Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/12 s. 8—12
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Süleymanın hikməti
  • Həqiqi ibadəti ucaltmaq sülh gətirir
  • Xəbərdarlıq nümunəsi
  • Çoxlu arvadlar!
  • Onun pis və yaxşı nümunəsindən ibrət götür
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Süleymanın var-dövləti və şan-şöhrəti
    Gözətçi qülləsi 2011
  • Gəlin Böyük Davud və Süleyman olan İsanı qiymətləndirək
    Gözətçi qülləsi 2009
  • Yehovanın məbədi
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/12 s. 8—12

O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?

«Qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək» (YEŞAYA 2:3).

1, 2. Müqəddəs Kitab nümunələrindən necə yararlana bilərsən?

YƏQİN Kİ, Müqəddəs Kitabda yazılanların bizim faydamız üçün olduğuna əminsən. Bu kitab həyat tərzini və xüsusiyyətlərini təqlid edə biləcəyin sadiq kişi və qadınların nümunələri ilə zəngindir (İbr. 11:32—34). Həmçinin orada elə kişi və qadınların nümunələri var ki, onların düşüncə tərzi və əməllərindən qaçınmaq daha yaxşı olardı. Bu insanların nümunəsi bizim üçün xəbərdarlıqdır.

2 Lakin Müqəddəs Kitabdakı bəzi personajlar həm yaxşı, həm də pis nümunə qoyublar. Misal üçün vaxtilə təvazökar çoban, sonradan isə qüdrətli padşah olan Davudu götürək. Davud həqiqəti sevən və Yehovaya güvənən bir insan kimi bizə gözəl nümunə qoyub. Lakin o, bir neçə ciddi günaha yol verib: Bat-Şeva ilə əxlaqsızlıq edib, Uriyanı öldürtdürüb və ağılsızcasına davranaraq xalqı siyahıya alıb. Ancaq bu məqalədə onun oğlundan — padşah və Müqəddəs Kitabı yazanlardan biri olan Süleymandan söhbət gedəcək. Əvvəlcə gəlin onun hansı iki sahədə bizim üçün yaxşı nümunə olduğu haqda danışaq.

Süleymanın hikməti

3. Nəyə görə demək olar ki, Süleyman bizim üçün gözəl nümunədir?

3 Böyük Süleyman olan İsa Məsih Süleyman haqqında müsbət əhval-ruhiyyədə danışaraq onu bizim üçün gözəl nümunə kimi təqdim etmişdi. İsa ona iman etməyən yəhudilərə demişdi: «Hökm günü cənub məlikəsi bu nəslin adamları ilə bərabər dirilib onları məhkum edəcək. Çünki məlikə dünyanın o biri ucundan Süleymanın hikmətini dinləmək üçün gəlmişdi, hərçənd burada Süleymandan daha hikmətlisi durub» (Mat. 12:42). Bəli, Süleyman müdrikliyi ilə məşhur idi və o, bizi də müdrikliyə yiyələnməyə təşviq edir.

4, 5. Süleyman müdrikliyə necə yiyələnmişdi və ondan fərqli olaraq, biz müdrikliyə necə yiyələnirik?

4 Süleyman yenicə taxta çıxanda Yehova ona yuxuda görünərək dedi ki, ürəyindən nə keçirsə Ondan istəyə bilər. Təcrübəsiz olduğunu dərk edən Süleyman Allahdan hikmət dilədi. (1 Padşahlar 3:5—9 ayələrini oxu.) Yehova var-dövlət və şan-şöhrət əvəzinə, Ondan müdriklik diləyən padşahın xahişindən razı qaldı və ona «hikmətli və dərrakəli ürək»lə yanaşı, zənginlik də bəxş etdi (1 Pad. 3:10—14). İsanın qeyd etdiyi kimi, Süleymanın müdrikliyi aləmə elə səs salmışdı ki, bu barədə eşidən Səba məlikəsi uzun yol qət edərək onun ağzından çıxan hikmətli sözlərə qulaq asmağa gəldi (1 Pad. 10:1, 4—9).

