Yehovanın inayəti bizə fayda gətirir
“Kim hikmətlidirsə... Rəbbin inayətlərini dərk edər” (MƏZMUR 107:43).
1. “İnayət” kimi tərcümə olunan ibrani sözünə Müqəddəs Kitabda ilk dəfə harada rast gəlinir və biz hansı sualları nəzərdən keçirəcəyik?
TƏXMİNƏN 4 000 il bundan əvvəl İbrahimin qardaşı oğlu Lut Yehovaya demişdi: “Xeyirxahlığını [inayətini] çoxaltdın” (Yaradılış 19:19, MKŞ). Müqəddəs Kitabda “inayət” sözü ilk dəfə burada xatırlanır və İbranicə Müqəddəs Yazıların orijinal mətnində bu sözə 250 dəfə rast gəlinir. Yaqub, Naomi, Davud və Allahın başqa xidmətçiləri də Yehovanın bu xüsusiyyəti haqqında danışırdılar (Təkvin 32:10; Rut 1:8; 2 Samuel 2:6). Bəs Yehovanın inayəti nə deməkdir? O, bu xüsusiyyəti keçmişdə kimlərə göstərirdi? Və biz bundan necə faydalana bilərik?
2. Nəzərdən keçirdiyimiz ibrani sözünün mə’nasını müəyyən etmək nəyə görə çətindir və onu necə tərcümə etmək olar?
2 Müqəddəs Kitabda “inayət” kimi tərcümə edilən ibrani sözü o qədər çoxmə’nalıdır ki, əksər dillərdə onun dəqiq ekvivalentini tapmaq mümkün deyil. “Məhəbbət”, “mərhəmət” və “sədaqət” kimi tərcümə edilən variantlar həmin sözün geniş mə’nasını sona qədər əhatə edə bilmir. “Kitabı Mukaddes”də istifadə olunan “inayət” sözü, nəzərdən keçirdiyimiz ibrani sözünə mə’na baxımından daha yaxındır (Çıxış 15:13; Məzmur 5:7). Bu sözün digər tərcüməsi “dəyişməz məhəbbətdir”.
İnayət, məhəbbət və sədaqətdən nə ilə fərqlənir?
3. Müqəddəs Kitabda “inayət” adlanan xüsusiyyət məhəbbətdən nə ilə fərqlənir?
3 Müqəddəs Kitabda “inayət” adlanan xüsusiyyət məhəbbət və sədaqətlə sıx bağlıdır. Buna baxmayaraq, bu xüsusiyyət onlardan əhəmiyyətli dərəcədə fərqlənir. Gəlin, inayət ilə məhəbbətin fərqini nəzərdən keçirək? Əşyanı və ya müəyyən bir anlayışı sevmək olar. Müqəddəs Kitabda “şərab və yağ”ı sevənlər və “hikməti” sevənlər xatırlanır (Süleymanın məsəlləri 21:17; 29:3). İnayət isə anlayışa və ya cansız əşyalara deyil, məhz insanlara göstərilir. Məsələn, Çıxış 20:6 ayəsində Yehovanın “minlərcəsinə inayət edən” olduğunu göstərən sözlər altında, sözsüz ki, insanlar nəzərdə tutulur.
4. “İnayət” kimi tərcümə olunan ibrani sözünün mə’nası “sədaqət” sözündən nə ilə fərqlənir?
4 “İnayət” kimi tərcümə olunan ibrani sözünün mə’nasını “sədaqət” sözünün köməyi ilə də tam çatdırmaq mümkün deyil. Bu söz bə’zi dillərdə çox vaxt aşağı təbəqənin yuxarı təbəqəyə münasibətini təsvir etmək üçün istifadə olunur. Amma bir tədqiqatçının qeyd etdiyinə görə, Müqəddəs Kitabda istifadə olunan bu söz, “çox vaxt əks mə’na daşıyır: hakimiyyət sahibi olan şəxs, aşağı təbəqəyə, zəifə və ya köməyə ehtiyac duyan insana sədaqət göstərir”. Buna görə də Davud padşah dua edirdi: “Üzünü qulunun üzərinə parlat; inayətinlə məni qurtar” (Məzmur 31:16). Burada Davud, zəif olduğuna və köməyə ehtiyac duyduğuna görə, hakimiyyət sahibi olan Yehovadan inayət göstərməsini diləyir. Belə hallarda inayət məcburi deyil, könüllü surətdə göstərilir, çünki güclü üzərində zəif insanın səlahiyyəti yoxdur.
5. a) Allahın Kəlamında Onun inayətinin hansı səciyyəvi xüsusiyyətləri göstərilir? b) Yehovanın inayətinin hansı cəhətlərini nəzərdən keçirəcəyik?
5 Məzmurçu oxuyurdu: “Kim hikmətlidirsə... Rəbbin inayətlərini dərk edər” (Məzmur 107:43). Yehovanın inayəti qurtuluş və xilasa gətirib çıxarır (Məzmur 6:4; 119:88, 159). Bu cür inayət bədbəxtlikdən qoruyur və xilas edir (Məzmur 31:16, 21; 40:11; 143:12). Bu xüsusiyyət sayəsində günahdan azad olmaq mümkündür (Məzmur 25:7). Müqəddəs Kitabdan bə’zi parçaları nəzərdən keçirməklə və əlavə ayələrə diqqət yetirməklə görəcəyik ki, Yehovanın inayəti 1) konkret işlərdə ifadə olunur, 2) Allaha sadiq olan insanlara göstərilir.
Xilas — inayətin təzahürüdür
6, 7. a) Yehova böyük inayətini Luta necə təzahür etdirdi? b) Yehovanın inayətini Lut nə zaman xatırlatdı?
6 Yehovanın inayətinin nə dərəcədə böyük olduğunu anlamağın ən yaxşı üsulu, ehtimal ki, Müqəddəs Kitabda bu xüsusiyyətin xatırlandığı parçaları nəzərdən keçirməkdir. “Təkvin” kitabının 14:1-16 ayələrindən bilirik ki, İbrahimin qardaşı oğlu Lut düşmən qoşunları tərəfindən əsir alınmışdır. İbrahim öz qardaşı oğlunu xilas etmişdir. Ancaq Yehova, Lutun ailəsi ilə yaşadığı pozğun Sodom şəhərini məhv etmək qərarına gəldikdə, Lutun həyatı yenidən təhlükə altına düşmüşdür (Təkvin 18:20-22; 19:12, 13).
7 Sodomun məhvindən bir qədər əvvəl Yehovanın mələkləri Lutu və ailəsini şəhərdən çıxardılar. O zaman Lut dedi: “Qulun sənin gözündə inayət tapdı və canımı yaşatmaqla mənə etdiyin lütfünü böyük etdin” (Təkvin 19:16, 19). Bununla da Lut, Yehovanın ona xüsusi inayət göstərdiyini e’tiraf etdi. Bu hadisədə Yehovanın inayəti özünü qurtuluş və xilasla büruzə verdi (2 Peter 2:7).
Yehovanın inayəti vəə rəhbərliyi
8, 9. a) İbrahim öz quluna hansı tapşırığı vermişdi? b) Qul Allahdan nəyə görə inayət istədi və dua edən vaxt nə baş verdi?
8 “Təkvin” kitabının 24-cü fəslində Allahın inayətinin başqa bir təzahürünü görürük. İbrahim oğlu İshaqa qız almaq üçün, quluna qohumları yaşayan diyara getməyi tapşırdı (2-4-cü ayələr). Bu tapşırıq çətin idi, amma İbrahim öz qulunu əmin edir ki, Yehovanın mələyi ona yol göstərəcək (7-ci ayə). Qul uzun yol qət edərək, “Naxorun yaşadığı” şəhərin (Xaran və ya onun yaxınlığındakı) su quyusunun yanında dayandı, elə həmin vaxt qadınlar quyudan su çəkməyə gəlirdilər (10, 11-ci ayələr). Yaxınlaşmaqda olan qadınları gördükdə qul anladı ki, səyahətinin həlledici anı çatıb. Bəs o, İshaq üçün qızı necə seçsin?
