Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/8 s. 28—32
  • İmdad deyib çağıranları kim xilas edəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İmdad deyib çağıranları kim xilas edəcək?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Məsihin hökmranlığı necə olacaq?
  • Böyük Süleymanın hakimiyyəti altındakı azadlıq
  • Qarşıda bizi yerüzü Cənnət gözləyir
  • İsa bizə qarşı çox şəfqətlidir
  • Yeni dünyada bolluq olacaq
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
  • Gəlin Böyük Davud və Süleyman olan İsanı qiymətləndirək
    Gözətçi qülləsi 2009
  • Süleymanın var-dövləti və şan-şöhrəti
    Gözətçi qülləsi 2011
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/8 s. 28—32

İmdad deyib çağıranları kim xilas edəcək?

«Ey Allah, padşaha ədalət ver... O, imdad deyib çağıran fəqirləri... qurtarır» (MƏZ. 72:1, 12).

1. Davudun hadisəsindən Allahın mərhəməti haqqında nə öyrənirik?

QƏDİM İsrail padşahı Davuda aid edilən bu sözlər ürəyi necə də isindirir!a Davud bu sözləri qələmə almazdan illər əvvəl Bat-Şeva ilə işlətdiyi zinaya görə vicdan əzabı çəkirdi. Həmin vaxt Davud Yehovaya yalvarırdı: «Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil... Günahım daim gözümün qarşısındadır... Mən doğulandan bəri günahkaram, ana bətnindən belə, təqsirkaram» (Məz. 51:1—5). Yehova mərhəmətli olduğundan qeyri-kamilliyimizi nəzərə alır.

2. Məzmur 72 bizə nədə kömək edir?

2 Yehova bizim acınacaqlı vəziyyətdə olduğumuzu yaxşı başa düşür. Peyğəmbərlik olunduğu kimi, Allahın məsh olunmuş padşahı «imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri» qurtaracaq. «Yoxsula, fəqirə rəhm» edəcək, «fəqirlərin canlarını azad» edəcək (Məz. 72:12, 13). Bəs bu necə olacaq? 72-ci məzmur bu suala cavab verir. Davudun oğlu Süleymanın padşahlığına həsr olunmuş bu mahnı Allahın Oğlu İsa Məsihin hökmranlığı zamanı bəşəriyyətin əzab-əziyyətlərdən necə azad olacağı barədə təsəvvür yaradır.

Məsihin hökmranlığı necə olacaq?

3. Süleyman Allahdan nə xahiş etdi və necə cavab aldı?

3 Süleymanın padşah təyin olunmasından bir müddət sonra ahıl yaşlarında olan atası Davud ona xüsusi tapşırıq verib onu sədaqətlə yerinə yetirməsini nəsihət etdi (1 Pad. 1:32—35; 2:1—3). Sonra Yehova Süleymana gecə yuxuda görünüb dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman Ondan yalnız bir şey xahiş etdi: «Mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib sənin xalqına hökm edə bilim». Süleymanın bu təvazökar xahişinə cavab olaraq Allah ona istədiyini, hətta daha artığını da verdi (1 Pad. 3:5, 9—13).

4. Səba mələkəsi Süleymanın padşahlığı haqqında nə düşünürdü?

4 Yehovanın xeyir-duası altında Süleymanın hökmranlığı zamanı bəşər tarixində görünməmiş sülh və əmin-amanlıq hökm sürürdü (1 Pad. 4:25). Süleymanın şöhrətini görməyə gələnlərdən biri də öz böyük məiyyəsinin müşayiəti ilə gələn Səba mələkəsi idi. O, Süleymana dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş... Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür» (1 Pad. 10:1, 6, 7). Ancaq Süleymandan daha müdrik olan İsa haqlı olaraq özü barədə demişdi: «Süleymandan daha böyüyü buradadır» (Mat. 12:42).

Böyük Süleymanın hakimiyyəti altındakı azadlıq

5. Məzmur 72 gələcəyə dair hansı təsəvvürü yaradır?

5 Gəlin 72-ci məzmuru nəzərdən keçirək və Böyük Süleyman İsa Məsihin rəhbərliyi altında hansı xeyir-duaların olacağı barədə öyrənək (Məzmur 72:1—4 ayələrini oxu.) Bu məzmur Yehovanın «Əmin-amanlıq Hökmdarı» olan Oğlu İsa Məsihin çiyinləri üzərində olan hakimiyyət barədə nə düşündüyünü aydın göstərir (Yeşaya 9:6, 7). Allahın rəhbərliyi altında Böyük Süleyman «salehliklə», «ədalətlə hakimlik» edəcək, «məzlum xalqın haqqını» verəcək və «fəqirləri xilas» edəcək. O, əmin-amanlıqla idarə edəcək. İsa yer üzündə olarkən Minillik Hökmranlığın nələri həyata keçirəcəyi barədə təsəvvür vermişdi (Vəhy 20:4).

6. Padşahlığın insanlara hansı xeyir-dualar gətirəcəyini İsa necə göstərdi?

6 Gəlin İsa Məsihin keçmişdə gördüyü bəzi işləri nəzərdən keçirək və görək, onlar İsanın bəşəriyyət üçün gələcəkdə nələr edəcəyi barədə hansı təsəvvürü yaradır. Onun əzab-əziyyət çəkənlərə göstərdiyi şəfqət hissi bizə böyük təəssürat bağışlayır (Mat. 9:35, 36; 15:29—31). Məsələn, bir nəfər cüzamlı İsaya yaxınlaşıb yalvarır: «Əgər istəsən, məni saf edə bilərsən». «İstəyirəm, saf ol!» — deyə İsa cavab verdi. O andaca cüzam keçdi, həmin adam təmizləndi (Mark 1:40—42). Sonra İsa yeganə oğlunu itirmiş dul qadına rast gəldi. Onun qadına yazığı gəldiyindən cənazəyə yaxınlaşıb dedi: «Ey gənc, sənə deyirəm: Dur!» Və qadının oğlu həyata qayıtdı! (Luka 7:11—15).

7, 8. İsanın şəfa vermək gücünə malik olduğunu hansı hadisələr göstərir?

7 Yehova İsaya möcüzələr göstərmək səlahiyyəti vermişdi. «On iki ildən bəri aybaşı qanaxması kəsilməmiş bir qadın»ın nümunəsi bunu aydın göstərir. O, «bir çox həkimlər əlindən xeyli əziyyət çəkmişdi, bütün varını sərf edib heç bir fayda görməmiş, əksinə vəziyyəti daha da pisləşmişdi». Qadın izdihamın arasından keçərək İsaya toxundu və «aybaşı vaxtı qanaxması» olanlar barədə Qanunun tələbini pozdu (Lev. 15:19, 25). İsa özündən qüvvə çıxdığını hiss edərək ona kimin toxunduğunu soruşdu. Qadın «qorxub titrəyərək gəldi, ayağına döşəndi və Ona bütün həqiqəti söylədi». İsa başa düşürdü ki, qadını sağaldan Yehovadır, buna görə də xeyirxahlıqla ona dedi: «Qızım! İmanın səni xilas etdi. Sülh ilə get və dərdindən sağal» (Mark 5:25—27, 30, 33, 34).

8 İsa Allahdan aldığı qüvvə ilə xəstələrə şəfa verirdi, bu da həmin hadisələrin şahidi olanlara güclü təsir bağışlayırdı. Məsələn, İsanın Dağüstü təbliğindən öncə insanları sağaltdığını görənlərin çoxu heyrət içində idilər (Luka 6:17—19). Vəftizçi Yəhya İsanın Məsih olub-olmadığına əmin olmaq üçün iki şagirdini onun yanına göndərdi. Onlar da gəlib onun «bir çoxlarını xəstəliklərdən, dərdlərdən və murdar ruhlardan» xilas etdiyini, «kor olanlardan bir çoxunun gözlərini» açdığını gördülər. İsa onlara dedi: «Gedin, nə gördüyünüzü və eşitdiyinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar saflaşır, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə təbliğ olunur» (Luka 7:19—22). Bu xəbər Yəhyanı necə də ürəkləndirdi!

9. İsanın möcüzələri nəyə işarə edirdi?

9 Düzdür, İsanın yerüzü xidməti zamanı insanları əzab-əziyyətlərdən qurtarması müvəqqəti idi. Onun sağaltdığı və diriltdiyi insanlar sonradan xəstələnib öldülər. Ancaq İsanın yer üzündə göstərdiyi möcüzələr Məsihin hökmranlığı altında bəşəriyyətin alacağı əbədi xeyir-dualara işarə edirdi.

Qarşıda bizi yerüzü Cənnət gözləyir

10, 11. a) Padşahlığın xeyir-duaları nə qədər sürəcək və İsanın rəhbərliyi nə ilə müqayisə olunur? b) Yerüzü Cənnətdə Məsihlə birlikdə kim olacaq və o, nəyin sayəsində əbədi həyata nail ola bilər?

10 Cənnətdə həyatın necə olacağını bir təsəvvür et. (Məzmur 72:5—9 ayələrini oxu.) Həqiqi Allahın xidmətçiləri Cənnət həyatından günəşin və ayın durduğu qədər, yəni əbədiyyən zövq alacaqlar! Padşah İsa Məsih «biçilən tarlaya yağış kimi, torpağı suvaran gur yağış kimi» yer üzünə təravət gətirəcək.

11 Bu məzmurun həyata keçəcəyini təsəvvür edəndə ürəyin yerüzü Cənnətdə yaşamaq ümidilə alışıb-yanmırmı? İsanın yanındakı cinayətkara: «Sən Mənimlə bərabər cənnətdə olacaqsan», — dediyi sözlər, şübhəsiz, onu çox sevindirmişdi (Luka 23:43). İsanın Minillik Hökmranlığı zamanı həmin adam həyata qaytarılacaq. Əgər o, Məsihin rəhbərliyinə tabe olsa, yer üzündə əbədiyyən kamil sağlamlıq və xoşbəxtlik içində ömür sürəcək.

12. Məsihin Minillik Hökmranlığı zamanı dirildilən qeyri-salehlərin qarşısında hansı imkan açılacaq?

12 Böyük Süleymanın, İsa Məsihin hakimiyyəti altında salehlər çiçək açacaq (Məz. 72:7). Yerüzü xidməti zamanı olduğu kimi, Məsih gələcəkdə də bol məhəbbətli və şəfqətli olacaq. Allahın vəd etdiyi yeni dünyada, hətta «saleh olmayan» dirildilənlərə də Yehovanın normalarına uyğun yaşamaq imkanı veriləcək (Həv. iş. 24:15). Əlbəttə, Yehovanın tələblərinə qarşı çıxanların yaşamalarına və yeni dünyanın sülh və əmin-amanlığını pozmalarına izin verilməyəcək.

13. Padşahlığın hakimiyyəti nə dərəcədə geniş olacaq və nəyə görə orada sülh heç vaxt pozulmayacaq?

13 Böyük Süleymanın hökmranlığının hüdudlarının nə qədər geniş olacağı növbəti sözlərdən görünür: «Dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürsün. Onun qarşısında köçəri xalqlar diz çöksün, düşmənləri isə qoy yerə vurulsun» (Məz. 72:8, 9). Bəli, İsa Məsihin hökmranlığı bütün yer üzünü əhatə edəcək (Zək. 9:9, 10). Onun hakimiyyətini və gətirəcəyi xeyir-duaları qiymətləndirən insanlar könüllü itaətkarlıq göstərərək onun qarşısında diz çökəcəklər. Digər tərəfdən isə, tövbə etməyən günahkarlar kəsilib atılacaq, başqa sözlə desək, yüz yaşında olsalar belə, öləcəklər (Yeşaya 65:20). Onlar ‘yerə vurulacaqlar’.

İsa bizə qarşı çox şəfqətlidir

14, 15. Məsihin hisslərimizi başa düşdüyünü və «imdad deyib çağıran fəqirləri» qurtaracağını haradan bilirik?

14 Günahlı bəşəriyyət acınacaqlı vəziyyətdədir və ümidsiz halda köməyə ehtiyac duyur. Lakin bizim ümidimiz var. (Məzmur 72:12—14 ayələrini oxu.) Böyük Süleyman İsa qeyri-kamil olduğumuzu başa düşdüyü üçün bizə şəfqətlə yanaşır. Üstəlik, İsa salehlik uğrunda əzab çəkdi, həmçinin Allah onun sınaqlara məruz qalmasına yol verdi. İsa o qədər emosional gərginlik keçirmişdi ki, «təri yerə daman qan damlalarına bənzəyirdi» (Luka 22:44). Sonra işgəncə dirəyində olanda: «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» — deyə, yüksək səslə qışqırdı (Mat. 27:45, 46). Qarşılaşdığı bütün əzab-əziyyətlərə və Şeytanın onu Yehovadan uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, İsa Yehova Allaha sadiqliyini sübut etdi.

15 Biz əmin ola bilərik ki, İsa bizim ağrılarımızı görür və «imdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri» qurtaracaq. İsa Atası kimi məhəbbətlə qayğı göstərərək «fəqirləri» eşidəcək, «sınıq qəlblərə şəfa» verərək onların «yaralarını» sarıyacaq (Məz. 69:33; 147:3). O, «bizim kimi imtahan» olunduğu üçün «zəifliklərimizdə bizə acıya» bilir (İbr. 4:15). Hal-hazırda Padşah İsa Məsihin göylərdən idarə etdiyini və onun bəşəriyyətə rahatlıq gətirmək arzusunda olduğunu bilmək necə də xoşdur.

16. Nəyə görə Süleyman öz təbəələrinə qarşı şəfqətli idi?

16 Müdriklik və anlayış sahibi olduğu üçün Süleyman, şübhəsiz, «fəqirə rəhm edir»di. Bundan əlavə, onun həyatında çoxlu kədərli və faciəli anlar olmuşdu. Onun qardaşı Amnon bacısı Tamarı zorlamış, digər qardaşı Avşalom isə buna görə Amnonu qətlə yetirmişdi (2 Şam. 13:1, 14, 28, 29). Avşalom Davudun taxtını ələ keçirdi, lakin sonra uğursuzluğa uğrayıb Yoav tərəfindən qətlə yetirildi (2 Şam. 15:10, 14; 18:9, 14). Sonra Süleymanın qardaşı Adoniya hakimiyyəti ələ keçirməyə çalışdı. Cəhdi baş tutsaydı, o, Süleymanı öldürə bilərdi (1 Pad. 1:5). Süleymanın insanların iztirablarını başa düşdüyü Yehovanın məbədinin açılış mərasimində etdiyi duasından görünür. Padşah öz təbəələri haqda dua edirdi: «Hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa, o vaxt Sən [Yehova] göydən — Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver» (2 Saln. 6:29, 30).

17, 18. Allahın bəzi xidmətçiləri hansı əzab-əziyyətlərlə üzləşirlər və onlar buna nəyin sayəsində tab gətirirlər?

17 Keçmişdə həyatımızda baş vermiş müəyyən hadisələr bizim üçün böyük bir dərd ola bilər. Təxminən 30 yaşlarında olan Merib adlı Yehovanın Şahidi deyir: «Xoşbəxt olmaq üçün çoxlu səbəblərim olsa da, çox vaxt keçmişim məndə xəcalət və ikrah hissi doğurur. Məni güclü kədər hissi bürüyür və hönkür-hönkür ağlamaq istəyirəm, sanki, bütün bunlar dünən baş verib. Dərin kök salmış xatirələr nəticəsində hələ də özümü dəyərsiz və günahkar hiss edirəm».

18 Allahın xidmətçilərinin çoxu bu hisslərlə tanışdır. Bəs bu hisslərə tab gətirməyə onlara nə kömək edə bilər? Meri deyir: «Yaxın dostlarım və ruhani bacı-qardaşlarımla olmaq mənə xoşbəxtlik gətirir. Həmçinin mən diqqətimi Yehovanın gələcəyə dair vədinə cəmləyirəm və əminəm ki, kədər göz yaşlarım sevinc göz yaşlarına çevriləcək» (Məz. 126:5). Biz ümidimizi Allahın Oğluna — Onun təyin etdiyi Rəhbərə bağlamalıyıq. Çünki Müqəddəs Kitabda onun haqqında peyğəmbərlik edilmişdi: «Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, onun gözündə bunların qanı qiymətlidir» (Məz. 72:13, 14). Bu, bizim üçün çox təsəllivericidir!

Yeni dünyada bolluq olacaq

19, 20. a) Məzmur 72-yə əsasən, Padşahlığın rəhbərliyi altında hansı problem öz həllini tapacaq? b) Məsihin hakimiyyəti altına olacaq xeyir-dualar səndə hansı hissləri doğurur və buna görə kim izzətə layiqdir?

19 Allahın quracağı yeni dünyada Böyük Süleymanın hakimiyyəti altında saleh insanların necə həyat sürəcəklərini təsəvvürünüzdə canlandırın! Bizə belə bir vəd verilir: «Qoy ölkənin zəmiləri bol olsun, dağların başında dalğalansın» (Məz. 72:16). Bildiyimiz kimi, adətən, dağların başında taxıl bitmir, buna görə də, bu sözlər yer üzünün çox məhsuldar olacağına işarə edir. Süleymanın hakimiyyəti dövründə Livan torpaqları məhsuldar olduğu kimi, yer üzündə də elə bolluq olacaq. Bir düşünün: artıq qida çatışmazlığı, aclıq, qıtlıq olmayacaq! O zaman hamı «zəngin yeməklərdən... ibarət ziyafət»dən ləzzət alacaq (Yeşaya 25:6—8; 35:1, 2).

20 Bütün bu xeyir-dualara görə, ilk növbədə, Əbədi Padşah və kainatın Hökmdarı Yehova Allah izzətə layiqdir. O zaman biz böyük sevinclə bu mahnının sonundakı gözəl və ürəyi isindirən sözlərə qoşulacağıq: «Qoy padşahın [İsa Məsihin] adı əbədi qalsın, günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, onu bütün millətlər bəxtiyar adlandırsın! Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, xariqələrin yeganə yaradanına! Onun şərəfli ad-sanına əbədi alqış olsun, bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!» (Məz. 72:17—19).

[Haşiyələr]

a Azərbaycanca Müqəddəs Kitabda 72-ci məzmurun girişində onun «Süleymanın məzmuru» olduğu yazılsa da, sonuncu ayədən göründüyü kimi, əslində bu məzmur Davud tərəfindən bəstələnmişdir.

b Ad dəyişdirilib.

Necə cavab verərdiniz?

• 72-ci məzmurda nə haqda peyğəmbərlik olunur?

• Böyük Süleyman kimdir və onun hakimiyyətinin hüdudları nə dərəcədə geniş olacaq?

• 72-ci məzmurda vəd olunan xeyir-dualar haqda sən nə fikirləşirsən?

[29-cu səhifədəki şəkil]

Süleymanın hakimiyyəti dövründəki firavanlıq nəyi təmsil edirdi?

[32-ci səhifədəki şəkil]

Böyük Süleymanın hakimiyyəti altında Cənnətdə yaşamaq üçün səy göstərməyimiz hər şeyə dəyər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş