Uşaqlarınızı öyrədin
Nəyə görə İsa tələsmədi?
BİR GÜN Lazarın bacıları Məryəm və Martanın göndərdikləri adam İsaya xəbər çatdırır ki, onun yaxın dostu Lazar bərk xəstələnərək yatağa düşüb. Onların göndərdiyi bu adam Lazar və bacılarının yaşadığı Beytanyadan idi. Bacılar inanırdılar ki, uzaqda, İordan çayının o biri tayında yaşamalarına baxmayaraq, İsa onların qardaşlarını ora gəlmədən sağalda bilər. Onlar İsanın insanları, hətta uzaq məsafədən belə sağaltdığını bilirdilər (Matta 8:5—13; Yəhya 11:1—3).
Həmin adam bu pis xəbəri İsaya çatdıranda o, heç bir tədbir görmədi. Müqəddəs Kitabda deyilir: «Ancaq Lazarın xəstələndiyini eşidəndə iki gün də olduğu yerdə qaldı» (Yəhya 11:6). Bilirsən, nəyə görə İsa Lazara kömək etmək üçün tələsmədi? ~a Gəl bu haqda danışaq.
İsa Lazarın xəstəlikdən öldüyünü bilirdi və buna görə də həvarilərinə dedi: «Gəlin yenə Yəhudeyaya gedək». «Yəhudeyalılar təzəlikcə səni daşlamaq istəyirdilər, sən isə yenə ora gedirsən?» — deyə onlar etiraz etdilər. İsa isə dedi: «Dostumuz Lazar yuxuya gedib, mən isə onu oyatmağa gedirəm».
«Ağa, yatırsa, deməli, sağalacaq», — deyə onlar cavab verdilər. Lakin İsa onlara izah etdi: «Lazar ölüb». Sonra da İsa, ola bilsin, həvarilərinin təəccübünə səbəb olan belə sözlər deyir: «Mən çox şadam ki, orada olmamışam... Durun, onun yanına gedək».
Tomas cəsarətlə deyir: «Gedək, biz də onunla ölək». Tomas bilirdi ki, düşmənlər yenidən cəhd göstərərək İsa ilə birlikdə həvariləri də öldürə bilərlər. Bununla belə, onlar İsa ilə birlikdə getdilər. İki gün yol gedəndən sonra onlar Lazarın doğma şəhəri Beytanyaya gəlib çatdılar. Beytanya Yerusəlimdən təxminən üç kilometr aralıda yerləşirdi (Yəhya 11:7—18).
Bilirsən, nəyə görə İsa ora tez gəlmədiyinə görə sevinirdi? ~ Bundan əvvəl İsanın diriltdiyi insanlar cəmi bir neçə saat ərzində ölü qalmışdılar (Luka 7:11—17, 22; 8:49—56). Lazar isə artıq bir neçə gün idi ki, mağarada idi. Və heç kim onun həqiqətən də öldüyünü şübhə altına ala bilməzdi!
Lazarın bacısı Marta İsanın Beytanya yaxınlığında olduğunu biləndə evdən çıxaraq qaça-qaça onu qarşılamağa gedir. «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi», — deyə o bildirir. İsa isə onu əmin edir: «Qardaşın diriləcək». Marta tələsik evə qayıdaraq gizlicə bacısına deyir: «Müəllim gəlib, səni görmək istəyir».
Həmin an Məryəm evdən çıxıb İsanın yanına gedir. Camaat onun qəbrə tərəf getdiyini zənn edərək onun ardınca gedir. Məryəmin və izdihamın ağladığını görən İsa da ağlayır. Sonda onlar ağzına böyük bir daş qoyulmuş sərdabənin yanına gəlirlər. İsa dedi: «Daşı kənara çəkin». Lakin Marta: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər», — deyə etiraz edir.
İnsanlar İsanın göstərişinə əməl edərək mağaranın daşını kənara çəkirlər. Sonra da o, Allaha duasında Lazarı diriltmək üçün qüvvə verdiyinə görə əvvəlcədən Ona öz minnətdarlığını bildirir və uca səslə deyir: «Lazar, çölə çıx!» Və Lazar da kəfənli çölə çıxır. İsa deyir: «Kəfənini açın, azad olsun» (Yəhya 11:19—44).
İsanın nəyə görə tələsmədiyini indi başa düşürsənmi? ~ O bilirdi ki, əgər bir az gözləsə, Atası Yehova haqqında daha yaxşı şahidlik edə bilər. Elə buna görə də yaxşı vaxt seçdiyi üçün bir çoxları İsaya iman etdi (Yəhya 11:45). Səncə, burada İsanın nümunəsindən nə öyrənə bilərik? ~
Sən də Allahın gördüyü və eləcə də gələcəkdə edəcəyi möhtəşəm işləri barədə şahidlik etmək üçün yaxşı vaxt seçə bilərsən. Məsələn, bu şeylər barədə sənin sinif yoldaşlarına və ya müəllimlərinə danışmaq imkanın var. Hətta bəzi uşaqlar dərs zamanı fürsətdən istifadə edərək Allahın Padşahlığının bütün bəşəriyyət üçün gətirəcəyi möhtəşəm xeyir-dualar haqqında danışırlar. Əlbəttə, sən ölüləri dirildə bilməzsən, ancaq insanlara ölən əzizlərimizi diriltməyi vəd edən və buna qadir olan Allahla tanış olmağa kömək edə bilərsən.
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda işarəsi (~) göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
SUALLAR:
▪ Nəyə görə İsa Lazara kömək etmək üçün tələsmədi?
▪ Nəyə görə Tomas: «Gedək, biz də onunla ölək», — dedi?
▪ Nəyin sayəsində İsa Lazarı diriltdi?
▪ İsanın nümunəsindən ibrət götürdüyünü necə göstərə bilərsən?