Məsih kimi itaətli və cəsur olun
«Cəsur olun, Mən dünyaya qalib gəldim» (YƏH. 16:33).
1. İsa Allaha nə dərəcədə itaət edirdi?
İSA MƏSİH həmişə Allahın iradəsini yerinə yetirirdi. Səmavi Atasına itaətsizlik göstərmək onun ağlına belə gəlmirdi (Yəh. 4:34; İbr. 7:26). Lakin yer üzündə qarşılaşdığı sınaqları nəzərə alsaq, itaətkar qalmaq onun üçün heç də həmişə asan deyildi. Yer üzündə xidmətinə başlayanda, Şeytan da daxil olmaqla, düşmənləri onu salehlik yolundan döndərmək üçün müxtəlif hiylələrə əl atır və ya ona hədə-qorxu gəlirdilər (Mat. 4:1-11; Luka 20:20-25). Düşmənlər İsaya əqli, emosional və fiziki iztirablar çəkdirirdilər. Nəhayətdə, onlar onun işgəncə dirəyində edam edilməsinə müvəffəq oldular (Mat. 26:37, 38; Luka 22:44; Yəh. 19:1, 17, 18). Şiddətli əzablara və sınaqlara baxmayaraq, İsa «ölümədək itaətkarlıq etdi» (Filip. 2:8).
2, 3. Şiddətli iztirablara baxmayaraq sonadək itaətli olan İsanın nümunəsindən nə öyrənə bilərik?
2 İsa yer üzündə yaşayarkən başına gələn hadisələrdən itaətkarlığın yeni yönlərini öyrənmişdi (İbr. 5:8). Elə təəssürat yarana bilər ki, İsa Yehovaya ibadətlə bağlı hər şeyi bilirdi. Çünki o, milyardlarla illər ərzində Yehova ilə ünsiyyətdən zövq alır və yaradılış zamanı Onun yanında «mahir usta» (YD) kimi çalışırdı (Sül. məs. 8:30). Ancaq iztirablara baxmayaraq, cismani bədəndə olarkən imanda təhəmmül göstərməsi sayəsində nöqsansızlığı kamala yetişdi. Bunun sayəsində Atası ilə münasibətləri daha da möhkəmləndi. Bəs onun təcrübəsindən biz nə öyrənə bilərik?
3 İsa kamil olsa da, Allah qarşısında mükəmməl itaətkarlığını qorumaqda özünə güvənmirdi. İtaətli qalmaq üçün o, köməyi Allahdan diləyirdi. (İbranilərə 5:7 ayəsini oxu.) Allah qarşısında itaətkarlığımızı qorumaq üçün biz də həlim olmalı və mütəmadi olaraq Ondan duada yardım istəməliyik. Buna görə də həvari Pavel məsihçilərə məsləhət görürdü: ‘Məsih İsada olan fikir sizin aranızda da olsun. O, təvazökarlıq göstərdi və ölümədək itaətkarlıq etdi’ (Filip. 2:5-8). İsanın nümunəsi pozğun cəmiyyətdə insanın itaətkar qalmasının mümkün olduğunu nümayiş etdirdi. Bəli, İsa kamil idi, bəs qeyri-kamil insan olan bizlər haqqında nə demək olar?
Qeyri-kamilliyimizə rəğmən itaətkar ola bilərik
4. Bizə bəxş edilən iradə azadlığı üzərimizə hansı məsuliyyəti qoyur?
4 Allah Adəmlə Həvvanı yaradanda onlara şüur və iradə azadlığı bəxş etdi. Onların övladları olan bizlər də iradə azadlığına malikik. Bu, nə deməkdir? Bu o deməkdir ki, biz həm yaxşı, həm də pis qərarlar qəbul edə bilərik. Başqa sözlərlə desək, Allah Ona itaət edib-etməməyi öz öhdəmizə buraxıb. Belə böyük azadlıq üzərimizə ciddi məsuliyyət və cavabdehlik qoyur. Mənəvi xarakter daşıyan qərarlarımız bizə ya həyat, ya da ölüm gətirə bilər. Onlar həmçinin əhatəmizdə olanlara da öz təsirini göstərir.
