Gəlin Yehovaya minnətdar olduğumuzu göstərək Xatirə Gecəsi — 17 aprel
1. Məzmurçunun ifadə etdiyi hansı hisslər Xatirə Gecəsi ilə əlaqədar xüsusilə yerindədir?
1 Yehovanın ona dəfələrlə mərhəmət göstərdiyinə və onu xilas etdiyinə görə minnətdar olan məzmurçu belə deməyə təşviq olunmuşdu: «Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?» (Məz. 116:12). Bu gün Allahın xidmətçilərinin minnətdar olmaq üçün daha çox səbəbləri var. Allahdan ilham almış bu sözlər qələmə alındıqdan yüzilliklər sonra Yehova bəşəriyyətə böyük bir hədiyyə — fidyə qurbanlığını bəxş etdi. Biz Məsihin ölümünün il dönümünü aprelin 17-də qeyd etməyə hazırlaşırıq və bu, Yehovaya minnətdarlığımızı bildirmək üçün gözəl imkandır (Kolos. 3:15).
2. Fidyə qurbanlığına görə nə üçün minnətdar olmalıyıq?
2 Fidyənin gətirdiyi xeyir-dualar. Fidyə qurbanlığı vasitəsilə ‘günahlarımız bağışlanır’ (Kolos. 1:13, 14). Onun sayəsində biz Yehovaya təmiz vicdanla ibadət edə bilirik (İbr. 9:13, 14). Dua edərkən Yehovanın qarşısında cəsarətlə danışmaq imkanına malikik (İbr. 4:14—16). Fidyə qurbanlığına iman gətirənləri qarşıda əbədi həyat gözləyir! (Yəh. 3:16).
3. Fidyə qurbanlığına görə Yehovaya minnətdarlığımızı necə bildirə bilərik?
3 Minnətdarlığın təzahürü. Ürəkdən minnətdar olduğumuzu bildirməyin üsullarından biri Xatirə Gecəsi üçün nəzərdə tutulmuş Müqəddəs Kitab parçalarını hər gün oxuyub üzərində düşünməkdir. «Gözətçi Qülləsi» jurnalının 2011-ci il 1 fevral sayındakı «İlin ən mühüm hadisəsinə hazırsınızmı?» (rus.) adlı məqalə bu sahədə bizə kömək etmək üçün nəzərdə tutulub. Həmçinin biz fidyəyə görə nə qədər minnətdar olduğumuzu səmimi duamızda Yehovaya bildirə bilərik (1 Salon. 5:17, 18). Xatirə Gecəsində iştirak etməklə İsanın minnətdarlıq təzahür etdirmək göstərişinə əməl etdiyimizi göstəririk (1 Kor. 11:24, 25). Üstəlik, biz Yehovanın bol məhəbbətini təqlid edərək mümkün qədər daha çox insanı bu mərasimə dəvət edə bilərik (Yeşaya 55:1—3).
4. Biz nəyə qəti qərarlı olmalıyıq?
4 Yehovaya minnətdar olan məsihçilər Xatirə Gecəsinə adi görüş kimi yanaşmırlar. Bu, ilin ən mühüm hadisəsidir! Xatirə Gecəsi yaxınlaşdıqca gəlin biz də məzmurçu kimi qətiyyətli olaq: «Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları» (Məz. 103:2).