Möhtəşəm işlərinə görə Yeqovaya həmd edin!
“Mənim qəlbim Rəbbi yüksəldir... Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü” (LUKA 1:46—49).
1. Haqlı olaraq, Yeqovaya hansı möhtəşəm işlərinə görə həmd edirik?
YEQOVA yaratdığı möhtəşəm işlərinə görə həmd edilməyə layiqdir. İsrail xalqının Misirdən azad edilməsini xatırlayaraq, Musa peyğəmbər dedi: “Rəbbin etdiyi bütün böyük işləri sizin gözləriniz gördü” (Təsniyə 11:1—7). Mələk Cəbrayıl bakirə Məryəmə İsanın doğulacağını söyləyəndə, Məryəm dedi: “Mənim qəlbim Rəbbi yüksəldir... Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü” (Luka 1:46—49). Yeqovanın Şahidləri olan bizlər, İsrail xalqının Misir əsarətindən azad edilməsi və sevimli Oğlunun qeyri-təbii surətdə doğulması kimi möhtəşəm işlərinə görə Yeqovanı izzətləndiririk.
2. a) Allahın “əzəli məqsədi” itaətkar insanlar üçün nə deməkdir? b) Patmos adasında Yəhyanın başına nə gəldi?
2 Yeqovanın möhtəşəm işlərindən çoxu, Məsihin və onun Padşahlığının vasitəsilə itaətkar insanları xeyir-dualandırmağa aid olan “əzəli məqsəd”ilə bağlıdır (Efeslilərə 3:8—13). Bu məqsəd, ixtiyar çağında olan həvari Yəhyaya rö’yada göyün açıq qapısından içəri baxmağa icazə veriləndə, mərhələ-mərhələ yerinə yetirdi. Yəhya, boru səsinə bənzər bir səs eşitdi: “Buraya qalx və bundan sonra baş verməsi vacib olan hadisələri sənə göstərəcəyəm” (Vəhy 4:1). “Allahın kəlamı və İsa Məsihin şəhadəti üçün” Roma hakimiyyəti tərəfindən Patmos adasına sürgün edilən Yəhyaya “İsa Məsihin vəhyi” verildi. Həvarinin görüb eşitdikləri, Allahın əzəli məqsədi haqqında çox şeyləri aşkar etdi, bu isə, bütün məsihçilərin ruhani inkişafına və onların vaxtında ruhlandırılmasına xidmət etdi (Vəhy 1:1, 9, 10).
3. Yəhyanın rö’yada gördüyü 24 ağsaqqal kimləri təmsil edir?
3 Yəhya, göydə açılmış qapıdan, başlarında tac olan və padşahlar kimi taxtda oturan 24 ağsaqqal gördü. Onlar Allahın qarşısında səcdə edib deyirdilər: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:11). Bu ağsaqqallar, Allahın və’d etdiyi yüksək mövqeyə sahib olan bütün dirilmiş məsh edilən məsihçiləri təmsil edirlər. Onlar, yaradıcılıqla əlaqədar olan möhtəşəm işlərinə görə Yeqovaya həmd etməyə təşviq olunurlar. Yeqovanın “əbədi qüdrəti və ilahiliyi”nə şəhadət edən işlər qarşısında biz də valeh oluruq (Romalılara 1:20). Yeqova haqqında nə qədər çox öyrəniriksə, Onu möhtəşəm işlərinə görə izzətləndirməyə bir o qədər də çox səbəb tapırıq.
Yeqovanın tə’rifəlayiq işlərini e’lan edin!
4, 5. Davudun Yeqovaya necə həmd etdiyinə aid bir neçə nümunə çəkin.
4 Məzmurçu Davud, Allaha möhtəşəm işlərinə görə həmd edirdi. Məsələn, Davud oxuyurdu: “Sionda yaşayan Rəbbə tərənnüm edin; xalqlar arasında [“tə’rifəlayiq”, YD] işlərini e’lan eyləyin. Mənə acı, ya Rəbb... məndən nifrət edənlər üzündən çəkdiyim dərdə bax ki, bütün sənin həmdini izah edim. Sion qızının qapılarında sənin qurtarışınla məsrur olum” (Məzmur 9:11, 13, 14). Davud, oğlu Süleymana mə’bədin çertyojunu verib, bu sözlərlə Allaha həmd etdi: “Ya Rəbb, böyüklük və qüdrət və camal və zəfər və izzət sənindir... Ya Rəbb, padşahlıq sənindir və sən, baş olaraq hər şeydən yüksəksən. Və indi, ey Allahımız, biz sənə şükr edərik və gözəl isminə həmd edərik” (1 Tarixlər 29:10—13).
5 Müqəddəs Yazılar bizi, dönə-dönə və tə’kidlə Allaha Davud kimi həmd etməyə də’vət edir. “Məzmurlar” kitabında Allaha müraciət olunan çoxsaylı həmd sözləri var və bu nəğmələrdən təxminən yarısı Davud tərəfindən yazılmışdır. O, daim Yeqovaya həmd və minnətdarlığını bildirirdi (Məzmur 69:30). Bundan əlavə, Davudun və digər xidmətçilərin Allahdan ilham alaraq yazdıqları əsərlər, keçmiş zamanlardan bəri Yeqovaya həmd etmək üçün istifadə olunur.
6. Allah tərəfindən ilhamlanmış məzmurların bizim üçün faydası nədir?
6 Məzmurlar, Yeqovanın xidmətçiləri üçün necə də faydalıdır! Rifahımız üçün etdiyi bütün möhtəşəm işlərinə görə Allaha təşəkkür etmək istəyəndə, “Məzmurlar” kitabından olan gözəl sözlərə müraciət etmək yerinə düşərdi. Məsələn, günün başlanğıcında Yeqovanı bu cür sözlərlə izzətləndirmək hissi duya bilərik: “Rəbbə şükr etmək, ey Uca olan, sənin isminə tərənnüm etmək, sabah inayətini və hər gecə sədaqətini... e’lan etmək yaxşıdır. Çünki, ya Rəbb, işinlə məni sevindirdin; sənin əllərinin işlərindən ötrü sevinclə tərənnüm edirəm” (Məzmur 92:1—4). Ruhani inkişafımıza əngəl olan maneələrin öhdəsindən gəldiyimiz zaman isə, olsun ki, məzmurçunun etdiyi kimi, sevinc və minnətdarlığımızı duada ifadə etmək istəyirik. Məzmurçu oxuyurdu: “Gəlin, Rəbbə tərənnüm edək; qurtuluşumuz qayasına sevinclə nida edək. Önünə şükranla gedək; ona məzmurlarla sevinclə nida edək” (Məzmur 95:1, 2).
7. a) Məsihçilərin ifa etdikləri nəğmələrdə diqqətəlayiq olan nədir? b) Yığıncağa bir az tez gəlməyin və görüşün sonuna qədər qalmağın səbəblərindən biri hansıdır?
7 Biz, yığıncaq görüşlərində və konqreslərdə Yeqovaya həmd nəğmələrini tez-tez birlikdə oxuyuruq. Diqqətəlayiqdir ki, bu nəğmələrdən bir çoxu, ilhamlanmış “Məzmurlar” kitabındakı fikirlərə əsaslanıb. Biz necə də şadıq ki, bu gün, Yeqovanı həmd etmək üçün ruhlandırıcı müasir nəğmələr məcmuəsinə malikik! Allaha həmd nəğməsini ifa etmək — görüşlərə bir az tez gəlmək və görüş qurtarmayınca getməmək üçün tutarlı səbəblərdən biridir. Çünki belə olduqda, həmimanlılarımızla birlikdə Yeqovaya nəğmə və duada həmd edə bilərik.
“Yaqa həmd edin!”
8. “Haleluya” sözünün mə’nası nədir?
8 Yeqovaya həmd etmək haqqındakı fikir, “Rəbbə (Yaqa) həmd edin!” mə’nasını daşıyan qədim ibrani ifadəsindən transliterasiya olunan (bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsi) “haleluya” sözünə daxildir. Məsələn, Məzmur 135:1—3-cü ayələrində səmimi və həmçinin tə’kidli də’vət görürük: “Rəbbə həmd edin. Rəbbin isminə həmd edin; ey Rəbbin qulları, ey sizlər, Rəbbin evində, Allahımız evinin həyətlərində duranlar, həmd edin. Rəbbə həmd edin; çünki Rəbb yaxşıdır; isminə tərənnüm edin; çünki dadlıdır”.
9. Yeqovaya həmd etməyə bizi təşviq edən nədir?
9 Allahın valehedici yaradıcılığı və rifahımız üçün etdiyi bütün işləri barədə dərindən düşünəndə, səmimi minnətdarlıq hissi bizi Ona həmd etməyə ruhlandırır. Yeqovanın qədimdə öz xalqı üçün etdiyi mö’cüzəli işləri haqqında fikirləşəndə, ürəyimiz bizi Onu izzətləndirməyə təşviq edir. Həmçinin Yeqovanın gələcəkdə həyata keçirəcəyi əzəmətli işlər üzərində düşünəndə isə, biz həmd və minnətdarlıq ifadə etməyə çalışırıq.
