Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/6 s. 6—10
  • Allahın xalqını özünə sığınacaq et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın xalqını özünə sığınacaq et
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • «Mənim ayaqlarım az qala büdrəmişdi»
  • Dost seçimində müdrik ol
  • «Siz təmizləndiniz»
  • Dinaya bədbəxtlik üz verir
    Müqəddəs Kitab hekayələri
  • Qoy yığıncaq Yehovaya həmd etsin
    Gözətçi qülləsi 2007
  • Əxlaqsızlıqdan qaç
    Allahın məhəbbətindən ayrılmayın
  • Yığıncaqdakı yerini qiymətləndir
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/6 s. 6—10

Allahın xalqını özünə sığınacaq et

«Böyük toplantıda Sənə şükür edəcəyəm» (MƏZ. 35:18).

1-3. a) Heç özü də bilmədən məsihçi ruhaniliyini təhlükə altına necə ata bilər? b) Allahın xalqı sığınacağı harada tapa bilər?

MƏZUNİYYƏT zamanı Co və onun həyat yoldaşı rəngarəng və irili-xırdalı balıqlarla dolu tropik mərcan riflərində sualtı üzgüçülüklə məşğul olurdular. Onlar bir az dərinlikdə yerləşən rifləri seyr etmək istədilər. Birdən dərin çökəklik üzərində üzdüklərini görən Conun arvadı dedi: «Məncə, çox uzağa getmişik». «Narahat olma, — deyə Co cavab verdi. — Mən nə etdiyimi bilirəm». Co xatırlayır: «Birdən məni təəccüb bürüdü. “Görəsən, bütün balıqlar hara yoxa çıxıb?” — deyə fikirləşdim». Co bunun səbəbini görəndə dəhşətə gəldi. Birdən suyun dərinliklərindən bir köpəkbalığının düz ona tərəf üzdüyünü gördü. O, tamamilə aciz idi. Lakin bu yırtıcı balıq onlara çatmağa bir metr qalmış birdən səmtini dəyişib yoxa çıxdı.

2 Şeytan dünyasının «gözəllikləri» — əyləncə, iş və var-dövlət — məsihçiyə o qədər cəlbedici görünə bilər ki, yavaş-yavaş dərinliyə, təhlükəli sulara qərq olduğunu nəzərindən qaçıra bilər. «Başıma gələnlər məni kimlərlə ünsiyyət etdiyimiz barədə düşünməyə vadar etdi», — deyə ağsaqqal kimi xidmət edən Co qeyd edir. «Təhlükəsiz və gözəl yerdə, yəni yığıncaqda üz!» Heç vaxt ruhani cəhətdən tamamilə təcrid oluna və təhlükələrə məruz qala biləcəyin dərin sulara tərəf üzmə. Birdən o yerlərə düşsən, vaxt itirmədən «təhlükəsiz sulara» tərəf qayıt. Əks təqdirdə, ruhaniliyini itirmək təhlükəsi ilə üzləşəcəksən.

3 Yaşadığımız dünya məsihçilər üçün çox təhlükəlidir (2 Tim. 3:1—5). Şeytan bilir ki, onun sonuna az qalıb, buna görə də ehtiyatı əldən verənləri aşırmaq istəyir (1 Pet. 5:8; Vəhy 12:12, 17). Amma biz bunun qarşısında aciz deyilik. Çünki Yehova xalqına ruhani sığınacaq kimi məsihçi yığıncağını verib.

4, 5. Çoxları gələcəyə necə baxır və bunun səbəbi nədir?

4 Bu dünya istər fiziki, istərsə də emosional cəhətdən insanların təhlükəsizliyini çox az təmin edir. Çoxları hiss edir ki, cinayətkarlıq, zorakılıq, bahaçılıq və hətta ətraf mühitin çirklənməsi həyatlarını təhlükə altına atır. Hamı qocalığın və zəif səhhətin törətdiyi problemlərlə üzləşir. Hətta işləri, öz evləri, pulu və müəyyən sağlamlığı olan insanlar belə bütün bunları nə vaxtsa itirəcəklərindən qorxurlar.

5 Çoxları qəlb rahatlığının nə olduğunu bilmirlər. Əfsuslar olsun ki, ailə həyatında səadət tapacaqlarına ümid edənlərin çoxu buna nail ola bilməmişdir. Ruhani təhlükəsizliyə gəldikdə isə, aldıqları rəhbərliyin doğruluğuna şübhə edən bir çox dindarlar çaşqınlıq içindədirlər. Onlar din rəhbərlərinin çirkin əməllərini və Müqəddəs Kitaba zidd təlimlərini görəndə daha da çaş-baş qalırlar. Bir çox başqa insanlar isə düşünürlər ki, elmə, insanların mərhəmətinə və sağlamdüşüncəliliyinə ümid etməkdən savayı başqa yolları yoxdur. Buna görə də heç də təəccüblü deyil ki, insanlar özlərini təhlükəsizlikdə hiss etmirlər və ya gələcək haqqında çox fikirləşməməyə üstünlük verirlər.

6, 7. a) Allaha xidmət edənlərlə Ona xidmət etməyənlərin baxışları arasındakı fərqi nə ilə izah etmək olar? b) Biz nəyi nəzərdən keçirəcəyik?

6 Məsihçi yığıncağının üzvü olanlarla olmayanların baxışları arasında necə də böyük fərq var! Hamı kimi, Yehovanın xalqı olan bizlər bir çox problemlərlə üzləşsək də, onlara münasibətimiz tamamilə başqadır. (Yeşaya 65:13, 14; Malaki 3:18 ayələrini oxu.) Nəyə görə? Çünki biz Müqəddəs Kitabdan bəşəriyyətin nəyə görə bu vəziyyətdə olmasının səbəbini yaxşı bilirik, həmçinin aldığımız bilik sayəsində həyatda qarşılaşdığımız problem və çətinliklərlə daha yaxşı mübarizə aparmağı öyrənmişik. Bu səbəbdən gələcəyə görə həddən artıq narahatçılıq keçirmirik. Yehovanın xidmətçiləri olduğumuza görə ağılsız və Müqəddəs Kitaba zidd mülahizələrdən, əxlaqsız hərəkətlərdən və onların nəticələrindən müdafiə olunmaq imkanımız var. Bu səbəbdən məsihçi yığıncağının üzvləri digərlərinin hiss etmədiyi qəlb rahatlığına malikdirlər (Yeşaya 48:17, 18; Filip. 4:6, 7).

7 Yehovaya xidmət etməyənlərdən fərqli olaraq Onun xidmətçilərinin malik olduğu təhlükəsizlik üzərində düşünməyə bir neçə nümunə kömək edə bilər. Bu nümunələr öz düşüncə və əməllərimizi təhlil etməyə, eləcə də bizi qorumaq üçün nəzərdə tutulan Allahın məsləhətlərini tam şəkildə tətbiq edib-edə bilməyəcəyimizin üzərində düşünməyə təşviq edəcək (Yeşaya 30:21).

«Mənim ayaqlarım az qala büdrəmişdi»

8. Yehovanın xidmətçiləri həmişə nə etməli olmuşlar?

8 Ta qədimdən bu günə qədər Yehovaya xidmət və itaət etməyi seçənlər Ona xidmət etməyən insanlarla sıx ünsiyyətdə olmamağa çalışmışlar. Yehova Onun xidmətçiləri ilə Şeytanın əlaltıları arasında düşmənçiliyin olacağından qabaqcadan xəbər vermişdi (Yar. 3:15). Yehovanın xalqı Onun prinsiplərinə sadiq olduğu üçün başqa insanlardan fərqli şəkildə davranır (Yəh. 17:15, 16; 1 Yəh. 2:15—17). Lakin bu heç də həmişə asan olmayıb. Yehovanın xidmətçiləri arasında bəzən fədakar həyat tərzi sürməyin müdrik olduğunu şübhə altına alanlar da olub.

9. 73-cü məzmurun yazıçısının nə ilə mübarizə apardığını təsvir edin.

9 Verdiyi qərarların müdrikliyinə şübhə ilə yanaşmağa başlayan Yehovanın xidmətçilərindən biri 73-cü məzmurun yazıçısı idi. Asəfin nəslindən olduğu ehtimal edilən bu məzmurçunu Allaha xidmət etməyə çalışan bəzi insanların sınaq və çətinliklərdən əziyyət çəkdiyi halda, pislərin çoxunun nəyə görə xoşbəxt və firavan yaşadığı narahat edirdi. (Məzmur 73:1—13 ayələrini oxu.)

10. Məzmurçunun verdiyi suallar nəyə görə sənin üçün əhəmiyyət kəsb edir?

10 Məzmurçu kimi, səni də belə suallar narahat edibmi? Əgər edibsə, özünü buna görə həddən artıq mühakimə etmə və ya imanını itirdiyini düşünmə. Müqəddəs Kitabı yazmaq üçün Yehovanın istifadə etdiyi bəzi insanlar da daxil olmaqla, Onun bir sıra xidmətçilərində belə fikirlər yaranırdı (Əyy. 21:7—13; Məz. 37:1; Yer. 12:1; Hab. 1:1—4, 13). Əslində, Yehovaya xidmət etmək istəyənlərin hamısı «doğrudanmı Allaha xidmət və itaət etmək həyatda ən yaxşı yoldur?» sualının üzərində ciddi düşünməli və onun cavabını qəbul etməlidir. Bu, Şeytanın Eden bağında ortaya atdığı sualla bağlıdır və birbaşa olaraq kainatda ali hökmranlıq məsələsi ilə əlaqəlidir (Yar. 3:4, 5). Beləliklə, hamımız məzmurçunun qaldırdığı məsələni nəzərdən keçirməliyik. Həyatda qayğı çəkməyən kimi görünən məğrur, pis insanlara həsəd aparmalıyıqmı? Biz Yehovaya xidmətdə ‘büdrəyərək’ onların yolu ilə getməliyikmi? Şeytanın istədiyi də elə budur.

11, 12. a) Məzmurçu şübhələrinin öhdəsindən necə gəldi və biz bundan nə öyrənirik? b) Məzmurçunun gəldiyi nəticəyə gəlməkdə sənə nə kömək edib?

11 Məzmurçuya şübhələrinin öhdəsindən gəlməkdə nə kömək etdi? Salehlik yolunda az qala büdrəyəcəyini etiraf edən bu məzmurçu «Allahın müqəddəs məkanına» gedəndə, yəni Allahın səcdəgahında və ya məbədində ruhani insanlarla ünsiyyət edəndə və Onun niyyəti üzərində düşünəndə baxışları dəyişdi. Bundan sonra o dərk etdi ki, pislərin aqibətinə düçar olmaq istəmir. Məzmurçu pislərin həyat tərzinin və qərarlarının onları, sanki, ‘sürüşkən yerə qoyduğunu’ gördü. Üstəlik, o anladı ki, Yehovanı tərk edib əxlaqsız arzularının dalınca düşənlərin hamısı «dəhşət içində» yox olacaq və bu, qaçılmazdır; Öz xidmətçilərinə isə Yehova dayaq olacağını vəd edir. (Məzmur 73:16—19, 27, 28 ayələrini oxu.) Şübhə yoxdur ki, bu sözlərin həqiqiliyinə özün də əmin olmusan. Allahın iradəsini nəzərə almadan insanın sırf özü üçün yaşaması bir çoxlarına cəlbedici görünə bilər, lakin bunun acı nəticələri qaçılmazdır (Qalat. 6:7—9).

12 Məzmurçunun nümunəsindən biz daha nə öyrənirik? O, Allahın xalqı arasında təhlükəsizlik və hikmət tapdı. Yehovanın səcdəgahına baş çəkəndən sonra o, aydın və məntiqli şəkildə düşünməyə başladı. Eynilə biz də müdrik məsləhətləri və sağlam ruhani qidanı yığıncaq görüşlərində ala bilərik. Buna görə də təəccüblü deyil ki, Yehova xidmətçilərinə məsihçi görüşlərində iştirak etməyi buyurur. Burada onlar ruhlanır və müdrik davranmağa təşviq olunurlar (Yeşaya 32:1, 2; İbr. 10:24, 25).

Dost seçimində müdrik ol

13-15. a) Dinanın başına nə iş gəlmişdi və bu, nəyi göstərir? b) Nəyə görə həmimanlılarımızla ünsiyyət bizim üçün müdafiədir?

13 Yaqubun qızı Dinanın nümunəsi göstərir ki, Yehovaya xidmət etməyənlərlə ünsiyyətdə olmaq insanın başına böyük bəla aça bilər. «Yaradılış» kitabından bildiyimiz kimi, o, ailəsi ilə birgə yaşadığı ərazinin Kənan qızları ilə ‘tez-tez görüşüb’ (YD) ünsiyyət edirdi. Yehovanın xidmətçilərində olan yüksək əxlaq normaları kənanlılarda yox idi. Arxeoloqların aşkar etdikləri kimi, bu, onların ərazisində bütpərəstliyin, əxlaqsızlığın, iyrənc ayinlərin və zorakılığın çiçəklənməsinə gətirib çıxardı (Çıx. 23:23; Lev. 18:2—25; Qanun. t. 18:9—12). Gəlin Dinanın bu insanlarla ünsiyyətinin nə ilə nəticələndiyini yadımıza salaq.

14 Həmin ərazidə yaşayan və «atasının evində ən hörmətli adam» hesab olunan Şekem Dinanı gördü, sonra «aparıb onunla yatdı və onu zorladı» (Yar. 34:1, 2, 19). Bu necə də böyük bədbəxtçilik idi! Səncə, Dina başına belə bir işin gələcəyini ağlına gətirirdimi? Yəqin, o, yerli gənc oğlanlarla sadəcə dostlaşmaq istəyirdi və düşünürdü ki, onların fikrində pis bir şey yoxdur. Lakin Dina çox yanılırdı.

15 Bu hadisədən biz nə öyrənirik? Biz düşünməməliyik ki, imanımıza şərik olmayanlarla ünsiyyət etməyin pis nəticəsi olmayacaq. Müqəddəs Yazılarda qeyd olunur ki, «pis dostluq yaxşı əxlaqı pozar» (1 Kor. 15:33). Amma imanımıza, yüksək əxlaq normalarımıza şərik olan və Yehovanı bizim kimi sevən insanlarla ünsiyyətdə olmaq bizim üçün müdafiədir. Belə dostlar bizi müdrik davranmağa təşviq edəcəklər (Sül. məs. 13:20).

«Siz təmizləndiniz»

16. Pavel Korinf yığıncağının bəzi üzvləri haqda nə yazmışdı?

16 Məsihçi yığıncağı bir çox insanlara özlərini natəmiz əməllərdən təmizləməyə kömək edib. Həvari Pavel Korinf yığıncağına yazdığı birinci məktubunda buradakı məsihçiləri həyatlarını Allahın normalarına uyğunlaşdırmaq üçün dəyişikliklər etdiklərinə görə tərifləmişdi. Bəziləri vaxtilə əxlaqsız, bütpərəst, zinakar, homoseksualist, oğru, əyyaş və sairə olmuşlar. Pavel onlara demişdi: «Lakin siz təmizləndiniz». (1 Korinflilərə 6:9—11 ayələrini oxu.)

17. Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaq bir çoxlarının həyatını necə dəyişib?

17 İmanları olmayan insanların əldə rəhbər tuta biləcəkləri etibarlı prinsipləri yoxdur. Onlar yollarını ya özləri müəyyən edir, ya da ki, məsihçi olmazdan əvvəl qədim korinflilər kimi, əxlaqsızlıq selində o tərəf-bu tərəfə atılırlar (Efes. 4:14). Lakin Allahın Kəlamı və Onun niyyəti haqqında dəqiq bilik Müqəddəs Kitab məsləhətlərinə riayət edən hər bir insanın həyatını yaxşılığa doğru dəyişməyə qadirdir (Kolos. 3:5—10; İbr. 4:12). Bir çox məsihçilər sənə deyə bilərlər ki, Yehovanın saleh normaları haqda öyrənməzdən və onları tətbiq etməzdən öncə onların həyatında heç bir əxlaq normaları yox idi. Bununla belə, onlar həyatdan məmnunluq duymur və bədbəxt idilər. Bu insanlar yalnız Allahın xalqı ilə təmasda olmağa və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa başlayandan sonra qəlb rahatlığına nail olublar.

18. Gənc olanda bir bacının başına nə gəlmişdi və bu, nəyi göstərir?

18 Amma vaxtilə yığıncağının «təhlükəsiz sularını» tərk edən bəzi məsihçilər indi başlarına döyürlər. Tanyaa adlı bir bacı danışır ki, «həqiqəti uşaqlıqdan bilməsinə baxmayaraq», 16 yaşı olanda «dünyanın şirnikdirici şeylərinə aldanaraq» yığıncağı tərk etdi. Bunun acı nəticələrinin bəziləri arzuolunmaz hamiləlik və abort idi. İndi o deyir: «Yığıncaqdan uzaq olduğum bu üç il qəlbimdə xoşagəlməz dərin iz buraxıb. Dünyaya gəlməmiş körpəmi öldürdüyümü hələ də unuda bilmirəm... Azca da olsa, bu dünyanın “dadına baxmaq” istəyən bütün gənclərə üz tutub demək istəyirəm ki, əsla bunu etməsinlər! Başlanğıcda hər şey şirin ola bilər, lakin nəticə çox acı olur. Bu dünya ağrı-acıdan başqa adama heç nə təklif etmir. Mən bunun dadını görmüşəm. Yehovanın təşkilatını tərk etməyin! Bu, insana xoşbəxtlik gətirən yeganə yoldur».

19, 20. Məsihçi yığıncağı bizi nədən və necə müdafiə edir?

19 Əgər sən təhlükəsiz mühiti — məsihçi yığıncağını tərk etsəydin, gör sənin başına nələr gələrdi. Çoxları həqiqətə gəlməzdən öncə sürdükləri mənasız həyatlarını yada salanda tükləri ürpəşir (Yəh. 6:68, 69). Sən məsihçi bacı-qardaşlarla sıx münasibətdə olmaqla Şeytanın dünyasında adi hal olan iztirab və əzab-əziyyətlərdən hifz olunacaqsan. Onlarla ünsiyyətdə olsan və müntəzəm olaraq yığıncaq görüşlərində iştirak etsən, bu, sənə Yehovanın saleh normalarının müdrik olduğunu daima xatırladacaq və onlara uyğun yaşamağa təşviq edəcək. Məzmurçu kimi, ‘böyük toplantıda [Yehovaya] şükür etmək’ üçün sənin tam əsasın var (Məz. 35:18).

20 Əlbəttə, bəzən müxtəlif səbəblərdən hər bir məsihçi üçün həyatda nöqsansızlığını qoruyub saxlamaq çətin olur. Ola bilsin, bu bacı-qardaşlar sadəcə kiminsə onlara düzgün yol göstərməsinə ehtiyac duyurlar. Belə anlarda bütün yığıncaq, eləcə də sən həmimanlılarına necə kömək edə bilərsən? Növbəti məqalədə bir-birimizə necə təskinlik verə biləcəyimiz və bir-birimizi necə inkişaf etdirə biləcəyimiz müzakirə olunacaq (1 Salon. 5:11).

[Haşiyə]

a Ad dəyişdirilib.

Necə cavab verərdiniz?

• 73-cü məzmurun yazıçısının nümunəsindən nə öyrənirik?

• Dinanın nümunəsi bizə nə öyrədir?

• Nəyə görə məsihçi yığıncağı sənin üçün təhlükəsiz sığınacaqdır?

[7-ci səhifədəki şəkil]

Təhlükəsiz sularda üz — yığıncaqda qal!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş