Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/1 s. 16—20
  • Həqiqətin əsaslarından öyrənək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqətin əsaslarından öyrənək
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • İSANIN FİDYƏ QURBANLIĞININ KÖLGƏSİ
  • DÜZGÜN ƏHVAL-RUHİYYƏ İLƏ GƏTİRİLƏN QURBANLAR
  • ALLAHIN QƏBUL ETMƏDİYİ QURBANLAR
  • İSANIN FİDYƏ QURBANLIĞINA İMAN ET!
  • Yeqovaya məqbul həmd qurbanları
    Gözətçi qülləsi 2000
  • Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?
    Gözətçi qülləsi 2013
  • Vaxtı ilə Allaha məqbul olan qurbanlar
    Gözətçi qülləsi 2000
  • Yehovaya qurbanları canla-başla gətir
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/1 s. 16—20

Həqiqətin əsaslarından öyrənək

«Qanunda ifadə olunan biliyin və həqiqətin əsaslarına [yiyələnmisən]» (ROM. 2:20).

AŞAĞIDAKI SUALLARIN CAVABINI TAP

  • Musanın Qanunundakı qurbanlar nəyin kölgəsi idi?

  • İsraillilərin gətirdiyi müəyyən qurbanlarla məsihçilərin gətirdiyi qurbanlar arasında hansı oxşarlıq var?

  • Qurbanın Allaha məqbul olub-olmadığı nədən asılı idi?

1. Pavelin Musanın Qanunu barədə dediklərini başa düşmək bizim üçün nəyə görə vacibdir?

HƏVARİ PAVELİN Allahdan ilham alaraq yazdığı məktublar olmasaydı, Musanın Qanununun bir çox yönlərinin nə qədər vacib olduğunu başa düşmək bizim üçün çətin olardı. Məsələn, Pavel «İbranilərə məktub»unda izah edir ki, İsa «sadiq baş kahin» kimi birdəfəlik «barışıq qurbanı»nı necə gətirib və bunun sayəsində həmin qurbanlığa iman edənlər «əbədi xilas»a necə nail ola bilərlər (İbr. 2:17; 9:11, 12). O həmçinin göstərir ki, müqəddəs məskən sadəcə olaraq «səmavi şeylərin... kölgəsidir» və İsanın vasitəçilik etdiyi əhd Musanın vasitəçilik etdiyi əhddən «daha yaxşı»dır (İbr. 7:22; 8:1—5). Pavelin Qanunun müxtəlif yönlərinin nəyi təmsil etdiyini izah etməsi onun günlərindəki məsihçilər üçün böyük əhəmiyyət kəsb etdiyi kimi, bizim üçün də vacibdir. Bu, Allahın bizim üçün etdiklərinin nə qədər qiymətli olduğunu daha yaxşı başa düşməyə kömək edəcək.

2. Yəhudi mənşəli məsihçilər digər millətlərdən olan insanlarla müqayisədə hansı üstünlüyə malik idilər?

2 Pavelin Romadakı məsihçilərə ünvanlandığı məktubdakı bəzi fikirlər Musanın Qanununa bələd olan yəhudi mənşəli məsihçilərə aid idi. O etiraf edirdi ki, bu məsihçilərin Allahın Qanunundan xəbəri olduğu üçün onlar Yehova və Onun saleh prinsipləri barədə «biliyin və həqiqətin əsaslarına» bələddirlər. Onlar Qanunda ifadə olunan həqiqətlərin əsaslarını başa düşür və onları ürəkdən sevirdilər. Buna görə də onlardan əvvəl yaşamış sadiq yəhudilər kimi, Yehova barədə həqiqətləri başqalarına da öyrədə bilərdilər. (Romalılara 2:17—20 ayələrini oxu.)