10, 11. Nəyə görə artıq bizim mövcudluğumuz Allaha həmd etməyimizə əsas verir?
10 Artıq mövcudluğumuzun özü, Yeqovaya həmd etməyə əsas verir. Davud oxuyurdu: “[Yeqova] sənə şükr edərəm; çünki çox gözəl və valehedici surətdə yaradılmışam; işlərin heyrətləndiricidir; və canım bunu çox yaxşı bilir” (Məzmur 139:14). Bəli, doğrudan da “valehedici surətdə yaradılmışıq” və biz görmə, eşitmə, düşünmə qabiliyyəti kimi qiymətli bəxşişlərə malikik. Məgər bu bizi, Yaradanımızı izzətləndirəcək tərzdə yaşamağa təşviq etmirmi? Pavel, “beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə hər şeyi Allahın izzəti üçün edin” deyərkən, məhz bunu nəzərdə tuturdu (1 Korinflilərə 10:31).
11 Əgər biz Yeqovanı həqiqətən də seviriksə, hər şeyi Onun izzəti üçün edəcəyik. “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev” əmrini İsa birinci əmr adlandırdı (Mark 12:30; Təsniyə 6:5). Biz, heç bir şübhə olmadan Yeqovanı sevməli, Ona Yaradanımız və “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə” Verənimiz kimi həmd etməliyik (Yaqub 1:17; İşaya 51:13; Həvarilərin işləri 17:28). Bunu etməyimiz münasibdir, çünki idrakı, ruhani keyfiyyəti, fiziki qüvvəni — bütün iste’dad və qabiliyyətləri bizə Yeqova verib. Buna görə də, Yaradanımız kimi, O, bizim məhəbbət və həmdimizə layiqdir.
12. Yeqovanın möhtəşəm işləri və Məzmur 40:5-ci ayəsindəki sözlər sizdə hansı hissləri oyadır?
12 Yeqovanın möhtəşəm işləri bizə, Onu sevməyə və izzətləndirməyə saysız-hesabsız əsaslar verir! Davud oxuyurdu: “Ya Rəbb Allahım, yaratdığın xariqələr və bizim üçün düşüncələrin çoxdur; sənə bənzəyən yoxdur. Onları e’lan edib söyləmək istəsəm, saya gəlməz” (Məzmur 40:5). Davud Yeqovanın bütün valehedici işlərini saya bilmirdi, onları biz də saya bilmərik. Buna baxmayaraq, gəlin hər dəfə, diqqətimiz Allahın möhtəşəm işlərindən birinə yönələndə Ona həmd edək.
Allahın əzəli məqsədi ilə bağlı olan işlər
13. Ümidimiz hansı tərzdə Allahın möhtəşəm işləri ilə sıx bağlıdır?
13 Gələcəyə ümidimiz, Allahın əzəli məqsədinə aid olan həmin möhtəşəm və tə’rifəlayiq işlərlə sıx bağlıdır. Ədən bağındakı üsyandan sonra, Yeqova ümidverici ilk peyğəmbərliyi bildirdi. Allah, ilana hökm çıxararaq, dedi: “Səninlə qadın arasına və sənin zürriyyətinlə onun zürriyyəti arasına düşmənçilik qoyacağam; o sənin başını əzəcək və sən onun topuğunu çalacaqsan” (Təkvin 3:15). Yeqova, Ümumdünya tufanı ilə əxlaqsız dünyanı məhv etdiyi zaman möhtəşəm iş göstərərək Nuhu və ailəsini qoruyub saxladıqdan sonra da, və’d edilən Zürriyyətə bəslənən ümid sədaqətli insanların ürəyində yaşayırdı (2 Peter 2:5). İbrahim və Davud kimi adamlara verilən peyğəmbərlik və’dləri, Yeqovanın həmin Zürriyyət vasitəsilə həyata keçirəcəyi işlər haqqında daha çox öyrənməyə imkan verdi (Təkvin 22:15—18; 2 Samuel 7:12).
