Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/3 s. 19—24
  • Yeqova yorğun olana qüvvət verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeqova yorğun olana qüvvət verir
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Üstün qüdrət tələb olunur
  • Yeqova həyat enerjimizdir
  • Möhkəmlənməyimiz üçün ruhani bəxşişlər
  • Möhkəmlənməyə yığıncaq da kömək edir
  • Bizi təbliğ xidməti möhkəmləndirir
  • Yeqovadan qüvvət alaraq xidmət etməyə davam edin
  • ‘O, yorğunlara güc verər’
    Müqəddəs ibadətimiz 2007
  • Müqəddəs ruhun verdiyi güclə şirnikdirici təsirlərə və ruh düşkünlüyünə sinə gəririk
    Gözətçi qülləsi 2011
  • Yehova yorğunlara güc verir
    Gözətçi qülləsi 2018
  • Yehova sizə güc verəcək
    Gözətçi qülləsi 2021
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/3 s. 19—24

Yeqova yorğun olana qüvvət verir

“[Yeqova] zəif olana qüvvət verir və taqətsizin qüdrətini artırır” (İŞAYA 40:29).

1. Allahın yaratdığı şeylərdə olan qüvvəni nümunələr əsasında göstərin.

YEQOVANIN qüvvəsi hədsizdir. Yaratdığı şeylərdə də çox böyük dinamik enerji vardır. Hər bir şeyin tərkibini təşkil edən atomlar o dərəcədə kiçikdir ki, bir damcı suda yüz kvintilyon atom vardıra. Planetimizdə olan bütün canlı həyat, Günəşin tərkibindəki istilik-nüvə reaksiyasından yaranan enerji sayəsində mövcuddur. Bəs yer üzündə həyatın davam etməsi üçün nə qədər Günəş enerjisinə ehtiyac vardır? Yer, Günəşin hasil etdiyi enerjinin yalnız kiçik bir hissəsini alır. Bununla yanaşı, riyaziyyatçı Fred Xoylun, özünün “Astronomiya” kitabında yazdığı kimi: “Yer kürəsinin Günəşdən aldığı cüz’i enerji... dünya sənayesində istifadə edilən bütün enerjidən təxminən 100 000 dəfə artıqdır” (“Astronomy”).

2. İşaya 40:26-cı ayəsində Yeqovanın qüvvəsi haqqında əslində nə deyilir?

2 İstər atoma, istərsə də ucsuz-bucaqsız Kainata diqqət yetirək, Yeqovanın valehedici qüvvəsi bizi lərzəyə salır. Buna görə də Yeqovanın: “gözlərinizi yuxarı qaldırın və görün, bunları kim yaratdı; o ki, bunların ordusunu sayı ilə çıxarır; onların hamısını adları ilə çağırır; qüdrətinin böyüklüyünə görə və qüvvətinin zoru ilə onlardan heç biri əksilməz”,- deməsi təəccüblü deyil (İşaya 40:26). Bəli, Yeqovanın “qüdrəti böyükdür” və O, Kainatın yaradılmasında istifadə edilən qüvvənin Mənbəyidir.

Üstün qüdrət tələb olunur

3, 4. a) Misal üçün, bizi qüvvədən nə məhrum edə bilər? b) Hansı sual nəzərdən keçirilməlidir?

3 Allahın qüvvəsi tükənməzdir, insanlara isə yorulmaq xasdır. Yorğun adamları hər yerdə görmək olar. Onlar dincəlmədən oyanır, işə və ya məktəbə yorğun gedir, evə yorğun qayıdır, yatanda isə nəinki yorğun, hətta əldən düşmüş vəziyyətdə olurlar. Bə’ziləri bir yana getmək və ehtiyacları olduğu üçün bir az dincəlmək istəyirlər. Yeqovanın xidmətçiləri olan bizlər də yoruluruq, çünki Allaha sədaqəti həmişə qoruyub-saxlamaq cəhdimiz böyük gərginlik tələb edir (Mark 6:30, 31; Luka 13:24; 1 Timoteyə 4:8). Bizi taqətdən salan başqa şeylər də vardır.

