Bundan sonra Süleymanın xalqın arasındakı nüfuzunu daha da artırdı (1 Pad. 3:16—28). Eramızdan əvvəl 1034-cü ildə, yəni padşahlığının dördüncü ilinin ikinci ayında (ziv ayı [aprel—may]) Süleyman Moriya dağında Yehovanın məbədinin bünövrəsini qoydu (1 Pad. 6:1). Yeddi il yarım davam edən möhtəşəm tikinti işləri eramızdan əvvəl 1027-ci ilin səkkizinci ayında (bul ayı [oktyabr—noyabr]) başa çatdırıldı (1 Pad. 6:37, 38).
Süleyman ticarətlə də məşğul olurdu. Onun gəmiləri Xiramın gəmiləri ilə birlikdə Ofirdən çoxlu qızıl, qiymətli daşlar və ağaclar gətirirdi (1 Pad. 9:26—28; 10:11; 2 Saln. 8:17, 18; 9:10, 11). Misirdən atlar və döyüş arabaları idxal edilirdi. Bütün dünyadan Yerusəlimə axışan tacirlər çoxlu mallar gətirirdilər. Süleymana bir ildə gələn qızılın çəkisi 666 talant (22 777 kiloqram) idi. Tacirlərin gətirdiyi qızıl, gümüş və digər mallar buraya daxil deyildi (1 Pad. 10:14, 15; 2 Saln. 9:13, 14).
Süleymanın taxtı və onun ətrafı çox təmtəraqlı idi və heç bir padşahlıqda belə cah-calal yox idi. Süleymanın şan-şöhrətini və var-dövlətini öz gözləri ilə görmək üçün başqa ölkələrdən gələn görkəmli qonaqlardan biri Səba mələkəsi idi. Mələkə Süleymanın tikdiyi möhtəşəm məbədi və padşah sarayını görəndə nida etdi: «Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür». Sonra o, Süleymanın qulluğunda duran xidmətçiləri bəxtiyar adlandırdı. Bununla o, Yehova Allaha — ədalət və salehliklə idarə etmək üçün Süleymanı padşah kimi ucaldaraq İsrail xalqına öz məhəbbətini göstərən Allaha həmd etdi (1 Pad. 10:4—9; 2 Saln. 9:3—8).
Süleyman Yehovaya sadiq qaldığı müddətdə çox firavan yaşayırdı. Görünür, elə bu zaman o, məsəllərini söyləmiş, «Vaiz», «Nəğmələr nəğməsi» və 127-ci məzmuru yazmışdı. Amma sonra Süleyman Allahın qanunlarına hörmətsizlik göstərməyə başladı. Biz oxuyuruq: «Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi. Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: “Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar”» (1 Pad. 11:1—8).
Bu, «Süleymanın qocalıq çağında» baş versə də, biz düşünməli deyilik ki, onun öz yolunu azmasına səbəb qocalıq ucbatından yaranan ağıl zəifliyi idi, çünki Süleyman hələ cavan ikən taxta çıxmışdı və 40 il səltənət sürmüşdü (1 Saln. 29:1; 2 Saln. 9:30). Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Süleyman məbəddə ibadət etməkdən və orada qurban gətirməkdən tamamilə imtina etmişdi. Görünür, o, Yehovaya ibadət etməklə yanaşı, yadelli arvadlarını razı salmaq üçün bütlərə də sitayiş edirdi.
Süleymanın ürəyi Yehovadan uzaqlaşsa da, o, «ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı» (1 Pad. 11:43; 2 Saln. 9:31).