14. Yeqovanın bəşəriyyət naminə etdiyi möhtəşəm işlərindən biri nədən ibarətdir?
14 Yeqovanın bəşəriyyətin rifahı naminə etdiyi möhtəşəm işlərindən biri ondan ibarətdir ki, Özünün vahid Oğlunu — və’d edilən Zürriyyəti, İsa Məsihi — fidiyə qurbanı kimi verdi (Yəhya 3:16; Həvarilərin işləri 2:29—36). Fidiyə, Allahla barışmaq üçün bir təməl idi (Matta 20:28; Romalılara 5:11). Yeqova, Onunla barışan ilk insanları eramızın 33-cü ilinin Pentikost günündə təşkil olunan məsihçi yığıncağında birləşdirdi. Həmin şəxslər müqəddəs ruhun köməkliyi ilə xoş xəbəri hər yerdə təbliğ edirdilər. Onlar, İsanın ölməsi və dirilməsinin itaətkar insanlara, Allahın səmavi Padşahlığının rəhbərliyi altında əbədi xeyir-dualara nail olmağa imkan verdiyini izah edirdilər.
15. Bizim zəmanəmizdə Yeqova hansı valehedici işləri görür?
15 Bizim zəmanəmizdə Yeqova, məsh edilmiş məsihçilərin axırıncı üzvlərini toplamaqla mö’cüzəli işlər etmişdir. Məsihlə göylərdə hökmranlıq edəcək 144 000-dən olan şəxslərin möhürlənməsinin başa çatması üçün, indi məhvedici küləklər tutulur (Vəhy 7:1—4; 20:6). Yeqova qayğı göstərdi ki, məsh edilmiş məsihçilər yalan dinlərin dünya imperiyası olan “böyük Babilin” ruhani əsarətindən azad olunsun (Vəhy 17:1—5). 1919-cu ildə azad olunmaları və o vaxtdan bəri Allahın müdafiəsini hiss etmələri məsh edilmişlərə hansı imkanı verdi? Bu, iti sür’ətlə yaxınlaşmaqda olan “böyük məşəqqət” zamanı Yeqova, Şeytanın pis sistemini məhv etməzdən əvvəl, onların son şəhadətlik işində iştirak edərək “parıldamalarına” imkan verir (Matta 24:21; Daniel 12:3; Vəhy 7:14).
16. Padşahlıq haqqındakı müasir ümumdünya təbliğ işi sayəsində nə baş verir?
16 Yeqovanın məsh edilmiş Şahidləri, Padşahlıq haqqındakı ümumdünya təbliğ işinə dair rəhbərliyi ciddi-cəhdlə öz üzərlərinə götürdülər. Bunun sayəsində, Yeqovaya ibadət etməyə başlayan “başqa qoyunların” sayı bu gün get-gedə çoxalır (Yəhya 10:16). Biz şadıq ki, Yeqovaya həmd etmək üçün yer üzündəki həlim insanların bizə qoşulmağa hələ də fürsətləri var. “Gəl!” də’vətini qəbul edən şəxslər böyük məşəqqət zamanı qorunacaq və bunun nəticəsində Yeqovaya əbədiyyən həmd edə biləcəklər (Vəhy 22:17).
Minlərlə insanlar həqiqi ibadətə axışırlar
17. a) Təbliğ fəaliyyətimizlə əlaqədar Yeqova hansı möhtəşəm işləri görür? b) Zəkarya 8:23 ayəsindəki sözlər necə yerinə yetir?
17 İndi Yeqova, bizim təbliğ fəaliyyətimizlə əlaqədar valehedici və tə’rifəlayiq işlər görür (Mark 13:10). O, son illərdə “böyük və fəaliyyət üçün geniş qapı” açıbdır (1 Korinflilərə 16:9). O, həqiqətin düşmənlərinin əvvəllər maneçilik törətdikləri geniş ərazilərdə xoş xəbərin e’lan olunmasını mümkün etdi. Bu vaxta qədər ruhani zülmətdə yaşayanların çoxu, Yeqovaya ibadət etmək də’vətini qəbul edir və onların üzərində bu peyğəmbərlik sözləri yerinə yetir: “Orduların Rəbbi belə deyir: O günlərdə millətlərin hər çeşid dillərindən on adam bir Yəhudinin ətəyinə yapışacaqlar və: “Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik” deyərək yapışacaqlar” (Zəkarya 8:23). On nəfərin müraciət etdiyi şəxslər ruhani yəhudilərin, yə’ni müasir zəmanədəki məsh edilmiş məsihçilərin qalığıdır. On rəqəmi yer üzündə nəyinsə tamlığının rəmzi olduğu üçün, “on adam” — “Allahın İsraili” ilə birləşən və “tək sürü” əmələ gətirən “böyük izdihamı” təmsil edir (Vəhy 7:9, 10; Qalatiyalılara 6:16). Bu qədər insanların birlikdə Yeqova Allaha müqəddəs xidməti icra etdiklərini görmək necə də fərəhlidir!
18, 19. Yeqovanın təbliğ fəaliyyətinə xeyir-dua verməsi nədən görünür?
18 Yalan dinin böyük tə’siri olan, hətta heç kimsənin xoş xəbəri qəbul etməyəcəyi zənn edilən ölkələrdə on minlərlə — yüz minlərlə insanların həqiqətin tərəfinə keçdiyini görüb necə sevinməyəsən. Bu il nəşr olunan “Yeqovanın Şahidlərinin salnaməsi”nə baxın və Padşahlıq təbliğçilərinin sayının yüz mindən təxminən milyona qədər çatan ölkələrə diqqət yetirin. Bu, inandırıcı surətdə təsdiq edir ki, Yeqova Padşahlıq haqqındakı təbliğ işinə xeyir-dua verir (Süleymanın məsəlləri 10:22).
19 Yeqovanın xalqı olan bizlər, səmavi Atamıza ona görə həmd edib, minnətdarlıq bildiririk ki, O, həyatımıza həqiqi mə’na verib, bizə sevinc, məmnunluq gətirən xidməti həvalə edib və gələcəyə nikbinliklə baxmağımıza əsas verib. Biz, Allahın bütün və’dlərinin yerinə yetməsini səbirsizliklə gözləyir və əbədi həyata ümid bəsləyərək, özümüzü “Allahın məhəbbətində” saxlamağa qəti qərarlıyıq (Yəhuda 20, 21). Allaha həmd edən böyük izdihamın sayının indi təxminən 6 000 000 nəfər olması necə də sevindiricidir! Yeqovanın açıq-aşkar xeyir-duası sayəsində, məsh edilmişlərin qalığı başqa qoyunlar sırasından olan yoldaşları ilə birlikdə 235 ölkədə 91 000 yığıncaq təşkil ediblər! Biz hamımız, “sadiq və ağıllı qul”un daimi zəhməti sayəsində dəyərli tərzdə ruhən qidalanırıq (Matta 24:45). İnkişaf edən teokratik təşkilat, Yeqovanın Şahidlərinin 110 filialı vasitəsilə Padşahlıq işinə qayğıkeşliklə rəhbərlik göstərir. Biz Yeqovaya minnətdarıq ki, insanların qəlbini öz əmlakları ilə Ona “ehtiram etməyə” təşviq edir (Süleymanın məsəlləri 3:9, 10). Bunun sayəsində ümumdünya təbliğ işimiz davam edir, lazım gələndə isə, çapxanalar, Beyt-ellər, missioner evləri, Padşahlıq və konqres Zalları tikilir.
20. Yeqovanın möhtəşəm və tə’rifəlayiq işləri üzərində dərindən düşünmək bizi nəyə təşviq etməlidir?
20 Səmavi Atamızın möhtəşəm və tə’rifəlayiq işlərinin hamısını sadalamaq mümkün deyil. Axı səmimi qəlbli insan Yeqovaya həmd edən izdihama necə qoşulmasın?! Qoy Yeqovanı sevənlərin hamısı sevinclə nida etsinlər: “Rəbbə [“Yeqovaya”, YD] həmd edin. Rəbbə göylərdən həmd edin; ona yüksəklikdə həmd edin. Ey bütün mələkləri, ona həmd edin... Gənc igidlər və qızlar; ixtiyarlar və körpələr; Rəbbin isminə həmd etsinlər; çünki yalnız onun ismi yüksəlmişdir; onun calalı yerin və göylərin üstündədir” (Məzmur 148:1, 2, 12, 13). Gəlin, möhtəşəm işlərinə görə Yeqovaya həm indi, həm də əbədiyyən həmd edək!
Siz necə cavab verərdiniz?
• Yeqovanın tə’rifəlayiq işlərindən bə’ziləri hansılardır?
• Sizi Yeqovaya həmd etməyə təşviq edən səbəblər hansılardır?
• Bizim ümidimiz Allahın möhtəşəm işləri ilə necə bağlıdır?
• Padşahlıq haqqındakı təbliğ işi ilə əlaqədar Yeqova tə’rifəlayiq hansı işləri görür?
[6-cı səhifədəki şəkil]
Başqaları ilə birlikdə nəğmə oxuyaraq, Yeqovaya ürəkdən həmd edirsinizmi?
[9-cu səhifədəki şəkillər]
Yeqovaya həmd etməkdə həlim insanların bizə qoşulmağa hələ də fürsətləri olduğuna biz necə də şadıq.