5 Əlbəttə, biz möcüzəvi şəkildə hikmət alacağımızı gözləmirik. Süleyman demişdi: «Rəbb hikmət verir». Bununla belə, o, bu xüsusiyyətə yiyələnmək üçün səy göstərməyin vacibliyini vurğulamışdı: «Qulağını hikmətə tərəf [çevir], ürəyini dərrakəyə tərəf meyl [etdir]». Süleyman həmçinin qeyd etmişdir ki, biz hikməti çağırmalı, axtarmalı və aramalıyıq (Sül. məs. 2:1—6). Bəli, müdrikliyə yiyələnmək mümkündür.

6. Süleymanın yaxşı nümunəsindən faydalandığımızı necə göstərə bilərik?

6 Yaxşı olardı ki, özümüzdən soruşaq: «Mən də, Süleyman kimi, hikmətə yüksək dəyər verirəmmi?» Bir çox insanlar maliyyə problemləri ucbatından bütün güclərini pul qazanmağa və işə sərf edirlər, yaxud da yol verirlər ki, iqtisadi vəziyyət onlara hansı təhsili almalarını və buna nə qədər vaxt sərf etmələrini diktə etsin. Bəs şəxsən sənin özün və ailən barədə nə demək olar? Verdiyin qərarlar Allahın müdrikliyini yüksək qiymətləndirdiyini və ona can atdığını göstərirmi? Daha çox müdrikliyə yiyələnmək üçün sənin pula və təhsilə dair baxışlarında dəyişiklik etmək lazım deyil ki? Əslinə qalsa, müdrikliyə sahib olub onu tətbiq etsək, bu, əbədiyyət boyu bizə fayda gətirəcək. Süleyman yazmışdı: «Onda salehlik və ədaləti dərk edərsən, insafı, bütün yaxşı yolları tanıyarsan» (Sül. məs. 2:9).

Həqiqi ibadəti ucaltmaq sülh gətirir

7. Allahın möhtəşəm məbədi necə inşa olundu?

7 Süleyman padşah olduqdan sonra Musanın dövründən istifadə olunan müqəddəs məskəni möhtəşəm bir məbədlə əvəz etmək üçün tədbir görməyə başladı (1 Pad. 6:1). Biz onu Süleymanın məbədi adlandırsaq da, onu tikmək fikri Süleymana məxsus deyildi. Üstəlik, bununla o, baş memar və zəngin xeyriyyəçi kimi özünə ad qazanmaq məqsədi güdmürdü. Bu fikir ilk dəfə Davudun ağlına gəlmişdi. Amma məbədin quruluşu və ləvazimatı ilə bağlı ətraflı planı ona Allah vermişdi. Üstəlik, Davud bu iş üçün böyük məbləğdə vəsait ayırmışdı (2 Şam. 7:2, 12, 13; 1 Saln. 22:14—16). Lakin yeddi il yarım çəkən bu tikintini başa vurmaq məsuliyyəti Süleymanın öhdəsinə düşmüşdü (1 Pad. 6:37, 38; 7:51).

8, 9. a) Süleymanın yaxşı işi təkidlə yerinə yetirməsindən biz nə öyrənirik? b) Süleymanın həqiqi ibadəti uca tutması hansı xeyir-duaları gətirmişdi?

8 Bununla Süleyman yaxşı işi təkidlə yerinə yetirməkdə və ən vacib işi həyatda birinci yerə qoymaqda bizə gözəl nümunə qoydu. Məbədin tikintisi sona çatanda və əhd sandığı oraya gətiriləndə Süleyman camaat qarşısında dua etdi. Duasında o, Yehovaya dedi: «Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit» (1 Pad. 8:6, 29). İsraillilər və digər millətlərdən olan insanlar üzlərini Allahın adını daşıyan bu məbədə tərəf tutub dua edə bilərdilər (1 Pad. 8:30, 41—43, 60).

9 Süleymanın həqiqi ibadəti uca tutması hansı xeyir-dualar gətirdi? Məbədin təntənəli açılışı sona çatanda israillilər «Rəbbin qulu Davuda və xalqı İsrailə etdiyi bütün yaxşılıqlara görə sevinclə və şad ürəklə öz evlərinə getdilər» (1 Pad. 8:65, 66). Süleymanın padşahlıq etdiyi 40 il ərzində xalq sülh və firavanlıq içində yaşayırdı. (1 Padşahlar 4:20, 21, 25 ayələrini oxu.) 72-ci məzmur Böyük Süleyman olan İsa Məsihin hökmranlığı zamanı alacağımız xeyir-duaları təsəvvür etməyə kömək edir (Məz. 72:6—8, 16).

Xəbərdarlıq nümunəsi

10. Çox vaxt Süleymanın hansı səhvi yadımıza düşür?

10 Bəs nəyə görə demək olar ki, Süleyman həm də xəbərdarlıq nümunəsidir? Ola bilsin, bu barədə eşidəndə ilk olaraq onun əcnəbi arvadları və cariyələri yadına düşür. Biz oxuyuruq: «[Arvadları] Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi, atası Davuddan fərqli olaraq, Allahı Rəbbə sadiq deyildi» (1 Pad. 11:1—6). Şübhə yoxdur ki, sən onun bu pis nümunəsini izləməməyə qəti qərarlısan. Süleymanın həyatından olan yalnız bu fakt bizim üçün xəbərdarlıqdır? Xeyr. Gəlin onun həyatından çox vaxt nəzərə çarpmayan başqa məqamlara da diqqət yetirək və onlardan özümüz üçün ibrət dərsi götürək.

11. Süleymanın ilk evliliyindən nə öyrənirik?

11 Süleyman 40 il hökmranlıq etmişdi (2 Saln. 9:30). Bəs 1 Padşahlar 14:21 ayəsini oxuyanda hansı nəticəyə gəlirik? (Ayəni oxu.) Bu ayəyə əsasən demək olar ki, Süleymanın ölümündən sonra taxta çıxan oğlu Rexavamın 41 yaşı var idi. Onun «anası Ammonlu olub adı Naama idi». Bu onu göstərir ki, Süleyman padşah olmamışdan qabaq bütpərəst düşmən xalqdan olan yadelli qadınla evlənmişdi (Hak. 10:6; 2 Şam. 10:6). Biz həmin qadının bütlərə səcdə etdiyini və yaxud sonradan Rahab və Rut kimi Allahın həqiqi xidmətçisi olduğunu deyə bilmərik (Rut 1:16; 4:13—17; Mat. 1:5, 6). Bununla belə, Süleymanın Yehovaya ibadət etməyən çoxlu qohumları oldu.

12, 13. Süleyman təzəcə padşah olanda hansı səhv addımı atmışdı və ehtimal ki, o, özünə, necə bəraət qazandırırdı?

12 Süleyman taxta çıxandan sonra vəziyyət daha da pisləşdi. O, «Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu... Arvadını Davudun şəhərinə gətirdi» (1 Pad. 3:1). Bu misirli qadın, Rut kimi, həqiqi Allaha ibadət etməyə başladımı? Müqəddəs Kitab belə düşünməyimiz üçün heç bir əsas vermir. Əksinə, bir müddətdən sonra Süleyman Davudun şəhərindən kənarda ona (və ehtimal ki, onun qulluqçu qızlarına) bir ev tikdi. Nəyə görə? Çünki Müqəddəs Kitabda deyildiyi kimi, yalançı allahlara ibadət edən bir nəfərin əhd sandığının olduğu əraziyə yaxın bir yerdə yaşaması düzgün deyildi (2 Saln. 8:11).

13 Ola bilsin, Süleyman fikirləşirdi ki, Misir şahzadəsi ilə evlənməsi bu ölkə ilə siyasi əlaqələri möhkəmləndirəcək. Lakin bu, ona bəraət qazandırmırdı. Hələ çox illər öncə Allah xalqına bütpərəst Kənan xalqları ilə evlənməyi qadağan etmişdi və hətta onlardan bəzilərinin adlarını da çəkmişdi (Çıx. 34:11—16). Ola bilərmi ki, Süleyman bu siyahıda Misirin adının olmadığı üçün onlarla evlənməyin qəbahət olmadığı nəticəsinə gəldi? Əgər o, doğrudan da, belə düşünürdüsə, məgər bu, Allahın gözündə əsaslı səbəb idi? Süleyman yadelli qadınlarla evlənməklə Yehovanın aydın xəbərdarlığını qulaqardına vurdu. Yehova demişdi ki, onlar israilliləri həqiqi ibadətdən yalan ibadətə döndərəcəklər. (Qanunun təkrarı 7:1—4 ayələrini oxu.)

14. Süleymanın pis nümunəsindən özümüz üçün hansı ibrət dərsi götürə bilərik?

14 Süleymanın bu pis nümunəsindən ibrət götürəcəyikmi? Məsələn, Müqəddəs Kitab yalnız Allahın xidmətçiləri ilə ailə qurmaq göstərişini verdiyi halda, bacı özünə bəraət qazandıraraq məsihçi olmayan kəslə görüşməyə başlayır (1 Kor. 7:39). Digərləri isə bu cür düşüncə tərzindən irəli gələrək məktəbdə idman komandalarına və ya dərnəklərə yazılır, gəlirləri ilə bağlı təhrif olunmuş məlumat verərək vergilərdən yayınır, yaxud da onlardan gördükləri pis iş barədə soruşanda utandıqlarından yalana əl atırlar. Bir sözlə, görünür, Süleyman Allahın əmrlərinə tabe olmamağına bəraət qazandırmaq üçün yanlış düşüncə tərzinə qapılmışdı və bu, bizimlə də baş verə bilər.

15. Yehova Süleymana necə mərhəmət göstərdi, lakin biz nəyi yadda saxlamalıyıq?

15 Maraqlıdır ki, Müqəddəs Kitab Süleymanın Misir şahzadəsi ilə evlənməsindən sonra Allahın onun xahişi ilə ona hikmət, üstəlik, var-dövlət verdiyini deyir (1 Pad. 3:10—13). Süleyman Allahın göstərişinə məhəl qoymasa da, heç bir yerdə Yehovanın dərhal onu taxtdan məhrum etdiyi, yaxud da ciddi şəkildə məzəmmət etdiyi deyilmir. Çünki Yehova bizim qeyri-kamil olduğumuzu və torpaqdan yarandığımızı bilir (Məz. 103:10, 13, 14). Lakin unutma: hər bir hərəkətimizin nəticəsi var. O, bizə ya indi, ya da gələcəkdə təsir göstərəcək.

Çoxlu arvadlar!

16. Çox arvad almaqla Süleyman Allahın hansı əmrini pozdu?

16 Padşah Süleyman bir qıza o qədər valeh olur ki, «Nəğmələr nəğməsi»ndə onun 60 məlikəsindən və 80 cariyəsindən daha gözəl olduğunu söyləyir (Nəğmə. n. 6:1, 8—10). Ehtimal ki, Süleyman bu sözləri deyəndə onun arvadlarının sayı bu qədər idi. Onların əksəriyyəti və hətta hamısı Yehovaya xidmət etsə də, Süleyman Yehovanın Musa vasitəsilə İsrail padşahlarına verdiyi qanunu pozmuşdu: «Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər» (Qanun. t. 17:17). Ancaq yenə də Yehova Süleymandan üz döndərmədi. Əksinə, Allah Süleymanı xeyir-dualandırdı və ona Müqəddəs Yazıların bir hissəsi olan «Nəğmələr nəğməsi» kitabını yazmağa izin verdi.

17. Biz hansı həqiqəti yadda saxlamalıyıq?

17 Bəs bu, o deməkdirmi ki, Süleymanın Allahın əmrlərindən çıxmasının heç bir pis nəticəsi olmayacaqdı və biz də Allahın əmrlərini poza bilərik? Xeyr! Bu, sadəcə onu göstərir ki, Allah müəyyən müddət səbir edə bilər. Buna görə də Allahın xidmətçisi Onun əmrini pozaraq dərhal acı aqibətlə üzləşmirsə, bu, o demək deyil ki, gec də olsa, onun nəticəsini görməyəcək. Süleymanın sözlərini unutma: «Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır». Sonra o əlavə etmişdi: «Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm» (Vaiz 8:11, 12).

18. Süleymanın aqibəti Qalatiyalılara 6:7 ayəsindəki sözlərin həqiqiliyini necə təsdiqləyir?

18 Kaş ki, yuxarıda deyilənlərə Süleyman özü əməl edəydi! Düzdür, onun yaxşı əməlləri çox olub və Yehova uzun müddət onu xeyir-dualandırırdı. Lakin bir müddətdən sonra o, bir-birinin ardınca səhv addımlar atmağa başladı. Artıq Yehovanın əmrlərini pozmaq onda vərdiş halını almışdı. Həvari Pavelin Allahdan ilham alaraq yazdığı sözlər necə də yerinə düşür: «Aldanmayın, Allaha rişxənd edilməz; insan nə əkərsə, onu da biçəcək»! (Qalat. 6:7). Bir müddət sonra Süleyman Allahın əmrlərini pozduğuna görə bunun pis nəticələri ilə üzləşdi. Biz oxuyuruq: «Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi» (1 Pad. 11:1). Görünür, bu qadınların çoxu yalançı allahlara ibadət etməkdən əl çəkməmişdilər və onlar Süleymana da təsir göstərdilər. O yolunu azdı və sonda səbirli Allahımızın lütfündən məhrum oldu. (1 Padşahlar 11:4—8 ayələrini oxu.)

Onun pis və yaxşı nümunəsindən ibrət götür

19. Müqəddəs Kitabda hansı nümunələr var?

19 Yehova xeyirxahlığından irəli gələrək Pavelə növbəti sözləri yazdırmışdı: «Əvvəlcədən yazılanların hamısı isə bizə nəsihət olaraq yazılıb ki, dözüm və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4). Buraya böyük iman sahibi olan kişi və qadınların gözəl nümunələri daxildir. Pavel bu xidmətçilər haqda demişdi: «Daha kimi deyim? Gideon, Barak, Şimşon, Yeftah, Davud, həmçinin Şamuel və digər peyğəmbərlər barəsində danışmağa vaxt çatmaz. Onlar imanla padşahlıqları süquta yetirir, salehliyi bərqərar edir, vədlər alır,.. zəifdən güclüyə çevrilir» (İbr. 11:32—34). Biz Müqəddəs Yazılardakı yaxşı nümunələrdən özümüz üçün dərs götürməli və onları təqlid etməliyik.

20, 21. Nəyə görə sən Allahın Kəlamındakı xəbərdarlıq nümunələrindən özünə dərs götürməyə qəti qərarlısan?

20 Lakin Müqəddəs Kitabdakı nümunələrdən bəziləri bizim üçün xəbərdarlıqdır. Buraya həmçinin vaxtilə Yehovaya xidmət edən, lakin sonradan Ondan üz döndərən kişi və qadınların nümunələri daxildir. Müqəddəs Kitabda bu insanlar barədə oxuyanda onların necə və nə zaman Allahın yolundan azdıqlarını görürük. Onlar tədricən yanlış düşüncələrə qapılaraq səhv qərarlar vermişlər və bunun acı nəticələrini dadmışlar. Biz onların nümunəsindən özümüz üçün necə dərs götürə bilərik? Özümüzə növbəti sualları verməklə: «Həmin insanın bu cür düşünməsinə nə səbəb oldu? Məndə də bu cür düşüncə tərzi formalaşa bilərmi? Bu nümunələr mənə səhvlərdən qaçınmağa necə kömək edə bilər?»

21 Biz bu nümunələri tam ciddiyyətlə araşdırmalıyıq, çünki Pavel yazmışdı: «Bütün bunlar ibrət kimi onların başına gəldi və dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb» (1 Kor. 10:11).

Siz nə öyrəndiniz?

• Nəyə görə Müqəddəs Kitabda həm yaxşı, həm pis nümunələr qeydə alınıb?

• Süleymanda Allahın qanunlarına məhəl qoymamaq vərdişi necə yarandı?

• Süleymanın pis nümunəsindən sən hansı ibrət dərsi götürə bilərsən?

[9–cu səhifədəki şəkil]

Süleyman Allahdan aldığı hikmətlə hökm edirdi

[12–ci səhifədəki şəkil]

Süleymanın pis nümunəsindən özünə ibrət götürürsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş