Sevinən valideynlər
1 Sən məsihçi ailəsində yaşayan gəncsənsə, valideynlərini xüsusi tərzdə xoşbəxt edə bilərsən. Əgər salehlik yolunda yeriməyə səʼy göstərsən, ‘ata-anan sevinər’ (Sül. məs. 23:22-25). Təbbi ki, valideynlərin sənin üçün ən yaxşı şeylər arzulayırlar. Onlar görəndə ki, sən həqiqəti mənimsəyir və həyatını Yehovaya həsr edirsən, bu onlara heç nəyin verə bilmədiyi məmnunluğu gətirir.
2 Həqiqətdə olduqlarına görə valideynlərinə minnətdar ola bilərsən. Anadan olduğun gündən onlar səni yedirir, geydirir və evlə təʼmin edir, həmçinin sən xəstələnən zaman qeydinə qalırlar. Daha vacibi, sənə Yehova və Onun salehlik yolları haqqında öyrətməyə çalışırlar; bu cür təlim isə səni əbədi həyata apara bilər (Efes. 6:1-4). Bəs sən öz minnətdarlığını necə göstərə bilərsən?
3 Həqiqəti mənimsə. Valideynlərin çalışmışlar ki, həqiqətə ciddi yanaşmağı, ruhən inkişaf etməyi və Yehovanın təşkilatına bağlı qalmağı sənə öyrətsinlər. Öz minnətdarlığını, ailəvi öyrənmədə könülsüz yox, ürəkdən iştirak etməyinlə təzahür etdirə bilərsən. Yığıncaq görüşlərinə getmək istəyini göstər və lazımi hazırlığı özün gör ki, ailən yığıncağa vaxtında çata bilsin. Görüş zamanı valideynlərinlə birgə otur və öyrənilən nəşrlərdə yazılanları izləyərək diqqətlə qulaq as. Görüşlərdə şərhlər verməklə iştirak etməyə çalış. Teokratik Xidmət Məktəbində çalışqan şagird olmağa, tapşırıqlar almağa və onları mümkün qədər yaxşı yerinə yetirməyə səʼy göstər. Padşahlıq Zalını yaxşı vəziyyətdə saxlamaq üçün köməyin tələb olunan sahələrdə öz köməyini təqdim et. Bu cür işlərdə iştirak etmək sənə ruhən faydalı olan şeylərə ürəyini mərkəzləşdirməyə kömək edəcək.
4 Tərəqqi etmək üçün məqsədlər qoy. Təbliğçi olmaq istədiyini göstərmək üçün, təbliğ xidmətində şüurlu tərzdə iştirak etməyə çalış. Müqəddəs Kitabın həftəlik oxunması qrafikinə riayət et, daha yaxşısı isə, Müqəddəs Kitabı əvvəldən axıra qədər oxu. Həsr və vəftiz üçün olan tələblərə müvafiq olmağı qərara al. Yehovaya xidmətdə tam iştirak etməyin üçün səni lazımi şeylərlə təʼmin edəcək təhsili seçməkdə valideynlərin sənə kömək edə bilərlər. Diqqətini yaxşı ad qazanmağa yönəlt, bu başqalarını təşviq edəcək ki, səni pioner və ya Bet-El xidməti kimi xüsusi xidmətlərə tövsiyə etsinlər (Həv. iş. 16:1, 2). Məqsədlərə nail olmaq, ‘ən üstün dəyərləri ayırd edərək salehlik bəhrələri ilə dolmaqdaʼ sənə kömək edəcək (Filip. 1:10, 11).
5 Gənclik—öyrənmək, təcrübə toplamaq və başqaları ilə davranmaq bacarığına nail olmaq çağıdır. Gənclik, yetkinliyin gətirdiyi bütün təzyiq və məsʼuliyyətlərdən azad yaşaya bildiyin illərdir. Süleyman demişdir: «Ey gənc, cavanlığında sevin, qoy ürəyin səni cavanlıq günlərində sevindirsin» (Vaiz 11:9). Əgər gənc yaşlarından ürəyini Yehovaya xidmət etməyə meylləndirsən, əbədiyyən xeyir-dualar biçəcəksən (1 Saln. 28:9).
6 Əgər ‘gənclik ehtiraslarınıʼ deyil, ‘salehlik yolunuʼ izləyirsənsə, valideynlərini narahatçılığın və ürəkağrısının ağır yükündən azad edəcəksən (2 Tim. 2:22). Sən öz ürəyini də sevindirəcəksən (Sül. məs. 12:25). Ən başlıcası isə, Yaradanımız Yehova Allaha sevinc gətirəcəksən (Sül. məs. 27:11).