5. Hər birimiz nə ilə mübarizə aparmalı oluruq və bu mübarizədən necə başıuca çıxa bilərik?
5 Qeyri-kamilliyi miras aldığımızdan itaətkarlıq bizdə öz-özünə əmələ gəlmir. Buna görə də Allahın qanunlarına itaət etmək həmişə asan deyil. Pavel də eyni çətinliklə mübarizə aparmalı olurdu. O yazmışdı: «Mən üzvlərimdə başqa bir qanun da görürəm ki, o, ağlımın təsvib etdiyi qanun ilə mübarizə edir və üzvlərimdə olan günah qanununa məni əsir edir» (Rom. 7:23). Əlbəttə, heç bir qurban tələb olunmayanda, ağrı-acı və ya narahatçılıq olmayanda itaətli olmaq daha asandır. Bəs itaətkar olmaq istəyimizlə ‘cismani ehtiras və gözlərin ehtirası’ bir-birinə zidd gedəndə, necə? Bu kimi pis arzular qeyri-kamilliyimizdən və bizi əhatə edən ‘bu dünyanın ruhunun’ təsirindən irəli gəlir və adətən, çox güclü olur (1 Yəh. 2:16; 1 Kor. 2:12). Onlara müqavimət göstərmək üçün biz çətin vəziyyətə düşməzdən və ya şirnikdirici təsirlərlə üzləşməzdən öncə ‘ürəyimizi hazırlamalı’ və hər nə olursa-olsun, Yehovaya itaətkar qalmaq əzmindən dönməməliyik. Müqəddəs Kitabda ürəklərini hazırladıqları üçün sınaqlardan başıuca çıxan bir çox insanların nümunəsi yerləşir (Ezra 7:10, KM; Dan. 1:8, KM).
6, 7. Şəxsi öyrənmənin müdrik qərarlar qəbul etməkdə bizə necə kömək etdiyini nümunə əsasında göstərin.
6 Ürəyimizi hazırlamağın üsullarından biri Müqəddəs Yazıları və ona əsaslanan nəşrləri çalışqanlıqla araşdırmaqdır. Özünü belə bir vəziyyətdə təsəvvür et: bir axşam şəxsi öyrənmə ilə məşğul olduqdan sonra duada Yehovadan müqəddəs ruh istəmisən ki, Onun Kəlamından öyrəndiklərini tətbiq etməkdə sənə kömək etsin. Növbəti axşam isə televizorda bir filmə baxmağı planlaşdırmısan. Həmin filmin tənqidçilərin müsbət rəyini qazandığını, eyni zamanda filmdə əxlaqsız və zorakı səhnələrin yer aldığını bilirsən.
7 Sən Pavelin Efeslilərə 5:3 ayəsində yazılmış məsləhəti üzərində düşünürsən: «Cinsi əxlaqsızlığın və hər cür natəmizliyin, yaxud tamahın qoy aranızda adı belə çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz». Sən həm də onun Filipililərə 4:8 ayəsində yazılan məsləhətini də yadına salırsan. (Ayəni oxu.) Allahdan ilham almış bu məsləhətləri götür-qoy edərək özündən soruşursan: «Əgər mən bilə-bilə bu kimi filmlərə baxmaqla ürəyimi və zehnimi təhlükəyə məruz qoyuramsa, demək olarmı ki, Allaha tam itaətkarlıq göstərən İsanın nümunəsini təqlid edirəm?» Sən nə edəcəksən? Yenə də filmə baxmaq fikrində qalacaqsan?
8. Nəyə görə biz yüksək ruhani və əxlaq normalarına həmişə riayət etməliyik?
8 Zorakı və əxlaqsız əyləncələr kimi pis dostluqların təsirinə müqavimət göstərmək üçün kifayət qədər güclü olduğumuzu düşünərək Yehovanın ruhani və əxlaq normalarını dəyərdən salmaqla böyük səhv etmiş olardıq. Biz özümüzü və övladlarımızı Şeytanın ruhunun pozucu təsirindən hifz etməliyik. İstifadəçilər öz kompüterlərini məlumatı məhv edən, əməliyyat sisteminə xələl yetirən və hətta bir kompüterdən digərinə keçə bilən viruslardan qorumaq üçün qabaqlayıcı tədbirlər görürlər. Özümüzü Şeytanın ‘hiylələrindən’ qorumaq üçün məgər bizdən daha çox sayıq olmaq tələb olunmurmu? (Efes. 6:11).
9. Nəyə görə Yehovaya hər gün tabe olmaq qətiyyətindən dönməməliyik?
9 Demək olar ki, hər gün Yehovanın iradəsinə uyğun davranıb-davranmamaq seçimi qarşısında dururuq. Xilasa nail olmaq üçün biz Allaha itaətkar olmalı və Onun saleh prinsiplərinə əsasən yaşamalıyıq. Hətta «ölümədək» sadiq qalaraq Məsihin itaətkarlıq nümunəsini izləməklə əsil imana malik olduğumuzu göstəririk. Yehova sadiqliyimizi mütləq mükafatlandıracaq. İsa vəd etmişdir: «Axıra qədər səbr edən xilas olacaqdır» (Mat. 24:13). Aydındır ki, bu, İsanın təzahür etdirdiyi əsil cəsarəti özümüzdə inkişaf etdirməyi tələb edir (Məz. 31:24).
İsa ən böyük cəsarət nümunəsidir
10. Biz hansı təzyiqlərlə üzləşə bilərik və belə hallarda nə etməliyik?
10 Biz Şeytanın düşüncə və davranış tərzinin hökm sürdüyü dünyada yaşayırıq, buna görə də onun pozucu təsirinə uymamaq üçün bizə cəsarət gərəkdir. Məsihçilər əxlaqi, ictimai, maddi və dini cəhətdən təzyiqlərlə üzləşirlər ki, bu da öz növbəsində, onların Yehovanın saleh yollarından uzaqlaşmasına gətirib çıxara bilər. Çoxları ailə üzvləri tərəfindən təqiblərə məruz qalırlar. Bəzi ölkələrdə təhsil müəssisələrində təkamül nəzəriyyəsi daha israrla tədris olunur və ateizm geniş vüsət alır. Bu kimi güclü təzyiqlərlə üzləşən bizlər sadəcə əlimizi əlimizin üstünə qoyub otura bilmərik. Biz müqavimət göstərmək üçün hərəkət etməli və bununla da özümüzü qorumalıyıq. İsanın nümunəsi necə müvəffəqiyyət qazana biləcəyimizi göstərir.
11. İsanın nümunəsi üzərində düşünmək bizi necə cəsarətləndirə bilər?
11 İsa öz şagirdlərinə demişdi: «Dünyada kədəriniz olacaqdır; amma cəsur olun, Mən dünyaya qalib gəldim» (Yəh. 16:33). O, heç vaxt dünyanın təsirinə uymurdu. O, heç vaxt yol vermirdi ki, dünya onu təbliğ etmək tapşırığından yayındırsın və ya Allahın düzgün davranış və həqiqi ibadət üçün qoyduğu normalara xor baxmasına səbəb olsun; buna biz də yol verməməliyik. İsa duasında şagirdləri haqqında demişdi: «Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər» (Yəh. 17:16). Məsihin cəsarət nümunəsini araşdırmaq və onun üzərində düşünmək bu dünyadan uzaq durmaq üçün bizə lazımi cəsarət verəcək.
İsadan cəsarətli olmağı öyrənin
12-14. İsanın cəsarətli olmasına dair nümunələr gətirin.
12 İsa yer üzündəki xidməti boyunca böyük cəsarət göstərmişdi. O, Allahın Oğlu kimi malik olduğu səlahiyyətindən istifadə edərək cəsarətlə «Allahın məbədinə girdi və məbəddəki satıcıların və alıcıların hamısını qovdu; sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi» (Mat. 21:12). Yer üzündəki sonuncu gecəsində əsgərlər onu həbs etməyə gələndə o, şagirdlərini müdafiə etmək məqsədilə qorxmadan qabağa çıxıb dedi: «Əgər Məni axtarırsınızsa, bunları buraxın getsinlər» (Yəh. 18:8). Sonra o, Peterə qılıncını qınına qoymağı əmr etdi və bununla hansısa silaha deyil, Yehovaya bel bağladığını göstərdi (Yəh. 18:11).
13 İsa daşürəkli yalançı din rəhbərlərini və onların yanlış təlimlərini cəsarətlə ifşa edirdi. İsa onlara deyirdi: «Vay halınıza, din alimləri və fəriseylər, ikiüzlülər! Çünki siz Səmavi Səltənəti insanların üzünə qapayırsınız... Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız... Siz fincanın və çanağın çölünü təmizləyirsiniz, lakin onların içi soyğunçuluq və tamahkarlıqla doludur» (Mat. 23:13, 23, 25). İsanın şagirdlərinə də bu cür cəsarətli olmaq lazım gələcəkdi, çünki yalançı din rəhbərləri onları da təqib edəcək və bəzilərini öldürəcəkdilər (Mat. 23:34; 24:9).
14 İsa hətta cinlərə qarşı da cəsarətli mövqe tuturdu. Bir dəfə o, heç kimin zəncirləyə bilmədiyi güclü cinə tutulmuş bir adama rast gəldi. İsa həmin adamı öz təsirləri altında saxlayan çoxsaylı cinlərdən azad etdi (Mark 5:1-13). Bu gün Allah məsihçilərə bu kimi möcüzələr etmək qüvvəsi vermir. Buna baxmayaraq, biz də təbliğ edərkən və öyrədərkən ‘imansızların gözünü kor edən’ Şeytana qarşı ruhani müharibə aparmalıyıq (2 Kor. 4:4). İsanın hadisəsində olduğu kimi, silahlarımız «cismani deyildir, lakin istehkamları», yəni dərin kök salmış yalan dini təlimləri «yıxmaq üçün Allahın qüdrətinə malikdirlər» (2 Kor. 10:4). İsanın nümunəsindən bu ruhani silahlardan necə istifadə etmək barədə çox şey öyrənirik.
15. İsaya cəsarət verən nə idi?
15 İsa özünü göstərmək üçün deyil, imandan irəli gələrək cəsarət göstərirdi. Bizim də cəsarətimiz imana əsaslanmalıdır (Mark 4:40). Əsil imana necə yiyələnə bilərik? Yenə də İsanın nümunəsi köməyimizə gəlir. O, Müqəddəs Yazıları mükəmməl bilir və onlara zərrə qədər də şübhə etmirdi. Bir silah kimi əlində əsil qılınc yox, ruhun qılıncı olan Allahın Kəlamını tuturdu. O, öz təlimlərini təsdiqləmək məqsədilə dəfələrlə Müqəddəs Yazılara istinad edirdi. O, çox vaxt sözünə: «Yazılmışdır»,— deyə başlayaraq Allahın Kəlamından sitat gətirirdia.
16. Daha böyük imana necə yiyələnə bilərik?
16 İsanın şagirdi olduqdan sonra insanın sınaqlarla üzləşməsi qaçılmazdır və onlara tab gətirəcək iman inkişaf etdirmək üçün biz gündəlik olaraq Müqəddəs Kitabı oxuyub araşdırmalı və yığıncaq görüşlərinə gəlməliyik ki, imanımızın əsasını təşkil edən həqiqətlər zehnimizdə həkk olunsun (Rom. 10:17). Bu biliklər ürəyimizə təsir etsin deyə həmçinin öyrəndiklərimizin üzərində dərindən düşünməliyik. Yalnız canlı iman bizi cəsarətli addımlar atmağa təşviq edə bilər (Yaq. 2:17). Üstəlik, biz müqəddəs ruh almaq üçün dua etməliyik, çünki ‘inam’ (YD) ruhun səmərəsinin tərkib hissələrindən biridir (Qalat. 5:22).
17, 18. Gənc bir bacı məktəbdə necə cəsarət göstərdi?
