Müqəddəs Kitab həyatları dəyişir
NARKOTİKDƏN istifadə edən və Rusiyadan olan bir ananı nə təşviq etdi ki, o, bu vərdişindən əl çəksin və öz uşaqları ilə münasibətlərini bərpa etsin? Necə oldu ki, Kiotodan (Yaponiya) olan evsiz bir kişi özündə güc tapıb onu səfil vəziyyətə gətirib çıxaran vərdişindən əl çəkdi? Avstraliyalı naxırçıya içki düşkünlüyündən azad olmağa nə kömək etdi? Gəlin görək onların özləri bu haqda nə danışırlar.
«Başa düşdüm ki, özümü və uşaqlarımı dolandırmalıyam» (NELLİ BAYMATOVA).
YAŞI: 45
ÖLKƏ: RUSİYA
TARİXÇƏSİ: NARKOTİK DÜŞKÜNÜ
KEÇMİŞİM. Mən Şimali Osetiyanın — Alaniyanın paytaxtı Vladiqafqazda böyümüşəm. Valideynlərim imkanlı idilər. Lakin buna baxmayaraq, həyatda xoşbəxt deyildim. Artıq 34 yaşımda iki dəfə evlənib boşanmışdım. On il idi ki, narkotikə qurşanmışdım və buna görə iki dəfə müalicə olunmuşdum. İki uşağım var idi, lakin onlara qarşı ürəyimdə heç bir məhəbbət yox idi; eləcə də dostlarımla və ailəmlə münasibətim çox pis idi.
Anam Yehovanın Şahidi idi və o, tez-tez Yehovaya mənim üçün dua edib yalvarırdı. «Gör, anam necə də sadəlövhdür! Axı Yehova mənə necə kömək edə bilər?» — deyə fikirləşirdim. Bu vərdişdən qurtulmaq üçün bir neçə dəfə cəhd göstərmişdim. Lakin özümlə bacara bilmirdim. Bir dəfə iki gün narkotiksiz dözdükdən sonra evdən çıxmaq qərarına gəldim və evin ikinci mərtəbəsindən tullandım. Nəticədə əlim və ayağım sındı, eləcə də onurğam zədələndi. Buna görə bir ay yataqdan qalxa bilmədim.
Bu müddət ərzində anam mənim qayğıma qalırdı və buna görə məni heç vaxt danlamırdı. Çox ağır emosional vəziyyətdə olduğumu başa düşürdü. Bir dəfə o, çarpayımın yanına bir neçə «Oyanın!»a jurnalı qoydu. Hamısını bir-bir oxudum. Çox maraqlı və hərtərəfli jurnallar idi. Nəhayətdə, Yehovanın Şahidlərinin köməyi ilə Müqəddəs Kitabı öyrənməyə başladım.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Allahın Kəlamı mənə həyatda məsuliyyətli olmağı öyrətdi. Artıq düşünmürdüm ki, anam məni hər şeylə təmin etməlidir. Başa düşdüm ki, özümü və uşaqlarımı dolandırmalıyam. Uzun müddət ərzində öz istədiyim kimi yaşadığım üçün daima işləmək fikrinə alışmaq mənim üçün çətin idi.
Qanunun təkrarı 6:5—7 ayələrindəki məsləhətlərin mənə böyük köməyi dəydi. Bu ayələrdə deyildiyi kimi valideynlər uşaqlarına Allah haqqında bilik aşılamalıdırlar. Başa düşdüm ki, uşaqlarımı necə tərbiyə etdiyimə görə Allah qarşısında cavabdehlik daşıyıram. Bu, məni uşaqlarıma vaxt ayırmağa və onlara məhəbbət inkişaf etdirməyə təşviq etdi.
Onun haqqında həqiqəti öyrənməyə izin verdiyi üçün ürəyim Yehovaya qarşı minnətdarlıqla dolu idi. Buna görə mən öz həyatımı Yehovaya həsr edərək vəftiz olundum.
MƏNƏ FAYDASI. Əvvəllər özümdən tez çıxırdım, lakin indi özümü əla ala bildiyim üçün anam və uşaqlarımla münasibətlərim yaxşılaşıb.
Məndə allahsız işlərə qarşı nifrət hissi yarandığı üçün əvvəlki həyat tərzimdə olan problemlər öz-özünə aradan qalxdı. İndi başqalarına sevən Allahımız Yehova haqqında öyrənməyə kömək etməkdən böyük məmnunluq duyuram.
«Müqəddəs Kitab həyatımı xilas etdi» (MİNORU TAKEDA).
YAŞI: 54
ÖLKƏ: YAPONİYA
TARİXÇƏSİ: KÜÇƏLƏRDƏ YAŞAYIRDI
KEÇMİŞİM. Mən Yamaquti şəhərində anadan olmuşam, atam və nənəmlə yaşayırdım. Heç vaxt anamı görməmişəm. Mənim 19 yaşım olandan nənəm vəfat etdi və biz atamla tək qaldıq. Mən aşpaz işləyirdim; atam da eyni sahədə işləyirdi. İş növbələrimiz müxtəlif olduğundan bir-birimizi az-az görürdük. İşə həddən artıq vaxt sərf edir və tez-tez içirdim.
Müəyyən vaxtdan sonra işimdən bezməyə başladım. Eləcə də müdirim ilə problemim var idi. Buna görə daha çox içirdim. Təxminən 30 yaşım olanda evi tərk edib səyahətə çıxmaq qərarına gəldim. Pulum qurtaranda paçinko (qumar növü) oyun avtomatları zalında işləməyə başladım. Sonralar tanış olduğum bir qızla evləndim. Lakin evliliyimiz çox çəkmədi, iki il yarımdan sonra boşandıq.
Özümü çox pis hiss edirdim. Mən həmçinin zəif iradəli insan idim və böyük borca girmişdim. Borclu olduğum insanlardan canımı qurtarmaq üçün doğma şəhərə qaçıb bir müddət atamın yanında yaşadım. Onu aldadırdım və buna görə də münasibətlərimiz korlandı. Bir dəfə onun pullarını götürüb hamısını qumarda uduzdum. Nəticədə pulsuz qaldım və bir müddət vağzalda yaşamalı oldum. Bir müddət sonra mən Hakataya, sonra Himedziyə, sonda isə Kioto şəhərinə köçdüm. Bir neçə il mən küçələrdə yaşamalı oldum.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. 1999-cu ildə Kiotoda Kamoqava çayının sahilindəki parkda iki qadın mənə yaxınlaşdı. Onlardan biri soruşdu: «Müqəddəs Kitabı öyrənmək istəyirsiniz?» Mən razılaşdım. Yehovanın Şahidlərinin yerli yığıncağından ruhani cəhətdən yetkin insanlar mənimlə Müqəddəs Kitabı öyrənməyə və onun prinsiplərini tətbiq etməyin nə dərəcədə vacib olduğunu başa düşməyə kömək etdilər. Onlar mənə məsləhət gördülər ki, iş və yaşamaq üçün yer tapım. Onların xətrinə işə düzəlmək üçün bir-iki görüşə getdim. Amma kifayət qədər səy göstərmirdim. Lakin sonradan dua edərək ciddi surətdə iş axtarmağa başladım və nəticədə bir iş tapa bildim.
Düşdüyüm çətin vəziyyətdən çıxmaq üçün duanın mənə böyük köməyi dəydi. Borclu olduğum insanlar məni tapıb pullarını geri tələb edəndə ürəyimə qorxu düşmüşdü. Bir dəfə Müqəddəs Kitabı oxuyanda Yeşaya 41:10 ayəsində bu sözlərə rast gəldim: «Sənə kömək edəcəyəm». Bu sözlər mənə əminlik və cəsarət verdi. Gecə-gündüz çalışıb bütün borclarımı qaytardım. 2000-ci ildə isə vəftiz olaraq Yehovanın Şahidi oldum.
MƏNƏ FAYDASI. Müqəddəs Kitabdan öyrəndiklərim məni atamla münasibətlərimi bərpa etməyə təşviq etdi. O, məni bağışladı. Allahın Kəlamına uyğun yaşadığım üçün atam elə sevinirdi ki. Həqiqətən də, demək olar ki, Müqəddəs Kitab mənim həyatımı xilas etdi.
Bundan əlavə, pul qazanıb özüm özümü təmin edə bilirəm (Efeslilərə 4:28; 2 Saloniklilərə 3:12). Həmçinin yığıncaqda çoxlu dostlar tapmışam (Mark 10:29, 30). Yehova məni öyrətdiyi üçün Ona sidq ürəkdən minnətdaram.
«Dəyişilmək heç də asan deyildi» (DEYVİD HADSON).
YAŞI: 72
ÖLKƏ: AVSTRALİYA
TARİXÇƏSİ: ƏYYAŞ
KEÇMİŞİM. Mən valideynlərimin, Villi və Lusinin onbirinci uşağı idim. Biz Kvinslend ştatının şimalında yerləşən aborigenlərin (yerli tayfalar) məskunlaşdığı Ourukun kəndində yaşayırdıq. Ourukun dəniz yaxınlığındakı Arçer çayının gözəl mənzərəli sahilində yerləşirdi. Valideynlərimiz bizə ov ovlamağı və balıq tutmağı öyrədirdilər. O vaxtlar bizə puldan istifadə etməyə dövlət tərəfindən qadağa qoyulmuşdu, eləcə də biz aborigenlərə yalnız bizim üçün ayrılmış ərazilərdə yaşamağa icazə verilirdi.
Valideynlərim var qüvvələri ilə çalışırdılar ki, mənə yaxşı keyfiyyətlər aşılasınlar və bizə böyüklərə hörmət etməyi, malik olduğumuz şeylər, az da olsa, onları başqaları ilə bölüşməyi öyrətsinlər. Buna görə də yaşadığımız yerdə özümüzdən böyüklərə ata, ana, dayı və xala kimi yanaşırdıq.
Atam öləndə mənim 7 yaşım var idi və biz Ourukundan 150 kilometr aralıda yerləşən Mapunadakı icmaya köçdük. 12 yaşında mən naxırçılığı öyrənməyə başladım. Təxminən qırx il müxtəlif fermalarda işlədim. Həyat çox ağır idi. Tez-tez və həddən artıq çox içdiyim üçün baş ağrılarından və problemlərdən əziyyət çəkirdim.
Bir dəfə çox içib mehmanxanadan çölə çıxdım. Ayaqüstə güclə dayanırdım. Məni maşın vurdu. Növbəti iki ili xəstəxanalarda keçirməli oldum. Bundan sonra naxırçı işinə artıq qayıda bilmədim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Xəstəxanada yatanda tanış bir qadın mənə «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalları gətirdi. Amma məktəbdə pis oxuduğum üçün bu jurnalları çətinliklə oxuyurdum. İsti günlərin birində 83 yaşlı bir kişi mənim yanıma gəldi. Mən ona soyuq su içməyi təklif etdim. O, mənə Müqəddəs Kitaba əsaslanan bir neçə ədəbiyyat saxladı və gələn dəfə gəlib orada yazılanları izah etmək üçün razılığımı aldı. Nəticədə müntəzəm olaraq onunla Müqəddəs Kitabı öyrənməyə başladım. Başa düşdüm ki, əgər Allaha məqbul olmaq istəyirəmsə, mütləq özümdə və həyat tərzimdə dəyişiklik etməliyəm.
Özümü dəyişmək heç də asan deyildi. Lakin anamdan aldığım tərbiyənin sayəsində mənimlə Müqəddəs Kitabı öyrənən yaşlı kişiyə və onun öyrətdiyi dəyərli ruhani həqiqətlərə dərin hörmətlə yanaşırdım. Buna baxmayaraq, həyatımı Allaha həsr etməyə çəkinirdim. Elə hesab edirdim ki, Müqəddəs Kitabda yazılanların hamısını yaxşı bilməliyəm.
Yehovanın Şahidi olan iş yoldaşım yanlış düşüncə tərzimi düzəltməyə kömək etdi. O, mənim diqqətimi Koloslulara 1:9, 10 ayələrində yazılan sözlərə yönəltdi. Orada deyilir ki, biz ‘Allah haqqında dəqiq biliyimizi artırmalıyıq’. İş yoldaşımın köməyi sayəsində bir şeyi başa düşdüm: mən həmişə yeni şeylər öyrənəcəyəm və buna görə də Yehovaya həsr olunmaqdan məni heç nə çəkindirməməlidir.
Yehovanın Şahidləri ilə ünsiyyət mənə xoş təəssürat bağışladı. Fikir verdim ki, milliyətindən asılı olmayaraq, onlar birlik içində Allaha ibadət edirlər. Bu birliyi görəndə əmin oldum ki, bu, həqiqi ibadətdir. Buna görə də 1985-ci ildə vəftiz olaraq Yehovanın Şahidi oldum.
MƏNƏ FAYDASI. İndi mənim oxumaq qabiliyyətim daha da yaxşılaşıb və başqalarına Müqəddəs Kitabı oxumağı və araşdırmağı öyrətmək üçün həftədə çoxlu saat sərf edirəm. Bundan əlavə, xəstəxanada mənə «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalını gətirən qadın da Yehovanın Şahidi oldu; indi isə o, mənim sevimli həyat yoldaşımdır. Onunla birlikdə aborigenlərə Yehova Allah haqqında öyrənməyə kömək etməkdən sevinc duyuruq.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunur.
[21-ci səhifədəki yazı]
Həyat yoldaşımla mən aborigenlərə Yehova Allah haqqında öyrənməyə kömək etməkdən sevinc duyuruq