Yehovanın ən böyük hədiyyəsinə görə minnətdarlığını bildir
1. Yehovaya nəyə görə xüsusilə minnətdarıq?
1 Yehovanın bizə verdiyi ‘yaxşı bəxşişlərin’ ən böyüyü sevimli Oğlunun fidyə qurbanlığıdır (Yaq. 1:17). Bunun sayəsində, günahlarımızın bağışlanması da daxil olmaqla, bir çox xeyir-dualar alırıq (Efes. 1:8). Bu bəxşişə görə biz həmişə minnətdarıq. Xüsusilə də, Xatirə Gecəsi zamanı bu dəyərli hədiyyənin üzərində düşünmək üçün vaxt ayırırıq.
2. Ailəmizin və özümüzün fidyəyə görə minnətdarlığını necə artıra bilərik?
2 Daha çox minnətdar olmaqda ailənə kömək et. Ailənizin minnətdarlığını artırmaq üçün Xatirə Gecəsinin keçiriləcəyi martın 30-dan əvvəlki həftə nəyə görə ailəvi ibadət axşamı fidyə haqqında məlumatı araşdırmayasınız? Həmçinin Xatirə Gecəsi ilə əlaqədar Müqəddəs Kitabdan xüsusi parçaları hər gün ailəlikcə oxuyun. Bundan əlavə, fidyənin sizə gətirdiyi fayda və onun Yehova ilə münasibətlərinizə, özünüzə, başqalarına və gələcəyinizə təsiri haqda dərindən düşünün. Həmçinin yaxşı olardı ki, Xatirə Gecəsində oxunacaq 5 və 8 nömrəli iki yeni nəğməni evdə məşq edib oxuyasınız (Məz. 77:12).
3. Minnətdarlığımızı necə ifadə edə bilərik?
3 Minnətdarlığını ifadə et. Fidyəyə görə minnətdarlıq bizi təşviq edəcək ki, Yehova və Onun Öz Oğlunu bizim uğrumuzda göndərərək təzahür etdirdiyi böyük məhəbbət barədə başqalarına danışaq (Məz. 145:2—7). Bəzi ailələr mart, aprel və may aylarında ən azı ailənin bir üzvünün köməkçi pioner kimi xidmət etməsinə şərait yaratmaqla öz minnətdarlıqlarını təzahür etdirirlər. Əgər bu, sizdə alınmırsa, ‘hər fürsətdən istifadə edib’ daha çox xidmət edə bilərsinizmi? (Efes. 5:16). Minnətdarlıq bizi həmçinin təşviq edəcək ki, başqalarına da bizimlə birlikdə Xatirə Gecəsində olmağa kömək edək (Vəhy 22:17). Təkrar baş çəkdiyin, Müqəddəs Kitabı öyrətdiyin insanları, qohumlarını, iş yoldaşlarını, qonşularını dəvət etmək üçün siyahı tut. Sonra isə əlindən gələni etməyə çalış ki, Xatirə Gecəsi üçün xüsusi kampaniyada tam iştirak edə biləsən.
4. Xatirə Gecəsi dövründə necə müdrik davrana bilərik?
4 Xatirə Gecəsi dövrü Yehovanın bəşəriyyət üçün verdiyi hədiyyəni nə qədər çox qiymətləndirdiyimizi göstərmək üçün yeni imkan açır. Gəlin bu vaxtdan istifadə edərək fidyəyə və ‘Məsihin kəşfolunmaz zənginliyinə’ görə minnətdarlığımızı artıraq və təzahür etdirək (Efes. 3:8).