Rəbb yolunda aldığın xidmətə diqqət yetir
«Diqqətli ol ki, Rəbb yolunda tapşırıq olaraq aldığın xidməti bitirəsən». KOLOS. 4:17
1, 2. Məsihçilərin insanlarla bağlı hansı məsuliyyəti var?
ƏTRAFIMIZDA yaşayan insanlarla bağlı ciddi məsuliyyətimiz var. Onların ‘böyük məşəqqətdə’ sağ qalıb-qalmayacaqları hal-hazırda qəbul etdikləri qərarlardan asılıdır (Vəhy 7:14). Allahdan ilham alaraq yazılmış «Süleymanın məsəlləri»ndə deyilir: «Ölümə aparılanları qurtar, qırğın təhlükəsi altında olanları geri çək». Necə də təsirli sözlərdir! Əgər insanların qarşısında duran seçim haqqında onları xəbərdar etmək məsuliyyətini üzərimizə götürməsək, ölümlərində təqsirkar biz ola bilərik. Həmin parçada daha sonra deyilir: «Desən ki, bax bundan xəbərim yox idi, ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı?» Aydın görünür ki, Yehovanın xidmətçiləri insanlar qarşısında duran təhlükədən ‘xəbərim yoxdur’ deyə bilməzlər (Sül. məs. 24:11, 12).
2 Həyat Yehovanın gözündə qiymətlidir. O, xidmətçilərini təşviq edir ki, daha çox insanın xilas olmasına kömək etmək üçün əllərindən gələni etsinlər. Allahın hər bir xidmətçisi Onun Kəlamındakı xilas gətirən xoş xəbəri bəyan etməlidir. Bizə həvalə olunan tapşırıq, yaxınlaşmaqda olan təhlükəni görüb xəbərdarlıq edən gözətçinin tapşırığına bənzəyir. Biz ölüm təhlükəsi ilə üz-üzə duran insanların ölümünün məsuliyyətini daşımaq istəmirik (Yez. 33:1-7). Buna görə, «Allahın kəlamını» aramsız təbliğ etməyimiz olduqca vacibdir! (2 Timoteyə 4:1, 2, 5 ayələrini oxu.)
3. Bu və növbəti iki məqalədə hansı mövzuları araşdıracağıq?
3 Bu məqalədə iki amil müzakirə ediləcək: 1) xilas gətirən xidmətimizdə üzləşdiyimiz maneələri necə aradan qaldıra bilərik, 2) daha çox insana kömək etməyə necə müvəffəq ola bilərik. Növbəti məqalədə, vacib həqiqətləri öyrətmək bacarığımızı necə inkişaf etdirə biləcəyimiz araşdırılacaq. Üçüncü məqalədə isə, Padşahlığın ümumdünya təbliğində əldə edilən ruhlandırıcı nailiyyətlərdən bəhs ediləcək. Amma bu mövzulara keçməzdən əvvəl, gəlin yaşadığımız dövrün nəyə görə ağır olduğuna nəzər salaq.
Nə üçün çoxları ümidsizdir?
4, 5. Bəşəriyyət nələrə məruz qalır və çoxlarında hansı hisslər yaranır?
4 Dünyada baş verən hadisələr ‘dövrün sonunda’ yaşadığımızı və sonun çox yaxın olduğunu göstərir. İsa və şagirdləri ‘axır günlərin’ əlaməti olacaq hadisələrdən bəhs etmişdilər və bu gün bəşəriyyət məhz həmin hadisələrə məruz qalır. ‘Ağrılar’, yəni müharibələr, qıtlıqlar, zəlzələlər və digər fəlakətlər bəşəriyyətə əzab-əziyyət verir. Qanunsuzluq, xudbinlik və allahsızlıq baş alıb gedir. İndiki dövr hətta Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa çalışan insanlar üçün də ‘çətindir’ (Mat. 24:3, 6-8, 12; 2 Tim. 3:1-5).
5 İnsanların böyük əksəriyyəti dünyada baş verən hadisələrin əslində nəyə işarə etdiyindən bixəbərdir. Buna görə də, onlar həm özlərinin, həm də doğmalarının təhlükəsizliyinə görə narahatdırlar. Əzizlərinin ölümü və ya özlərinin üzləşdiyi bədbəxtliklər insanlara qəm-qüssə gətirir. Onlar belə hadisələrin baş verməsinin səbəbini dəqiq bilmədikləri və problemlərdən çıxış yolu görmədikləri üçün ümidsizliyə qapılırlar (Efes. 2:12).
