Allahın Kəlamını öyrənməyə ayırdığın vaxtı maraqlı və səmərəli keçir
Müqəddəs Kitabı araşdırmağın daha maraqlı, faydalı və səmərəli olması üçün nə edə bilərik? Gəlin qısaca olaraq üç vacib addıma nəzər salaq.
1 DUA. Birinci addım duadır (Məz. 42:8). Nəyə görə? Allahın Kəlamını oxumağa ibadətimizin bir hissəsi kimi baxmalıyıq. Buna görə də Yehovadan bizə düzgün əhval-ruhiyyə və müqəddəs ruh verməsini xahiş etməliyik (Luka 11:13). Uzun müddət missioner kimi xidmət edən Barbara deyir: «Müqəddəs Kitabı oxumazdan və ya araşdırmazdan qabaq həmişə dua edirəm. Yalnız bundan sonra Yehovanın mənimlə olduğunu və işimdən razı qaldığını hiss edirəm». Müqəddəs Kitabı araşdırmağa başlamazdan öncə etdiyimiz dua ürəyimizi və zehnimizi qarşımızdakı zəngin ruhani qidanı qəbul etməyə hazırlayır.
2 DƏRİNDƏN DÜŞÜNMƏK. Bəziləri vaxt azlığı ucbatından Allahın Kəlamını səthi oxumaqla kifayətlənirlər. Lakin bununla onlar özlərini Müqəddəs Kitabı araşdırmağın gətirdiyi faydadan məhrum edirlər. 50 ildən çoxdur ki, Yehovaya xidmət edən Karlos qardaş öyrənmənin daha səmərəli olması üçün düşünməyə vaxt ayırmağın vacib olduğunu başa düşür. O deyir: «İndi mən hər gün Müqəddəs Kitabdan təxminən iki səhifə oxuyuram. Bunun sayəsində oxuduqlarımın üzərində düşünməyə daha çox vaxt ayıra bilirəm və özüm üçün ibrət dərsi götürürəm» (Məz. 77:12). Düşünməyə vaxt ayıranda biliyimiz artır və Allahın iradəsini daha yaxşı dərk edirik (Kolos. 1:9—11).
3 TƏTBİQ ETMƏK. Hansısa məşğuliyyətin praktiki dəyərini görəndə ondan daha çox fayda əldə edirik. Bunu Müqəddəs Kitabı araşdırmağa da aid etmək olar. Müqəddəs Kitabı müntəzəm öyrənən Qabriel adında bir gənc qardaş deyir: «Allahın Kəlamını araşdırmaq mənə gündəlik problemlərin öhdəsindən gəlməyə kömək edir və başqalarına əl tutmağa təşviq edir». O əlavə edərək deyir: «Çalışıram ki, öyrəndiyim hər şeyi həyatımda tətbiq edim» (Qanun. t. 11:18; Yeşua 1:8). Bəli, Allah bizə zəngin biliklərini açıqlayır və biz onları mənimsəyib tətbiq etməliyik (Sül. məs. 2:1—5).
XÜLASƏ. Hikmət Mənbəyi olan Yehovanın açıqladığı biliklərin dərinliklərinə varmaq necə də böyük şərəfdir! (Rom. 11:33). Beləliklə, növbəti dəfə Müqəddəs Kitabı araşdıranda ilk öncə Yehovaya dua et ki, sənə düzgün əhval-ruhiyyə və müqəddəs ruh versin. Vaxtaşırı dayanıb oxuduqlarının üzərində dərindən düşün. Sonra isə öyrəndiklərinin hamısını gündəlik həyatında tətbiq et. Əgər bu vacib addımları atsan, araşdırma üçün ayırdığın vaxt daha maraqlı və səmərəli keçəcək.