4 Biz məsihçi olsaq da, ümumiyyətlə insanların qarşılaşdıqları problemlərdən tamamilə müdafiə edilmirik (Eyub 14:1). Xəstəlik, maliyyə dəyişkənliyi və ya həyatda tez-tez qarşılaşdığımız digər çətinliklər bizi ruhdan sala bilər, bu isə qüvvəmizi sarsıdır. Bu çətinliklərdən əlavə, bə’zi məsihçilər salehlik uğrunda tə’qiblərə mə’ruz qalırlar (2 Timoteyə 3:12; 1 Peter 3:14). Bu dünyanın gündəlik təzyiqləri və Padşahlıq haqqındakı xoş xəbərin təbliğ işinə göstərilən müqavimətlər o qədər taqətdən sala bilər ki, bizlərdən kimdə isə Yeqovaya xidməti zəiflətmək istəyi yaranar. Bundan əlavə, Allah qarşısındakı nöqsansızlığımızı sındırmağa cəhd göstərərək, Şeytan İblis ixtiyarında olan müxtəlif üsullardan istifadə edir. Əldən düşməmək və təslim olmamaq üçün, biz ruhani qüvvəni haradan ala bilərik?

5. Məsihçi xidmətini icra etmək üçün nəyə görə yalnız insan qüvvəsi kifayət etmir?

5 Biz ruhani qüvvəni qüdrətli Yaradanımız Yeqovadan almalıyıq. Həvari Pavel diqqəti ona yönəltdi ki, adi qüvvədən üstün olan qüvvənin köməyi olmadan, qeyri-kamil insanlar məsihçi xidmətinin öhdəsindən gələ bilməzlər. O yazırdı: “Lakin bu sərvəti saxsı qablarda saxlayırıq ki, ən üstün qüdrət bizə yox, Allaha aid olsun” (2 Korinflilərə 4:7). Məshedilmiş məsihçilər, yerdə yaşamaq ümidi olan yoldaşlarının köməkliyi ilə “barışdırma xidmətini” həyata keçirirlər (2 Korinflilərə 5:18; Yəhya 10:16; Vəhy 7:9). Qeyri-kamil insanlar olduğumuzdan, Allahın iradəsini yerinə yetirərkən müqavimətlərlə qarşılaşdığımızdan, bunu öz qüvvəmiz sayəsində edə bilməyəcəyik. Yeqova bizə müqəddəs ruhu ilə kömək edir, beləliklə də bizim zəifliyimiz Onun qüdrətini izzətləndirir. Və biləndə ki, “RƏB salehlərə dəstək olur”, bu bizə nə qədər də təsəlli verir! (Məzmur 37:17).

Yeqova həyat enerjimizdir

6. Müqəddəs Yazılar, Yeqovanın qüvvəmizin Qaynağı olduğuna bizi necə əmin edir?

6 Səmavi Atamızın “qüvvəti zor”dur və O, heç bir çətinlik çəkmədən bizə qüvvət verə bilər. Əslində bizə deyilir: “[Yeqova] zəif olana qüvvət verir və taqətsizin qüdrətini artırır. Gənclər belə zəiflər və yorular və igidlər hamısı yıxılarlar; fəqət RƏBBİ gözləyənlər qüvvətlərini təzələr, qartallar kimi qanad gərib yüksəlirlər; səyirtərlər və yorulmazlar; gedərlər və zəifləməzlər” (İşaya 40:29—31). Həyatda artan gərginlik ucbatından, biz bə’zən özümüzü əldən düşmüş qaçıcı kimi hiss edirik. Lakin finiş xətti düz qarşımızdadır və biz həyat uğrundakı qaçışı dayandırmamalıyıq (2 Tarixlər 29:11). Düşmənimiz olan İblis “nə’rə çəkən... aslan” kimi gəzir və bizi dayandırmaq istəyir (1 Peter 5:8). Unutmayaq ki, Yeqova “qüdrətimiz və qalxanımızdır” və “zəif olana qüvvət” vermək üçün çox üsullar təqdim edir (Məzmur 28:7).

7, 8. Yeqovanın Davudu, Habakkuku və Paveli qüvvətləndirməsinə dair hansı sübutlar mövcuddur?

7 Yeqova Davuda, böyük maneələri dəf etməsi üçün lazım olan qüvvəni verdi. Buna görə də, Davud tam iman və əminliklə yazırdı: “Allah ilə igidliklər edərik [“həyat enerjisini əldə edərik”, YD]; düşmənlərimizi ayaqlayacaq olan odur” (Məzmur 60:12). Yeqova həmçinin Habakkuka da qüvvət verirdi ki, o, bir peyğəmbər kimi ona tapşırılmış işi axıra qədər yerinə yetirə bilsin. Habakkuk 3:19-cu ayəsində deyilir: “Yeqova, Rəb, mənim qüvvətimdir; və ayaqlarımı maral ayaqları kimi edər və məni yüksək yerlərim üzərində gəzdirər”. Aşağıdakı sözləri yazan Pavelin də nümunəsi diqqətə layiqdir: “Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13, İ—93).

8 Davud, Habakkuk və Pavel kimi, Allahın bizi qüvvətləndirib, xilas etməyə qadir olduğuna biz də iman etməliyik. İndi isə, Küll-İxtiyar Rəbb Yeqovanın “həyat enerjimizin” Qaynağı olduğunu xatırlayaraq, Onun bizə bol-bol verdiyi ne’mətlərdən ruhani qüvvəni mənimsəməyin üsullarına baxaq.

Möhkəmlənməyimiz üçün ruhani bəxşişlər

9. Məsihçi nəşrləri bizim qidalanmağımızda hansı rolu oynayır?

9 Müqəddəs Yazıları, məsihçi nəşrlərinin köməyi ilə sə’ylə öyrənmək bizim üçün qüvvə və yardım mənbəyidir. Məzmurçu oxuyurdu: “Nə bəxtiyardır o adam ki... zövqü RƏBBİN şəriətindədir. Və gecə-gündüz onun şəriətini dərindən düşünür. Axar sular kənarına əkilmiş ağac kimidir, meyvəsini mövsümündə verir və yarpağı solmaz; etdiyi hər iş də yaxşı gedər” (Məzmur 1:1—3). Fiziki qüvvəmizi qorumaq üçün yemək yeməmiz lazım olduğu kimi, ruhani qüvvəmizi qorumaq üçün də Allahın Öz Kəlamı və məsihçi nəşrləri vasitəsilə verdiyi ruhani qidanı mənimsəmək lazımdır. Buna görə tamdəyərli öyrənmə və onun üzərində dərindən düşünmək vacibdir.

10. Öyrənmək və düşünmək üçün vaxtı necə tapa bilərik?

10 “Allahın dərinlikləri” üzərində düşünmək xoş və faydalı məşğuliyyətdir (1 Korinflilərə 2:10, İ—93). Bəs düşünmək üçün münasib vaxtı necə tapa bilərik? İbrahimin oğlu İshaq “axşama doğru düşüncəyə dalmaq üçün tarlaya çıxdı” (Təkvin 24:63—67). Məzmurçu Davud “gecə növbələrində... [Allah haqqında] dərin düşünürdü” (Məzmur 63:5). Allahın Kəlamını səhər, axşam və gecə - bir sözlə, istənilən vaxt öyrənmək və üzərində düşünmək olar. Belə öyrənmənin və düşünmənin ardınca, Yeqovanın bizi ruhən möhkəmlətməyə yönəldilmiş başqa bir mükafatı olan dua gəlir.

11. Nəyə görə duaya daha çox əhəmiyyət verməliyik?

11 Allaha müntəzəm olaraq dua etmək bizim möhkəmlənməyimizə kömək edər. Beləliklə, “duada mətanətli” olaq (Romalılara 12:12). Bə’zən hansısa bir sınağın öhdəsindən gəlmək üçün lazım olan müdriklik və qüvvə haqqında, Allaha daha israrla dua etməli oluruq (Yaqub 1:5—8). Gəlin, niyyətlərinin yerinə yetdiyini və ya xidmətimizi davam etdirmək üçün bizə güc verdiyini gördükcə, Allaha minnətdar olaq və Ona həmd edək (Filipililərə 4:6, 7). Əgər biz duada Yeqova ilə yaxın münasibətdə qalsaq, O, bizi heç zaman tərk etməyəcəkdir. Davud oxuyurdu: “Budur, Allah mənə yardımçıdır” (Məzmur 54:4).

12. Nəyə görə Allahdan müqəddəs ruh diləməliyik?

12 Səmavi Atamız bizə qüvvət verir və bizi, müqəddəs ruhunun, yə’ni fəal qüvvəsinin vasitəsilə möhkəmləndirir. Pavel yazırdı: “Bu səbəbdən... Atanın qarşısında diz çökürəm ki... Öz izzətinin zənginliyinə görə, daxili varlığınızda Öz Ruhu ilə qüvvətli şəkildə möhkəmlənmənizi tə’min etsin” (Efeslilərə 3:14—16). Biz müqəddəs ruh barəsində dua etməli və onu Yeqovadan alacağımıza əmin olmalıyıq. İsa mülahizə edirdi: uşaq balıq istərsə, məgər sevən ata ona ilan verərmi? Əlbəttə ki, yox. Buna görə də, İsa belə bir nəticəyə gəldi: “Madəm ki, siz [günahkar, ona görə də bu və ya digər dərəcədə] pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:11—13). Gəlin əminliklə dua edək və Allahın sadiq xidmətçilərinin, Onun ruhunun köməyi ilə “qüvvətli şəkildə möhkəmlənə” biləcəklərini həmişə xatırlayaq.

Möhkəmlənməyə yığıncaq da kömək edir

13. Məsihçi görüşlərinə necə yanaşmalıyıq?

13 Yeqova bizə məsihçi yığıncaqları vasitəsilə qüvvət verir. İsa dedi: “Haradasa iki və ya üç kişi Mənim adımla bir yerə toplaşmış olursa, Mən orada, onların arasındayam” (Matta 18:20). Bunu və’d edərək, İsa yığıncaqda rəhbərliyi üzərinə götürənlərin diqqətini tələb edən məsələləri müzakirə etdi (Matta 18:15—19). Buna baxmayaraq, İsanın sözləri, onun adı naminə duayla başlayan və qurtaran bütün yığıncaq görüşlərinə və konqresslərə də aiddir (Yəhya 14:14). Buna görə də, cəmi bir neçə və ya minlərlə insan iştirak etsə də, belə məsihçi görüşlərinə getmək imkanını qiymətləndirmək lazımdır. Gəlin bizi ruhən möhkəmləndirməyə, məhəbbətə və xeyirli işlərə təşviq etməyə yönəldilmiş bu görüşlər üçün minnətdarlığımızı bildirək (İbranilərə 10:24, 25).

14. Məsihçi ağsaqqallarının əməyi bizə hansı faydaları gətirir?

14 Məsihçi ağsaqqalları ruhən yardım edir və ruhlandırırlar (1 Peter 5:2, 3). Pavel, bugünkü səyyah nəzarətçilər kimi, xidmət etdiyi yığıncaqlara kömək edir və onları möhkəmləndirirdi. Bundan əlavə, qarşılıqlı möhkəmləndirici ruh yüksəkliyi əldə etmələri üçün, Pavel həmimanlıları ilə birlikdə olmağı çox arzu edirdi (Həvarilərin işləri 14:19—22; Romalılara 1:11, 12). Gəlin, ruhani möhkəmliyimizdə böyük rolu olan yığıncağımızın ağsaqqallarını və başqa məsihçi nəzarətçilərini qiymətləndirdiyimizi göstərək.

