Allahın Padşahlığı nələr edəcəkdir?
“Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (MATTA 6:10, İ—93).
1. Allahın Padşahlığının gəlişi nə mə’na daşıyacaqdır?
İSA davamçılarına Allahın Padşahlığı haqqında dua etməyi öyrədərkən, bilirdi ki, Padşahlığın gəlişi ilə minilliklər boyu Allaha tabe olmayan insan rəhbərliyi sona çatacaqdır. Bütün bu vaxt ərzində Allahın iradəsi, ümumi götürdükdə yer üzündə yerinə yetirilmirdi (Məzmur 147:19, 20). Lakin göydə Padşahlıq qurulduqdan sonra, Allahın iradəsi hər yerdə yerinə yetirilməlidir. İnsan rəhbərliyindən Allahın səmavi Padşahlığının rəhbərliyinə təntənəli keçid dövrü sür’ətlə yaxınlaşır.
2. İnsan rəhbərliyinin Allahın Padşahlığının rəhbərliyi ilə əvəz olunmasına əlamət nə olacaqdır?
2 Hakimiyyətin keçid dövrü, İsanın - “dünyanın başlanğıcından indiyədək olmamış və heç olmayacaq” “böyük məşəqqət” adlandırdığı dövrə təsadüf edəcəkdir (Matta 24:21). Müqəddəs Kitab, bu dövrün nə qədər çəkəcəyini söyləmir, ancaq bu dövrün özü ilə gətirəcəyi fəlakətləri dünya heç zaman görməmişdir. Böyük məşəqqətin başlanğıcında dünya əhalisinin böyük hissəsini sarsıdacaq bir iş baş verəcək: bütün yalan dinlər məhv ediləcək. Lakin bu Yeqovanın Şahidlərini sarsıtmayacaqdır, çünki, onlar bunu artıq çoxdan gözləyirlər (Vəhy 17:1, 15—17; 18:1—24). Allahın Padşahlığı Şeytanın bütün sistemini məhv edərkən, böyük məşəqqət Har-Megidonla başa çatacaqdır (Daniel 2:44; Vəhy 16:14, 16).
3. Yeremya itaətsizlərin aqibətini necə təsvir edir?
3 Bu, “Allahı tanımayan” və Onun, Məsihə tabe etdirdiyi səmavi Padşahlığı haqqındakı “Müjdəyə itaət etməyənlər” üçün nə mə’na daşıyacaqdır? (2 Saloniklilərə 1:6—9). Müqəddəs Kitab peyğəmbərliyində deyilir: “Budur, millətdən millətə bəla çıxacaq və dünyanın uclarından böyük qasırğa qopacaq. Və o gün yerin bir ucundan yerin o biri ucuna qədər RƏBBİN öldürdüyü adamlar olacaq; onlar üçün ah-nalə etməyəcəklər və onlar toplanılıb dəfn edilməyəcək; torpağın üzündə gübrə olacaqlar” (Yeremya 25:32, 33).
Pisliyin sonu
4. Nəyə görə Yeqovanın bu pis sistemə son qoymağa haqqı vardır?
4 Yeqova Allah min illərdir ki, pisliyə səbir edir. İnsan rəhbərliyinin məhvedici olduğunu görmək üçün, səmimi qəlbli insanlara bu qədər vaxt kifayət edər. Məsələn, bir mənbəyə əsasən, təkcə XX əsrdə müharibələr, inqilablar və digər iğtişaşlar 150 milyondan artıq insan həyatını məhv etmişdir. İnsan qəddarlığı, xüsusilə də İkinci dünya müharibəsi zamanı, 50 milyona yaxın insan həlak olarkən aydın şəkildə əks olundu; bu insanlardan bir çoxları nasist həbs düşərgələrində dəhşətli əziyyətlərlə ölmüşlər. Müqəddəs Kitabın qabaqcadan dediyinə tam müvafiq olaraq, bizim günlərimizdə “pis adamlar və saxtakarlar... pislikdə inkişaf” edirlər (2 Timoteyə 3:1—5, 13, İ—93). Əxlaqsızlıq, cinayət, zorakılıq, rüşvətxorluq və Allahın normalarına hörmətsizlik, bu gün son dərəcə geniş yayılmışdır. Buna görə də, Yeqovanın bu pis sistemə son qoymağa tam haqqı vardır.
5, 6. Qədim Kən’an diyarının əxlaqsızlıqlarını təsvir edin.
5 Bugünkü vəziyyət, təxminən 3 500 il bundan əvvəl Kə’nan diyarında olan vəziyyəti xatırladır. Müqəddəs Kitab deyir: “Onlar RƏBBİN nifrət etdiyi hər məkruh şeyi öz ilahiləri üçün etdilər; çünki ilahiləri üçün oğullarını və qızlarını belə atəşdə yandırarlar” (Təsniyə 12:31). Yeqova İsrail xalqına dedi: “Bu millətlərin pisliyindən ötürü... Allahın RƏB onları sənin önündən qovur” (Təsniyə 9:5). Müqəddəs Kitab tarixçisi Henri Halley qeyd etdi: “Baala, Astartaya və başqa Kən’an tanrılarına ibadət ən alçaq və qüsurlu eyş-işrətlərlə müşayiət olunurdu və bu tanrıların mə’bədləri hər cür iyrənc hərəkətlərin məskəni idi”.
6 Halley, kən’anlıların etdikləri pisliklərin nə dərəcədə qorxunc olduğunu göstərdi. Arxeoloqlar bu cür çoxsaylı yerlərdən birində, “içərisində Baala qurban gətirilmiş uşaqların sür-sümükləri ilə dolu çoxlu küplər” tapmışlar. Halley deyir: “Bu yer uşaq qəbiristanlığını xatırladırdı. [...] Beləliklə, kən’anlılar bütlər qarşısında öz dini ibadətlərini əxlaqsız ən’ənələrlə həyata keçirir və ilk doğulan körpələri bu tanrılara qurban gətirirdilər. Bundan görünür ki, Kən’an diyarının çox hissəsi, milli miqyasda Sodom və Qomorranı təmsil edirdi. [...] Belə iyrənc və alçaq mədəniyyətin mövcud olmağa haqqı vardımı? [...] Kən’an diyarında qazıntılar aparan arxeoloqlar, Allahın bu xalqı daha tez məhv etmədiyinə təəccüb edirlər”.
Yer üzünü miras alanlar
7, 8. Allah yer üzünü necə təmizliyəcək?
7 Allah Kən’an diyarını təmizlədiyi kimi, çox yaxınlarda bütün yer üzünü təmizləyəcək və onu, iradəsini yerinə yetirən insanlara verəcəkdir. “Məmləkətdə doğru adamlar yaşayacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar məmləkətdən atılacaqlar və xainlər ondan yox ediləcəklər” (Süleymanın məsəlləri 2:21, 22). Məzmurçu deyir: “Bir az gözlə və pis yox olacaqdır... Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:10, 11). Bundan əlavə, “min il tamam oluncaya kimi bir də xalqları azdırmasın” deyə, Şeytan aradan qaldırılacaqdır (Vəhy 20:1—3). Bəli, “dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17).
8 İsa, yer üzündə əbədiyyən yaşamaq istəyən insanların ümidini belə təsvir etdi: “Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar” (Matta 5:5). O, yəqin ki, Məzmur 37:29-cu ayəsinə istinad edirdi. Orada deyilir: “Salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar”. İsa bilirdi ki, Yeqovanın niyyətinə görə, düzgün düşüncə tərzi olan insanlar əbədiyyən yer üzü cənnətdə yaşayacaqlar. Yeqova deyir: “Dünyanı, üzərində olan insanı və heyvanı qüdrətimlə... mən yaratdım və onu gözümdə doğru olana verirəm” (Yeremya 27:5).
