«Yehova Allahın müasir xalqı» broşürasından necə istifadə etmək olar?
Bu yeni broşüra Müqəddəs Kitabı öyrənən insanları Yehova Allahın təşkilatına cəlb etmək üçün nəzərdə tutulub
1. «Yehova Allahın müasir xalqı» broşürası hansı üç məqsəd üçün nəşr olunub?
1 «Yehova Allahın müasir xalqı» adlı yeni broşüradan istifadə etməyə başlamısanmı? Bu broşüra 1) Müqəddəs Kitabı öyrənən insanları bizimlə, yəni Yehovanın Şahidləri ilə tanış etmək, 2) onlara fəaliyyətimiz barədə öyrənməyə kömək etmək və 3) təşkilatımızın gördüyü işləri göstərmək üçün nəzərdə tutulub. «Yehova Allahın müasir xalqı» broşürasında hər fəsil cəmi bir səhifəyə yerləşdirilib və bunun sayəsində hər öyrənmənin sonunda bir fəsli beş-on dəqiqə ərzində müzakirə etmək olar.
2. Bu broşüranın necə tərtib olunduğunu və üstünlüklərini qeyd et.
2 Broşüranın tərtibatı. Yuxarıda qeyd olunduğu kimi, bu broşüra Yehovanın təşkilatının müxtəlif sahələrini əhatə edən üç hissəyə bölünüb. 28 fəslin adı sual və ya nəqli formada tərtib edilib; qalın şriftlə yazılmış yarımbaşlıqlar isə fəslin əsas fikirləridir. Broşüra dünyanın 50-dən çox ölkəsindən göndərilmiş şəkillərin əsasında tərtib olunub; bu, işimizin ümumdünya xarakter daşıdığını göstərir. Hər fəslin sonundakı «Tövsiyə» çərçivəsi vasitəsilə Müqəddəs Kitabı öyrənən insanı öyrənməyə davam etməsi üçün təşviq etmək olar.
3. «Yehova Allahın müasir xalqı» broşürasından necə istifadə etmək olar?
3 İstifadə qaydası. İlk növbədə, fəslin adını göstər, sonra öyrənən insanla bərabər fəsli və qalın şriftlə yazılmış yarımbaşlıqları oxuyub əsas fikirləri vurğula. Sonda isə səhifənin sonundakı suallar vasitəsilə fəsli təkrarla. Fəsli həm başdan-ayağa, həm də hissə-hissə oxuyub müzakirə etmək olar. Hansı ayəni oxuyacağını müəyyən etmək üçün ayırdetmə bacarığından istifadə et. Şəkilləri və «Tövsiyə» çərçivəsini müzakirə etməyi unutma. Hansı fəsli istəsən ilk əvvəl ondan və ya öyrənənin tələbatına uyğun olan fəsildən başlaya bilərsən. Məsələn, yaxın gələcəkdə yığıncaq və ya konqres gözlənilirsə, öyrənən insanla 11-ci fəsli müzakirə etmək olar.
4. Bu yeni vəsaitə görə nə üçün sevinirsən?
4 Kiməsə Müqəddəs Kitabı öyrədərkən biz həmin insana səmavi Atamızla tanış olmağa kömək edirik. Bununla yanaşı, biz ona Yehovanın təşkilatı barədə də öyrətməliyik (Sül. məs. 6:20). İşimizi asanlaşdıran bu yeni vəsaitə görə çox sevinirik.