15. Yığıncağımızda olan həmimanlılarımız bizə necə “dayaq” ola bilərlər?

15 Yığıncağımızda olan həmimanlılarımız bizə “dayaq” ola bilərlər (Koloslulara 4:10, 11). Onlar bizim dostlarımızdır və çətin anlarda köməyimizə gələ bilərlər (Süleymanın məsəlləri 17:17). Misal üçün, 1945-ci ildə Zaksenhauzen həbs düşərgəsində olan, Allahın 220 xidmətçisi nasist konvoyunun müşaiyəti altında 200 km məsafə qət etməli idi. Onlar qrup halında gedirdilər və güclü olanlar zəifləri, sürüdükləri bir neçə arabada daşıdılar. Nəticəsi nə oldu? 10 000-dən artıq insanın ölümünə bais olan bu yürüş zamanı bir nəfər də olsun Yeqovanın Şahidi ölmədi. Gözətçi Qülləsi Cəmiyyətinin nəşrlərində, məsələn, “Yeqovanın Şahidlərinin səlnaməsi”ndə və “Yeqovanın Şahidləri - Allahın Padşahlığının müjdəçiləri” (ing.) kitabında təsvir edilən bu cür hadisələr göstərir ki, təslim olmasınlar deyə, Allah öz xidmətçilərinə qüvvət verir (Qalatiyalılara 6:9)b.

Bizi təbliğ xidməti möhkəmləndirir

16. Xidmətdə müntəzəm olaraq iştirak etməyimiz bizi ruhən necə möhkəmləndirir?

16 Padşahlıq haqqındakı təbliğ işində müntəzəm olaraq iştirak etmək bizi ruhən möhkəmləndirir. Bu fəaliyyət, diqqətimizi Allahın Padşahlığına cəmləşdirməyə, əbədi həyatı və gələcək xeyir-duaları nəzərdən qaçırmamağımıza kömək edir (Yəhuda 20, 21). Xidmət zamanı, haqqında danışdığımız Müqəddəs Kitab və’dləri bizə ümid verir və aşağıdakı sözləri deyən Mika peyğəmbər kimi, bizə də cəsarət verə bilər: “Biz də daima və əbədiyyən Allahımız RƏBBİN ismilə yeriyəcəyik” (Mika 4:5).

17. Müqəddəs Kitabın evdə öyrənilməsi ilə əlaqədar nə təklif olunur?

17 Başqalarını öyrədərkən Müqəddəs Kitabı daha geniş istifadə etməklə, Yeqova ilə olan münasibətlərimizi möhkəmləndiririk. Misal üçün, “Əbədi həyata aparan bilik” kitabının vasitəsilə kiminləsə Müqəddəs Kitabı evdə öyrənərkən, göstərilən ayələrdən bə’zilərini oxumaq və müzakirə etmək yaxşı olardı. Bu, öyrənən şəxsə kömək edər və bizim şəxsi ruhani anlayışımızı yaxşılaşdırar. Əgər öyrənən şəxsə Müqəddəs Kitabın mə’lumatlarını və ya əyani nümunələrini qavramaq çətin gəlirsə, onda “Bilik” kitabının bir fəslini bir neçə dəfəyə keçmək olar. Başqalarının Allaha yaxınlaşmalarına kömək etmək üçün əlavə sə’ylər tətbiq etsək böyük məmnunluq duyacağıq!

18. “Bilik” kitabının xidmətdə keyfiyyətlə istifadə edilməsini nümunə əsasında göstərin.

18 “Bilik” kitabının keyfiyyətlə istifadə edilməsi sayəsində hər il minlərlə insan Yeqovanın həsr olunmuş xidmətçisi olur. Halbuki, əvvəllər onlardan əksəriyyətinin Müqəddəs Kitab haqqında təsəvvürləri yox idi. Məsələn, Şri-Lankadan olan bir hindu, uşaq olarkən bir Şahidin cənnət haqqında danışdığını eşitmişdi. Bir neçə ildən sonra o, həmin qadına yaxınlaşdı və qısa vaxtdan sonra qadının əri onunla Müqəddəs Kitab öyrənməsinə başladı. Həmin gənc, öyrənməyə hər gün gəlirdi və onlar “Bilik” kitabını nisbətən qısa vaxtda başa çatdırdılar. O, bütün yığıncaq görüşlərinə gəlməyə başladı, əvvəlki dini ilə bütün əlaqəni kəsdi və Padşahlığın müjdəçisi oldu. Vəftiz olunduğu vaxt isə, artıq bir tanışı ilə Müqəddəs Kitab öyrənməsi keçirirdi.

19. Əvvəlcə Padşahlığı axtarsaq nəyə əmin ola bilərik?

19 Əvvəlcə Padşahlığı axtararaq, bizi möhkəmləndirən sevinci əldə edirik (Matta 6:33). Müxtəlif sınaqlarla qarşılaşsaq da, xoş xəbəri sevinclə və sə’ylə təbliğ etməyə davam edirik (Titusa 2:14). Bizlərdən əksəriyyəti tammüddətli pioner kimi ximdət edir, başqaları isə daha çox təbliğçilər tələb olunan yerdə xidmət edirlər. Hansı yolla olursa-olsun, Padşahlığın mənafeyinə kömək ediriksə, əmin ola bilərik ki, Yeqova işimizi və Onun isminə göstərdiyimiz məhəbbəti unutmayacaqdır (İbranilərə 6:10—12).

Yeqovadan qüvvət alaraq xidmət etməyə davam edin

20. Yeqovanın qüvvəsinə güvəndiyimizi necə göstərə bilərik?

20 Gəlin səmimi qəlbdən göstərək ki, Yeqovaya ümid bəsləyir və Onun qüvvəsinə güvənirik. Bunu, Allahın “sadiq... qul”u vasitəsilə verdiyi bütün ruhani bəxşişlərdən faydalanmaqla edə bilərik (Matta 24:45). Allahın Kəlamını müstəqil və ya yığıncaqla birlikdə məsihçi nəşrlərinin vasitəsilə öyrənmək, ürəkdən gələn dualar, ağsaqqallar tərəfindən ruhani yardım, sadiq həmməsihçilərin nümunəsi və xidmətdə müntəzəm olaraq iştirak etmək, Yeqova ilə münasibətlərimizi möhkəmləndirən bə’zi bəxşişlərdir və Ona müqəddəs xidməti davam etdirmək üçün lazım olan qüvvə mənbəyidir.

21. Həvari Peter və Pavel Allahdan gələn qüvvəyə ehtiyac duyduqlarını necə göstərdilər?

21 Biz insanlar zəifik, lakin Yeqovanın köməyinə güvənsək, iradəsini yerinə yetirmək üçün O, bizi möhkəmləndirəcəkdir. Belə köməkliyin vacibliyini dərk edən həvari Peter yazırdı: “Xidmət edən, Allahın tə’min etdiyi qüvvətlə xidmət etsin” (1 Peter 4:11). Pavel də aşağadakı sözləri yazaraq, Allahın qüvvəsinə güvəndiyini göstərdi: “Mən, Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaca, tə’qiblərə və sıxıntılara tab gətirməyə razıyam; çünki mən zəif olduğum zaman qüvvətliyəm” (2 Korinflilərə 12:10). Gəlin belə əminliyi əks etdirək və yorğun olana qüvvət verən Küll-İxtiyar Rəbb Yeqovaya izzət verək (İşaya 12:2).

[Haşiyələr]

a Bu, vahid və sonrakı 18 sıfırdan ibarət ədəddir.

b Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən nəşr edilmişdir.

Siz necə cavab verərdiniz?

• Yeqovanın xalqı nəyə görə ən üstün qüdrətə ehtiyac duyur?

• Allahın öz xidmətçilərinə qüvvət verməsinə Müqəddəs Kitab necə şahidlik edir?

• Möhkəmlənməyimiz üçün Yeqovanın verdiyi bə’zi ruhani bəxşişlər hansılardır?

• Allahın qüvvəsinə güvəndiyimizi necə göstərə bilərik?

[22-ci səhifədəki şəkil]

Başqalarını öyrədərkən Müqəddəs Kitabı istifadə etməklə, Yeqova ilə münasibətlərimizi möhkəmləndiririk.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş