Sən Yehovanın calalını əks etdirirsənmi?
«Biz... Yehovanın calalını güzgü kimi əks [etdiririk]» (2 KOR. 3:18).
NECƏ CAVAB VERƏRDİN?
Günahlı vəziyyətimizə baxmayaraq, biz Yehovanın calalını necə əks etdirə bilərik?
Dualar və yığıncaq görüşlərində iştirak etmək bizə Allahın calalını əks etdirməyə necə kömək edir?
Nəyin sayəsində biz durmadan Yehovanın calalını əks etdiririk?
1, 2. Nəyə görə Yehovanın xüsusiyyətlərini təqlid edə biləcəyimizi gözləmək məntiqlidir?
HAMIMIZ müəyyən dərəcədə valideynlərimizə bənzəyirik. Təəccüblü deyil ki, bəzən oğlan uşağına atasına, qız uşağına isə anasına oxşadığını deyirlər. Uşaqlar da, adətən, valideynlərinə bənzəməyə çalışırlar. Bəs bizim barəmizdə nə demək olar? Biz səmavi Atamız Yehovanı təqlid edə bilərikmi? Allahı heç vaxt görməsək də, Onun Kəlamını araşdırmaqla, təbiəti müşahidə etməklə və Müqəddəs Yazıların, xüsusilə də Allahın Oğlu olan İsa Məsihin sözləri və əməlləri üzərində düşünməklə Onun ecazkar xüsusiyyətlərini görə bilərik (Yəh. 1:18; Rom. 1:20). Bəli, Yehovanın calalını əks etdirmək mümkündür.
2 Allah Adəmlə Həvvanı yaratmazdan əvvəl, bilirdi ki, insanlar Onun onlar üçün olan iradəsini yerinə yetirə, xüsusiyyətlərini əks etdirə və Ona şərəf gətirə bilərlər. (Yaradılış 1:26, 27 ayələrini oxu.) Bir məsihçi kimi, biz Yaradanımızın xüsusiyyətlərini təzahür etdirməliyik. Əgər belə etsək, mədəniyyətimizdən, təhsilimizdən və ya milliyyətimizdən asılı olmayaraq, Allahın calalını əks etdirmək kimi gözəl şərəfə layiq görüləcəyik. Nə üçün? Ona görə ki, «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həv. iş. 10:34, 35).
3. Yehovaya xidmət etmək bizə necə təsir edir?
3 Məsh olunmuş məsihçilər Yehovanın calalını əks etdirirlər. Bu səbəbdən ruhdan doğulmuş həvari Pavel yazmışdı: «Biz hamımız açıq üzlə Yehovanın calalını güzgü kimi əks etdirməklə Onun bənzəri səviyyəsinə çatanadək calal üstündən calal qazanaraq dəyişirik» (2 Kor. 3:18). Musa peyğəmbər üzərində On əmr yazılmış lövhəciklərlə Sina dağından yerə enəndə üzü nur saçırdı, çünki bundan əvvəl onunla Yehova danışmışdı (Çıx. 34:29, 30). Düzdür, məsihçilərlə bu, heç vaxt baş verməyəcək, lakin onlar insanlara Yehova, Onun xüsusiyyətləri və bəşəriyyətə dair möhtəşəm niyyəti barədə danışanda üzləri sevincdən nur saçır. Qədim zamanlarda istifadə olunan cilalanmış metal güzgülər kimi, məsh olunmuş məsihçilər və onların əməkdaşları həyat və xidmətlərində Yehovanın calalını əks etdirirlər (2 Kor. 4:1). Sən hərəkətlərinlə və Padşahlıq haqda müntəzəm təbliğ etməklə Yehovanın calalını əks etdirirsənmi?
BİZ ALLAHIN CALALINI ƏKS ETDİRMƏK İSTƏYİRİK
4, 5. a) Pavel kimi, biz nə ilə mübarizə aparırıq? b) Günah bizə necə təsir edir?
4 Yehovanın xidmətçiləri olan bizlər etdiyimiz hər şeyin Yaradanımıza izzət və şərəf gətirməsini istəyirik. Ancaq çox vaxt hər şey istədiyimiz kimi olmur. Pavel də bu problemlə mübarizə aparmalı olurdu. (Romalılara 7:21—25 ayələrini oxu.) Bu mübarizənin səbəbini izah edərək o yazmışdı: «Hamı günah işlədi və Allahın şöhrətini əks etdirə bilmədi» (Rom. 3:23). Bəli, Adəmdən günahı miras aldığımız üçün bütün bəşəriyyət əzazil «padşah» olan günahın əsarəti altındadır (Rom. 5:12; 6:12).
5 Günah nədir? Bu, Yehovanın xüsusiyyətlərinə, normalarına və iradəsinə zidd olan hər bir şeydir. Günah insanın Allahla münasibətlərinə xələl gətirir. Oxatana hədəfə düşməyə nəyinsə mane olduğu kimi, günah da bizə hədəfə düşməyə, yəni Allahın calalını əks etdirməyə mane olur. Biz qəsdən və ya təsadüfən günaha yol verə bilərik (Say. 15:27—31). Günah insanlarda dərin kök salıb və onlarla Yaradan arasında sədd çəkir (Məz. 51:5; Yeşaya 59:2; Kolos. 1:21). Buna görə də bəşər ailəsi, ümumilikdə, Yehova ilə pis münasibətdədir və Onun calalını əks etdirmək kimi dəyərli imkanı əldən verir. Şübhə yoxdur ki, günah bəşəriyyətin ən böyük bəlasıdır.
6. Günahlı vəziyyətimizə baxmayaraq, Yehovanın calalını necə əks etdirə bilərik?
6 Günahlı vəziyyətimizə baxmayaraq, Yehova bizim üçün «ümid mənbəyi» oldu (Rom. 15:13). O, günahı aradan qaldırmaq üçün bir vasitə — İsa Məsihin fidyə qurbanlığını təqdim etdi. Əgər biz bu qurbanlığa iman ediriksə, artıq «günahın qulu» deyilik və mövqeyimiz Yehovanın calalını əks etdirməyə imkan verir (Rom. 5:19; 6:6; Yəh. 3:16). Yehova ilə bu cür yaxşı münasibəti qoruyub saxlasaq, əmin ola bilərik ki, O, bizə indiki dövrdə xeyir-dua verəcək, gələcəkdə isə kamillik və əbədi həyat bəxş edəcək. Daxilimizdə hələ də günahın olmasına baxmayaraq, Allahın bizə Onun calalını əks etdirə bilən insanlar kimi baxması, doğrudan da, böyük xeyir-duadır!
YEHOVANIN CALALINI ƏKS ETDİRİRİK
7. Allahın calalını əks etdirmək üçün biz nəyi qəbul etməliyik?
7 Allahın calalını düzgün əks etdirmək üçün günahlı olduğumuzu boynumuza almalıyıq (2 Saln. 6:36). Biz günahlı meyillərimizi qəbul etməli və onları nəzarət altında saxlamalıyıq ki, həqiqətən də Allahın calalını əks etdirə bilək. Məsələn, əgər biz pornoqrafiyaya baxmaq kimi insanı alçaldan günaha yol veririksə, ruhani köməyə ehtiyacımızın olduğunu etiraf etməli və bu köməyi əldə etmək üçün lazımi addımlar atmalıyıq (Yaq. 5:14, 15). Bu, Yehovaya tam şəkildə şərəf gətirən həyata aparan ilk addım olacaq. Yehovanın xidmətçiləri kimi, biz daima özümüzü yoxlamalıyıq ki, Onun salehlik meyarlarına uyğun gəldiyimizə əmin olaq (Sül. məs. 28:18; 1 Kor. 10:12). Günahlı meyillərimiz nə olursa-olsun, Allahın calalını əks etdirmək üçün onların qarşısını almaq cəhdlərimizə son qoymamalıyıq.
8. Kamil olmasaq da, biz nə etməliyik?
8 İsa Allahı mükəmməl şəkildə razı salan və Onun calalını əks etdirən yeganə insan olub. Ondan fərqli olaraq, biz qeyri-kamilik. Buna baxmayaraq, onun nümunəsini təqlid edə bilərik və etməliyik də (1 Pet. 2:21). Yehova nəinki bizim uğurlarımıza, hətta Onun calalını əks etdirmək üçün göstərdiyimiz səylərimizə də diqqət yetirir və onlara xeyir-dua verir.
9. Allahın tələblərinə müvafiq olmaq istəyən məsihçilərin həyatında Müqəddəs Kitab hansı rolu oynayır?
9 Müqəddəs Kitab bizə Yehovanın calalını daha yaxşı şəkildə necə əks etdirə biləcəyimizi başa düşməyə kömək edə bilər. Buna görə də Allahın Kəlamını dərindən araşdırmaq və onu düşünərək oxumaq çox vacibdir (Məz. 1:1—3). Əgər Müqəddəs Kitabı hər gün oxusaq, bu, bizə yaxşılığa doğru dəyişməyimizə kömək edəcək. (Yaqub 1:22—25 ayələrini oxu.) Müqəddəs Kitab bilikləri imanımızın əsasıdır, eləcə də ciddi günahlardan qaçmaq və Yehovanı razı salmaq qətiyyətimizi möhkəmləndirən bir vasitədir (Məz. 119:11, 47, 48).
10. Dua bizə Yehovaya daha yaxşı xidmət etməyə necə kömək edir?
10 Allahın calalını əks etdirmək üçün biz həm də «daima» dua etməliyik (Rom. 12:12). Yehovaya məqbul tərzdə xidmət etməyimiz üçün Ondan kömək diləməliyik. Buna görə də Ondan xahiş edə bilərik ki, bizə müqəddəs ruh, daha çox iman, sınaqlara tab gətirmək üçün güc və «həqiqət sözünü düzgün [öyrətmək]» bacarığı versin (2 Tim. 2:15; Mat. 6:13; Luka 11:13; 17:5). Uşaq atasından asılı olduğu kimi, biz də səmavi Atamız Yehovadan asılı olmalıyıq. Əgər Allaha daha yaxşı xidmət etmək üçün Ondan bizə kömək etməsini xahiş ediriksə, əmin ola bilərik ki, O, köməyini bizdən əsirgəməyəcək. Gəlin heç vaxt Onu bezdirdiyimizi düşünməyək! Əksinə, həmişə duada Yehovaya həmd edək, minnətdarlığımızı bildirək və hər zaman, xüsusilə də çətinliyə düşəndə Ondan rəhbərlik diləyək, eləcə də xahiş edək ki, bizə müqəddəs adını izzətləndirəcək tərzdə Ona xidmət etməyə kömək etsin (Məz. 86:12; Yaq. 1:5—7).
11. Yığıncaq görüşləri bizə Allahın calalını əks etdirməyə necə kömək edir?
11 Allah qiymətli sürüsünün qeydinə qalmağı «sadiq və ağıllı nökər» sinfinə həvalə edib (Mat. 24:45—47; Məz. 100:3). Həmimanlılarının Yehovanın calalını necə əks etdirməsi nökər sinfini çox maraqlandırır. Daha yaxşı görünməyimiz üçün dərzi paltarımızda düzəlişlər etdiyi kimi, bizim bir məsihçi kimi «xarici görünüşümüz» yığıncaq görüşlərində yaxşılaşdırılır (İbr. 10:24, 25). Buna görə də gəlin həmişə görüşlərimizə vaxtında gələk, çünki əgər gecikmək vərdişimiz varsa, onda biz Yehovanın üzərimizdə etməli olduğu ruhani düzəlişləri buraxacağıq.
GƏLİN ALLAHI TƏQLİD EDƏK
12. Biz Allahı necə təqlid edə bilərik?
12 Yehovanın calalını əks etdirmək üçün biz «Ona bənzəməyə» çalışmalıyıq (Efes. 5:1). Allahımızı təqlid etməyin üsullarından biri Onun baxışlarını mənimsəməkdir. Başqa cür yaşamaq Onun adını ləkələyir və bizə zərər vurur. Yaşadığımız dünya Şəririn, yəni Şeytan İblisin əlindədir, bu səbəbdən Yehovanın nifrət etdiyi şeylərə nifrət etmək, sevdiyi şeyləri isə səmimi-qəlbdən sevmək üçün bizdən böyük səy tələb olunur (Məz. 97:10; 1 Yəh. 5:19). Biz ürəkdən əmin olmalıyıq ki, Allaha xidmət etməyin yeganə düzgün yolu hər şeyi Onun şərəfi naminə etməkdir. (1 Korinflilərə 10:31 ayəsini oxu.)
13. Nəyə görə biz günaha nifrət etməliyik və bu, bizi nəyə təşviq edəcək?
13 Yehova kimi, biz də günaha nifrət etməliyik. Biz mümkün qədər günahdan uzaq olmalıyıq və günaha yol vermədən ona nə dərəcədə yaxın ola biləcəyimizi yoxlamağa cəhd göstərməməliyik. Məsələn, özümüzü dönüklükdən, yəni Yehovanın calalını əks etdirmək üçün bizi yararsız edəcək günahdan gözləməliyik (Qanun. t. 13:6—9). Buna görə də gəlin dönüklərdən və ya özünü qardaş adlandırıb, ancaq Allahı rüsvay edən hər kəsdən — hətta bu, bizim ailə üzvümüz olsa belə — uzaq duraq (1 Kor. 5:11). Dönüklərin və ya Yehovanın təşkilatını tənqid edən insanların sözlərini təkzib etməyə çalışmağın bizə heç bir faydası yoxdur. Danılmaz faktdır ki, dönüklərin istər yazılı şəkildə, istərsə də İnternet vasitəsilə yaydıqları məlumatları əldə etmək ruhaniliyimiz üçün təhlükəlidir və düzgün deyil. (Yeşaya 5:20; Matta 7:6 ayələrini oxu.)
14. Allahın calalını əks etdirməyə çalışarkən hansı xüsusiyyət bizdə daha çox nəzərə çarpmalıdır və nəyə görə?
14 Səmavi Atamız Yehovanı təqlid etməyin ən vacib üsullarından biri məhəbbət göstərməkdir. Bəli, biz Onun kimi məhəbbətli olmalıyıq (1 Yəh. 4:16—19). Aramızda hökm sürən məhəbbət bizi İsanın davamçıları və Yehovanın xidmətçiləri kimi başqalarından fərqləndirən xüsusiyyətdir (Yəh. 13:34, 35). Qeyri-kamillik ucbatından bizə məhəbbət göstərmək bəzən çətin olsa da, hər zaman məhəbbət təzahür etdirməyə çalışmalıyıq. Ürəyimizdə məhəbbət və Allaha məqbul olan digər xüsusiyyətlər inkişaf etdirmək bizi pislik və günah etməkdən çəkindirəcək (2 Pet. 1:5—7).
15. Məhəbbət bizim başqaları ilə münasibətlərimizə necə təsir edir?
15 Məhəbbət bizi insanlara ürəkdən xeyirxahlıq etməyə təşviq edir (Rom. 13:8—10). Məsələn, həyat yoldaşımıza olan məhəbbət kəbin yatağımızı ləkələməkdən qoruyacaq. Ağsaqqallara olan məhəbbət və onların işinə olan hörmətimiz bizə itaətkar olub onların göstərişlərinə tabe olmağa kömək edəcək. Valideynlərini sevən uşaqlar onların sözünə qulaq asacaq, onlara ehtiram bəsləyəcək və barələrində pis danışmayacaqlar. Əgər insanları seviriksə, onların səviyyəsinin bizimkindən aşağı olduğunu düşünməyəcəyik və onlarla saymazyana tərzdə danışmayacağıq (Yaq. 3:9). Nəhayət, Allahın sürüsünü sevən ağsaqqallar həmimanlıları ilə nəzakətlə davranacaqlar (Həv. iş. 20:28, 29).
16. Məhəbbət bizə xidmətdə necə kömək edir?
16 Məhəbbət xüsusiyyəti xidmətimizdə də özünü aydın büruzə verməlidir. Yehovaya dərin məhəbbət bəslədiyimiz üçün biz yol verməyəcəyik ki, bəzi insanların mənfi sözləri və ya laqeydliyi bizi ruhdan salsın. Əksinə, biz xoş xəbəri təbliğ etməyə davam edəcəyik. Məhəbbət bizi xidmətə yaxşı hazırlaşmağa və səmərəli şəkildə təbliğ etməyə təşviq edəcək. Əgər biz, həqiqətən də, Allahı və insanları seviriksə, Padşahlıq haqda təbliğ etmək tapşırığına cansıxıcı bir iş və ya adi bir borc kimi baxmayacağıq. Əksinə, onu özümüzə böyük şərəf hesab edəcək və sevinclə həyata keçirəcəyik (Mat. 10:7).
YEHOVANIN CALALINI DAİMA ƏKS ETDİR
17. Günahın bizi Allahın calalını əks etdirməyə mane olduğunu dərk etməyimiz hansı faydanı gətirir?
17 Demək olar ki, dünya günahın nə dərəcədə ciddi məsələ olduğunu dərk etmir. Lakin bunu bizim barəmizdə demək olmaz. Buna görə də biz günahlı meyillərimizlə mübarizə aparmağın vacibliyini anlayırıq. Günahlı olduğumuzu qəbul etməyimiz bizi vicdanımızı tərbiyə etməyə kömək edir, bu isə, öz növbəsində, bizi təşviq edir ki, düşüncələrimizdə və ürəyimizdə günahlı arzular baş qaldıranda düzgün şəkildə davranaq (Rom. 7:22, 23). Düzdür, bəzən biz zəif oluruq, ancaq Yehova hər bir vəziyyətdə doğru davranmağımız üçün bizi möhkəmləndirməyə qadirdir (2 Kor. 12:10).
18, 19. a) Pis ruhi qüvvələrlə mübarizədə uğur qazanmağa bizə nə kömək edir? b) Bizim qəti qərarımız nə olmalıdır?
18 Bundan əlavə, əgər biz Yehovaya şərəf gətirmək istəyiriksə, pis ruhi qüvvələrə qarşı mübarizə aparmalıyıq. Allahın bizə verdiyi ruhani zirehlər sayəsində bu mübarizədə müvəffəqiyyət qazana bilərik (Efes. 6:11—13). Şeytan yorulmaq bilmədən Yehovanı yalnız Onun layiq olduğu izzətdən məhrum etməyə çalışır. Üstəlik, o, Yehova ilə münasibətlərimizi pozmaq üçün dəridən-qabıqdan çıxır. Ancaq biz, eləcə də milyonlarla qeyri-kamil kişi, qadın və uşaqlar nöqsansızlıqlarını qoruyanda və Yehovanın calalını əks etdirəndə bu, Şeytan üçün necə də böyük zərbə olur! Buna görə də gəlin göydəki mələklər kimi, biz də ucadan Yehovaya durmadan həmd edək: «Allahımız Yehova, Sən şöhrətə, hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb» (Vəhy 4:11).
19 Gəlin nə olursa-olsun, Yehovanın calalını əks etdirmək niyyətimizdə qəti olaq. Allah görəndə ki, bir çox sadiq insanlar Onu təqlid etmək və calalını əks etdirmək üçün əlindən gələnini edirlər, Onun ürəyi dağa dönür (Sül. məs. 27:11). Gəlin Davudun dediyi növbəti sözlərə şərik olaq: «Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, daim ismini izzətləndirəcəyəm» (Məz. 86:12). Biz mükəmməl surətdə Yehovanın calalını əks etdirəcəyimiz və Onu əbədiyyən izzətləndirə biləcəyimiz günü böyük həsrətlə gözləyirik! İtaətkar insanlar bu arzunun gerçəkləşməsinin şahidi olacaqlar. Bəs sən indi Yehova Allahın calalını əks etdirirsənmi və bunu əbədiyyət boyu etməyə qəti qərarlısanmı?
[27–ci səhifədəki şəkil]
Sən Yehovanın calalını bu yollarla əks etdirirsənmi?