Valehedici yeni dünya
9. Allahın Padşahlığı hansı dünyaya yol açacaqdır?
9 Har-Megidondan sonra, Allahın Padşahlığı “salehlik ömür” sürən valehedici “yeni yer” yaradacaqdır (2 Peter 3:13). Har-Megidondan sağ çıxan insanlar, bu istismaredici pis əşyalar sistemindən xilas olarkən, necə də rahat nəfəs alacaqlar! Onlar, valehedici xeyir-dualar və əbədi həyat ümidi ilə səmavi Padşahlıq tərəfindən idarə olunan ədalətli yeni dünyaya daxil olarkən, necə də böyük sevinc duyacaqlar! (Vəhy 7:9—17).
10. Padşahlığın rəhbərliyi zamanı hansı pisliklər yox ediləcək?
10 Cinayət, aclıq və hətta yırtıcı heyvanlar belə bir daha insanlara təhlükə yaratmayacaqlar. “Onlarla [xalqımla] sülh əhdi kəsəcəyəm və məmləkətdən vəhşi heyvanları yox edəcəyəm... Və səhra ağacı meyvəsini verəcək və yer məhsulunu verəcək və öz torpaqları üzərində təhlükəsiz olacaqlar”. “Qılınclarını kotan və mizraqlarını bağça bıçaqları edəcəklər; millət millətə qarşı qılınc qaldırmayacaq və artıq döyüşməyi öyrənməyəcəklər. Fəqət hər kəs öz asması altında və öz əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq; çünki bunu ordular RƏBBİNİN ağzı söylədi” (Hezekiel 34:25—28; Mika 4:3, 4).
11. Biz nəyə görə əmin ola bilərik ki, bütün fiziki çatışmazlıqlara son qoyulacaqdır?
11 Xəstəliklərə, kədərə və hətta ölümə son qoyulacaqdır. “Orada yaşayan: “Xəstəyəm” deməyəcək; orada yaşayan xalqın fəsadı bağışlanacaq” (İşaya 33:24). “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi... Budur, Mən hər şeyi yeniləşdirirəm” (Vəhy 21:4, 5). İsa yer üzündə yaşayarkən göstərdi ki, bütün bunları Allahın verdiyi güc vasitəsilə həyata keçirəcək. İsa Fələstin boyu gəzir, müqəddəs ruhun köməyi ilə topallara və xəstələrə şəfa verirdi (Matta 15:30, 31).
12. Ölənlər üçün hansı ümid mövcuddur?
12 İsa daha artıq iş görürdü. O, ölüləri dirildirdi. Təvazökar insanlar buna necə münasibət bəsləyirdilər? İsa 12 yaşlı qızı dirildəndə, qızın valideynləri “çox heyrətləndilər” (Mark 5:42). Bu, Padşahlığın rəhbərliyi zamanı İsanın bütün yer üzündə edəcəyi işlərə daha bir nümunədir, belə ki, o zaman “həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Ölülər qrup halında dirildilib, doğmaları ilə görüşən zaman yaşanacaq böyük sevinci təsəvvür edin! Şübhəsiz ki, Padşahlığın rəhbərliyi altında böyük maarifləndirmə işi keçiriləcək, bunun sayəsində isə “sular dənizi necə doldurursa, dünya da RƏB bilgisi ilə dolu olacaq” (İşaya 11:9).
Yeqovanın ali hökmranlığı bəraət qazanır
13. Allahın rəhbərliyinin ədalətli olduğu necə göstəriləcəkdir?
13 Minillik rəhbərliyin sonuna doğru insanlar yenidən kamil ağıla və bədənə malik olacaqlar. Bütün yer üzü Ədən bağına - cənnətə çevriləcəkdir. Sülh, xoşbəxtlik, təhlükəsizlik bütün yer üzünə hakim olacaq və məhəbbətlə dolu insan cəmiyyəti yaranacaq. Padşahlığın həyata keçirəcəyi işləri bəşəriyyət hələ görməmişdir. Min illər ərzində davam edən acınacaqlı insan rəhbərliyi ilə səmavi Padşahlığın parlaq Minillik rəhbərliyi arasındakı təzad nə qədər aydın görünəcək! Padşahlıq vasitəsilə, Allahın rəhbərliyinin insan rəhbərliyindən hər cəhətcə üstün olduğu mə’lum olacaq. Allahın rəhbərlik etmək hüququ, Onun ali hökmranlığı şübhəsiz ki, bəraət qazanacaqdır.
14. Minilliyin sonunda qiyamçılarla nə baş verəcək?
14 Minilliyin sonunda, Yeqova kamil insanlara iradə azadlıqlarını istifadə etməyə və kimə xidmət etmək istədiklərinə qərar verməyə imkan verəcəkdir. Müqəddəs Kitab göstərir ki, “şeytan atıldığı zindandan azad ediləcək”. O, yenidən insanları aldatmağa çalışacaq və bə’ziləri Allahdan asılı olmamağı üstün tutacaqdır. “İkinci dəfə sıxıntı” təkrar olunmasın deyə, Yeqova Şeytanı, onun cinlərini və Yeqovanın rəhbərliyinə qarşı duran hər bir kəsi məhv edəcəkdir. O zaman heç kim, əbədiyyən məhv edilən insanlara düzgün yol tutmaq imkanı verilmədiyini söyləməyəcək və ya yanlış hərəkətin qeyri-kamillik ucbatından baş verdiyini düşünməyəcək. Çünki onlar da, Yeqovanın ədalətli rəhbərliyinə qarşı bilərəkdən üsyan qaldıran kamil Adəm və Həvva kimi olacaqlar (Vəhy 20:7—10; Nahum 1:9).
15. Sadiq insanlar Yeqova ilə hansı münasibətdə olacaqlar?
15 Lakin insanların böyük əksəriyyəti, çox ehtimal ki, Yeqovanın rəhbərliyini üstün tutacaqdır. Bütün qiyamçılar məhv edilən zaman salehlər axırıncı sədaqət sınağından keçərək, Yeqovanın qarşısında duracaqlar. O zaman Yeqova bu sadiq insanları oğulları və qızları kimi qəbul edəcəkdir. Yə’ni onların Allahla münasibəti, Adəmlə Həvvanın günah işlətməzdən əvvəl sahib olduqları münasibəti xatırladacaq. Romalılara 8:21-ci ayəsindəki sözlər yerinə yetəcəkdir: “Xilqət [bəşəriyyət] özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır”. İşaya peyğəmbər qabaqcadan söyləyir: “Ölümü əbədiyyən uddu; və RƏB Yeqova bütün üzlərdən göz yaşlarını siləcək” (İşaya 25:8).
Əbədi həyata ümid
16. Mükafat olaraq əbədi həyatı alacağımıza ümid etmək nə üçün məntiqidir?
16 Allah sadiq insanları ruhani və maddi cəhətdən əbədiyyən tə’min edəcəyi üçün, onları necə də gözəl gələcək gözləyir! Məzmurçu ədalətli olaraq dedi: “Əlini açırsan və hər yaşayanı diləyinə görə doyurursan” (Məzmur 145:16). Yeqova istəyir ki, yer üzündə yaşayacaq insanların Cənnətə olan ümidləri, Ona imanın tərkib hissəsini təşkil etsin. Yeqovanın hökmranlığı haqqındakı sual, şübhəsiz ki, daha vacib yer tutur, amma O öz xalqından tələb etmir ki, mükafat gözləmədən Ona xidmət etsinlər. Bütün Müqəddəs Kitabda Allaha sədaqət və əbədi həyata ümid, məsihçinin Allaha olan imanının tərkib hissəsi kimi, bir-biri ilə ayrılmaz tərzdə bağlıdır. “İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6).
17. İsa, ümidimizdən qüvvət almağın düzgün olduğunu necə göstərdi?
17 İsa dedi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). İsa, Allah və Onun niyyətləri haqqında əldə edilən biliyi, həmin biliyin gətirdiyi mükafatla əlaqələndirdi. Misal üçün, cinayətkarlardan biri İsadan, Padşahlığına gəldiyi zaman onu xatırlamasını xahiş edəndə, İsa dedi: “Mənimlə bərabər cənnətdə olacaqsan” (Luka 23:43). İsa o adama, mükafat gözləmədən iman etməyi buyurmadı. İsa bilirdi ki, Yeqova, xidmətçilərinin yer üzü cənnətdə əbədi həyata ümidləri olmasını və bu ümidin onlara bu dünyada müxtəlif sınaqları qarşılamağa kömək etməsini istəyir. Buna görə də mükafat gözləmək, məsihçi yolunda çətinliklərə tab gətirmək üçün çox qiymətli köməkdir.
Padşahlığın gələcəyi
18, 19. Minillik rəhbərlikdən sonra, Padşah və onun Padşahlığı necə olacaq?
18 Səmavi Padşahlıq, Yeqovanın yer üzünü cənnətə çevirmək, üzərində yaşayan insanları kamilliyə çatdırmaq və Özü ilə barışdırmaq məqsədilə istifadə etdiyi köməkçi bir hökumət olduğu üçün, min ildən sonra Padşah İsa Məsihin və 144 000 padşah və kahinlərin rolu nədən ibarət olacaq? “O, Padşahlığı Allaha və Ataya təslim etdikdən, hər cür rəisliyi, hakimiyyəti və qüdrəti ləğv etdikdən sonra son olacaqdır; zira Allah, Onun bütün düşmənlərini ayaqlarının altına salıncaya kimi O, padşahlıq etməlidir” (1 Korinflilərə 15:24, 25, İ—93).
19 Əgər Məsih Padşahlığı Allaha qaytaracaqsa, Padşahlığın əbədi olması haqqında yazılan ayələri necə başa düşməli? Padşahlığın nailiyyətləri əbədi olaraq qalacaq. İsaya, Allahın hökmranlığına bəraət qazandırmaq üçün oynadığı rola görə həmişə ehtiram ediləcək. Lakin günah və ölüm bütünlüklə aradan qaldırıldığı, bəşəriyyət isə bağışlandığı üçün, İsanın, Xilasedici kimi rolu başa çatacaqdır. Bundan əlavə, Padşahlığın Minillik rəhbərliyi öz işini müvəffəqiyyətlə başa çatdıracaq və Yeqova ilə itaətkar bəşəriyyət arasında köməkçi hökumətə ehtiyac olmayacaq. Beləliklə, “Allah hər şeydə hər şey” olacaq (1 Korinflilərə 15:28).
20. Məsih və onun hakimiyyət şəriklərinin gələcəklərini necə öyrənə bilərik?
20 Minillik rəhbərlikdən sonra, Məsih və onun hakimiyyət şərikləri hansı rolu oynayacaqlar? Müqəddəs Kitab bu barədə heç nə demir. Lakin biz əmin ola bilərik ki, Yeqova onlara icra etmələri üçün başqa şərəfli tapşırıqlar verəcəkdir. Gəlin hər birimiz Yeqovanın hökmranlığına tərəf olaq və əbədi həyat mükafatını alıb, Yeqovanın Padşaha, onun şərikləri olan padşahlar və kahinlər, eləcə də bütün kainat üçün hazırladığı müəyyən olana qədər yaşayaq!
Təkrar üçün bəndlər
• Yaxın gələcəkdə rəhbərliklə əlaqədar hansı dəyişiklik gözlənilir?
• Allah günahkarları və salehləri necə mühakimə edəcək?
• Yeni dünyada hansı şəraitlər hökm sürəcək?
• Yeqovanın hökmranlığı bütünlüklə necə bəraət qazanacaqdır?
[15-ci səhifədəki şəkillər]
“Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır”.
[16-cı səhifədəki şəkil]
Sadiq insanlar Yeqova ilə lazımi münasibətlərə nail olacaqlar.