Sevgi dolu xeyirxahlıqla danış!
«Ağzını hikmətlə açar və sevgi dolu xeyirxahlıq qanunu onun dilindədir» (SÜL. MƏS. 31:26, YD).
1, 2. a) Yehovanın xidmətçiləri hansı xüsusiyyəti inkişaf etdirməyə təşviq olunurlar? b) Bu məqalədə hansı sualları araşdıracağıq?
QƏDİMDƏ yaşamış Lemuel padşahın anasının ona dediyi sözlərində yaxşı arvadın əsas xüsusiyyəti vurğulanır (Sül. məs. 31:1, 10). Orada deyilir: «Ağzını hikmətlə açar və sevgi dolu xeyirxahlıq qanunu onun dilindədir» (Sül. məs. 31:26, YD). Hikmətli arvadın, eləcə də Yehovanı razı salmaq istəyən bütün insanların dilindən sevgi dolu xeyirxahlıq axmalıdır. Bu xüsusiyyət Allahın bütün həqiqi xidmətçilərinin danışığından bəlli olmalıdıra.
2 Burada «sevgi dolu xeyirxahlıq» deyildikdə nə başa düşülür? Sevgi dolu xeyirxahlıq kimlərə göstərilməlidir? Nəyin sayəsində danışığımızda sevgi dolu xeyirxahlıq təzahür etdirə bilərik? Bu, ailə üzvlərimizlə və həmimanlılarımızla ünsiyyətimizə necə təsir edəcək?
Sadiq məhəbbətdən doğan xeyirxahlıq
3, 4. a) «Sevgi dolu xeyirxahlıq» nədir? b) «Sevgi dolu xeyirxahlıq» adi xeyirxahlıqdan nə ilə fərqlənir?
3 Müqəddəs Kitabda adı çəkilən (azərbaycanca Müqəddəs Kitabda «sədaqət», «məhəbbət», «xeyirxahlıq» və sairə kimi tərcümə olunan) sevgi dolu xeyirxahlıq xüsusiyyətinə məhəbbət və xeyirxahlıq daxildir. Xeyirxahlıq həmçinin başqalarının qayğısına qalmaq deməkdir. Bu, özünü nəzakətli sözlərdə və xeyirxah əməllərdə büruzə verir. Məhəbbət də bu xüsusiyyətin tərkib hissəsi olduğu üçün sevgi dolu xeyirxahlıq insanı məhəbbətdən irəli gələrək başqalarının rifahı ilə maraqlanmağa təşviq edir. Lakin orijinal mətndə «sevgi dolu xeyirxahlıq» ifadəsi sadiq məhəbbətdən doğan xeyirxahlıqdan daha böyük məna daşıyır. Bu xüsusiyyəti təzahür etdirən insan başqalarına ürəkdən və axıra qədər yaxşılıq etməyə çalışır.
4 Sevgi dolu xeyirxahlıq adi xeyirxahlıqdan yalnız bu cəhətdən fərqlənmir. Ümumiyyətlə, insanlar hər kəsə, hətta tanımadıqları adamlara belə xeyirxahlıq göstərə bilərlər. Malta adasının sakinləri gəmi qəzasına düşən, özü də heç vaxt görmədikləri həvari Pavelə və 275 adama bu cür xeyirxahlıq göstərmişdilər (Həv. iş. 27:37—28:2). Digər tərəfdən isə, sevgi dolu xeyirxahlıq dedikdə artıq müəyyən münasibətləri olan insanların bir-birilərinə sədaqətləri də nəzərdə tutula bilərb. Qenlilər «İsrail övladları Misirdən çıxan zaman» onlara qarşı bu xüsusiyyəti təzahür etdirmişdilər (1 Şam. 15:6).
Allahın işləri üzərində düşünməyin və dua etməyin vacibliyi
5. Dilimizi yüyənləməyə bizə nə kömək edə bilər?
5 Danışığımızda sevgi dolu xeyirxahlıq təzahür etdirmək heç də asan deyil. Bu haqda İsanın şagirdi Yaqub yazır: «Dili isə heç bir insan əhliləşdirə bilmir. Dil, qarşısı alınmaz bəladır və öldürücü zəhərlə doludur» (Yaq. 3:8). Belə çətin idarə olunan bədən üzvünü yüyənləməyə bizə nə kömək edə bilər? Bu sualın cavabını yer üzündə yaşayarkən İsanın din rəhbərlərinə dediyi sözlərdən tapmaq olar. O demişdi: «Ağız ürəkdən gələni söyləyir» (Mat. 12:34). Sevgi dolu xeyirxahlıq bizi şər dildən qorusun deyə bu xüsusiyyət ürəyimizdə kök salmalıdır. Gəlin görək düşünmək və dua etmək bu işdə bizə necə kömək edə bilər.
6. Nəyə görə biz Yehovanın sevgi dolu xeyirxah işləri üzərində dərindən düşünməliyik?
6 Müqəddəs Kitabda deyilir ki, Yehova «məhəbbətli», yəni sevgi dolu xeyirxah Allahdır (Çıx. 34:6). «Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb», — deyə məzmurçu Allaha həmd edirdi (Məz. 119:64). Müqəddəs Kitabda Yehovanın xidmətçilərinə sevgi dolu xeyirxahlıq göstərməsinə dair bir çox nümunələr var. Yehovanın işləri üzərində dərindən düşünməyə vaxt ayırmaq bu xüsusiyyəti inkişaf etdirməyə bizdə istək oyada bilər. (Məzmur 77:12 ayəsini oxu.)
7, 8. a) Yehova Luta və onun ailəsinə sevgi dolu xeyirxahlığını necə göstərdi? b) Davud Yehovanın ona göstərdiyi sevgi dolu xeyirxahlığı barədə nə düşünürdü?
7 Məsələn, Yehovanın İbrahimin qardaşı oğlu Lutu və onun ailəsini yaşadıqları Sodom şəhərinin məhvi zamanı necə xilas etdiyini yadınıza salın. Şəhərin məhvi yaxınlaşdıqca Lutun yanına gələn mələklər onu və ailəsini tez-tələsik şəhəri tərk etməyə çağırırdılar. «Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər [mələklər] onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar», — deyə Müqəddəs Kitabda xəbər verilir. Həqiqətən də, Yehovanın bu xilas tədbiri ürəyimizi riqqətə gətirir! Məgər bu, Yehovanın sevgi dolu xeyirxahlığının təzahürü deyildi? (Yar. 19:16, 19).
8 Qədim İsrailin padşahı Davudun nümunəsinə də nəzər salaq. O, Yehova haqqında deyirdi: «Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən». Bat-Şeva ilə işlətdiyi günahının bağışlandığına görə o, Yehovaya çox minnətdar idi və buna görə də Ona həmd edirdi: «Göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti [«sevgi dolu xeyirxahlığı», YD] o qədər böyükdür» (Məz. 103:3, 11). Müqəddəs Kitabda yazılan bu və ya digər hadisələr üzərində düşünmək bizi sevgi dolu xeyirxahlığına görə Yehovaya bütün qəlbimizlə minnətdar olmağa və ona həmd-səna etməyə təşviq edir. Yehovaya nə qədər minnətdar olsaq, bir o qədər də Onu təqlid etməyə çalışacağıq (Efes. 5:1).
9. Yehovanın xidmətçilərinin gündəlik həyatlarında sevgi dolu xeyirxahlığı təzahür etdirməyə hansı tutarlı səbəbi var?
9 Müqəddəs Kitabdakı nümunələr göstərir ki, Yehova sevgi dolu xeyirxahlığını, başqa sözlə, sədaqətli məhəbbətini Onunla yaxın münasibətlər qurmuş insanlara göstərir. Bəs yaxşı, Allahla bu cür münasibətləri olmayanlar haqqında nə demək olar? Demək olarmı ki, Yehova onlara qarşı kobud və qəddardır? Əsla! Luka 6:35 ayəsində deyilir: «[Allah] nankorlara və pis adamlara qarşı da xeyirxahdır». «O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir» (Mat. 5:45). Həqiqəti öyrənib həyat tərzimizi dəyişməzdən öncə Allah başqaları kimi bizə də xeyirxahlığını göstərirdi. Lakin Onun xidmətçisi olduqdan sonra Yehova bizə qarşı Öz sədaqətli məhəbbətini təzahür etdirir. (Yeşaya 54:10 ayəsini oxu.) Buna görə Yehovaya biz necə də minnətdarıq! Həqiqətən də, danışığımızda, eləcə də həyatımızın digər sahələrində sevgi dolu xeyirxahlıq təzahür etdirməyə tutarlı səbəbimiz var!
10. Ürəyimizdə sevgi dolu xeyirxahlıq xüsusiyyətini inkişaf etdirməkdə duanın rolu nəyə görə əvəzsizdir?
10 Sevgi dolu xeyirxahlığı təzahür etdirməkdə duanın rolu əvəzsizdir. Çünki məhəbbət və xeyirxahlıq Yehovanın müqəddəs ruhunun səmərəsidir (Qalat. 5:22). Müqəddəs ruhun bizi istiqamətləndirməsinə yol verməklə sevgi dolu xeyirxahlığı ürəyimizdə inkişaf etdirə bilərik. Müqəddəs ruhu almağın bilavasitə yolu duada onu diləməkdir (Luka 11:13). Buna görə də, yaxşı olardı ki, müntəzəm dua edərək Allahdan müqəddəs ruh diləyək və onun rəhbərliyinə tabe olaq. Bəli, əgər danışığımızda sevgi dolu xeyirxahlığın təzahür olunmasını istəyiriksə, onda düşünməyin və dua etməyin vacibliyini nəzərdən qaçırmamalıyıq.
Ərlə arvadın sevgi dolu xeyirxahlıq göstərməsi
11. a) Haradan bilirik ki, Yehova ərlərdən həyat yoldaşlarına qarşı sevgi dolu xeyirxahlıq təzahür etdirmələrini gözləyir? b) Sevgi dolu xeyirxahlıq dilini saxlamaqda ərə necə kömək edə bilər?
11 Həvari Pavel ərləri təşviq edir: «Arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efes. 5:25). Pavel həmçinin onlara Yehovanın Adəmlə Həvvaya dediyi sözləri xatırladır: «İnsan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır» (Efes. 5:31). Aydındır ki, Yehova ərlərdən arvadlarına sadiq qalmalarını və onlara qarşı sevgi dolu xeyirxahlıq təzahür etdirmələrini gözləyir. Bu xüsusiyyətdən irəli gələrək ər başqalarının yanında arvadının səhvlərini üzünə vurmayacaq və ya sözləri ilə onu alçaltmayacaq. Əksinə, onu ürəkdən tərifləyəcək (Sül. məs. 31:28). Əgər müəyyən səbəblərə görə onların arasında problem yaranarsa, onda sevgi dolu xeyirxahlıq əri həyat yoldaşını alçaltmamaq üçün dilini saxlamağa təşviq edəcək.
12. Arvad ağzından çıxan sözlərdə sevgi dolu xeyirxahlığı necə əks etdirə bilər?
12 Arvadın da ağzından çıxan sözlərdə sevgi dolu xeyirxahlıq əks olunmalıdır. Bu dünyanın ruhu onun danışıq tərzinə təsir etməməlidir. «Ərinə ehtiram» bəsləyən qadın başqalarının yanında onun haqqında yaxşı danışacaq və onu insanların gözündə ucaldacaq (Efes. 5:33). Atalarını uşaqlarının gözündən salmamaq üçün arvad onların qarşısında ərinə narazılığını bildirməyəcək və onun fikrini şübhə altına almayacaq. O, belə məsələləri təklikdə müzakirə etməyə üstünlük verəcək. «Hikmətli qadın evini qurar, səfeh qadın onu əli ilə uçurar», — deyə Allahın Kəlamında qeyd olunur (Sül. məs. 14:1). Onun evi ailəsi üçün xoş və rahat yerdir.
13. Sevgi dolu xeyirxahlıq xüsusən harada və necə təzahür olunmalıdır?
13 Ər-arvad təklikdə qalanda belə öz danışıqları ilə bir-birinə hörmət etməlidir. «Qəzəb, hiddət, kin, iftira, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını bir yana qoyun», — deyə həvari Pavel yazır və sonra da əlavə edir: «Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik,.. kamil birliyin bağı olan məhəbbəti geyin» (Kolos. 3:8, 12—14). Daima valideynlərinin danışıq tərzində sevgi dolu xeyirxahlığın əks olunduğunu görən uşaqlar nəinki sağlam mühitdə böyüyürlər, həmçinin bu sahədə valideynlərindən nümunə götürürlər.
14. Ailə başçıları ailələrinə dayaq olmaq üçün dillərindən necə istifadə edə bilərlər?
14 Məzmurçu yazırdı: «Mən “büdrəyir ayağım” deyən zaman, ya Rəbb, mənə məhəbbətinlə dayaqsan» (Məz. 94:18). Yehova Öz xalqına nəsihət verməklə və rəhbərlik təqdim etməklə dayaq olur (Məz. 119:105). Bəs ailə başçıları səmavi Atamızın nümunəsini izləyərək ailələrinə dayaq olmaq üçün dillərindən necə istifadə edə bilərlər? Ailələrini idarə etməklə və ruhlandırmaqla. Ruhani xəzinələri aşkar etmək üçün ailəvi ibadət axşamı necə də gözəl fürsətdir! (Sül. məs. 24:4).
Həmimanlılarına sədaqətli məhəbbət bəslə
15. Ağsaqqallar və ruhani cəhətdən yetkin məsihçilər həmimanlılarını «qoru»maq üçün dillərindən necə istifadə edə bilərlər?
15 «Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, daim məni məhəbbətinlə, həqiqətinlə qoru», — deyə padşah Davud Yehovaya dua edirdi (Məz. 40:11). Yığıncağın ağsaqqalları və ruhani cəhətdən yetkin olan digər məsihçilər bu sahədə Yehovanı necə təqlid edə bilərlər? Sözsüz ki, dilimizdən istifadə edərkən diqqəti Müqəddəs Kitabdakı məlumata yönəltmək sevgi dolu xeyirxahlığın əsil təzahürü olardı (Sül. məs. 17:17).
16, 17. Sevgi dolu xeyirxahlıqla danışdığımızı necə göstərə bilərik?
16 Əgər həmimanlımızın Müqəddəs Kitab prinsiplərinə zidd davrandığını görürüksə, onda necə? Məgər sevgi dolu xeyirxahlıq təzahür etdirərək ona düzəliş verməyə çalışmayacağıq? (Məz. 141:5). Əgər həmimanlımızın ciddi günaha yol verdiyindən xəbər tutsaq, sədaqətli məhəbbətdən irəli gələrək onu «imanlılar cəmiyyətinin ağsaqqallarını» çağırtdırmağa təşviq edəcəyik ki, onlar «Rəbbin adı ilə üzərinə yağ sürtərək, onun üçün dua etsinlər» (Yaq. 5:14). İşdir, günahkar ağsaqqallara yaxınlaşmırsa, bu haqda susmağımız heç də xeyirxahlığın əlaməti olmazdı. Ola bilsin, yığıncaqda bəziləri özünü tənha və lazımsız hiss edir, yaxud da məyusluqdan əziyyət çəkir. Danışığımızda sevgi dolu xeyirxahlığı təzahür etdirməyin ən yaxşı yolu «qəmginlərə təskinlik» verməkdir (1 Salon. 5:14, YD).
17 Allahın düşmənləri həmimanlılarımız barədə şayiələr yayanda necə davranmalıyıq? Qardaşlarımızın nöqsansızlığını şübhə altına almaq əvəzinə, biz belə söz-söhbətlərə məhəl qoymamalıyıq, yaxud münasibdirsə, həmin insandan dediklərinin nəyə əsaslandığını soruşmalıyıq. Əgər Allahın xalqının düşmənləri məsihçi qardaşlarımıza xətər yetirmək üçün onların harada olduğunu bilmək istəyirlərsə, sədaqətli məhəbbətdən irəli gələrək bu haqda bir kəlmə də olsun onlara deməyəcəyik (Sül. məs. 18:24).
Sevgi dolu xeyirxah insan həyat tapacaq
18, 19. Nəyə görə sevgi dolu xeyirxahlıq həmimanlılarımızla münasibətdə dilimizdən əskik olmamalıdır?
18 Hər bir işdə həmimanlılarımıza qarşı sədaqətli məhəbbət təzahür etdirməliyik. Hətta çətin vəziyyətlərdə belə, sevgi dolu xeyirxahlıq dilimizdən əskik olmamalıdır. İsrail oğullarının sevgi dolu xeyirxahlığının «erkən uçub gedən şeh» kimi yox olması Yehovanın narazılığına səbəb oldu (Huşə 6:4, 6). Digər tərəfdən isə, bu xüsusiyyəti daima təzahür etdirməyimiz Yehova Allahımıza xoş gedir. Görün O, belə davrananları necə xeyir-dualandırır.
19 «Salehlik və sədaqətin [sevgi dolu xeyirxahlığın] ardınca gedən həyat, salehlik və şərəf tapar», — deyə Süleymanın məsəlləri 21:21 ayəsində deyilir. Xeyir-dualardan biri də müvəqqəti yox, əbədi həyatdır. Yehova bu xüsusiyyəti təzahür etdirən insana «əbədi həyatı bərk» tutmağa kömək edir (1 Tim. 6:12, 19). Buna görə də, gəlin bacardığımız qədər bir-birimizə sevgi dolu xeyirxahlıq göstərək (Zək. 7:9).
[Haşiyələr]
a Mənası «sevgi dolu xeyirxahlıq» olan ibrani sözü xesed azərbaycanca Müqəddəs Kitabda «sədaqət», «məhəbbət», «xeyirxahlıq», «mərhəmət», «etibar» və sairə kimi tərcümə olunub. Bu sözlər ibrani sözünün tam mənasını vermir. Buna görə də məqalə boyu gətirilən bütün ayələrdə olan bu sözlər «sevgi dolu xeyirxahlıq» mənasını daşıyır.
b Sevgi dolu xeyirxahlığın (inayətin) sədaqətdən, məhəbbətdən və xeyirxahlıqdan nə ilə fərqləndiyi müzakirə olunan «Gözətçi Qülləsi»nin 1 avqust 2002-ci il sayının 8 və 14, 15-ci səhifələrinə baxın.
İzah edə bilərsinizmi?
• Sevgi dolu xeyirxahlıq nədir?
• Sevgi dolu xeyirxahlığın danışığımızda əks olunması üçün bizə nə kömək edə bilər?
• Ərlə arvad danışıqlarında sədaqətli məhəbbəti necə təzahür etdirə bilərlər?
• Həmimanlılarımızla münasibətdə sevgi dolu xeyirxahlıq qanunun dilimizdə olduğunu necə göstərə bilərik?
[23-cü səhifədəki şəkil]
Sevgi dolu xeyirxahlığına görə Davud Yehovaya həmd edirdi
[24-cü səhifədəki şəkil]
Ailəvi ibadət axşamını müntəzəm olaraq keçirirsinizmi?