Bəli, əlinizdəki təlim nəşridir!
Təlim nəşrinin daha gözəgəlimli, eləcə də Yehovanın dəyərli Kəlamındakı həqiqətləri araşdırmaqda daha faydalı olması üçün onun tərtibatını yeniləşdirmişik (Məz. 1:2; 119:97).
Artıq dörd ildir ki, «Gözətçi qülləsi» iki nəşrdə çıxır: biri geniş kütlə üçün, digəri isə Yehovanın Şahidləri olan bizlər və həqiqətdə tərəqqi edən insanlar üçün.
Uzun illərdir Yehovaya xidmət edən bir qardaş təlim nəşri haqqında yazmışdı: «Möhtəşəm və təsirlidir! Bu, “Gözətçi qülləsi”nin ilk təlim nəşrinin məndə yaratdığı təəssürat idi. Orada istifadə olunan daha dərin ruhani dil və ifadələr ürəyimin dərinliklərinə təsir etmişdi. Bu yeni əsrarəngiz nəşrə görə sizə səmimi-qəlbdən öz minnətdarlığımı bildirirəm». Başqa bir qardaş isə yazmışdı: «Qeydlərlə olan Müqəddəs Kitabın köməyilə təlim nəşrini araşdırmaq üçün ayırdığım o dəyərli vaxtı böyük səbirsizliklə gözləyirəm». Əminik ki, onların ürək sözlərinə siz də şəriksiniz.
Bildiyiniz kimi, «Gözətçi qülləsi» 1879-cu ildən nəşr edilir və bu işi yalnız Yehovanın ruhu və xeyir-duası sayəsində indiyədək görmək mümkün olub (Zək. 4:6). 133 il ərzində jurnalın üz qabığı bir neçə dəfə dəyişilib. 2012-ci ildən etibarən isə hər təlim nəşrinin üz qabığında təbliğ fəaliyyətimizi təsvir edən əllə çəkilmiş rəngli rəsm olacaq. Bu, bizə Yehovanın Padşahlığı haqda ətraflı şəhadət vermək tapşırığımız barədə xatırladacaq (Həv. iş. 28:23). İkinci səhifədə isə həmin rəsmin fotoşəkli olacaq və onun altında bu şəklin harada çəkildiyini və şəkildəki insanların nə ilə məşğul olduğunu izah edən qısa şərh olacaq. İl boyu bu, bizə Yehovanın xalqının xoş xəbəri bütün dünyada «millətlərin hamısına» təbliğ etdiyini xatırladacaq (Mat. 24:14).
Jurnalda başqa hansı dəyişikliklər edilib? Təkrar üçün suallar araşdırılan məqalələrin əvvəlinə keçirilib. Məqalələrə hazırlaşarkən artıq hansı əsas fikirləri axtarmalı olduğunuzu qabaqcadan biləcəksiniz. Əlbəttə, yığıncaqda «Gözətçi qülləsi»nin müzakirəsini aparan qardaş həmişəki kimi sonda bu sualların köməyilə məqalənin qısa icmalını keçirəcək. Üstəlik, səhifələrin kənarlarındakı boş yerlər bir az geniş olacaq, səhifənin, eləcə də abzasların nömrələri daha aydın şriftlə çap ediləcək.
Bu saydan etibarən Yehovanın Şahidlərinin müasir tarixindən bəhs edən «Arxivimizdən» adlı rubrika dərc olunacaq. Bundan əlavə, vaxtaşırı olaraq «Onlar könüllü olaraq özlərini təqdim etdilər» adlı başlıq altında Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan ərazilərdə xidmət edən bacı-qardaşlarımızla baş verən maraqlı hadisələr çap ediləcək. Buradan biz xidmətin onlara nə qədər sevinc, məmnunluq və xoşbəxtlik gətirdiyini görəcəyik.
Qoy bu jurnalın köməyilə Allahın Kəlamını araşdırmaq üçün ayırdığınız vaxt səmərəli olsun.
Naşirlər
[3–cü səhifədəki şəkil]
1879
[3–cü səhifədəki şəkil]
1895
[3–cü səhifədəki şəkil]
1931
[3–cü səhifədəki şəkil]
1950
[3–cü səhifədəki şəkil]
1974
[3–cü səhifədəki şəkil]
2008