6. Nəyə görə ‘Böyük Babil’ ona qulluq edənlərə kömək etməyə müvəffəq olmadı?
6 Yalan dinin dünya imperiyası olan «Böyük Babil» bəşəriyyətə təsəlli gətirə bilmədi. Üstəlik, «zinasının şərabı ilə» saysız-hesabsız insanları ruhani zülmətə saldı. Yalan din, fahişə kimi davranaraq, ‘yerin hökmdarlarını’ aldadır və onlara təsir göstərir. Həmçinin yanlış təlimlərdən və sehirbazlıqdan istifadə edərək bəşəriyyətin böyük hissəsinin siyasi rəhbərlərə kor-koranə tabe olmasına nail olub. Bununla da yalan din böyük nüfuza və hakimiyyətə sahib olsa da, dini həqiqəti tamamilə inkar etmişdir (Vəhy 17:1, 2, 5; 18:23).
7. Əksər insanları nə gözləyir və bəzilərinə necə kömək etmək olar?
7 İsanın dediyi kimi, insanların əksəriyyəti həlaka aparan enli yolla gedir (Mat. 7:13, 14). Bəziləri bu yolu, Müqəddəs Kitab təlimlərini bilərəkdən inkar etməklə seçmişdir. Bir çoxları isə aldandıqları və ya din rəhbərləri Yehovanın tələblərini öyrətmədikləri üçün bu yoldadırlar. Ola bilsin, bəzilərinə Müqəddəs Kitabdan tutarlı əsaslar gətirilərsə, onlar öz həyat tərzlərini dəyişərlər. Böyük Babildə qalanlar və Müqəddəs Kitab prinsiplərini inkar edənlər isə «böyük məşəqqətdən» sağ çıxmayacaqlar (Vəhy 7:14).
Təbliğ etməkdən ‘vaz keçmə’
8, 9. Birinci əsrin məsihçiləri müqavimətlərlə üzləşəndə necə davranırdılar və nə üçün?
8 İsa Məsih davamçılarının Padşahlıq haqqında xoş xəbəri təbliğ edəcəklərini və şagird hazırlayacaqlarını demişdi (Mat. 28:19, 20). Buna görə də, həqiqi məsihçilər həmişə təbliğ işinə Allaha sədaqət məsələsi və imanlarının əsas tələbi kimi yanaşırdılar. Bu səbəbdən, İsanın erkən davamçıları, hətta təqiblərlə üzləşəndə də, təbliğ işini davam etdirirdilər. Onlar Yehovanın ‘sözünü tam cəsarətlə söyləməyə’ davam etmək üçün kömək diləməklə Onun gücünə güvənirdilər. Cavab olaraq, Yehova bu məsihçilərə müqəddəs ruhundan verdi, onlar da Allahın sözünü cəsarətlə söylədilər (Həv. iş. 4:18, 29, 31).
9 Müqavimətlərin şiddətlənməsi İsanın davamçılarının xoş xəbəri təbliğ etmək əzmini sındırdımı? Bu heç də belə olmadı. Həvarilərin təbliğinə görə qəzəblənən yəhudi din rəhbərləri onları həbsə saldılar, hədə-qorxu gəldilər və döydürdülər. Buna baxmayaraq, həvarilər «təlim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər». Onlar aydın başa düşürdülər ki, «insanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həv. iş. 5:28, 29, 40-42).
10. Bu gün məsihçilər hansı çətinliklərlə qarşılaşırlar, lakin onların yaxşı davranışlarının nəticəsi nə ola bilər?
10 Allahın müasir xidmətçilərinin əksəriyyəti təbliğ etdiklərinə görə nə döyülür, nə də həbs edilirlər. Ancaq onların da sınaqları az deyil. Məsələn, Müqəddəs Kitab əsasında tərbiyə edilən vicdanın səni bu dünyanın qeyri-adi saydığı və başqalarından fərqləndirən həyat tərzilə yaşamağa təşviq edə bilər. Qərarlarını Müqəddəs Kitab prinsiplərinə əsaslandırdığın üçün iş və ya sinif yoldaşların, yaxud qonşuların sənin qəribə insan olduğunu düşünə bilərlər. Lakin onların mənfi münasibəti səni dayandırmamalıdır. Ruhani zülmətdə olan bu dünyada məsihçilər ‘ulduzlar kimi parlamalıdırlar’ (Filip. 2:15). Səni kənardan müşahidə edən bəzi səmimi insanlar gözəl işlərini görüb qiymətləndirə və Yehovaya izzət verə bilərlər. (Matta 5:16 ayəsini oxu.)
11. a) Bəziləri təbliğimizə necə yanaşa bilərlər? b) Həvari Pavel hansı müqavimətlərlə üzləşirdi və buna necə münasibət göstərirdi?
11 Padşahlıq haqqında xəbərin təbliğini davam etdirmək üçün bizə cəsarət lazımdır. Bəzi insanlar, hətta qohumların da səni lağa qoya, yaxud başqa üsulla ruhdan salmağa çalışa bilərlər (Mat. 10:36). Həvari Pavel xidmətini sədaqətlə yerinə yetirdiyi üçün dəfələrlə döyülmüşdü. Onun bu müqavimətlərə necə münasibət göstərdiyinə diqqət yetirək: «Əzab çəkib, təhqir olunduğumuz halda, biz Allahımızdan cəsarət aldıq ki, böyük müqavimətə baxmayaraq, sizə Allahın Müjdəsini elan edək» (1 Salon. 2:2). Bəli, paltarları çıxarılıb, dəyənəklə döyülüb, zindana atıldıqdan sonra da xoş xəbəri təbliğ etmək üçün Paveldən cəsarət tələb olunurdu (Həv. iş. 16:19-24). O, xidmətini davam etdirmək üçün cəsarəti haradan alırdı? Pavelə cəsarət verən Allahın ona həvalə etdiyi təbliğ işini yerinə yetirmək arzusu idi (1 Kor. 9:16).
12, 13. Bəziləri hansı çətinliklərlə üzləşir və onların öhdəsindən necə gəlməyə çalışırlar?
12 Səyimizi qorumağı çətinləşdirən amillərdən bəziləri sahəmizdəki insanların evlərində çətin tapılması və ya onların xoş xəbərə laqeyd münasibəti də ola bilər. Belə hallarda nə etmək olar? Məsələn, bütün cəsarətimizi toplayıb qeyri-formal təbliğ edə bilərik. Bundan savayı, biz ya xidmət cədvəlimizdə dəyişiklik edə, ya da daha çox insan olan yerlərdə təbliğ etməyə səy göstərə bilərik. (Yəhya 4:7-15; Həvarilərin işləri 16:13; 17:17 ayələri ilə müqayisə et.)
13 Gündən-günə yaşa dolmağımız və səhhətimizin zəifləməsi mübarizə apardığımız və xidmətimizi məhdudlaşdıran digər çətinliklər ola bilər. Əgər sənin də belə problemlərin varsa, ruhdan düşmə. Yehova sənin imkanlarının məhdud olduğunu yaxşı bilir və gücün çatanı edirsənsə, bunu qiymətləndirir. (2 Korinflilərə 8:12 ayəsini oxu.) İstər təqiblər, istər laqeydlik, istərsə də sağlamlığın zəifliyi, bir sözlə, hər nə olursa-olsun, xoş xəbəri başqaları ilə bölüşmək üçün şəraitin daxilində əlindən gələni et. (Sül. məs. 3:27; müqayisə et: Mark 12:41-44.)
Xidmətinə diqqət yetir
14. Pavel həmimanlılarına hansı nümunəni qoydu və nəyi məsləhət etdi?
14 Həvari Pavel xidmətinə olduqca ciddi yanaşırdı və həmimanlılarını da buna təşviq edirdi (Həv. iş. 20:20, 21; 1 Kor. 11:1). Pavelin xüsusilə ruhlandırdığı məsihçilərdən biri birinci əsrdə yaşamış Arxip idi. Pavel «Koloslulara məktub»unda yazmışdı: «Arxipə bunu deyin: “Diqqətli ol ki, Rəbb yolunda tapşırıq olaraq aldığın xidməti bitirəsən”» (Kolos. 4:17). Arxipin özü və şəraiti haqqında məlumatımız olmasa da, görünür, o təbliğ etmək tapşırığını qəbul etmişdi. Əgər həyatını Allaha həsr etmiş məsihçisənsə, deməli, sən də xidməti qəbul etmisən. Bəs sən xidmətini icra etmək üçün hər an ona diqqət yetirirsənmi?
15. Məsihçi həsrolunması nə deməkdir və hansı suallar yaranır?
15 Vəftiz olunmazdan əvvəl səmimi duada həyatımızı Yehovaya həsr etmişik. Bu o deməkdir ki, biz Onun iradəsini yerinə yetirməyə qərar vermişik. Buna görə özümüzdən soruşmalıyıq: «Doğrudanmı Allahın iradəsi mənim həyatında ən vacib yeri tutur?» Ola bilsin, ailəmizin qayğısına qalmaq kimi vacib məsuliyyətimiz var və Yehova bizdən buna ciddi yanaşmağımızı gözləyir (1 Tim. 5:8). Bəs qalan vaxtımızı və qüvvəmizi nəyə sərf edirik? Həyatda nəyə üstünlük veririk? (2 Korinflilərə 5:14, 15 ayələrini oxu.)
16, 17. Gənc yaxud az məsuliyyətləri olan məsihçilər nəyin üzərində düşünə bilərlər?
16 Ola bilsin, sən məktəbi qurtarmış və ya qurtarmaq üzrə olan həsr olunmuş yeniyetməsən. Çox güman ki, ailə məsuliyyətindən azadsan. Belə isə, gələcəklə bağlı hansı planların var? Hansı qərarların Yehovanın iradəsini yerinə yetirmək üçün verdiyin vədi daha yaxşı icra etməyə kömək edəcək? Bir çox məsihçilər gündəlik işlərini elə planlaşdırıblar ki, pioner kimi xidmət edə bilsinlər, bu isə onlara böyük sevinc və məmnunluq gətirmişdir (Məz. 110:3; Vaiz 12:1).
17 Bəlkə də sən, tam iş günü işləyən və özünü təmin etməkdən savayı məsuliyyəti olmayan bir gəncsən. Şübhə yoxdur ki, vaxtının yol verdiyi qədər yığıncağın işlərində iştirak etmək sənə sevinc gətirir. Bəs sevincinə sevinc qatmaq istəməzdinmi? Xidmətini genişləndirmək haqda düşünmüsənmi? (Məz. 34:8; Sül. məs. 10:22). Bəzi ərazilərdə həyatı xilas edən həqiqət xəbərini hamıya çatdırmaq üçün hələ görüləsi işlər çoxdur. Həyatında dəyişikliklər edib, Padşahlıq xidmətçilərinə daha çox ehtiyac olan ərazilərdə xidmət edə bilərdinmi? (1 Timoteyə 6:6-8 ayələrini oxu.)
18. Bir gənc ailə hansı dəyişiklikləri etdi və bu nə ilə nəticələndi?
18 Birləşmiş Ştatlardan olan Kevin və Elenanın nümunəsinə nəzər salaqa. Ərazilərində yaşayan yeni evlilər kimi, onlar da ev almağı düşünürdülər. Hər ikisi tam iş günündə çalışır və rahat şəraitdə yaşayırdılar. Vaxtlarının çoxunu işə və ev qayğılarına sərf etdikləri üçün təbliğ xidmətinə vaxtları az qalırdı. Onlar, demək olar ki, bütün vaxt və qüvvələrini əmlaklarına sərf etdiklərini başa düşdülər. Kevinlə Elena pioner kimi xidmət edən bir xoşbəxt ər-arvadın sadə həyat tərzini görərək həyatlarında dəyişiklik etmək qərarına gəldilər. Duada Yehovadan rəhbərlik diləyəndən sonra evlərini satıb, mənzilə köçdülər. Elena iş saatını azaldaraq pioner xidmətinə başladı. Arvadının xidmətdən duyduğu sevinci görən Kevin işindən çıxıb pioner xidmətinə başladı. Bir qədər sonra onlar xidmət etmək üçün Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan Cənubi Amerikanın bir ölkəsinə köçdülər. Kevin deyir: «Biz həmişə xoşbəxt ailə olmuşuq, ancaq ruhani məqsədlərə can atmağa başlayanda xoşbəxtliyimiz birə-beş artdı». (Matta 6:19-22 ayələrini oxu.)
19, 20. Nəyə görə xoş xəbərin təbliği dünyada ən vacib işdir?
19 Bu gün dünyada xoş xəbərin təbliğindən vacib iş yoxdur (Vəhy 14:6, 7). Bu iş birbaşa Yehovanın adının müqəddəs tutulması ilə bağlıdır (Mat. 6:9). Hər il Müqəddəs Kitab xəbəri onu qəbul edən minlərlə insanın həyatını yaxşılaşdırır və bunun nəticəsində onlar xilas ola bilərlər. Həvari Pavel soruşmuşdu: «Vəz edən yoxdursa, necə eşidəcəklər?» (Rom. 10:14, 15). Doğrudan da, təbliğ edən yoxdursa, insanlar necə eşidəcəklər? Nəyə görə xidmətini yerinə yetirmək üçün əlindən gələni etməyə qətiyyətli olmayasan?
20 İnsanlara bu çətin dövrün vacibliyini və verdikləri qərarlardan gələcəklərinin asılı olduğunu anlamağa kömək etmək üçün biz öyrətmək bacarığımızı da inkişaf etdirməliyik. Bunu necə edə biləcəyimizi növbəti məqalədə araşdıracağıq.
[Haşiyə]
a Adlar dəyişdirilib.
Necə cavab verərdiniz?
• Məsihçilərin insanlarla bağlı hansı məsuliyyəti var?
• Təbliğdə üzləşdiyimiz çətinliklərin öhdəsindən necə gəlmək olar?
• Bizə həvalə olunan xidməti necə yerinə yetirə bilərik?
[5-ci səhifədəki şəkil]
Müqavimətlər qarşısında xoş xəbəri təbliğ etmək üçün cəsarət lazımdır
[7-ci səhifədəki şəkil]
Sahəndə insanlar evlərində çətin tapılırsa, nə edə bilərsən?