9 İbrahimin qulu Allahın köməyinə ehtiyac duyduğunu anlayaraq dua etdi: “Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq [inayət] göstər” (12-ci ayə, MKŞ). Yehova inayətini necə göstərməli idi? Qul Allahdan xahiş etdi ki, qadınlardan hansını seçdiyini müəyyən bir yolla göstərsin (13, 14-cü ayələr). Qızlardan biri məhz İbrahimin qulunun Yehovadan xahiş etdiyi kimi davrandı. Qız sanki onun duasını eşitmişdi! (15-20-ci ayələr). Qul heyrət içində “diqqətlə qıza baxırdı”. Lakin hələ bir neçə vacib təfsilatı öyrənmək lazım idi. Bu gözəl qız İbrahimin qohumlarından idimi? Hələ ərə getməyibmi? Buna görə də qul “sakit duraraq... Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini” gözləyirdi (16, 21-ci ayələr, MKŞ).
10. İbrahimin qulu nəyə görə elə qərara gəldi ki, Yehova onun ağasına inayət göstərmişdir?
10 Qız ona dedi: “Mən Milkanın Nahora [İbrahimin qardaşına] doğduğu Betuelin qızıyam” (Təkvin 11:26; 24:24). O zaman İbrahimin qulu, Yehovanın onun duasına cavab verdiyini anladı. Qəlbi minnətdarlıq hissi ilə dolan qul diz çöküb dedi: “Ağam İbrahimin Allahı Rəbbə şükür olsun ki, xeyirxahlığını [inayətini] və sədaqətini ağamdan əsirgəmədi; Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi” (27-ci ayə, MKŞ). Rəhbərlik etməklə Allah həmin qulun ağası İbrahimə inayət göstərdi.
Allahın inayəti bədbəxtliklərdən qoruyur və müdafiə edir
11, 12. a) Yusif Yehovanın inayətini hansı sınaqlar zamanı hiss etdi? b) Yehova inayətini Yusifə necə göstərdi?
11 İndi isə “Təkvin” kitabının 39-cu fəslini nəzərdən keçirək. Burada, İbrahimin Misirə qul kimi satılan nəticəsi Yusif haqqında bəhs olunur. Yaranmış vəziyyətə baxmayaraq, “Rəbb Yusiflə idi” (1, 2-ci ayələr). Hətta Yusifin misirli ağası Potifər də Yehovanın Yusiflə olduğu qərarına gəlmişdi (3-cü ayə). Lakin Yusif çox ağır bir sınaqla qarşılaşdı. O, yalandan Potifərin arvadını zorlamaqda ittiham edilmiş və zindana salınmışdı (7-20-ci ayələr). Zindanda onun “ayaqlarını buxovla incitdilər; onu dəmirə vurdular” (Təkvin 40:15; Məzmur 105:18).
12 Yusif üçün çətin olan bu dövrdə vəziyyət necə dəyişdi? “Rəbb Yusiflə idi və ona inayət göstərdi” (ayə 21a). Yehovanın inayəti sayəsində baş verən bir sıra hadisələr nəticəsində Yusif bədbəxtlikdən qurtardı. Məsələn, Yehova “zindan müdirinin gözündə ona [Yusifə] lütf verdi” (ayə 21b). Müdir onu məs’uliyyətli vəzifəyə tə’yin etdi (22-ci ayə). Yusif orada bir nəfərlə tanış oldu; sonralar həmin adam onun haqqında Misir valisi fir’ona danışdı (Təkvin 40:1-4, 9-15; 41:9-14). Fir’on Yusifi Misirin ikinci valisi tə’yin etdi. Yusif ərzaq məhsullarının paylanması işini təşkil etməklə, aclıq illərində misirliləri ölümdən xilas etdi (Təkvin 41:37-55). Yusifin əziyyətləri 17 yaşında ikən başlamış və 12 ildən artıq davam etmişdir! (Təkvin 37:2, 4; 41:46). Lakin bədbəxtlik və əziyyət dolu bu illərdə Yehova Allah Yusifi ölümdən qurtarıb, öz niyyətində üstün rolu həvalə etdiyi kəs kimi qorumaqla, ona inayət göstərdi.
Allahın inayəti dəyişməzdir
13. a) Məzmurun 136-cı fəslində Yehovanın inayətinin hansı təzahürləri haqqında oxuyuruq? b) İnayət nə deməkdir?
13 Yehova israillilərə ümumilikdə dəfələrlə inayət göstərmişdir. Məzmurun 136-cı fəslində nəql olunur ki, Allah öz inayəti sayəsində onları xilas etmiş (10-15-ci ayələr), rəhbərlik vermiş (16-cı ayə) və müdafiə etmişdir (17-20-ci ayələr). Allah ayrı-ayrı insanlarla da inayətlə davranmışdır. İnayət göstərən şəxs, başqalarının ehtiyaclarını könüllü surətdə ödəyir. Müqəddəs Kitaba dair bir arayış kitabçasında bu xüsusiyyət haqqında belə deyilir: “Bu xüsusiyyət, həyatı qoruyur, onun rifahına xidmət edir. Bədbəxt hadisəyə düşən, yaxud əziyyət çəkən insanı müdafiə edir”. Bir alimin fikrincə, bu xüsusiyyət “fəaliyyət göstərən məhəbbətdir”.
14, 15. Haradan bilirik ki, Lut Allahın sadiq xidmətçisi idi?
14 “Təkvin” kitabının nəzərdən keçirdiyimiz nümunələrindən görünür ki, Yehovanın inayəti Onu sevənlər üçün dəyişməzdir. Lut, İbrahim və Yusif müxtəlif şəraitlərdə yaşamış və cürbəcür çətinliklərlə qarşılaşmışlar. Qeyri-kamil olmalarına baxmayaraq, onlar Yehovanın sadiq xidmətçiləri idilər və bununla yanaşı, Onun köməyinə ehtiyac duyurdular. Səmavi Atamızın bu cür insanlara inayət göstərməsi necə də təsəllivericidir!
15 Hərdən Lut xoşagəlməz nəticələr verən ağılsız qərarlar qəbul edirdi (Təkvin 13:12, 13; 14:11, 12). Lakin onun tə’rifə layiq xüsusiyyətləri də vardı. Allahın iki mələyi Sodoma gələn zaman Lut onları qonaqpərvərliklə qarşıladı (Təkvin 19:1-3). Həmçinin o, kürəkənlərini şəhərin qaçılmaz məhvi haqqında xəbərdar etdi (Təkvin 19:14). 2 Peter 2:7-9 ayələrində Allahın Luta olan münasibəti barədə oxuyuruq: “Allah pozğun adamların səfahətə düşkün həyat tərzindən əziyyət çəkən saleh Lutu da xilas etdi. Çünki bu saleh, onların arasında yaşayaraq, onların haqsız işləri barəsində eşidib, bunları görürdü və öz saleh canına gündən-günə əzab verirdi. Belə ikən, Rəbb Ona ixlas edənləri imtahandan necə xilas etməyi... bilir”. Bəli, Lut saleh insan idi və bu ayələrdən göründüyü kimi, həm də Allaha sadiq idi. Əgər biz “müqəddəs və Allaha ixlaskar bir həyat” yaşasaq, Yehova bizə də inayət göstərəcəkdir (2 Peter 3:11, 12).
16. Müqəddəs Kitabda Yusif və İbrahim haqqında hansı müsbət fikirlər var?
16 “Təkvin” kitabının 24-cü fəsli, İbrahimin Yehova ilə sıx münasibətə malik olduğuna şübhə yeri qoymur. Birinci ayədə deyilir ki, “Rəbb hər şeydə ona xeyir-dua vermişdi”. İbrahimin qulu Yehovanı “əfəndim İbrahimin Allahı” adlandırmışdı (12, 27-ci ayələr). Şagird Yaqub isə yazırdı ki, İbrahim “saleh” sayılmış və “Allahın dostu” adlanmışdır (Yaqub 2:21-23). Bunu Yusif haqqında da demək olar. Yusifin Yehova ilə olan sıx münasibəti haqqında “Təkvin” kitabının 39-cu fəsli şəhadət edir (2, 3, 21, 23-cü ayələr). Şagird Stefan da Yusif haqqında belə sözlər demişdir: “Allah onunla idi” (Həvarilərin işləri 7:9).
17. Lutun, İbrahimin və Yusifin nümunəsindən nə öyrənə bilərik?
17 Haqqında danışdığımız və öz üzərlərində Allahın inayətini duyan insanlar, Yehova Allahla yaxşı münasibətlərə malik olmuş və müxtəlif yollarla Onun iradəsinin yerinə yetirilməsində iştirak etmişlər. Onlar öz qüvvələri sayəsində öhdəsindən gələ bilmədikləri maneələrlə qarşılaşırdılar. Söhbət Lutun xilasından, İbrahimin nəslinin davam etməsindən, həmçinin Yusifin Allahın niyyətlərində öz rolunu yerinə yetirə bilməsindən gedirdi. Allah qorxusuna malik olan bu insanlara yalnız Yehova kömək edə bilərdi. Və Yehova onları inayətlə müdafiə edərək bu köməyi onlara təqdim edirdi. Yehovanın inayətini üzərimizdə daima duymaq üçün, Onunla sıx münasibətimiz olmalı və Onun iradəsini həmişə yerinə yetirməliyik (Ezra 7:28; Məzmur 18:50).
Allahın xidmətçilərinin xeyrinə
18. Müqəddəs Kitabın müxtəlif ayələrindən Yehovanın inayəti haqqında nə öyrənirik?
18 Yer kürəsi Yehovanın inayəti ilə doludur və bu xüsusiyyətinə görə Allaha necə də minnətdarıq! (Məzmur 119:64). Məzmurçunun dəfələrlə təkrar etdiyi sözlərlə biz də tam ürəkdən razıyıq: “Rəbbə inayəti üçün və adam oğullarına olan valehedici işləri üçün şükür etsinlər!” (Məzmur 107:8, 15, 21, 31). Biz şadıq ki, Yehova sadiq xidmətçilərinə ümumilikdə olduğu kimi, ayrı-ayrılıqda da inayət göstərir. Daniel peyğəmbər Yehovaya duasında demişdi: “Səni sevənlərlə və əmrlərini tutanlarla əhdi və inayəti qoruyan, böyük və qorxunc Allah” (Daniel 9:4). Davud padşah dua edirdi: “Səni tanıyanlara inayətini... daim et” (Məzmur 36:10). Xidmətçilərinə inayət göstərdiyi üçün, biz Yehovaya necə də minnətdarıq! (1 Krallar 8:23; 1 Tarixlər 17:13).
19. Növbəti məqalədə hansı sualları müzakirə edəcəyik?
19 Biz, Allahın xalqı olaraq Yehovanın inayətindən faydalanırıq. Allahın bütün bəşəriyyətə göstərdiyi məhəbbətlə yanaşı, üzərimizdə səmavi Atamızın heç nə ilə müqayisəedilməz inayətini də duyuruq (Yəhya 3:16). Allahın bu dəyərli xüsusiyyəti əsasən də fəlakətli anlarda bizə fayda gətirir (Məzmur 36:7). Bəs Yehova Allahın göstərdiyi inayəti biz necə təqlid edə bilərik? Hər birimiz bu gözəl xüsusiyyəti başqalarına təzahür etdiririkmi? Bu və digər suallar növbəti məqalədə müzakirə olunacaqdır.
Xatırlayırsınızmı?
• “İnayət” kimi tərcümə edilən ibrani sözü haqqında nə öyrəndik?
• İnayət, məhəbbət və sədaqətdən nə ilə fərqlənir?
• Yehova Luta, İbrahimə və Yusifə necə inayət göstərdi?
• Yehovanın qədim xidmətçilərinə göstərdiyi inayəti bizi nəyə əmin edir?
[9-cu səhifədəki şəkil]
Allahın Luta necə inayət göstərdiyini bilirsinizmi?
[10-cu səhifədəki şəkillər]
Yehova inayətlə İbrahimin quluna yol göstərdi.
[12-ci səhifədəki şəkillər]
Yehova Yusifi qorumaqla ona inayət göstərdi.