İSANIN FİDYƏ QURBANLIĞININ KÖLGƏSİ

3. Qədimdə yəhudilərin gətirdiyi qurbanları araşdırmaqdan biz hansı faydanı əldə edəcəyik?

3 Yehovanın niyyətini başa düşmək üçün Qanunda ifadə olunan həqiqətin əsaslarını bilməyimiz vacibdir. Musanın Qanununun əsaslarını təşkil edən prinsiplər bu gün də öz dəyərini və əhəmiyyətini itirməyib. Bunu yadda saxlayaraq, gəlin Qanunun bir yönünü araşdıraq: cürbəcür qurbanlar və təqdimlər təvazökar yəhudiləri Məsihə doğru necə aparmışdı və Allahın tələblərini başa düşməyə onlara necə kömək etmişdi? Allahın Öz xidmətçiləri üçün təsis etdiyi əsas tələblər dəyişməzdir. Buna görə də gəlin görək Onun israillilərə qurban və təqdimlərlə bağlı verdiyi qanunların köməyilə biz müqəddəs xidmətimizin keyfiyyətini necə yoxlaya bilərik (Mal. 3:6).

4, 5. a) Musanın Qanunu Allahın xalqına nəyi xatırladırdı? b) Qurbanlar barədə Allahın qanunu nəyin «kölgəsi» idi?

4 Qanunun bir çox bəndləri insanın günahlı olduğunu vurğulayırdı. Çətin ki, bunu başa düşməyən israilli tapılardı. Misal üçün, cəsədə toxunmuş insandan paklanmaq tələb olunurdu. Bunun üçün qüsursuz bir qırmızı düyəni kəsib yandırırdılar. Düyənin külü «paklama suyu» düzəltmək üçün istifadə edilirdi. Bu su murdar bir şeyə toxunduğu gündən üç və yeddi gün keçəndən sonra paklanmalı olan insanın üzərinə çilənməli idi (Say. 19:1—13). İsraillilər həmçinin yadda saxlamalı idilər ki, doğulan hər bir uşağa qeyri-kamillik və günah ötürülür. Buna görə də qadın dünyaya övlad gətirdikdən sonra bir müddət paklanmalı və axırda günahının bağışlanması üçün qurban gətirməli idi (Lev. 12:1—8).

5 İsraillilər günahlarının bağışlanması üçün gündəlik həyatlarının bir çox başqa vəziyyətlərində də heyvan qurbanları gətirilməli idilər. Onlar bunu dərk etsələr də, etməsələr də, müqəddəs məskəndə, eləcə də sonralar Yehovanın məbədində gətirilən qurbanlar İsanın kamil fidyə qurbanlığının «kölgəsi» idi (İbr. 10:1—10).

DÜZGÜN ƏHVAL-RUHİYYƏ İLƏ GƏTİRİLƏN QURBANLAR

6, 7. a) İsraillilər qurban seçərkən nəyi yadda saxlamalı idilər və bu, nəyin kölgəsi idi? b) Biz özümüzə hansı sualları verməliyik?

6 Yehovanın heyvan qurbanlarına dair qoyduğu vacib tələblərdən biri onların hər cəhətdən «qüsursuz» olması idi. Başqa sözlə, həmin heyvanlar kor, şikəst, yaralı və ya xəstə olmamalı idi (Lev. 22:20—22). İsraillilər Yehovaya məhsul və ya taxıl təqdimləri gətirərkən «ilk məhsulları»nın «ən yaxşı»sını gətirməli idilər (Say. 18:12, 29). İkinci növ təqdimlər Yehovaya məqbul deyildi. Heyvan qurbanlığına dair vacib tələb göstərirdi ki, İsanın qurbanlığı nöqsansız və ləkəsiz olacaq və bəşəriyyətin günahlarını yumaq üçün Yehova Ona əziz olan ən yaxşı şeyi qurban verəcək (1 Pet. 1:18, 19).

7 Əgər qurban gətirən insan Yehovanın etdiyi bütün yaxşılıqlara görə Ona, həqiqətən də, minnətdar idisə, onda böyük məmnuniyyətlə malik olduğu şeylərin ən yaxşısını Ona verəcəkdi. Təqdim edəcəyi qurbanın ən yaxşı olub-olmadığını müəyyən etmək hər bir insanın öz öhdəsinə buraxılırdı. Lakin hər bir israilli bilirdi ki, qüsurlu heyvan Allaha məqbul olmayacaq, çünki bununla o, qurbanlığın onun üçün formal xarakter daşıdığını və hətta yük olduğunu göstərəcəkdi. (Malaki 1:6—8, 13 ayələrini oxu.) Bu, bizi Yehovaya xidmətimiz barədə dərindən düşünməyə təşviq etməlidir. Özümüzdən soruşa bilərik: «Hansı əhval-ruhiyyə ilə Yehovaya xidmət edirəm? Xidmətimi yaxşılaşdırmağa ehtiyac varmı? Ona ən yaxşısını verirəmmi?»

8, 9. Nəyə görə israillilərin hansı əhval-ruhiyyə ilə qurban gətirmələri bizi maraqlandırmalıdır?

8 İsraillilərin Yehovaya ürəkdən minnətdar olduqlarını göstərmək, yaxud da Onun rəğbətini qazanmaq üçün yandırma qurbanı kimi gətirdikləri qurbanlar könüllü idi. Təbii ki, belə halda insan ən yaxşısını seçərdi, çünki bunu etməyə onu ürəyi təşviq edəcəkdi. Bu gün məsihçilərdən Musanın Qanununda nəzərdə tutulan qurbanları gətirmək tələb olunmur. Bununla belə, onların Yehovaya xidmətə sərf etdikləri vaxt, güc və vəsaitlərini müəyyən mənada qurban hesab etmək olar. Həvari Pavel ümidimiz barədə insanlara danışmağı, «yaxşılıq etməyi və başqaları ilə bölüşməyi» Allaha məqbul qurbanlar adlandırdı (İbr. 13:15, 16). Allahın xidmətçilərinin bu işlərdə hansı əhval-ruhiyyə ilə iştirak etmələri Yehovaya nə qədər minnətdar olduqlarını və Ondan aldıqları ənamları nə dərəcədə qiymətləndirdiklərini göstərir. Buna görə biz, israillilər kimi, xidmətə münasibətimizi və bunu hansı niyyətdən irəli gələrək etdiyimizi yoxlamalıyıq.

9 Musanın Qanununda həmçinin günah işlədən insandan günah və ya təqsir qurbanı da gətirmək tələb olunurdu. Bəs demək olarmı ki, bu cür qurbanların mütləq olması israillilər üçün onları ürəkdən gətirmək məsələsini çətinləşdirirdi? Bəlkə, onlar bu qurbanları candərdi gətirirdilər? (Lev. 4:27, 28). Yehova ilə yaxın münasibətlərini qorumaq istəyən insan çətin ki, belə etsin.

10. Pozulmuş münasibətləri bərpa etmək üçün məsihçilərdən hansı «qurbanları vermək» tələb oluna bilər?

10 Bəzən biz istəmədən, düşünmədən, yaxud da təsadüfən həmimanlımızın xətrinə dəyirik. Belə hallarda vicdanımız bizə hərəkətimizin düzgün olmadığını deyə bilər. Yehovaya xidmətə ciddi yanaşan hər bir insan səhvini düzəltmək üçün əlindən gələni edəcək, elə deyilmi? Məsələn, əgər vəziyyət bunu tələb edirsə, o, xətrinə dəydiyi insana yaxınlaşıb ondan səmimi-qəlbdən üzr istəyəcək və yaxud da ciddi günah işlədibsə, ruhani kömək üçün qayğıkeş ağsaqqallara müraciət edəcək (Mat. 5:23, 24; Yaq. 5:14, 15). Həmimanlımıza və ya Yehovaya qarşı işlətdiyimiz günahı aradan qaldırmaq üçün nəyi isə qurban vermək tələb olunur. Lakin belə etməklə biz Yehova və həmimanlımızla münasibətimizi bərpa edəcəyik və vicdanımız yenidən təmiz olacaq. Bu isə öz növbəsində, bizi Yehovanın yolunun ən yaxşı olduğuna əmin edəcək.

11, 12. a) Ünsiyyət qurbanı nə idi? b) Ünsiyyət qurbanı ilə müasir həqiqi ibadət arasında hansı oxşarlıq var?

11 Musanın Qanununa ünsiyyət qurbanı da daxil idi. Bu qurbanı gətirməklə insan Yehova ilə sülhdə olduğunu göstərirdi. Ünsiyyət qurbanı gətirən insan ailəsi ilə birlikdə onun ətindən məbədin yeməkxanalarının birində yeyə bilərdi. Qurban ətinin bir parçası onu Yehovaya təqdim edən kahinə, eləcə də məbəddəki digər kahinlərə çatırdı (Lev. 3:1; 7:31—33). İsraillilər bu qurbanı Allahla yaxşı münasibətdə olmaq istədikləri üçün gətirirdilər. Bu qurbanı gətirən insan, onun ailəsi, kahinlər və Yehova, sanki, bir süfrə arxasında toplaşıb sülh içində yemək yeyirdilər.

12 Ünsiyyət qurbanı gətirən insan, məcazi dillə desək, Yehovanı yeməyə dəvət edirdi. Bu, eləcə də Yehovanın həmin dəvəti qəbul etməsi onun üçün necə də böyük şərəf idi! Təbii ki, evin sahibi hörmətli qonağının qarşısına ən yaxşı, ən ləziz təamları düzəcəkdi. Qanunda ifadə olunan həqiqətin hissəsi olan ünsiyyət qurbanı göstərirdi ki, daha böyük qurban olan Məsihin fidyə qurbanlığı sayəsində hər kəsin Yaradanla yaxın və sülh münasibətində olmaq imkanı var. Əgər biz vəsaitlərimizi və gücümüzü könüllü olaraq Yehovaya xidmətə sərf ediriksə, yəni qurban veririksə, biz də Onun dostu ola bilərik.

ALLAHIN QƏBUL ETMƏDİYİ QURBANLAR

13, 14. Nəyə görə Yehova Şaul padşahın qurbanını qəbul etmədi?

13 Təbii ki, Musanın Qanunda nəzərdə tutulan qurbanların Yehovaya məqbul olması üçün onları düzgün niyyətdən və ürəkdən gətirmək lazım idi. Lakin Müqəddəs Kitabda Allahın qəbul etmədiyi qurbanlar da xatırlanır. Allahı onları rədd etməyə nə vadar etmişdi? Gəlin iki nümunəni nəzərdən keçirək.

14 Şamuel peyğəmbər Şaul padşaha bildirmişdi ki, amaleqlilər üzərində Yehovanın hökmlərini icra etməyin vaxtı gəlib çatdı. Şaul o xalqın kökünü tamamilə kəsməli və onların bütün mal-qarasını məhv etməli idi. Ancaq qələbədən sonra Şaul əsgərlərinə amaleqlilərin padşahı Aqaqı sağ saxlamağa icazə verdi. O həmçinin mal-qaranın ən yaxşısını götürdü ki, onu Yehovaya qurban versin (1 Şam. 15:2, 3, 21). Bəs Yehovanın buna münasibəti necə oldu? O, itaətsizlik göstərdiyinə görə Şauldan üz döndərdi. (1 Şamuel 15:22, 23 ayələrini oxu.) Biz bundan nə öyrənirik? Qurbanlarımızın Allaha məqbul olması üçün Onun sözündən çıxmamalıyıq.

15. Qurban gətirən, lakin eyni zamanda pis işlərindən də əl çəkməyən israillilər bununla nəyi göstərirdilər?

15 Buna bənzər nümunəni Yeşaya peyğəmbərin kitabında da tapmaq olar. O vaxtlar israillilər Yehovanın onları bağışlaması üçün qurbanlar gətirirdilər, lakin eyni zamanda pis işlərindən əl çəkmirdilər. Bu, onların qurbanlarını qüsurlu edirdi. Yehova onlara dedi: «Qurbanlarınız çoxalır, Mənə nə? Yandırma qoç qurbanlarından, bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm... Mənə artıq batil təqdimlər gətirməyin, buxur Məndə ikrah yaradır». Bunun səbəbi nə idi? Allah onlara dedi: «Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, yuyunub təmizlənin, gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, pislik etməkdən vaz keçin» (Yeşaya 1:11—16).

