Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/4 s. 10—13
  • Müqəddəs Kitab həyatları dəyişir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab həyatları dəyişir
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi: Müqəddəs Kitab həyatları dəyişir
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/4 s. 10—13

Müqəddəs Kitab həyatları dəyişir

TÜTÜN becərən bir insanı öz məşğuliyyətini dəyişməyə, eləcə də Müqəddəs Kitab həqiqətini qəbul etməyə nə təşviq etdi? İçki düşkünü olan bir qadına öz həyat tərzini dəyişməyə güc verən nə oldu? Gəlin görək onların özləri bu haqda nə deyirlər.

«Böyük ailənin üzvü olmaqdan sevinc duyuram» (DİNO ALAY).

ANADAN OLDUĞU İL: 1949

ÖLKƏ: AVSTRALİYA

KEÇMİŞDƏ: TÜTÜN BECƏRƏN

AVTOBİOQRAFİYA. Valideynlərim 1939-cu ildə Albaniyadan Avstraliyanın Kvinslend ştatında yerləşən Mariba şəhərinə köçmüşdülər. Bu əraziyə öz adət-ənənə və mədəniyyətlərini gətirən müxtəlif xalqlarla yanaşı bosniyalılar, yunanlar, italyanlar və serblər də gəlmişdilər. Maribada tütünçülüklə məşğul olurdular və mənim valideynlərim də bu işə qoşuldular.

Məndən əvvəl bir bacım və iki qardaşım dünyaya gəlmişdi. Əfsuslar olsun ki, bir yaşım olanda atam ürək tutmasından öldü. Anam yenidən ailə qurdu və onun dörd oğlu oldu. Hamımız ögey atamın tütün fermasında böyümüşük.

Yeniyetmə çağında evimizi tərk etdim. 23 yaşım olanda Saymi adlı qızla yerli məsciddə evləndik, çünki hər ikimiz müsəlman idik. Bütün qohumlarım İslam dininə mənsub idi. Mən Quranı və Məhəmməd peyğəmbərin həyatı haqqında kitab oxumuşdum. Eyni zamanda Müqəddəs Kitabı da (Tövrat, Zəbur və İncil) oxuyurdum. Müqəddəs Kitabda adları çəkilən peyğəmbərlərdən Quranda da bəhs olunurdu və Müqəddəs Kitabı oxumağım onların nə zaman yaşadıqlarını öyrənməyə kömək edirdi.

Bir dəfə Yehovanın Şahidləri qapımızı döydülər. Bundan sonra onlar müntəzəm olaraq bizə jurnal və kitab gətirirdilər. Saymi ilə mən onları məmnuniyyətlə oxuyurduq. Yehovanın Şahidləri ilə bir çox dini mövzulara dair maraqlı söhbətlər edirdik. Onlar hər dəfə mənim suallarıma öz fikirləri ilə yox, Müqəddəs Kitabdan cavab verirdilər. Bu, mənə xoş təəssürat bağışlayırdı.

Yehovanın Şahidləri mənə Müqəddəs Kitabı araşdırmağa və öz yığıncaq görüşlərinə dəvət etsələr də, həmişə imtina edirdim. Mənim fikrim-zikrim ancaq şəxsi fermaya və böyük ailəyə sahib olmaqda idi. Heç vaxt öz fermam olmasa da, beş uşaq atası oldum.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Yehovanın Şahidləri ilə ilk görüşümdən doqquz il keçmişdi, mən hələ də öz etiqadıma sadiq idim. Lakin onlardan aldığım bütün ədəbiyyatları oxuyurdum. Hər bazar günü Saymi ilə mən bu nəşrləri oxumağa vaxt ayırırdıq. Bu illər ərzində aldığımız jurnalların hamısını saxlayırdıq. Başqaları ürəyimdə böyüyən imanımı sınağa çəkəndə bu ədəbiyyatların köməyi əvəzsiz idi.

Məsələn, bir xristian təbliğçisi mənə öz dinini qəbul etdirməyə çalışırdı. O, Sayminin kiçik qardaşını və mənim ögey qardaşlarımdan birini öz dininə cəlb etməyə nail oldu. Çox keçməmiş müxtəlif dinlərdən olan tanışlarım da məni öz dinlərinə cəlb etməyə səy göstərirdilər. Bəziləri mənə Yehovanın Şahidlərini tənqid atəşinə tutan ədəbiyyatlar verdilər. Bu tənqidçilərdən təlimlərini Müqəddəs Kitab əsasında izah etməyi xahiş etdim, amma onlar bunu edə bilmədilər.

Bütün bu təzyiqlər Yehovanın Şahidlərindən aldığım ədəbiyyatlar vasitəsilə Müqəddəs Kitabı daha dərindən araşdırmağıma səbəb oldu. Nəhayət başa düşdüm ki, öyrəndiklərimə müvafiq davranmağın vaxtıdır.

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməsəm də, onların yığıncaqlarına getməyə başladım. Əvvəl çox həyəcanlanır və utanırdım, lakin həmin yığıncaqlarda çoxlu səmimi insanlarla tanış oldum, öyrəndiklərim isə xoşuma gəlirdi. Nəhayətdə belə qənaətə gəldim ki, Yehovanın Şahidi olmalıyam və 1981-ci ildə özümü Allaha həsr edib vəftiz olundum.

Həyat yoldaşım qərarıma qarşı çıxmırdı, ancaq hərdən narahat olurdu ki, bəlkə məni aldadırlar. Mən vəftiz olanda o da gəldi. Öyrəndiyim həqiqətlərlə onunla həmişə bölüşürdüm. Vəftizimdən bir il keçmişdi. Məzuniyyətdən evə qayıdanda Saymi də Yehovanın Şahidi olmaq arzusunu bildirdi. Bu, mənim üçün çox gözlənilməz idi! O, 1982-ci ildə vəftiz olundu.

Həyatımızda lazımi dəyişiklikləri etmək o qədər də asan deyildi. Müqəddəs Kitab prinsiplərinə zidd olduğu üçün daha tütün becərmədim (2 Korinflilərə 7:1; Yaqub 2:8). Münasib iş tapmaq xeyli vaxt apardı. Bəzi qohumlarımız da illərlə evimizə ayaq basmadılar. Müqəddəs Yazıların buyurduğu kimi, onlarla məhəbbətlə davranmağa çalışırdıq. Bunun nəticəsində yaxın qohumlarımızla aramızdakı münasibətlər öz qaydasına düşdü.

MƏNƏ FAYDASI. Utancaqlıq hissi, maddi çətinliklər və ailəm tərəfindən təqiblər kimi çətinliklərlə qarşılaşanda problemlərin öhdəsindən gəlmək üçün Yehovanın mənə kömək etməsində Onun nə qədər səbirli olduğunu öyrəndim. Məsələn, indi mən yığıncaqda ağsaqqalam və tez-tez səhnədən öyrətməli oluram. Buna baxmayaraq, hələ də həyəcandan yaranan kəkələməklə mübarizə aparıram. Lakin müntəzəm etdiyim duanın və Yehovanın köməyi sayəsində bu məsuliyyətin öhdəsindən gələ bilirəm.

Həyat yoldaşımla münasibətlərimiz daha da möhkəmləndi. Bunu heç nəyə dəyişmərəm. Uşaqlarımızın tərbiyəsində müəyyən səhvlərə yol versək də, öyrəndiyimiz Müqəddəs Kitab həqiqətlərini onlara aşılamağa çalışırdıq (Qanunun təkrarı 6:6—9). Böyük oğlumuz həyat yoldaşı ilə missioner kimi xidmət edir.

Bir dəfə ailəlikcə Yehovanın Şahidlərinin yığıncaqlarına gəlməyə başlayanda diqqətimi cəlb edən bir məqamı xatırlayıram. Maşını saxlayıb zalda yığışan camaata nəzər yetirdim. «İçəridə nə görürsünüz?» — deyə ailəmdən soruşdum. Orada müxtəlif mədəniyyətlərdən, dillərdən olan insanların — aborigenlər, albanlar, avstraliyalılar, xorvatlar arasında əmin-amanlıq hökm sürürdü. Təkcə Avstraliyada deyil, bütün dünyada olan ruhani bacı-qardaşlardan ibarət böyük bir ailənin üzvü olmaqdan sevinc duyuram (1 Peter 5:9).

«Bacım məndən ümidini üzmədi» (YELENA VLADİMİROVNA SYOMİNA).

ANADAN OLDUĞU İL: 1952

ÖLKƏ: RUSİYA

KEÇMİŞDƏ: İÇKİ DÜŞKÜNÜ, İNTİHARA CƏHD ETMİŞDİ

AVTOBİOQRAFİYA. Mən Moskvanın yaxınlığında yerləşən sakit və balaca Krasnoqorsk şəhərində anadan olmuşam. Müəllim ailəsində böyümüşəm. Məktəbdə yaxşı oxuyurdum və musiqi təhsili almışdım. Gələcəyim parlaq görünürdü.

Ailə qurduqda ərimlə bərabər elə bir əraziyə köçdük ki, orada söyüş söymək, sərxoşluq etmək və siqaret çəkmək adi hal idi. O vaxt anlamırdım, amma həmin mühit mənə öz pis təsirini göstərdi. Əvvəl-əvvəl məclislərə sadəcə oxumaq və gitara çalmaq üçün gedirdim. Lakin bir dəfə belə məclislərin birində mənə siqaret və içki təklif etdilər. Qısa vaxt ərzində içki düşkünü oldum.

Bu vərdişim həyatımı korladı. Müəyyən vaxtdan sonra elə bir vəziyyətə düşmüşdüm ki, yemək yeməyə belə halım olmurdu. Ölmək istəyirdim və intihara cəhd etdim, amma alınmadı. Bunun baş tutmadığına indi çox sevinirəm.

Bütün bunlara baxmayaraq, bacım müntəzəm yanıma gəlirdi. O, Yehovanın Şahidi idi və izah etməyə çalışırdı ki, Müqəddəs Kitab mənə kömək edə bilər. Bu, məni maraqlandırmırdı. Bacımın gəlməsini istəməsəm də, o, məndən ümidini üzmürdü. Onun mənə göstərdiyi səbir və məhəbbət Müqəddəs Kitabı öyrənməyimə səbəb oldu.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Müqəddəs Kitabı öyrənməyə başlayanda içkini atmaq qərarına gəldim. Elə həmin vaxt sərxoş qonşum hücum edib məni döydü. Ağır vəziyyətdə xəstəxanaya düşdüm. Qabırğamın dördü sınmış və gözümün biri zədələnmişdi. Xəstəxanada qalmağım içkini atmağa kömək etdi.

Həmin vaxtlar durmadan dua edirdim. Müqəddəs Kitabın bir parçası — Mərsiyələr 3:55, 56 ayələri mənə böyük təsəlli gətirdi: «Ya Rəbb, ismini o quyunun dibindən səslədim. “Qulağını tıxama, fəryadımı dinlə” deyərkən səsimi eşitdin».

Yehovanın dualarıma cavab verdiyinə sidqi-ürəkdən inanırdım. Əvvəlki həyatıma qayıtmamaq üçün O, mənə güc verirdi. Hərdən elə olurdu ki, yenidən içmək istəyim baş qaldırırdı. Belə istəklərə uymadığım üçün çox sevinirəm.

Müqəddəs Kitabı öyrəndikcə başa düşdüm ki, ərimə ailə başçısı kimi hörmət etməliyəm (1 Peter 3:1, 2). Mənim üçün bu, o qədər də asan deyildi, çünki onun üzərində həmişə ağalıq etməyə öyrəşmişdim. Yehovaya kömək üçün yalvarırdım. Dəyişikliklər bir an için baş vermədi, daha yaxşı həyat yoldaşı olmaq üçün müəyyən vaxt tələb olundu.

Məndə baş verən dəyişiklikləri görən ərim çox təəccüblənmişdi. O vaxta qədər o, Müqəddəs Kitabla heç maraqlanmırdı. Mən siqareti atmaq qərarına gələndə o dedi: «Əgər siqareti atsan, mən Müqəddəs Kitabı öyrənməyə başlayacağam!» İkimiz də siqareti eyni gündə atdıq.

MƏNƏ FAYDASI. Ərim sözünün üstündə duraraq Müqəddəs Kitabı öyrənməyə başladı. İndi biz Müqəddəs Yazıları hər gün birlikdə oxuyub üzərində düşünürük və oradakı məsləhətləri həyatımızda tətbiq etməyə çalışırıq.

Aldığım faydadan əlavə, ailə həyatımızın necə yaxşılaşdığını sözlə ifadə etmək olmur. Ona yaxınlaşmağa izin verdiyi üçün Yehovaya minnətdaram (Yəhya 6:44). Həmçinin, məndən üz döndərmədiyinə görə bacıma da çox minnətdaram. Müqəddəs Kitabın həqiqətən də həyatları dəyişməyə qadir olduğunu öz üzərimdə gördüm.

[11–ci səhifədəki şəkil]

Başa düşdüm ki, öyrəndiklərimə müvafiq davranmağın vaxtıdır

[13–cü səhifədəki şəkil]

Bacımın mənə göstərdiyi səbir və məhəbbət Müqəddəs Kitabı öyrənməyimə səbəb oldu

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş