Övladlarınıza oxumaq və araşdırma aparmaq istəyini aşılayın
ÖVLADLARININ gələcəyini düşünən valideynlər onlara oxuyub araşdırmağı öyrətmək üçün əllərindən gələni əsirgəməməlidirlər. Bu, onlara əsil məmnunluq gətirə bilər! Bəziləri üçün valideynlərinin onlarla birlikdə oxuması uşaqlığın ən xoş xatirələridir. Bəli, oxumaq yaxşı bəhrələr gətirdiyi kimi, eləcə də insana zövq verir. Bu, xüsusilə də Allahın xidmətçiləri üçün vacibdir, çünki ruhani inkişaf Müqəddəs Kitabı araşdırmağın sayəsində mümkündür. Bir məsihçi ata deyir: «Bizə ən əziz olan şeylər oxuduğumuz və öyrəndiklərimizlə əlaqəlidir».
Yaxşı şəxsi öyrənmə övladlarınıza Allahla yaxın münasibətlər qurmağa kömək edə bilər (Məz. 1:1—3, 6). Xilas olunmaq üçün oxumaq bacarığı tələb olunmasa da, Müqəddəs Kitab göstərir ki, oxumaq bacarığı böyük ruhani xeyir-dualar gətirir. Məsələn, Vəhy 1:3 ayəsində deyilir: «Peyğəmbərlik sözlərini oxuyan və dinləyənlər və onda yazılanlara əməl edənlər bəxtiyardırlar». Bundan əlavə, həvari Pavelin Timoteyə ilhamlanmış məsləhətindən aydın görünür ki, öyrənmə zamanı diqqəti cəmləmə bacarığı olduqca vacibdir: «Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Tim. 4:15).
Əlbəttə, insanın sadəcə oxuma və araşdırma aparmaq bacarığının olması hələ işin yarısıdır. Çoxları bu bacarıqlarından istifadə etmək əvəzinə, vaxtlarını boş şeylərə sərf edirlər. Bəs valideynlər uşaqlarına faydalı biliklər əldə etmək istəyini necə aşılaya bilərlər?
Valideynlərin sevgisi və nümunəsi
Uşaqlar məhəbbətlə əhatə olunanda öyrənməyə daha həvəsli olurlar. Məsihçi ər-arvad Ouen və Klaudiya iki övladı haqqında deyir: «Onlar ailəvi öyrənməni səbirsizliklə gözləyirdilər, çünki özlərini rahat və qayğı ilə əhatə olunmuş hiss edirdilər. Buna görə də ailəvi öyrənmə onlar üçün çox əziz idi». Bəzən yeniyetməlik dövrü çətin olur, hətta belə dövrdə də məhəbbətlə keçirilən ailəvi öyrənmə uşaqların öyrənməyə olan münasibətinə təsir edəcək. Hal-hazırda Ouen və Klaudiyanın uşaqları pioner kimi xidmət edir və onlara oxumağa və araşdırma aparmağa aşılanan məhəbbət indi də öz bəhrəsini verir.
Bu məsələdə məhəbbətlə yanaşı valideynlərin nümunəsi də olduqca vacibdir. Uşaqlar valideynlərinin oxuyub araşdırdıqlarını görəndə, çox ehtimal ki, öyrənmə onların da həyatının ayrılmaz bir hissəsinə çevriləcək. Əgər oxumaq sizin üçün bir o qədər də asan deyilsə, onda bir valideyn kimi uşaqlarınıza bu sahədə necə nümunə verə bilərsiniz? Ola bilsin, işlərinizdə və oxumağa olan münasibətinizdə müəyyən dəyişiklik etmək lazım gəlsin (Rom. 2:21). Əgər oxumaq gündəlik həyatınızda mühüm yer tutursa, bu, övladlarınızın ürəyinə dərin təsir bağışlayacaq. Müqəddəs Kitabı oxumağa, yığıncaq görüşlərinə və ailəvi öyrənməyə hazırlaşmağa ciddi yanaşmağınız bu işin sizin üçün nə qədər vacib olduğundan xəbər verəcək.
Bəli, sizin məhəbbətiniz və nümunəniz uşaqlarınıza oxumaq istəyi aşılamaqda böyük rol oynayır. Bəs övladlarınızı buna necə təşviq edə bilərsiniz? Gəlin bir neçə məsləhəti nəzərdən keçirək.
Uşağınıza oxumağa məhəbbət aşılayın
Uşaqlarınıza oxumağı sevdirmək üçün hansı vacib addımları ata bilərsiniz? Qoyun erkən yaşlarından onların öz kitabları olsun. Vaxtilə valideynləri tərəfindən oxumağa məhəbbət aşılanan bir məsihçi ağsaqqal deyir: «Əllərində öz kitabları olanda uşaqlar onlarla dostlaşır və kitablar onların həyatının vacib bir hissəsinə çevrilir». Allahın Kəlamına əsaslanan «Böyük Müəllimdən öyrən» və «Müqəddəs Kitab hekayələri» kimi kitablar bir çox uşaqlar oxumağı öyrənməzdən əvvəl onların yaxın dostuna çevrilmişdir. Bu kimi nəşrləri uşaqlarınızla oxuyan zaman onlar təkcə dili öyrənmirlər, həm də «ruhani şeyləri» və ‘ruhani sözləri’ mənimsəyirlər (1 Kor. 2:13).
Müntəzəm olaraq ucadan oxuyun. Hər gün uşaqlarınızla oxumağı vərdiş edin. Bunun sayəsində onlar sözləri düzgün tələffüz etməyi öyrənəcək və oxumaq istəkləri güclənəcək. Sizin oxumaq tərziniz də böyük əhəmiyyət kəsb edir. Əgər şövqlə oxusanız, onlar sizə maraqla qulaq asacaqlar. Bəzən uşaqlar sizdən eyni hekayəni dəfələrlə oxumağı xahiş edə bilərlər. Onların xahişini yerə salmayın! Müəyyən vaxtdan sonra onlar başqa mövzularla da maraqlanacaqlar. Amma heç vaxt onları oxumağa məcbur etməyin. İsa çox gözəl nümunə qoyub — o, dinləyicilərini qavraya bildikləri qədər öyrədirdi (Mark 4:33). Əgər İsanı təqlid etsəniz, uşaqlarınız birgə kitab oxuduğunuz vaxtı böyük səbirsizliklə gözləyəcək və onlarda oxumağa məhəbbət daha da artacaq.
Oxuduqlarınızı birgə müzakirə edin. Uşaqlarınızın sözləri bir-birindən seçməyi, düzgün tələffüz etməyi tez bir zamanda öyrəndiyini və onların mənasını tez qavradığını görəndə siz özünüz təəccüblənəcəksiniz. Oxuduqlarınızı müzakirə etsəniz, onların inkişafı daha da sürətlənəcək. Uşaqların oxumaq qabiliyyətlərini inkişaf etdirməyə dair bir kitabda vurğulanır ki, bu kimi müzakirələr sayəsində uşaqlar «yeni sözlər öyrənir, bu da, öz növbəsində, onlara oxuduqlarının mənasını başa düşməyə kömək edir». «Yazıb-oxumağı öyrənməyə can atan uşağın inkişaf edən beyni üçün ünsiyyət çox vacibdir və bu ünsiyyət nə qədər mənalı... olsa, bir o qədər yaxşıdır», — deyə həmin kitabda əlavə olunur.
Qoyun uşaqlarınız sizin üçün oxusun; onları suallar verməyə təşviq edin. Oxuyan zaman siz uşaqlara öz suallarınızı verə bilər və bununla yanaşı bir neçə cavab təklif edə bilərsiniz. Bunun sayəsində onlar kitabların bilik mənbəyi olduğunu və oxuduqları hər sözün arxasında bir məna görməyi öyrənirlər. Ən vacib kitab olan Allahın Kəlamına əsaslanan nəşrləri oxuduğumuz zaman bunu etmək xüsusilə vacibdir (İbr. 4:12).
Unutmayın ki, yaxşı oxumaq bacarığı bir o qədər də asan deyil. Bunun üçün vaxt və səy tələb olunura. Uşaqlarınızın oxumağa məhəbbəti artdıqca onları tərifləyin. Belə etsəniz, oxumaq onların sevimli məşğuliyyətinə çevriləcək.
Xoş və mənalı məşğuliyyət
Uşaqlarınıza araşdırma aparmağı öyrədin. Bu, oxuma prosesini daha mənalı edəcək. Araşdırmaq — faktları öyrənmək və onların bir-biri ilə necə bağlı olduğunu başa düşmək deməkdir. Bunun üçün məlumatı təhlil etmək, yadda saxlamaq və istifadə etmək gərəkdir. Araşdırma aparmağı öyrənən və bunun faydasını görən uşaq üçün oxumaq xoş və mənalı məşğuliyyət olacaq (Vaiz 10:10).
Onlara araşdırma aparmağı öyrədin. Ailəvi ibadət zamanı və ya gündəlik ayəni müzakirə edəndə fürsətdən istifadə edərək uşaqlarınıza düzgün araşdırma aparmağı öyrədin. Bu zaman diqqəti cəmləmək çox vacibdir. Bunun üçün onları qısa müddətə də olsa, sakit oturub fikirlərini öyrənilən mövzuya cəmləməyə öyrəşdirmək lazımdır. Sonra onları öyrəndiklərinin artıq bildikləri ilə necə bağlı olduğunu deməyə təşviq edin. Bununla onlar müxtəlif məlumatları bir-biri ilə müqayisə etməyi öyrənəcəklər. Övladınıza həm də oxuduğu mətni öz sözləri ilə qısaca danışmağı xahiş edin. Onda o, mətni daha yaxşı başa düşəcək və yadda saxlayacaq. Məqaləni yadda saxlamağın digər üsulu onun qısa icmalını etmək, yəni onu oxuduqdan sonra əsas fikirləri təkrarlamaqdır. Hətta kiçik yaşlı uşaqlar belə öyrənmə zamanı və ya yığıncaq görüşlərində qısa qeydlər apara bilərlər. Qısa qeydlər aparmağın onlara fikirlərini cəmləməkdə böyük köməyi dəyə bilər. Bu sadə məsləhətləri tətbiq etməyin sayəsində öyrənmə prosesi həm sizin üçün, həm də övladlarınız üçün maraqlı, canlı və mənalı keçəcək.
Öyrənmə üçün münasib şərait yaradın. Uşaqlarınız fikirlərini cəmləməkdə çətinlik çəkməsinlər deyə onlarla öyrənmə keçirdiyiniz yer işıqlı, sərin, sakit və rahat olmalıdır. Valideynlərin öyrənməyə olan münasibəti də vacib amillərdən biridir. Uşaqları ilə oxuyan və onlarla öyrənmə keçirən bir ana deyir: «Bu işdə müntəzəm və ardıcıl olmaq olduqca zəruridir. Uşaqlar intizamlı olmağı və hər işi öz vaxtında görməyi öyrənirlər». Bəzi valideynlər öyrənmə zamanı uşaqlarına başqa işlərlə məşğul olmağı qadağan edirlər. Bir mütəxəssisin sözlərinə əsasən, bu sadə üsul uşaqların araşdırma aparmağı öyrənməsində çox vacibdir.
Materialın praktiki dəyərini göstərin. Nəhayət, uşaqlarınıza araşdırdığınız materialın praktiki dəyərini görməyə kömək edin. Araşdırma aparmağın məqsədi — əldə edilən bilikləri tətbiq etməkdir. Bir gənc qardaş deyir: «Araşdırdığım məlumatın praktiki faydasını görməyəndə marağım ölür. Ancaq oxuduğumu necə tətbiq edə biləcəyimi görəndə bu mənim üçün daha maraqlı olur». Gənclər araşdırma aparmağın vacib məqsədə çatmağa kömək etdiyini görəndə bu işi canla-başla görürlər. Vaxtilə oxumağı sevdikləri kimi, onlar araşdırma aparıb öyrənməyi də sevəcəklər.
Ən yaxşı mükafat
Uşaqlara oxumağa məhəbbət aşılamağın gətirdiyi bütün faydaları sadalamaqla qurtarmaq mümkün deyil. Mütaliə etmək və araşdırma aparmaq məmnunluq gətirməklə yanaşı, insana təhsildə və işdə müvəffəqiyyət qazanmağa, insanlarla dil tapmağa, geniş dünya görüşünə sahib olmağa və övladla valideyn arasında sıx münasibət qurmağa kömək edir.
Ən vacibi isə, oxuyub araşdırmağı sevən uşaqların Allah qorxusu olan bir insan kimi böyümək ehtimalı daha çoxdur. Bu, onların Müqəddəs Kitabın «geniş, uzun, uca və dərin» həqiqətlərini səmimi-qəlbdən və tam dərk edərək qəbul etmələrində vacib rol oynayır (Efes. 3:18). Əlbəttə, valideynlər övladlarına çox şey öyrətməlidirlər. Uşaqlarına vaxt və diqqət ayıran, onların xoşbəxt olmaları üçün əllərindən gələni əsirgəməyən ata-analar böyüyəndə övladlarının Yehovanın xidmətçisi olacaqlarına ümid edirlər. Uşaq bilik almağa həvəsli olsa, onda Allahla münasibətini möhkəmləndirmək və onu qoruyub saxlamaq daha asan olacaq. Buna görə də övladlarınıza mütaliə etməyə və araşdırma aparmağa məhəbbət aşılayanda duada Yehovadan səylərinizə xeyir-dua verməsini xahiş etməyi unutmayın (Sül. məs. 22:6).
[Haşiyə]
a Qavrama qabiliyyətləri zəif olan uşaqlar üçün oxumaq və öyrənmək çox çətindir. Belə uşaqları olan valideynlər «Oyanın!» jurnalının 1997-ci il 22 fevral sayının 3—10-cu səhifələrində (rus.) buna dair faydalı məsləhətlər tapa bilərlər.
[26-cı səhifədəki çərçivə/şəkillər]
Övladınızın oxumağı sevməsi üçün...
• qoy onun öz kitabları olsun
• ucadan oxuyun
• onu iştirak etməyə təşviq edin
• oxuduqlarınızı birgə müzakirə edin
• qoy o, sizin üçün oxusun
• onu suallar verməyə təşviq edin
Övladınızın araşdırma aparmağı sevməsi üçün...
• yaxşı nümunə olun
• övladınıza...
○ fikirlərini mövzuya cəmləməyi
○ müqayisə etməyi
○ oxuduqlarını öz sözləri ilə danışmağı
○ qısaca təkrarlamağı
○ qeydlər etməyi öyrədin
• öyrənmə üçün münasib şərait yaradın
• materialın praktiki dəyərini göstərin