“Məhz buna ehtiyacım vardı”
BU GÖZƏL hədiyyəyə — “Yehovaya yaxınlaş” adlı kitaba (türk.) görə sizə ürəkdən minnətdarlığımı bildirirəm. Bu kitab mənə Yehovanın məni sevdiyini və qiymətləndirdiyini hiss etdirdi, məhz buna ehtiyacım vardı. İndi özümü Yehovaya və Onun əziz Oğluna daha yaxın hiss edirəm. Hamıya bu kitab haqqında söyləmək və onu bütün yaxınlarıma vermək istəyirəm”. Bu sözləri Yehovanın bir Şahidi 2002–2003-cü illərin “Padşahlığın çalışqan təbliğçiləri” adlı vilayət konqreslərində e’lan edilən 320 səhifəlik yeni kitab haqqında demişdir. Gəlin, bu yeni kitabın bə’zi səciyyəvi cəhətlərini nəzərdən keçirək və onun nəyə görə nəşr edildiyini müzakirə edək.
Yeni kitabın səciyyəvi cəhətləri
Kitaba nə daxildir? Bu jurnalda təqdim edilən öyrəniləcək iki məqalənin bütün materialı, hətta bundan da çox şeylər daxildir! Kitabda, hər biri “Gözətçi Qülləsi”nin öyrəniləcək məqaləsinə bərabər olan 31 fəsil yerləşir. Ön söz və başlanğıcdakı üç məqalədən sonra, kitab — hər biri Yehovanın əsas xüsusiyyətlərindən birinə həsr olunan dörd hissəyə bölünür. Hər hissənin əvvəlində bu xüsusiyyətlərdən birinə dair ümumi təsvir verilir. Növbəti bir neçə fəsildə Yehovanın bu xüsusiyyəti necə təzahür etdirdiyinə diqqət yetirilir. Sonra İsa haqqında fəsil başlanır. Nə üçün? Çünki İsa demişdir: “Məni görən, Atanı görmüş olur” (Yəhya 14:9). Yehovanın mükəmməl əksi olan İsa, Allahın xüsusiyyətlərini özündə çox gözəl surətdə canlandırmışdır. Hər hissənin sonunda, müzakirə olunan xüsusiyyəti həyatımızda necə əks etdirə biləcəyimizi göstərən fəsil yerləşir. Yehovanın xüsusiyyətləri müzakirə olunan bu yeni kitabda Müqəddəs Yazıların bütün kitablarına istinad edilir.
“Yehovaya yaxınlaş” kitabının maraqlı cəhətləri də var. İkinci fəsildən başlayaraq, hər fəsildə “Düşünmək üçün suallar” çərçivəsi yerləşir. Müqəddəs Kitab ayələri və suallar təkrar kimi verilmir. Onların məqsədi, səni müzakirə olunan materialın üzərində Müqəddəs Kitabın köməyi ilə dərindən düşünməyə təşviq etməkdir. Məsləhət olunur ki, Müqəddəs Yazılardan gətirilən hər bir ayəni açıb diqqətlə oxuyasan. Cavabını ətraflı düşünüb, onu özünə tətbiq etməyə çalış. Bu cür düşünmə sənin ürəyinə tə’sir bağışlayacaq və Yehovaya daha da yaxınlaşmaqda sənə kömək edəcəkdir (Məzmur 19:14).
“Yehovaya yaxınlaş” kitabına daxil olan şəkillərin hər biri böyük dəqiqliklə seçilib, onların məqsədi öyrətmək və təşviq etməkdir. On yeddi fəsildə bütün səhifəni tutan və Müqəddəs Kitabdan müxtəlif səhnələri təsvir edən gözəl şəkillər yerləşdirilib.
Kitabın məqsədi
“Yehovaya yaxınlaş” kitabı nə məqsədlə nəşr edilib? Bu yeni nəşrin başlıca məqsədi — Yehova ilə daha sıx münasibətləri inkişaf etdirə bilməyimiz üçün Onu daha yaxşı tanımaqda bizə kömək etməkdir.
Bu kitabı oxumaq daha kimlər üçün faydalı ola bilər? Ola bilsin, sən Müqəddəs Kitabı öyrətdiyin adamlar, yaxud xidmətdə qeyri-fəal olan məsihçi bacı-qardaşların haqqında düşündün. Bəs sən özün bu kitabı oxumağa başlamısanmı? Əgər başlamamısansa, onda nəyə görə bunu mümkün qədər tez etmək üçün vaxtını planlaşdırmayasan? Oxuduqların üzərində düşünmək üçün də vaxt ayır. Qoy bu yeni nəşr Yehova Allaha daha da yaxınlaşmaqda və Onun Padşahlığı haqqındakı xoş xəbəri sevinc və sə’ylə bəyan etməkdə sənə kömək olsun!