Sizə “həqiqət ruhu” verilibmi?
“Atadan xahiş edəcəyəm... sizə başqa bir Təsəlliverici versin. Bu, həqiqət Ruhudur” (YƏHYA 14:16, 17).
1. Şagirdləri ilə axırıncı saatlar ərzində üst otaqda olarkən, İsa Məsih onlara hansı vacib mə’lumatı verdi?
“YA RƏBB, hara gedirsən?” Bu sual, Yerusəlimdə üst otaqda olarkən həvariləri ilə keçirdiyi sonuncu saatlar ərzində onların İsa Məsihə verdikləri suallardan biri idi (Yəhya 13:36). Həmin görüş zamanı İsa həvarilərinə bildirdi ki, onlardan ayrılmalı və Atasının yanına qayıtmalıdır (Yəhya 14:28; 16:28). O, bir insan kimi artıq onlarla yaşamayacaq, onlara göstəriş və suallarına şəxsən cavab verməyəcəkdir. Lakin onları əmin etdi: “Mən... Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici versin” (Yəhya 14:16).
2. İsa, gedişindən sonra şagirdlərinə nə göndərəcəyini və’d etdi?
2 İsa, həmin təsəllivericinin nə olduğunu və onun şagirdlərə necə kömək edəcəyini izah edib, dedi: “Başlanğıcdan sizə bu şeyləri söyləmədim, çünki sizinlə bərabər idim. İndi isə Məni Göndərənin yanına gedirəm... Mənim getməyim sizin üçün xeyirlidir; çünki Mən getməsəm, Təsəlliveriçi sizin yanınıza gəlməz; amma gedərəmsə, Onu sizə göndərərəm. O, yə’ni həqiqət Ruhu gəldikdə, sizə hər həqiqətə yol göstərəcək” (Yəhya 16:4, 5, 7, 13).
3. a) “Həqiqət Ruhu” ilk məsihçilərə nə zaman göndərilmişdi? b) Ruhun şagirdlər üçün “Təsəlliverici” rolunu oynadığına dair nümunə gətirin.
3 Bu və’d, eramızın 33-cü ilinin Pentikost günü yerinə yetdi və həvari Peter buna şəhadət etdi: “Bu İsanı Allah diriltdi. Biz hamımız bunun şahidləriyik. Beləliklə, O, Allahın sağ əli ilə yüksəldilərək, Ata tərəfindən və’d edilmiş Müqəddəs Ruhu aldı və sizin indi gördüyünüz və eşitdiyiniz kimi, bu Ruhu üzərimizə tökdü” (Həvarilərin işləri 2:32, 33). Sonradan görəcəyimiz kimi, Pentikost günündə tökülən müqəddəs ruh ilk məsihçilər üçün çox şeydə faydalı oldu. Amma İsa və’d etdi ki, “həqiqət Ruhu” onlara “hər şeyi öyrədəcək” və Rəbbin söylədiyi “hər şeyi... xatırladacaqdır” (Yəhya 14:26). “Həqiqət Ruhu” onlara, İsanın etdiklərini və tə’limlərini, həmçinin sözlərini dəqiq yadda saxlamağa, sonra isə təfsilatı ilə yazmağa kömək etdi. Bu xüsusən də, öz Müjdəsini birinci əsrin sonunda yazan yaşı ötmüş həvari Yəhyaya kömək etdi. Yəhyanın yazdığı Müjdədə, öz ölümünün Xatirə Gecəsini qeyd edərkən İsa Məsihin verdiyi dəyərli məsləhətlər var (Yəhya 13-17-ci fəsillər).
4. “Həqiqət Ruhu” məsh edilmiş ilk məsihçilərə necə kömək edirdi?
4 İsa Məsih həmçinin ilk şagirdlərinə və’d etdi ki, bu ruh onlara “hər şeyi öyrədəcək” və “hər həqiqətə yol göstərəcək”. Həmin ruh onlara, Müqəddəs Yazıları dərk etməyə, fikirdə, anlayışda və məqsədlərdə vəhdəti qoruyub saxlamağa kömək etdi (1 Korinflilərə 2:10; Efeslilərə 4:3). Bununla da müqəddəs ruh ilk məsihçiləri təşviq etdi ki, onlar, ayrı-ayrılıqda məsh edilmişlərə ruhani qidanı “vaxtlı-vaxtında” təqdim edərək, “sadiq və ağıllı qul” rolunda fəaliyyət göstərsinlər (Matta 24:45).
Ruh şəhadət edir
5. a) Eramızın 33-cü ilinin 14 nisan axşamında İsa Məsih şagirdləri qarşısında hansı yeni imkanı açdı? b) İsanın verdiyi və’din yerinə yetməsində müqəddəs ruh hansı rolu oynayır?
5 İsa Məsih b. e. 33-cü ilinin 14 nisan axşamı şagirdlərinə bildirdi ki, onları sonradan öz yanına qəbul edəcək və onlar göydə onunla və Atası ilə yaşayacaqlar. İsa dedi: “Atamın evində çox otaqlar vardır; elə olmasaydı, sizə deyərdim. Çünki sizə yer hazırlamağa gedirəm. Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya 13:36; 14:2, 3). Onlar İsanın Padşahlığında onunla birlikdə idarə edəcəklər (Luka 22:28-30). Göylərdə yaşamaq ümidinə malik olmaq üçün, onlar Allahın ruhani oğulları kimi “Ruhdan doğulmalı”, orada Məsihlə padşahlar və kahinlər kimi xidmət etmək üçün isə məsh edilməli idilər (Yəhya 3:5-8; 2 Korinflilərə 1:21, 22; Titusa 3:5-7; 1 Peter 1:3, 4; Vəhy 20:6).
6. a) “Səmavi də’vət” nə zaman başlandı və neçə nəfər də’vət olunmalı idi? b) Də’vət edilənlər nəyə vəftiz olundular?
6 Bu “səmavi də’vət” eramızın 33-cü ilinin Pentikost günündə başladı və ehtimal ki, əsas e’tibarilə 1930-cu illərin ortalarında başa çatdı (İbranilərə 3:1). Müqəddəs ruhla möhürlənmiş ruhani İsrailin sayı, “yer üzündən satın alınmış” 144 000 nəfərdir (Vəhy 7:4; 14:1-4). Onlar Məsihin ruhani bədəninə, onun yığıncağına, eləcə də ölümünə vəftiz olunublar (Romalılara 6:3; 1 Korinflilərə 12:12, 13, 27; Efeslilərə 1:22, 23). Onlar, suda vəftiz olunduqdan və müqəddəs ruhla məsh edildikdən sonra, ölənə qədər nöqsansızlıqlarını qoruyaraq, fədakarlıq yoluna qədəm qoydular (Romalılara 6:4, 5).
7. İsa Məsihin ölümünün Xatirə Gecəsində simvollardan nəyə görə yalnız məsh edilmişlər qəbul edə bilərlər?
7 Məsh edilmiş bu məsihçilər, yə’ni ruhani İsrailin üzvləri, Yehova ilə “Allahın İsraili” arasında kəsilən yeni əhdə daxildirlər (Qalatiyalılara 6:16; Yeremya 31:31-34). Yeni əhd Məsihin tökülən qanı ilə təsdiqlənmişdi. Bu barədə, İsa ölümünün Xatirə Gecəsini tə’sis edərkən xatırlatmışdı. Luka yazır: “Sonra çörək götürdü, şükür edib onu parçaladı və onlara verərək dedi: “Bu, sizin üçün fəda edilən bədənimdir; bunu Məni anmaq üçün edin”. Eləcə də, axşam yeməyindən sonra, bir kasanı götürüb dedi: Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir” (Luka 22:19, 20). İsa Məsihin ölümünün Xatirə Gecəsində verilən çörək və şərab simvollarından qəbul etmək ixtiyarına yalnız 144 000-dən yer üzündə qalanlar malikdirlər.
8. Məsh edilmişlər səmavi də’vətə malik olduqlarını haradan bilirlər?
8 Məsh edilmiş məsihçilər səmavi də’vətə malik olduqlarını haradan bilirlər? Müqəddəs ruh bu haqda onlara dəqiq şəhadət edir. Həvari Pavel məsh edilmiş qardaşlarına yazırdı: “Allahın Ruhu ilə idarə olunanların hamısı Allahın oğullarıdır. [...] Elə həmin Ruh bizdəki ruha şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, eyni zamanda varislərik, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik” (Romalılara 8:14-17). Ruhun bu şəhadəti çox güclüdür. Buna görə də, əgər kim isə səmavi də’vətə malik olduğuna az da olsa şübhə edirsə, müdrikliklə nəticə çıxaracaqdır ki, onun belə bir də’vəti yoxdur və Rəbbin Xatirə Gecəsində simvollardan qəbul etməkdən çəkinəcəkdir.
Müqəddəs ruh və başqa qoyunlar
9. Yazılan Müjdələrdə və “Vəhy” kitabında hansı iki qrup insanlar xatırlanır?
9 Ruhani İsraili təşkil edən də’vətli məsihçilərin sayı məhdud olduğundan, İsa Məsih onları “kiçik sürü” adlandırdı; onlara, yeni əhdin “ağılına” girməyə icazə verilmişdir. “Kiçik sürüdən” fərqli olaraq, yığılacaq “başqa qoyunların” sayı göstərilmir (Luka 12:32; Yəhya 10:16). Sonun vaxtında yığılmağa davam edən “başqa qoyunlar”, yer üzündə cənnətdə əbədi yaşamaq ümidilə “böyük məşəqqətdən” sağ çıxacaq “böyük... izdihamı” təşkil edirlər. Maraqlıdır ki, birinci əsrin sonunda Yəhyaya verilən vəhydə, böyük izdiham və ruhani İsrailin 144 000 üzvü iki müxtəlif qrupu təsvir edilir (Vəhy 7:4, 9, 14). Başqa qoyunlara da müqəddəs ruh verilirmi? Əgər verilirsə, bu ruh onların həyatına necə tə’sir göstərir?
10. Başqa qoyunların “Ata, Oğul və Müqəddəs Ruh naminə” vəftiz olunmaları hansı mə’nanı daşıyır?
10 Müqəddəs ruh başqa qoyunların həyatında vacib rol oynayır. Onlar, “Ata, Oğul və Müqəddəs Ruh naminə” vəftiz olunmaqla özlərini Yehovaya həsr edirlər (Matta 28:19). Bu insanlar Yehovanın Ali hökmranlığını qəbul edir, Məsihə öz Padşahları və Xilaskarları kimi tabe olur, həmçinin Allahın müqəddəs ruhunun - fəal qüvvəsinin rəhbərliyinə tabe olurlar. Onlar günü-gündən “ruhun səmərəsini”, yə’ni “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar (Qalatiyalılara 5:22, 23).
11, 12. a) Məsh edilmiş məsihçilər hansı xüsusi tərzdə təqdis olunublar? b) Başqa qoyunlar necə təqdis, yə’ni müqəddəs olurlar?
11 Başqa qoyunlar da yol verməlidirlər ki, Allahın Kəlamı və müqəddəs ruhu onları saflaşdırsın, yə’ni təqdis etsin. Məsh edilmişlər artıq xüsusi tərzdə təqdis olunublar, çünki onlar, Məsihin gəlini olaraq, saleh və müqəddəs e’lan ediliblər (Yəhya 17:17; 1 Korinflilərə 6:11; Efeslilərə 5:23-27). Daniel peyğəmbər onları “Uca Olanın müqəddəsləri” - “insan oğlu” İsa Məsihin rəhbərliyi altındakı Padşahlığı miras alanlar adlandırır (Daniel 7:13, 14, 18, 27). Hələ qədimdə, Musa ilə Harunun vasitəsilə Yehova İsrail xalqına bəyan etmişdi: “Allahınız Rəbb mənəm; və özünüzü təqdis edin və müqəddəs olun; çünki mən müqəddəsəm” (Levililər 11:44).
12 “Təqdis etmək” sözünün əsas mə’nası, “kimi və ya nəyi isə müqəddəs etmək, Yehova Allaha xidmət etmək üçün ayırmaq; müqəddəs, saf və ya pak vəziyyətə gətirmək” deməkdir. 1938-ci ildə “Gözətçi Qülləsi” jurnalında yazılırdı ki, “Yonadab”, yə’ni başqa qoyunlar “anlamalıdır ki, böyük izdihama daxil olmaq və yer üzündə yaşamaq istəyən hər bir kəsdən özünü Allaha həsr etmək və təqdis olunmaq tələb olunur”. Böyük izdihamı təsvir edən “Vəhy” kitabına əsasən, həmin insanlar “libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar” və “Onun [Yehova Allahın] mə’bədində gecə-gündüz Ona xidmət edirlər” (Vəhy 7:9, 14, 15). Allahın müqəddəslik tələblərinə müvafiq olmaq üçün, başqa qoyunlar müqəddəs ruhun köməyi ilə əllərindən gələni edirlər (2 Korinflilərə 7:1).
Məsihin qardaşlarına xeyirxahlıq etmək
13, 14. a) İsanın söylədiyi qoyunlar və keçilər məsəlinə əsasən, qoyunların xilası nədən asılıdır? b) Sonun vaxtında başqa qoyunlar Məsihin qardaşlarına necə yaxşılıq edirlər?
13 “Dövrün sonu” haqqındakı peyğəmbərliyə aid olan qoyunlar və keçilər məsəlində İsa Məsih qeyd etdi ki, başqa qoyunlar ilə kiçik sürü arasında qırılmaz tellər mövcuddur. Bu məsəldə Məsih aydın surətdə göstərdi ki, başqa qoyunların xilası, İsanın “qardaşlarım” adlandırdığı məsh edilmişlərə olan münasibətlərindən asılıdır. O dedi: “Padşah, sağındakılara deyəcəkdir: “Ey sizlər, Atamın mübarəkləri, gəlin, dünya yarandıqdan bəri sizin üçün hazırlanmış olan Padşahlığı miras alın...” Doğrusun sizə deyirəm: Madam ki, bunu ən kiçik qardaşlarımdan birinə etdiniz, Mənə etmiş oldunuz” (Matta 24:3; 25:31-34 İ-93, 40).
14 “Bunu... etdiniz” ifadəsi, Məsihin ruhdan doğulmuş qardaşlarına məhəbbətlə göstərilən köməyə işarə edir. Şeytanın rəhbərliyi altında olan dünya isə, Məsihin qardaşlarına bir yad kimi yanaşır, hətta onlardan bə’zilərini həbsxanalara salır. Məsihin qardaşları qidaya, paltara və səhhətləri üçün qayğı göstərilməsinə ehtiyac duyurlar (Matta 25:35, 36). Sonun vaxtında, məsh edilmiş qardaşlardan bir çoxunun 1914-cü ildən bəri bu cür ehtiyacları olmuşdur. Yehovanın Şahidlərinin müasir tarixi göstərir ki, məsh edilmişlərin həmkarları olan başqa qoyunlar, Allahın müqəddəs ruhu ilə hərəkətə gətirilərək, onlara həmişə dəstək olmuşlar.
15, 16. a) Başqa qoyunlar yer üzündəki məsh edilmiş qardaşlarına fəaliyyətin hansı növündə xüsusi köməklik göstərirlər? b) Məsh edilmişlər başqa qoyunlara öz minnətdarlıqlarını necə bildirirlər?
15 Sonun vaxtında başqa qoyunlar, Allahın verdiyi “Padşahlıq haqqında olan” xoş xəbəri “millətlərin hamısına şəhadət olaraq bütün dünyada” təbliğ etmək tapşırığının yerinə yetirilməsində Məsihin qardaşlarına xüsusi fəallıqla kömək edirlər (Matta 24:14, İ-93; Yəhya 14:12). Məsh edilmiş məsihçilərin sayı get-gedə azalır, başqa qoyunların sayı isə çoxalır - artıq bir neçə milyona çatıb. Onlardan minlərlə məsihçilər, Padşahlıq haqqındakı xoş xəbəri “dünyanın ən uzaq yerlərinə qədər” yayaraq, tammüddətli təbliğçilər - pioner və missionerlər kimi xidmət edirlər (Həvarilərin işləri 1:8). Başqaları isə təbliğ işində bacardıqları qədər iştirak edir və bu vacib işə maddi cəhətdən köməklik göstərirlər.
16 İsanın məsh edilmiş qardaşları öz yoldaşlarının - başqa qoyunların bu cür e’tibarlı köməyini necə də yüksək qiymətləndirirlər! Məsh edilmişlərin hiss-duyğuları, 1986-cı ildə sadiq və ağıllı qul tərəfindən nəşr edilmiş “Sülh Rəisi”nin rəhbərliyi altında ümumdünya təhlükəsizliyi” kitabında (ing.) aydınca əks olunur. Həmin kitabda deyilir: “İsanın, indiki sistemin sona çatacağı haqda dediyi peyğəmbərlik, İkinci dünya müharibəsi dövründən əsas e’tibarı ilə “başqa qoyunlardan” ibarət olan “böyük izdihamın” icra etdiyi iş sayəsində yerinə yetir... Buna görə də biz, [İsanın] Matta 24:14 ayəsində olan peyğəmbərliyinin həyata keçirilməsində oynadığı son dərəcə qiymətli rola görə beynəlxalq çoxdilli “böyük izdihama” çox sağ ol deyirik!”(“Worldwide Security Under the “Prince of Peace”).
“Bizsiz kamala çatmasınlar”
17. Allahın qədimdə yaşamış və yer üzündə dirildiləcək sadiq xidmətçiləri hansı mə’nada məsh edilmişlərin iştirakı olmadan “kamala çatmayacaqlar”?
17 Məsh edilmişlərdən biri olan həvari Pavel, Məsihdən qabaq yer üzündə yaşayan sadiq kişi və qadınlar haqqında yazırdı: “Onların hamısı iman sayəsində müsbət şəhadət aldıqları halda, və’d edilənə nail olmadılar; çünki Allah bizim [məsh edilmişlər] üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamala çatmasınlar” (İbranilərə 11:35, 39, 40). Minillik Padşahlıq zamanı Məsih və onun 144 000 məsh edilmiş qardaşları, fidiyə qurbanlığının xeyir-dualarını yer üzünə tökərək, göydə padşahlar və kahinlər kimi fəaliyyət göstərəcəklər. Nəticədə, başqa qoyunlar bədən və zehni cəhətdən “kamala çatacaqlar” (Vəhy 22:1, 2).
18. a) Müqəddəs Kitaba əsaslanan faktlar, başqa qoyunların nəyi anlamalarına kömək edir? b) Başqa qoyunlar, “Allahın oğullarının zühurunu” gözləyərək nəyə ümid edirlər?
18 Başqa qoyunlar, Yunanca Müqəddəs Yazılarda Məsihə və onun məsh edilmiş qardaşlarına, həmçinin Yehovanın niyyətinin yerinə yetməsində oynadıqları əsas rola nəyə görə bu qədər çox diqqət yetirildiyini aydın dərk etməlidirlər. Başqa qoyunlar bunu anladıqda, məsh edilmişlərə, yə’ni “sadiq və ağıllı qula” hər cür kömək göstərməyi şərəf sanırlar, həmçinin Har-Megidonda və Məsihin Minillik Padşahlığında “Allahın oğullarının zühurunu” gözləyirlər. Başqa qoyunlar ümid edirlər ki, “çürüklüyə olan köləlikdən azad olunub Allahın övladlarının izzətli azadlığına” qovuşacaqlar (Romalılara 8:19-21).
Rəbbin ölümünün Xatirə Gecəsində ruhun vəhdəti
19. “Həqiqət Ruhu” məsh edilmişlərə və onların həmkarları olan başqa qoyunlara necə tə’sir göstərdi və onlar martın 28-də xüsusi vəhdəti necə təzahür etdirəcəklər?
19 Eramızın 33-cü ilinin 14 nisan gecəsində İsa Məsih yekun duasında dedi: “Xahiş edirəm ki, hamısı bir olsun; necə ki, ey Ata, Sən Məndəsən və Mən də Səndəyəm, onlar da Bizdə olsunlar ki, Məni Sən göndərdiyinə dünya iman etsin” (Yəhya 17:20, 21). Məhəbbətdən irəli gələrək, Allah Oğlunu göndərdi ki, o öz həyatını məsh edilmişlərin və itaətkar bəşəriyyətin xilası üçün versin (1 Yəhya 2:2). “Həqiqət Ruhu” Məsihin qardaşlarını və onların həmkarları olan başqa qoyunları birləşdirdi. Martın 28-də günəşin batmasından sonra məsh edilmişlər və başqa qoyunlar, Məsihin ölümünün Xatirə Gecəsini qeyd etmək və Yehovanın öz sevimli Oğlu İsa Məsihi qurban verməklə onlara etdiyi hər şeyi bir daha xatırlamaq üçün bir yerə toplaşacaqlar. Qoy bu görüşdə iştirak etmək onların vəhdətini və Allahın iradəsini icra etmək qətiyyətlərini möhkəmləndirsin, həmçinin Yehovanın sevdiyi kəslər arasında olmaqdan sevinc duyduqlarını göstərsin.
Təkrar üçün suallar
• “Həqiqət Ruhu” ilk məsihçilərə nə zaman göndərildi və bu ruh hansı mə’nada onların təsəllivericisi oldu?
• Səmavi də’vətə malik olduqlarını məsh edilmişlər haradan bilirlər?
• Allahın ruhu başqa qoyunlara hansı tərzdə tə’sir göstərir?
• Başqa qoyunlar Məsihin qardaşlarına necə xeyirxahlıq edirlər və nəyə görə onlar məsh edilmişlərin iştirakı olmadan “kamala çatmayacaqlar?
[11-ci səhifədəki şəkil]
“Həqiqət Ruhu” Məsihin şagirdlərinin üzərinə b. e. 33-cü ilində töküldü.
[13-cü səhifədəki şəkillər]
Başqa qoyunlar, Allahın təbliğ etmək tapşırığını yerinə yetirməkdə Məsihin qardaşlarına kömək etməklə onlara xeyirxahlıq göstərirlər.