17 Gənc bacımız Kitti əsil imanın insanı hərəkətə necə təşviq etdiyini öz təcrübəsindən bilir. O, uşaqlıqdan bilirdi ki, xoş xəbəri məktəbdə təbliğ etməyə ‘utanmamalıdır’ və o, həqiqətən də, sinif yoldaşlarına yaxşı şahidlik vermək istəyirdi (Rom. 1:16). İllər ötürdü, ancaq Kitti xoş xəbəri başqalarına danışmağa tərəddüd edirdi, çünki onun buna cəsarəti çatmırdı. Yuxarı siniflərdə oxuyarkən o, başqa məktəbə keçdi. O, öz-özünə dedi: «Bu dəfə fürsəti əldən verməyəcəyəm». Kitti Məsihə xas olan cəsarət, eləcə də müdriklik və əlinə fürsət düşməsi barədə Allaha dua etdi.
18 İlk dərs günü şagirdlərdən özlərini bir-bir təqdim etməyi xahiş etdilər. Bir neçə nəfər hansı dinə mənsub olduğunu, ancaq heç bir ayində iştirak etmədiyini söylədi. Kitti anladı ki, bu, onun duasına cavabdır. Növbə ona çatanda o, əminliklə dedi: «Mən Yehovanın Şahidiyəm, ruhani və əxlaqi məsələlərdə Müqəddəs Kitabı əldə rəhbər tuturam». O danışanda bəzi şagirdlər ona çəp-çəp baxmağa başladılar. Amma digərləri diqqətlə qulaq asıb, sonra suallar verdilər. Müəllim hətta Kittini öz imanını müdafiə etməkdə yaxşı nümunə olduğunu bildirdi. Gənc bacımız İsanın cəsarət nümunəsini izlədiyi üçün çox sevinir.
Məsihə xas olan iman və cəsarət təzahür etdirin
19. a) Əsil imana sahib olmaq nə deməkdir? b) Biz Yehovanı necə sevindirə bilərik?
19 Həvarilər də cəsarətdən irəli gələrək etdikləri hər bir şeyin imana əsaslanmalı olduğunu dərk edirdilər. Onlar İsaya yalvarıb dedilər: «İmanımızı artır!» (Luka 17:5, 6 ayələrini oxu.) Əsil imana malik olmaq sadəcə Allahın mövcudluğuna inanmaq demək deyil. Bu, balaca uşaqla xeyirxah və məhəbbətli atası arasındakı münasibətlər kimi, Yehova ilə sıx və etibarlı münasibət inkişaf etdirmək deməkdir. Allahdan ilham alaraq Süleyman yazmışdır: «Oğlum, ürəyin hikmətlidirsə, Mənim də ürəyim sevinər. Dilindən düz sözlər çıxarsa, könlüm sevincdən cuşa gələr» (Sül. məs. 23:15, 16). Eynilə, saleh prinsipləri cəsarətlə müdafiə etməyimiz Yehovanın qəlbini sevindirir və bunu bilmək bizi daha da ürəkləndirir. Buna görə də gəlin salehliyi cəsarətlə müdafiə edərək hər zaman İsanın nümunəsini izləyək!
[Haşiyə]
a Nümunə üçün Matta 4:4, 7, 10; 11:10; 21:13; 26:31; Mark 9:13; 14:27; Luka 24:46; Yəhya 6:45; 8:17 ayələrinə baxın.
İzah edə bilərsinizmi?
• Qeyri-kamilliyimizə baxmayaraq, nəyin sayəsində itaətkar qala bilərik?
• Əsil iman nəyə əsaslanır və bu, bizə cəsarətli olmaqda necə kömək edə bilər?
• İsa kimi itaətli və cəsarətli olmaq hansı faydanı gətirir?
[13-cü səhifədəki şəkil]
Şirnikdirici təsirlərə müqavimət göstərmək üçün sən ‘ürəyini hazırlayırsanmı’?
[15-ci səhifədəki şəkil]
İsa kimi, biz də imandan irəli gələn cəsarəti göstərə bilərik