Müqəddəs Kitabı araşdırmaqla dualarını yaxşılaşdır
«Ya Xudavənd, yalvarıram, bu qulunun duasına... diqqətlə qulaq as!» (NEH. 1:11).
1, 2. Müqəddəs Kitabdakı bəzi duaları araşdırmaq nəyə görə faydalı olardı?
DUA və Müqəddəs Kitabın araşdırılması həqiqi ibadətin ayrılmaz hissəsidir (1 Salon. 5:17; 2 Tim. 3:16, 17). Düzdür, Müqəddəs Kitab dua kitabı deyil. Ancaq «Zəbur» kitabındakı çoxsaylı dualar da daxil olmaqla, orada bir çox dualar öz əksini tapmışdır.
2 Müqəddəs Kitabı oxuyub araşdırdıqca, ola bilsin, sən qarşılaşdığın vəziyyətlərə uyğun dualara rast gələcəksən. Həqiqətən də, Müqəddəs Kitabdakı dualarda ifadə olunan fikirləri dualarına daxil etməklə sən onları yaxşılaşdıra bilərsən. Bəs sən kömək üçün etdikləri yalvarışlara cavab alanlardan və onların dualarının məzmunundan nə öyrənə bilərsən?
Allahın rəhbərliyini axtar və onu izlə
3, 4. İbrahim quluna nə tapşırmışdı və Yehovanın bu işi istiqamətləndirməsindən nə öyrənə bilərik?
3 Müqəddəs Kitabı araşdırmağın nəticəsində sən Allahdan rəhbərlik almaq üçün daima Ona dua etməli olduğunu öyrəndin. İbrahim böyük qulunu, ehtimal ki, Eliezeri İshaq üçün Allahdan qorxan arvad tapmaq məqsədilə Mesopotamiyaya göndərəndə nə baş verdiyini nəzərdən keçirək. Qadınlar quyudan su çəkəndə həmin qul dua edirdi: «Ya Rəbb,.. [...] qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən» (Yar. 24:12-14).
4 Rivqa İbrahimin qulunun dəvələrinə su verən zaman qul öz duasına cavab aldı. Qısa müddətdən sonra Rivqa onunla Kənana getdi və İshaqın istəkli arvadı oldu. Əlbəttə, biz Allahdan xüsusi işarə gözləməli deyilik. Lakin əgər dua etsək və Onun ruhu ilə yeriməyə qətiyyətli olsaq, O, həyat yolunda bizə rəhbərlik edəcək (Qalat. 5:18).
Dua narahatçılığı yüngülləşdirməyə kömək edir
5, 6. Yaqubun Esavla görüşməzdən öncə etdiyi duada diqqətəlayiq olan nədir?
5 Dua narahatçılığı azalda bilər. Əkiz qardaşı Esavdan qorxan Yaqub belə dua edirdi: «Ey [Yehova],.. quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm... Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”» (Yar. 32:9-12).
6 Yaqubun müəyyən ehtiyat tədbirləri görməsinə baxmayaraq, onun duasına cavab Esavla barışması oldu (Yar. 33:1-4). Bu duanı diqqətlə oxuyanda görə bilərik ki, Yaqub yalnız kömək üçün dua etmirdi. O, vəd olunmuş Övlada iman etdiyini və Allahın sevgi dolu xeyirxahlığına görə minnətdar olduğunu bildirdi. Sənin də daxilində qorxu hissi varmı? (2 Kor. 7:5). Əgər varsa, onda Yaqubun yalvarışı sənə xatırladacaq ki, dua narahatçılığı yüngülləşdirməyə qadirdir. Lakin dualarımıza yalnız xahişlər deyil, həmçinin imanımıza dəlalət edən ifadələr də daxil olmalıdır.
Müdriklik üçün dua et
7. Nəyə görə Musa Allahın yollarını öyrənmək üçün dua edirdi?
7 Yehovanı razı salmaq istəyi səni müdriklik üçün dua etməyə təşviq etməlidir. Musa Allahın yollarını öyrənmək üçün dua edirdi: «Bax [Yehova] Sən mənə “Bu xalqı [Misirdən] çıxart” deyirsən... [...] Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki,.. gözündə lütf tapım» (Çıx. 33:12, 13). Cavabında Allah Musaya daha çox — xalqının arasında idarə etməsi üçün lazım olan qədər bilik verdi.
8. 1 Padşahlar 3:7-14 ayələri üzərində düşünmək bizə hansı faydanı gətirə bilər?
8 Davud da: «Ya Rəbb, yollarını mənə göstər»,— deyə dua edirdi (Məz. 25:4). Davudun oğlu Süleyman İsraildə padşah vəzifəsini icra etmək üçün Allahdan müdriklik dilədi. Süleymanın duası Yehovaya məqbul idi. Yehova ona yalnız istədiyini deyil, həm də var-dövlət və şan-şöhrət verdi. (1 Padşahlar 3:7-14 ayələrini oxu.) Əgər yığıncaqda sənə həvalə olunan məsuliyyətlərin öhdəsindən gələ bilməyəcəyini düşünürsənsə, onda müdriklik üçün dua et və təvazökarlıq ruhu təzahür etdir. O zaman Yehova sənə məsuliyyətlərini düzgün və canla-başla icra edə bilməyin üçün bilik və müdriklik verəcək.
Ürəkdən dua et
9, 10. Süleymanın məbədin açılışı zamanı söylədiyi duasında ürək haqqında dediklərindən nə öyrənirik?
9 Dualarımızın eşidilməsi üçün onlar ürəkdən gəlməlidir. B. e. ə. 1026-cı ildə Süleyman Yehovanın məbədinin açılışı münasibətilə Yerusəlimə toplaşan camaat qarşısında «Birinci Padşahlar» kitabının 8-ci fəslində qələmə alınan səmimi duanı söylədi. Əhd sandığı Ən Müqəddəs yerə qoyulduqdan və Yehovanın izzəti məbədi doldurduqdan sonra Süleyman Allahı mədh etdi.
10 Süleymanın duasını araşdır və orada ürək haqqında deyilənlərə diqqət yetir. Süleyman dərk edirdi ki, insanın ürəyini yalnız Yehova bilir (1 Pad. 8:38, 39). Bu dua göstərir ki, günah işlədən adam ‘bütün ürəkdən Allaha tərəf dönərsə’, onun ümidi olar. Əgər düşmən Allahın xalqını əsir edibsə, onda ürəkləri bütünlüklə Yehovaya bağlı olanların yalvarışları cavabsız qalmayacaq (1 Pad. 8:48, 58, 61). Deməli, dualarımız sidq-ürəkdən gəlməlidir.
Məzmurların köməyilə dualarını necə yaxşılaşdıra bilərsən?
11, 12. Müəyyən müddət Yehovanın məbədinə gedə bilməyən levilinin duasından nə öyrəndik?
11 Məzmurları araşdırmaq dualarını yaxşılaşdıra və Allahın onlara cavab verməsini gözləməyinə kömək edə bilər. Sürgündə olan levilinin səbrinə diqqət yetirək. O, müəyyən müddət idi ki, Yehovanın məbədinə gedə bilməsə də: «Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, qoy Allaha — məni qurtarana şükür edim»,— deyə oxuyurdu (Məz. 42:5, 11; 43:5).
12 Bu levilinin nümunəsindən nə öyrənə bilərik? Əgər salehlik uğrunda həbsə düşmüsənsə və müvəqqəti olaraq həmimanlılarınla birgə ibadət yerində ola bilmirsənsə, onda Allahın sənə kömək etməsini səbirlə gözlə (Məz. 37:5). Bir zamanlar Allaha xidmət etməkdən duyduğun sevinc üzərində düşün və dua et ki, yenidən Allahın xalqı ilə ünsiyyətdə olacağın vaxtı gözlədiyin müddətdə çətinliklərə tab gətirə biləsən.
İmanla dua et
13. Yaqub 1:5-8 ayəsinə əsasən, nəyə görə imanla dua etməlisən?
13 Düşdüyün vəziyyətdən asılı olmayaraq, həmişə imanla dua et. Əgər nöqsansızlığın sınağa məruz qalırsa, onda şagird Yaqubun məsləhətinə əməl et. Yehovaya dua et və sınaqlara tab gətirmək üçün sənə müdriklik verəcəyinə şübhə etmə. (Yaqub 1:5-8 ayələrini oxu.) Allah sənin sınaqlarından xəbərdardır və O, müqəddəs ruhu vasitəsilə sənə rəhbərlik və təsəlli verə bilər. ‘Heç şübhə etmədən’ öz ürəyini tam imanla Ona aç və ruhu vasitəsilə verdiyi rəhbərliyi və Kəlamındakı məsləhətləri qəbul et.
14, 15. Nəyə görə demək olar ki, Xanna dua edib imanla davrandı?
14 Levili Elqananın iki arvadından biri olan Xanna dua edib imanla davrandı. Dünyaya bir neçə uşaq gətirən günüsü Peninna sonsuz olan Xannaya rişxənd edirdi. Müqəddəs məskəndə Xanna Yehovaya and içdi ki, oğlu olarsa, onu Yehovaya verəcək. O, ürəyində dua etdiyi üçün yalnız dodaqları tərpənirdi, buna görə də baş kahin Eli onun sərxoş olduğunu güman etdi. Ancaq bunun belə olmadığını biləndə dedi: «Qoy İsrailin Allahı səni muradına çatdırsın!» Xanna probleminin necə həll olunacağını dəqiq bilməsə də, duasının cavabsız qalmayacağına inanırdı. Buna görə də «artıq çöhrəsi kədərli deyildi». Bəli, artıq o, məyusluq içində deyil və dərd-qəm çəkmirdi (1 Şam. 1:9-18).
15 Şamuel doğulandan və süddən ayrılandan sonra müqəddəs xidməti icra etsin deyə anası Xanna onu Allahın evinə gətirib Yehovaya təqdim etdi (1 Şam. 1:19-28). Onun duası üzərində düşünməyə vaxt ayırmaq dualarımızı yaxşılaşdıra bilər. Eyni zamanda Yehovanın dualarımıza cavab verəcəyinə əmin olaraq dua etsək, görəcəyik ki, hətta üzücü problemlərin yaratdığı məyusluğun öhdəsindən gəlmək belə mümkündür (1 Şam. 2:1-10).
16, 17. Nehemyanın dua edib imanla davranmasının nəticəsi nə oldu?
16 B. e. ə. V əsrdə yaşayan Nehemya adlı saleh bir insan da dua edib imanla davranırdı. O yalvarırdı: «Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Haqqında bəhs olunan «padşah» kim idi? O, Nehemyanın saqi kimi sarayında xidmət etdiyi fars padşahı Artaxşasta idi (Neh. 1:11).
17 Nehemya Babil əsarətindən azad olunub yəhudilərin ‘böyük məşəqqət və xəcalət içində yaşadıqlarını, Yerusəlimin divarının dağıdıldığını’ biləndən sonra günlərlə imanla dua etdi (Neh. 1:3, 4). Padşah Artaxşasta Yerusəlimin divarını bərpa etmək üçün Nehemyanın ora getməsinə izin verəndə o, dualarına gözləmədiyi şəkildə cavab aldı (Neh. 2:1-8). Tez bir zamanda divar bərpa olundu. Nehemya dualarına cavab aldı, çünki onun dualarının əsas mövzusunu həqiqi ibadət təşkil edirdi və o, imanla dua edirdi. Sənin duaların haqqında da eyni şeyi demək olarmı?
Mədh etməyi və minnətdarlığını bildirməyi unutma
18, 19. Hansı səbəblərə görə Yehovanın xidmətçisi Onu mədh etməli və Ona minnətdarlığını bildirməlidir?
18 Dua edərkən Yehovanı mədh etməyi və Ona minnətdarlığını bildirməyi unutma! Bunu etmək üçün o qədər səbəblərimiz var ki! Məsələn, Davud Allahın padşahlığını izzətləndirməyi arzu edirdi. (Məzmur 145:10-13 ayələrini oxu.) Sənin duaların Yehovanın Padşahlığını bəyan etmək şərəfini qiymətləndirdiyini göstərirmi? Məzmurçunun sözləri həmçinin bizə səmimi duada məsihçi görüşlərinə və konqreslərə görə minnətdarlığımızı ifadə etməyə kömək edə bilər (Məz. 27:4; 122:1).
19 Allahla dəyərli münasibətə malik olduğuna görə minnətdarlıq səni növbəti ayədəki fikirlərə uyğun tərzdə ürəkdən dua etməyə təşviq edə bilər: «Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. Məhəbbətin böyükdür, göylərə çatır, sədaqətin buludlara dəyir. Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!» (Məz. 57:9-11). Necə də ürəyi isindirən sözlərdir! Məgər məzmurlardakı bu kimi sözlər dualarımıza təsir edərək onları daha dolğun edə bilməzmi?
Allaha dərin ehtiramla dua et
20. Məryəm Allaha dərin ehtiramını necə ifadə etdi?
20 Dualarımızdan aydın olmalıdır ki, biz Yehovaya dərin ehtiram bəsləyirik. Məsihin anası olacağını biləndən sonra Məryəmin ehtiramla dediyi sözlər Xannanın Şamueli ibadətgahda xidmət etməyə gətirəndə dediyi sözlərə bənzəyir. Məryəmin Allaha dərin ehtiramı onun bu sözlərindən görünür: «Mənim qəlbim Rəbbi yüksəldir, və mənim Xilaskarım olan Allah üçün ruhum şad oldu» (Luka 1:46, 47). Sən də bu kimi hissləri ifadə etməklə dualarını daha dolğun edə bilərsənmi? Allah qorxusuna malik olan Məryəmin İsa Məsihin anası kimi seçilməsi heç də təəccüblü deyil!
21. İsanın dualarında ehtiram və iman necə əks olunurdu?
21 İsa dərin ehtiram və imanla dua edirdi. Məsələn, Lazarı diriltdikdən əvvəl, «İsa... gözlərini yuxarıya qaldırıb dedi: “Ey Ata, Məni eşitdiyin üçün Sənə minnətdaram. Əlbəttə, Məni daim eşidəcəyini bilirdim”» (Yəh. 11:41, 42). Sənin də dualarında bu cür ehtiram və iman əks olunurmu? İsanın ehtiram dolu nümunəvi duasını nəzərdən keçirsən, görəcəksən ki, duada Yehovanın adının təqdis olunması, Padşahlığının gəlməsi və iradəsinin yerinə yetməsi vurğulanır (Mat. 6:9, 10). Öz duaların haqqında düşün. Sənin dualarından Padşahlığın maraqlarının, Allahın iradəsinin yerinə yetirilməsinin və Onun adının təqdis olunmasının sənin üçün birinci yerdə durduğunu görmək olarmı? Bu, belə də olmalıdır.
22. Nəyə görə əmin ola bilərsən ki, Yehova xoş xəbəri bəyan edə bilməyin üçün sənə cəsarət verəcək?
22 Təqiblərlə, yaxud başqa sınaqlarla üzləşdiyimiz üçün çox vaxt dualarımıza Yehovaya cəsarətlə xidmət etmək xahişlərini daxil edirik. Sinedrion Peterlə Yəhyaya ‘İsanın adı ilə təlim verməyi’ qadağan edəndə onlar bu əmrə tabe olmaqdan cəsarətlə imtina etdilər (Həv. iş. 4:18-20). Buraxıldıqdan sonra onlar başlarına gələnlər haqqında həmimanlılarına danışdılar. Sonra isə onlar Kəlamı cəsarətlə bəyan etmək üçün Allahdan kömək dilədilər. Dualarına cavab olaraq ‘Müqəddəs Ruhla dolub, Allahın sözünü cəsarətlə söyləmələri’ necə də heyranedici idi! (Həvarilərin işləri 4:24-31 ayələrini oxu.) Nəticədə, çoxlu sayda insan Yehovanın xidmətçisi oldu. Həmçinin dua etmək xoş xəbəri cəsarətlə bəyan etmək üçün səni də möhkəmləndirə bilər.
Daima dualarını yaxşılaşdır
23, 24. a) Müqəddəs Kitabı öyrənməyin dualarımızı yaxşılaşdırdığını göstərən başqa nümunələr gətir. b) Dualarını yaxşılaşdırmaq üçün sən nə edəcəksən?
23 Müqəddəs Kitabı oxumağın və öyrənməyin duaları yaxşılaşdırdığını göstərən çoxlu nümunələr çəkmək olar. Məsələn, Yunus kimi, sən də duada ‘xilasın Rəbdə’ olduğunu etiraf edə bilərsən (Yun. 2:1-10). Əgər sən ciddi günah ucbatından əziyyət çəkirsənsə və ağsaqqallara kömək üçün müraciət etmisənsə, onda Davudun məzmurlarında ifadə etdiyi hisslər şəxsi duaların zamanı tövbə etdiyini göstərməyə kömək edə bilər (Məz. 51:1-12). Yeremya kimi, sən də bəzi dualarında Yehovanı mədh edə bilərsən (Yer. 32:16-19). Əgər sən özünə həyat yoldaşı axtarırsansa, onda «Ezra» kitabının 9-cu fəslindəki duanı araşdırmaq və oradakı fikirləri şəxsi duana daxil etmək Allahın «Rəbbə bağlı» olan kəslə ailə qurmaq tələbinə əməl etmək qətiyyətini möhkəmləndirə bilər (1 Kor. 7:39; Ezra 9:6, 10-15).
24 Müqəddəs Kitabı oxumağa, öyrənməyə və araşdırmağa davam et. Dualarına daxil edə biləcəyin fikirlər axtar. Müqəddəs Yazılardakı fikirləri yalvarışlarına, minnətdarlıq və mədh dualarına daxil edə bilərsən. Əmin ola bilərsən ki, Müqəddəs Kitabın köməyilə dualarını yaxşılaşdırdıqca Yehova Allaha daha da yaxın olacaqsan.
Necə cavab verərdiniz?
• Allahın rəhbərliyini nəyə görə axtarmalı və izləməliyik?
• Müdriklik üçün dua etməyə bizi nə təşviq etməlidir?
• «Zəbur» kitabı dualarımızı yaxşılaşdırmağa necə kömək edə bilər?
• Nəyə görə imanla və ehtiramla dua etməliyik?
[8-ci səhifədəki şəkil]
İbrahimin qulu Allaha rəhbərlik üçün dua edirdi. Bəs sən?
[10-cu səhifədəki şəkil]
Ailəvi ibadət dualarını yaxşılaşdırmağa kömək edə bilər