Yehova sənin qayğına qalır
“Bütün qayğınızı Onun [Allahın] üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 PETER 5:7).
1. Yehova və Şeytan hansı vacib sahədə bir-birlərinə tamamilə ziddirlər?
YEHOVA və Şeytan bir-birlərinə tamamilə ziddirlər. Yehovaya yaxınlaşan insanda Şeytana qarşı nifrətdən savayı heç bir hiss oyana bilməz. Bu təzad “Britaniya ensiklopediyası”nda qeyd olunmuşdur (“The Encyclopædia Britannica”, 1970). Bu mö’təbər arayış kitabçasında “Eyub” kitabına əsasən Şeytanın nə ilə məşğul olduğu haqqında belə deyilir: “Şeytanın işi dünyanı ‘dolaşıb’, haqqında pis deyə biləcəyi davranışları və ya insanları axtarmaqdır. Deməli, onun məqsədi, yaxşı olan hər şeyi möhkəmləndirmək üçün yer üzünü dolaşan “Rəbbin gözləri”nə ziddir” (II Tar. XVI, 9). Şeytan insanların təmənnasız etdikləri yaxşılığa mənfur şübhə ilə baxır və Allahın icazəsi ilə Şeytana yol verilir ki, insanların yaxşılığa olan sə’yini Allahın nəzarəti altında və qoyduğu məhdudiyyət daxilində sınasın. Bəli, Allahla Şeytan bir-birlərindən necə də kəskin şəkildə fərqlənirlər! (Eyub 1:6-12; 2:1-7).
2, 3. a) Eyubun başına gələnlər “İblis” sözünün mə’nasını necə aydınlaşdırır? b) Müqəddəs Kitab necə göstərir ki, Şeytan hələ də Yehovanın yer üzündə yaşayan xidmətçilərini ittiham edir?
2 Yunanca “İblis” sözü “yalan ittihamçı”, “böhtançı” mə’nalarını verir. “Eyub” kitabı bizə açıqlayır ki, Şeytan Allahın sadiq xidmətçisi Eyubu Allaha şəxsi mənfəəti üçün xidmət etməkdə ittiham etdi. İblis sual verdi: “Eyub Allahdan boşunamı qorxur?” (Eyub 1:9). “Eyub” kitabında göstərilir ki, başına gələn bütün bəlalara baxmayaraq, Eyub Yehova ilə daha da yaxınlaşdı (Eyub 10:9, 12; 12:9, 10; 19:25; 27:5; 28:28). Eyub yaşadığı ağır sınaqlardan sonra Allaha dedi: “Sənin haqqında qulağımla eşitmişdim; indi isə səni gözüm gördü” (Eyub 42:5).
3 Eyubun vaxtından bəri Şeytan Allahın sadiq xidmətçilərini ittiham etməyə son qoyubmu? Xeyr. “Vəhy” kitabından göründüyü kimi, Şeytan bu son günlər ərzində Məsihin məsh edilmiş qardaşlarını və sözsüz ki, onların sadiq həmkarlarını ittiham etməyə davam edir (2 Timoteyə 3:12; Vəhy 12:10, 17). Buna görə də, İsanın həqiqi davamçıları olan bizlərin hər birinə, Yehovaya sidqi-ürəkdən xidmət edərək və bununla da Şeytanın ittihamlarının yalan olduğunu sübuta yetirərək, qayğıkeş Allahımıza tabe olmaq olduqca vacibdir. Belə davranmaqla biz Yehovanın ürəyini sevindirəcəyik (Süleymanın məsəlləri 27:11).
Yehova bizə kömək etmək üçün üsullar axtarır
4, 5. a) Şeytandan fərqli olaraq, Yehova yer üzündə nə axtarır? b) Yehovanın iltifatına sahib olmaq üçün biz nə etməliyik?
4 İblis kimisə ittiham etməyə və aşırmağa can ataraq yer üzünü dolaşır (Eyub 1:7, 9; 1 Peter 5:8). Yehova isə Onun qüvvəsinə ehtiyac duyan kəslərə kömək etmək üçün üsullar axtarır. Peyğəmbər Hanani Asa padşaha demişdir: “Rəbbin gözləri, ürəkləri onunla bütün olanlar uğrunda qüvvətli olduğunu göstərmək üçün bütün yer üzündə fırlanır” (2 Tarixlər 16:9). Şeytanın məkrli nəzarəti ilə Yehovanın məhəbbətli qayğısı arasında necə də böyük fərq var!
5 Yehova hər bir çatışmazlığımızı və günahımızı görmək üçün bizi izləmir. Məzmurçu yazırdı: “Əgər nöqsanları hesaba alsan, ey Yehova, ya Rəbb, kim dura bilər?” (Məzmur 130:3). Aydındır ki, heç kim dura bilməz (Vaiz 7:20). Əgər Yehovaya bütün ürəyimizlə yaxınlaşsaq, Onun gözləri bizə tərəf yönələcəkdir. Lakin Onun məqsədi bizi mühakimə etmək deyil, göstərdiyimiz sə’yi görüb, kömək etmək və bizi bağışlaması üçün etdiyimiz dualara cavab verməkdir. Həvari Peter yazırdı: “Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir. Rəbbin üzü isə, pis iş görənlərə qarşıdır” (1 Peter 3:12).
6. Davudun başına gələn hadisə necə bizə həm təsəlli gətirir, həm də xəbərdarlıq kimi xidmət edir?
6 Davud qeyri-kamil insan idi və ağır günah işlətmişdi (2 Samuel 12:7-9). Lakin o, ürəyini Yehovaya açmış və qızğın dua vasitəsilə Ona yaxınlaşmışdı (Məzmur 51:1-12). Yehova onun duasını eşidib günahını bağışlasa da, Davud işlətdiyi günahın acı nəticələrindən qaçına bilməmişdi (2 Samuel 12:10-14). Davudun başına gələn hadisə bizə həm təsəlli gətirir, həm də bizim üçün xəbərdarlıq kimi xidmət edir. Əgər həqiqətən də tövbə ediriksə, Yehovanın bizim günahlarımızı bağışlamağa hazır olduğunu bilmək təsəlli verir. Lakin bu, günahların adətən özü ilə gətirdiyi ciddi nəticələrin də üzərində düşünməyə təşviq edir (Qalatiyalılara 6:7-9). Əgər biz Yehovaya yaxınlaşmaq istəyiriksə, Ona xoş gəlməyən hər bir şeydən bacardıqca uzaq durmalıyıq (Məzmur 97:10).
Yehova xidmətçilərini Özünə cəlb edir
7. Yehova necə insanları axtarır və onları Özünə necə cəlb edir?
7 Davud məzmurlarından birində yazmışdır: “Rəbb yüksək olsa da, təvazökarlara baxar; fəqət məğruru uzaqdan tanıyar” (Məzmur 138:6). Belə bir fikir başqa məzmurda da deyilir: “Göylərdə və yerdə olanlara baxmağa tənəzzül edən, yüksəklərdə oturan, Allahımız Rəbb kimi kim vardır? Düşkünü torpaqdan qaldırar” (Məzmur 113:5-7). Bəli, Kainatın hər şeyə qadir Yaradıcısı yerə baxmağa tənəzzül edir və Onun gözləri ‘təvazökarları’, ‘düşkünləri’ və “bütün məkruh işlərdən ötrü inləyib fəğan edən” insanları görür (Hezekiel 9:4). Allah bu cür insanları Oğlunun vasitəsilə Özünə cəlb edir. İsa yer üzündə olan zaman demişdi: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz... Əgər Ata ona imkan verməsə, heç kimsə Mənim yanıma gələ bilməz” (Yəhya 6:44, 65).
8, 9. a) Nəyə görə hər birimiz İsanın yanına gəlməyə ehtiyac duyuruq? b) Allahın fidiyəni təqdim etməsində diqqətəlayiq olan nədir?
8 Bütün insanlar dünyaya günah içində göz açıb, Allahdan uzaq olduqlarına görə, İsanın yanına gəlməli və onun fidiyə qurbanlığına iman etməlidirlər (Yəhya 3:36). İnsanlar Allahla barışmağa möhtacdırlar (2 Korinflilərə 5:20). Allah günahkarların Onunla barışmalarını tə’min edəcək tədbirlər görməsi üçün, insanların Ona yalvarmalarını gözləmədi. Həvari Pavel yazırdı: “Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü. Çünki əgər biz Allahın düşmənləri ikən Onun Oğlunun ölümü vasitəsi ilə Allahla barışdıqsa, barışmış olaraq Onun həyatı ilə xilas olacağımız daha çox qətidir” (Romalılara 5:8, 10).
9 Həvari Yəhya Allahın insanları özü ilə barışdırdığına dair olan vacib həqiqəti təsdiq etdi: “Allahın məhəbbəti bizdə belə zühur etmişdir: Allah Öz yeganə Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə həyat alaq. Məhəbbət bundan ibarətdir ki, biz Allahı sevmədik, O bizi sevdi və Öz Oğlunu bizim günahlarımızın əfvini tə’min edən qurban kimi göndərdi” (1 Yəhya 4:9, 10). İlk addımı insan yox, Allah atmışdır. Yalnız ‘günahkarlara’ deyil, hətta ‘düşmənlərə’ də bu cür məhəbbət göstərən Allaha yaxınlaşmaq istəməzdinmi? (Yəhya 3:16).
Yehovanı axtarmağın zəruriliyi
10, 11. a) Yehovanı axtarmaq üçün biz nə etməliyik? b) Şeytanın pis sisteminə necə münasibət bəsləməliyik?
10 Bildiyimiz kimi, Yehova bizi Ona yaxınlaşmağa məcbur etmir. Biz Onu axtarmalıyıq ki, ‘bəlkə əl ilə axtarıb tapdıq. Çünki O, heç birimizdən uzaq deyil’ (Həvarilərin işləri 17:27). E’tiraf etməliyik ki, Yehovanın bizdən Ona tabe olmağı tələb etməyə haqqı var. Şagird Yaqub yazırdı: “Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır. Allaha yaxınlaşın, O da sizə yaxınlaşar. Ey günahkarlar, əllərinizi təmizləyin! Ey mütərəddidlər, ürəklərinizi saflaşdırın!” (Yaqub 4:7, 8). Biz gərək tərəddüd etmədən və qətiyyətlə Yehovanın tərəfini tutaq, İblisə isə qarşı duraq.
11 Bu, Şeytanın pis sistemindən uzaq olmaq deməkdir. Yaqub həmçinin yazırdı: “Məgər bilmirsiniz ki, dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir? Deməli, kim dünyaya dost olmaq istəyirsə, özünü Allahın düşməni edir” (Yaqub 4:4). Əksinə, əgər Yehovanın dostları olmaq istəyiriksə, Şeytan dünyasının bizə nifrət edəcəyinə hazır olmalıyıq (Yəhya 15:19; 1 Yəhya 3:13).
12. a) Davud hansı təsəlliverici sözləri yazmışdır? b) Azarya peyğəmbərin vasitəsilə Yehova nə barədə xəbərdarlıq etdi?
12 Şeytanın dünyası bizə müəyyən bir təzyiq göstərən zaman, Yehovadan kömək diləyərək duada Ona yaxınlaşmağımız xüsusilə vacibdir. Yehovanın xilaskar əlini dəfələrlə hiss etmiş Davud təsəlli üçün bizə yazmışdır: “Rəbb onu çağıranların hamısına yaxındır, onlar ki, onu həqiqətlə çağırırlar. Ondan qorxanların diləyini yerinə yetirər; və fəryadlarını eşidər və onları qurtarar. Rəbb Onu sevənlərin hamısını qoruyar; və bütün pisləri həlak edər” (Məzmur 145:18-20). Bu məzmurdan görünür ki, şəxsən biz sınaqlarla qarşılaşan zaman Yehova bizi xilas edə bilər və O, ‘böyük məşəqqətdə’ xalqını ümumilikdə xilas edəcəkdir (Vəhy 7:14). Əgər biz Yehovaya yaxın olsaq, O da bizə yaxın olacaqdır. “Allahın ruhu” altında təşviq olunan Azarya, həyatın hər sahəsində tətbiq edilə bilən belə bir fikir ifadə etmişdi: “Siz Rəbb ilə bərabər olduqca o sizinlə bərabərdir; və siz onu axtarsanız, özünü sizə tapdırar; fəqət siz onu tərk etsəniz, sizi tərk edər” (2 Tarixlər 15:1, 2).
Yehova bizim üçün real olmalıdır
13. Yehovanın bizim üçün real olduğunu necə göstərə bilərik?
13 Həvari Pavel Musa haqqında yazırdı ki, o, “görünməyəni görürmüş kimi, möhkəm dayandı” (İbranilərə 11:27). Əlbəttə ki, Musa heç zaman Yehovanı görməmişdi (Çıxış 33:20). Lakin Yehova onun üçün o qədər real idi ki, sanki Onu görürdü. Bunun kimi, Eyub da sınaqlardan sonra Yehovanı iman gözləri ilə daha aydın görməyə başladı. Onu sadiq xidmətçilərinin sınaqlarla qarşılaşmalarına yol verən, eyni zamanda isə heç vaxt onları tərk etməyən bir Allah kimi daha gözəl anladı (Eyub 42:5). Hanok və Nuh haqqında deyilir ki, onlar ‘Allah ilə yeriyirdilər’. Yə’ni onlar Allahı razı salmağa can atır və Ona itaət edirdilər (Təkvin 5:22-24; 6:9, 22; İbranilərə 11:5, 7). Əgər Yehova Hanoka, Nuha, Eyuba və Musaya real olduğu qədər bizim üçün də realdırsa, onda bütün yollarımızda ‘Onu nəzərə alacaq’, O isə bizim ‘yollarımızı doğruldacaqdır’ (Süleymanın məsəlləri 3:5, 6, YD).
14. Yehovaya “yapışmaq” nə deməkdir?
14 İsraillilər Və’d edilən diyara daxil olmamışdan bir az qabaq Musa onlara məsləhət verdi: “Allahınız Rəbbin ardınca yeriyəcəksiniz və ondan qorxacaqsınız və onun əmrlərini tutacaqsınız və onun sözünü dinləyəcəksiniz və ona qulluq edəcəksiniz və ona yapışacaqsınız” (Təsniyə 13:4). Onlar Yehovanın ardınca getməli, Ondan qorxmalı, Ona itaət etməli və Ona yapışmalı idilər. Bir Müqəddəs Kitab alimi burada “yapışmaq” kimi tərcümə olunan sözün “olduqca yaxın, ən sıx münasibətləri ifadə etdiyini” söyləyir. Məzmurçu demişdir: “Rəbbin sirri [“Yehova ilə sıx münasibət”, YD] ondan qorxanlarındır” (Məzmur 25:14). Əgər Yehova bizim üçün realdırsa və Onu çox sevdiyimizdən hər şeydə Onu məmnun etmək üçün əlimizdən gələni ediriksə, o zaman Yehova ilə dəyərli, sıx dostluğa sahib olacağıq (Məzmur 19:9-14).
Yehovanın qayğısını görürsənmi?
15, 16. a) “Məzmur” kitabının 34-cü fəsli Yehovanın bizim qayğımıza qaldığını necə göstərir? b) Yehovanın bizə necə mərhəmət göstərdiyini xatırlamaq çətindirsə, nə etmək lazımdır?
15 Şeytanın hiylələrindən biri odur ki, Allahımız Yehovanın hər zaman öz sadiq xidmətçilərinin qayğısına qaldığını bizə unutdursun. İsrailin padşahı Davud hətta ən təhlükəli anda belə Yehovanın qayğısına şübhə etmirdi. O, Gat padşahı Akişin önündə özünü dəli yerinə qoymağa məcbur olan zaman, imanını növbəti sözlərlə ifadə etdiyi gözəl bir məzmur qoşdu: “Mənimlə bərabər Rəbbə tə’zim edin və ismini birlikdə yüksəldək. Rəbbi aradım və mənə cavab verdi və bütün qorxularımdan məni azad etdi. Rəbbin mələyi ondan qorxanların çevrəsində ordu qurar və onları qurtarar. Dadın və görün; Rəbb nə yaxşıdır, nə bəxtiyardır ona sığınan adam! Rəbb ürəyi qırıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarar. Salehin dərdləri çoxdur; fəqət Rəbb hamısından onu azad edər” (Məzmur 34:3, 4, 7, 8, 18, 19; 1 Samuel 21:10-15).
16 Yehovanın xilas etməyə qadir olduğuna əminsənmi? Onun mələklər vasitəsilə təqdim etdiyi müdafiədən agahsanmı? Yehovanın nə qədər yaxşı olduğunu şəxsən ‘dadıb görmüsənmi’? Yehovanın yaxşı olduğunu axırıncı dəfə nə vaxt xüsusilə aydın şəkildə hiss etmisən? Yadına salmağa çalış. Ola bilsin, təbliğ etdiyin və artıq davam edə bilməyəcəyini düşündüyün zaman, sonuncu qapının zəngini basırsan və budur, ev sahibi ilə gözəl söhbət başlanır. O an sənə lazımi qüvvə və xeyir-dua verdiyi üçün Yehovaya minnətdarlığını bildirdinmi? (2 Korinflilərə 4:7). Yoxsa, Yehovanın sənə mərhəmət göstərdiyi hansısa konkret hadisəni xatırlamaq çətindir? Bəlkə bir həftə, bir ay, bir il, yaxud daha əvvəli xatırlamaq lazım gəlir? Əgər belədirsə, Yehovaya yaxınlaşmaq və səni necə istiqamətləndirdiyini görmək üçün nəyə görə düşünülmüş addımlar atmayasan? Həvari Peter məsihçiləri çağırırdı: “Allahın güclü əlinin himayəsi altında təvazökar olun... Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 Peter 5:6, 7). Allahın sənə nə qədər çox qayğı göstərdiyinə təəccüblənəcəksən! (Məzmur 73:28).
Yehovanı daima axtar
17. Yehovanı daima axtarmaq üçün nə etmək lazımdır?
17 Yehova ilə münasibəti qorumaq daimi prosesdir. İsa duada Atasına demişdi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Yehovanı və Onun Oğlunu tanımaq üçün bizim tərəfimizdən aramsız sə’y göstərmək tələb olunur. Duanın və müqəddəs ruhun köməyi olmadan “Allahın dərin düşüncələrini” qavraya bilmərik (1 Korinflilərə 2:10; Luka 11:13). Biz, həmçinin əqlimizi “vaxtlı-vaxtında” verilən ruhani qida ilə qidalandırmaq üçün “sadiq və ağıllı qul”un rəhbərliyinə möhtacıq (Matta 24:45). Bu kanalın vasitəsilə Yehova bizi Onun Kəlamını gündəlik oxumağa, məsihçi görüşlərində müntəzəm iştirak etməyə və “Padşahlıq haqqında olan... Müjdə”ni sə’ylə təbliğ etməyə çağırır (Matta 24:14, İ-93). Bu cür davranaraq, qayğıkeş Allahımız Yehovanı daima axtardığımızı göstərəcəyik.
18, 19. a) Biz hansı sahədə qətiyyətli olmalıyıq? b) Əgər biz İblisə qarşı dursaq və daima Yehovanı axtarsaq, hansı xeyir-dualara nail olacağıq?
18 Şeytan, Yehovanın xalqını hər tərəfdən tə’qibə mə’ruz qoymaq, müqavimət və təzyiq göstərmək üçün əlindən gələni edir. İblis bizi sülhdən və Allahımızın iltifatından məhrum etməyə çalışır. O istəmir ki, biz səmimi qəlbli insanları axtaraq və onlara hökmranlıq hüququ məsələsində Yehovanın tərəfini tutmağa kömək edək. Lakin Allahın bizi şərdən qoruyacağına ümid edərək, Yehovaya sadiq qalmaqda qətiyyətli olmalıyıq. Əgər həyatımızda Allahın Kəlamını rəhbər tutur və xidmətdə Onun görünən təşkilatı ilə birgə fəaliyyət göstəririksə, əmin ola bilərik ki, Allah həmişə köməyimizə yetəcəkdir (İşaya 41:8-13).
19 Buna görə də gəlin hər birimiz, bizi ‘möhkəmləndirən və qüvvətləndirən’ məhəbbətli Allahımız Yehovanı daima axtararaq, İblisə və onun hiylələrinə qarşı durmağa qətiyyətli olaq! (1 Peter 5:8-11). Beləliklə biz, ‘əbədi həyata gətirəcək olan Rəbbimiz İsa Məsihin mərhəmətini gözləyərək, özümüzü Allahın məhəbbətində saxlayacağıq’ (Yəhuda 21).
Siz necə cavab verərdiniz?
• “İblis” sözünün mə’nası nədir və İblis bu mə’nanı necə doğruldur?
• Yer üzündə yaşayanlara nəzarət etməkdə Yehovanın məqsədi İblisin məqsədindən necə fərqlənir?
• Nəyə görə Yehovaya yaxınlaşmaq üçün fidiyə qurbanlığına iman gətirmək lazımdır?
• Yehovaya “yapışmaq” nə deməkdir və biz Onu daima necə axtara bilərik?
[15-ci səhifədəki şəkil]
Sınaqlara baxmayaraq, Eyub anladı ki, Yehova onun qayğısına qalır.
[16 və 17-ci səhifələrdəki şəkillər]
Müqəddəs Kitabı gündəlik oxumaq, məsihçi görüşlərində müntəzəm iştirak etmək və təbliğ işində sə’ylə çalışmaq Yehovanın bizim qayğımıza qaldığını xatırladır.