16. Qurbanların Allaha məqbul olub-olmadığı nədən asılıdır?

16 Yehova pis işlərindən tövbə etməyən insanların qurbanlarını qəbul etmirdi. Lakin bütün ürəkdən Onun əmrlərinə riayət edən insanların duaları və qurbanları Ona məqbul idi. Qanunda ifadə olunan həqiqətin əsasları israillilərə öyrədirdi ki, onlar günahlıdırlar və Yehovanın onları əfv etməsinə ehtiyacları var (Qalat. 3:19). İsraillilər bunu dərk edəndə səmimi-qəlbdən tövbə edirdilər və Yehovanın onları bağışlamasını istəyirdilər. Eynilə biz də günahlarımızı silmək qüvvəsinə malik olan Məsihin fidyə qurbanlığını qəbul etməliyik. Əgər biz Məsihin fidyə qurbanlığının vacibliyini dərk ediriksə və onu, həqiqətən də, qiymətləndiririksə, Yehova Ona xidmətdə etdiyimiz hər şeydən zövq alacaq. (Məzmur 51:17, 19 ayələrini oxu.)

İSANIN FİDYƏ QURBANLIĞINA İMAN ET!

17-19. a) İsanın fidyə qurbanlığına görə Yehovaya minnətdar olduğumuzu necə göstərə bilərik? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

17 Məsihçilikdən öncə yaşayan israillilər yalnız Allahın niyyətinin «kölgəsi»ni görüblər, biz isə bunun gerçəkliyini görmək üstünlüyünə malikik (İbr. 10:1). Qurbanlara dair qanunlar yəhudiləri Yehova ilə yaxşı münasibət qurmağa kömək edən əhval-ruhiyyəni inkişaf etdirməyə təşviq edirdi. Onlar Yehovaya ürəkdən minnətdar olduqlarını göstərməli, Ona ən yaxşısını vermək istəyinə malik olmalı və əfvə ehtiyac duyduqlarını dərk etməli idilər. Yunanca Müqəddəs Yazılardakı izahatların sayəsində biz başa düşürük ki, fidyə qurbanlığı vasitəsilə Yehova gələcəkdə günahın nəticələrini həmişəlik aradan qaldıracaq. Hal-hazırda isə bu qurbanlıq Onun qarşısında vicdanımızı təmiz saxlamağa kömək edir. Həqiqətən də, İsanın qurbanlığı tayı-bərabəri olmayan bir ənamdır! (Qalat. 3:13; İbr. 9:9, 14).

18 Fidyədən tam faydalanmaq üçün onun sadəcə nə olduğunu başa düşmək kifayət deyil. Həvari Pavel yazmışdı: «Biz iman sayəsində saleh elan edilək deyə, Qanun bizi Məsihə aparan tərbiyəçi oldu» (Qalat. 3:24). Bizim imanımız əməllərimizdən görünməlidir (Yaq. 2:26). Buna görə də Pavel Musanın Qanununda ifadə olunan biliyin əsaslarından agah olan birinci əsrdəki məsihçiləri bu bilikləri həyatda tətbiq etməyə təşviq edirdi. Onda onlar öyrətdikləri ilahi prinsiplərə uyğun həyat sürəcəkdilər. (Romalılara 2:21—23 ayələrini oxu.)

19 Müasir məsihçilərdən Musanın Qanununa riayət etmək tələb olunmasa da, onlar da Yehovaya məqbul olan qurbanlar gətirməlidirlər. Bunu necə edə biləcəyimizi növbəti məqalədə müzakirə edəcəyik.

[17–ci səhifədəki yazı]

Allahın Öz xidmətçiləri üçün təsis etdiyi əsas tələblər dəyişməzdir

[18–ci səhifədəki şəkil]

Bu heyvanlardan hansını Yehovaya təqdim edərdin?

[19–cu səhifədəki şəkil]

Yehovaya məqbul qurbanlar gətirənlər Onun rəğbətini qazanırlar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş