«İlahi müjdə» broşürasından necə istifadə etmək olar?
Yeni broşüra təkrar başçəkmələr etmək və Müqəddəs Kitab öyrənməsi başlamaq üçün nəşr olunub
1. «Ürəyini qoru!» adlı vilayət konqresində hansı yeni broşüra təqdim olundu?
1 «Ürəyini qoru!» adlı vilayət konqresində təkrar başçəkmələr etməyə və Müqəddəs Kitab öyrənməsi başlamağa kömək edən yeni broşüra almağımız bizi çox ruhlandırdı. «İlahi müjdə» broşürası, «Allah tələb edir» broşürası kimi, yığcam dərslərdən ibarətdir və onu əvəz edir. Qapı ağzında Müqəddəs Kitab öyrənməsi başlamaq üçün bu broşüra effektivdir. «Allah tələb edir» broşürasında yeni öyrənənin mənimsəməyə çətinlik çəkə biləcəyi məsihçi tələbləri müzakirə olunduğu halda, yeni broşürada əsas diqqət Müqəddəs Kitabdakı xoş xəbərə cəmlənib (Həv. iş. 15:35).
2. «İlahi müjdə» broşürası nəyə görə nəşr olunub?
2 Bu broşüra hansı məqsədlə nəşr olunub? Dünyanın müxtəlif yerlərindən olan həmimanlılarımız insanları həqiqətə cəlb etmək və «Müqəddəs Kitab öyrədir» kitabına keçid almaq üçün sadə bir nəşrin buraxılmasını xahiş etmişlər. Qalın kitabları görüb qorxan bir çox insanlar broşüra vasitəsilə Müqəddəs Kitabı öyrənməyə razılıq verirlər. Üstəlik, o, bir çox dillərə asanlıqla tərcümə olunub.
3. Bu broşüra digər təlim üçün nəzərdə tutulan nəşrlərdən nə ilə fərqlənir?
3 Broşüranın tərtibatı. Bir çox təlim nəşrləri elə tərtib olunub ki, insan heç bir köməklik göstərilmədən onu oxuya və həqiqəti başa düşə bilər. Bu nəşr isə fərqlidir. Bu broşüranı oxuyan insan gərək onu Müqəddəs Kitabı öyrədən təbliğçi ilə bərabər araşdırsın. Buna görə də kiməsə bu broşüranı təklif edəndə bir və ya iki abzas müzakirə etmək yaxşı olardı. Abzaslar qısa olduğundan onları insanla istər qapı ağzında, istərsə də iş yerində müzakirə etmək olar. Birinci dəfə dərs keçəndə broşüranın istənilən məqaləsindən öyrənməyə başlaya bilərik.
4. Bu broşüra bizə birbaşa Müqəddəs Kitabdan öyrətməyə necə kömək edir?
4 Bir çox ədəbiyyatlarımızda çap olunmuş sualların cavabını birbaşa abzaslardan tapmaq olar. Bu broşürada isə sualların cavabı əsasən Müqəddəs Kitabda yerləşib. Əksər insanlar suallarının cavabını bizim ədəbiyyatlarımızdan yox, məhz Müqəddəs Kitabdan öyrənmək istəyirlər. Buna görə də bu broşürada Müqəddəs Kitabdan heç bir sitat gətirilmir. Onlar ayəni birbaşa Müqəddəs Kitabdan oxuya bilərlər. Bu, öyrənən insana öyrəndiklərinin Allahdan olduğunu anlamağa kömək edəcək (Yeşaya 54:13).
5. Nə üçün təbliğçi hər öyrənmədən öncə yaxşıca hazırlaşmalıdır?
5 Broşürada bütün ayələrə izahat verilmir. Nəyə görə? Bu, öyrənəni suallar verməyə və təbliğçini isə öyrətmə qabiliyyətindən istifadə etməyə təşviq edir. Buna görə hər öyrənmədən öncə, yaxşıca hazırlaşmaq lazımdır. Bir şeyi yaddan çıxarma: həddən çox danışmaq lazım deyil. Adətən, biz Müqəddəs Kitabdan ayələri izah etməyi xoşlayırıq. Ancaq öyrənəni sadəcə ayəni necə başa düşdüyünü izah etməyə təşviq etməməliyik. Həmçinin suallardan məharətlə istifadə edərək öyrənən insana hər bir ayənin məğzini başa düşməyə kömək edə bilərik (Həv. iş. 17:2).
6. Biz bu broşüradan a) Allaha və Müqəddəs Kitaba inanmayan insanlarla söhbət edərkən, b) evdən-evə təbliğdə, c) birbaşa Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün və ç) təkrar başçəkmə edərkən necə istifadə edə bilərik?
6 Həmin ay hansı ədəbiyyatın təqdim olunmasından asılı olmayaraq, Müqəddəs Kitab öyrənməsi keçirmək üçün nəzərdə tutulan digər nəşrlər kimi bu broşüranı da istənilən vaxt təqdim edə bilərik. Qapı ağzında birbaşa Müqəddəs Kitab öyrənməsi başlamaq üçün bu broşüradan istifadə edənlərin bir çoxu sevinc əldə edəcək. Üstəlik, vilayət konqresində deyildiyi kimi, maraq göstərən insana yenidən baş çəkərkən «[bu broşüranın] sayəsində təkrar başçəkmələri daha maraqlı etmək olar!» (5, 6 və 7-ci səhifələrdəki çərçivələrə bax.)
7. Broşüradan istifadə edərək Müqəddəs Kitab öyrənməsini necə keçirə bilərik?
7 Öyrənməni necə keçirə bilərik? Müzakirəyə nömrələnmiş və qalın şriftlə yazılmış sualları oxumaqla başlaya bilərik. Sonra abzası və kursivlə yazılmış ayəni (ayələri) oxu. Suallardan məharətlə istifadə edərək öyrənənə ayənin məğzini başa düşməyə kömək et. Növbəti hissəyə keçməzdən öncə, insanın başa düşdüyünə əmin olmaq üçün qalın şriftlə yazılmış suala cavab verməsini xahiş et. İlk başçəkmənin qısa olması üçün qalın şriftlə yazılmış yalnız bir sualı müzakirə etmək yaxşı olardı. Bir müddətdən sonra isə vaxtı uzadaraq dərsin hamısını keçə bilərik.
8. Ayələri necə təqdim etməliyik və nəyə görə?
8 Hansı ayələrdən sonra «oxuyun» yazılıbsa, o ayələr qalın şriftlə verilmiş sualın birbaşa cavabıdır. Diqqəti ayələrə yönəldərkən «həvari Pavel yazmışdı» və ya «gör Yeremya hansı peyğəmbərliyi edib» kimi ifadələrdən qaçınmalıyıq. Həmin insana elə gələ bilər ki, biz adi insanların sözlərini oxuyuruq. Bunun əvəzinə, «görün peyğəmbərin Allahdan ilham alaraq qələmə aldığı peyğəmbərlikdə nə deyilir» və ya «görün Tövratda, Zəburda və ya İncildə nə deyilir» kimi sözlərdən istifadə etsək, daha yaxşı olar.
9. Öyrənmə zamanı sitat gətirilən ayələrin hamısını oxumaq lazımdır?
9 Sitat gətirilən bütün ayələri, yoxsa yalnız «oxuyun» yazılan ayələri oxumaq lazımdır? Şəraiti nəzərə al. Sitat gətirilən ayənin heç biri sadəcə Müqəddəs Kitabda olduğu üçün broşüraya salınmayıb. Onların hər birində müzakirə olunmağa dəyən dəyərli fikirlər var. Ancaq bəzi vəziyyətlərdə, məsələn, öyrənənin vaxtı və marağı azdırsa, eləcə də oxumaq qabiliyyəti zəifdirsə, bu zaman yalnız «oxuyun» ayələrinə diqqət yetirmək lazımdır.
10. «Müqəddəs Kitab öyrədir» kitabına nə vaxt keçə bilərik?
10 «Müqəddəs Kitab öyrədir» kitabına nə vaxt keçə bilərik? Bir və ya bir neçə müzakirədən sonra öyrənmənin müntəzəm olub-olmadığını dəqiqləşdirib ya «Müqəddəs Kitab öyrədir» kitabına keçə, ya da «İlahi müjdə» broşürasını axıra qədər araşdıra bilərik. Təbliğçilər növbəti nəşrə nə zaman keçəcəklərini özləri qərarlaşdıra bilərlər. Bəs əgər «Müqəddəs Kitab öyrədir» kitabına keçsək, onu araşdırmağa əvvəldən başlamalıyıq? Bununla bağlı heç bir göstəriş yoxdur. İnsanlar bir-birindən fərqlidir. Lakin bir çox insanlar eyni mövzunu «Müqəddəs Kitab öyrədir» kitabından yenidən araşdıranda daha çox məlumat əldə edirlər.
11. Nəyə görə bu yeni broşüradan yaxşı istifadə etməliyik?
11 Xoş xəbərin nadir hallarda eşidildiyi bir dünyada bizə ən yaxşı xəbəri — Allahın Padşahlığının rəhbərliyi və bu Padşahlığın salehliyin ömür sürəcəyi yeni bir dünya yaradacağı xəbərini təbliğ etmək şərəfi verilib (Mat. 24:14; 2 Pet. 3:13). Biz əminik ki, xoş xəbəri eşidən çoxları növbəti sözlərlə razılaşacaqlar: «Sülh xəbəri gətirən, dağları aşıb-gələn müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, qurtuluş xəbəri verir, Sion xalqına “Allahınız hökm sürür!” bəyan edir» (Yeşaya 52:7). Gəlin bu yeni broşüradan istifadə edərək Allahdan gələn ilahi müjdəni ərazimizdə yaşayan ruhani həqiqətlərə susayan insanlara çatdıraq.
[5–ci səhifədəki çərçivə]
Allaha və Müqəddəs Kitaba inanmayan insanlarla söhbət edərkən
● Bəzi ərazilərdə təbliğçilər müşahidə etmişlər ki, «Allah» və «Müqəddəs Kitab» sözlərini istifadə etmək insanlar tərəfindən etiraza səbəb olur. Yaxşı olardı ki, ilk başçəkmə zamanı ərazinizə uyğun mövzu barədə söhbətə başlayasınız. Məsələn, ehtiyac duyulan gözəl hakimiyyətdən, ailələrə kömək üçün praktiki məsləhətlərdən və gələcəkdə bizi nələrin gözlədiyindən danışa bilərik. Maraqlanan insanla bir neçə dəfə söhbət etdikdən sonra «İlahi müjdə» broşürasını təqdim edərək Allahın mövcudluğuna dair sübutları və Müqəddəs Kitabın nəyə görə etibaralayiq olduğunu izah etmək olar.
[6–cı səhifədəki çərçivə]
Evdən-evə təbliğdə
● «Qapınızı döyməkdə məqsədim odur ki, sizə Allahın bəşəriyyətə dair niyyətini bilməyin nə qədər asan olduğunu göstərim. Allahın əzab-əziyyətlərimizi nə vaxtsa aradan qaldıracağı barədə heç düşünmüsünüzmü? [Cavab verməsinə izin ver.] Bu broşüra həmin suala Müqəddəs Kitabın hansı ayəsindən cavab tapacağımızı göstərir. [Broşüranı ona ver və birinci fəslin birinci abzasını, eləcə də Yeremya 29:11 ayəsini oxu.] Bu ayədən Allahın bizim üçün daha yaxşı gələcək arzuladığı görünür? [Cavab verməsinə izin ver.] Əgər istəyirsinizsə, bu broşüranın bir nüsxəsini sizə verə bilərəm. Gələn dəfə ikinci abzası müzakirə edə bilərik və: “Allah tezliklə əzab-əziyyətin kökünü necə kəsəcək?” — sualının cavabını Müqəddəs Kitabdan tapa bilərik». Əgər ilk başçəkmə zamanı ev sahibinin söhbət etmək üçün vaxtı varsa, onda ikinci abzası və üç ayəni də oxuyub müzakirə edə bilərsən. Növbəti dəfə baş çəkərkən bu fəslin ikinci sualını müzakirə etmək olar.
● «Bir çox insanlar dua edirlər, xüsusilə də çətinlikləri olanda. Bəs siz dua edirsiniz? [Cavab verməsinə izin ver.] Necə düşünürsünüz, Allah bütün duaları dinləyir, yoxsa bəzi dualar ona məqbul deyil? [Cavab verməsinə izin ver.] Məndə Müqəddəs Kitabın bu suallara necə cavab verdiyini göstərən broşüra var. [Bir nüsxəsini ona ver və birlikdə 12-ci fəslin birinci abzasını və «oxuyun» ayələrini müzakirə edin.] Məgər Allahın bizi dinləmək istəməsi heyrətamiz deyil? Dualarımızın Allah tərəfindən qəbul olunmasını istəyiriksə, Onu daha yaxşı tanımalıyıq. [Broşüranın 2-ci fəslini aç və oradakı yarımbaşlıqları vurğula.] Əgər istəsəniz, bu broşüranı sizə verə bilərəm və növbəti dəfə buradakı maraqlı suallara Müqəddəs Kitabın verdiyi cavabları araşdırarıq».
● «Bu gün insanları dünyanın gedişatı narahat edir. Bu barədə sizin fikrinizi də bilmək maraqlı olardı. Necə fikirləşirsiniz, hər şey nə vaxtsa yaxşılığa doğru dəyişəcəkmi? [Cavab verməsinə izin ver.] Bir çoxları Müqəddəs Kitabda bizə ümid verəcək xoş xəbərin olduğunu öyrənəndə təəccüblənirlər. Bu broşürada Müqəddəs Kitabın cavablandırdığı bir çox suallar var». Broşüranı ona ver, arxa səhifədəki sualları göstər və onu maraqlandıran sualı seçməsini xahiş et. Onun seçdiyi fəsli aç və öyrənmənin necə keçirildiyini göstər. Gələn dəfə həmin fəslin növbəti sualını müzakirə etmək üçün vaxt təyin et.
[7–ci səhifədəki çərçivə]
Birbaşa Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün
● «Sizi saxlamaqda məqsədim Müqəddəs Kitab öyrənməsi təklif etməkdir. Bu broşüradakı 15 fəslin köməyilə vacib sualların cavabını Müqəddəs Kitabdan tapa bilərsiniz. [Broşüranın üz qabığını və arxa səhifəsini göstər.] Nə vaxtsa Müqəddəs Kitab təlimlərini başa düşməyə çalışmısınızmı? [Cavab verməsinə izin ver.] İcazə verin, oradakı təlimlərin necə asan olduğunu sizə göstərim. [3-cü fəslin 3-cü sualının 1-ci abzasını və Vəhy 21:4, 5 ayələrini oxuyun və müzakirə edin. Əgər şərait yol verirsə, növbəti abzası və «oxuyun» ayələrini də araşdırın.] Əgər istəyirsinizsə, mən bu broşüranı sizin üçün saxlaya bilərəm. Məsləhət görürük ki, heç olmasa bir dəfə Müqəddəs Kitab öyrənməsi keçəsiniz. Xoşunuza gəlsə, Müqəddəs Kitabı öyrənməyi davam etdirə bilərsiniz. Gələn dəfə 1-ci fəsli sizinlə müzakirə edə bilərik. Qeyd etmək istərdim ki, bu fəsil cəmi bircə səhifədir».
[7–ci səhifədəki çərçivə]
Təkrar başçəkmə edərkən
● Maraqlanan insana təkrar baş çəkərkən belə demək olar: «Sizi yenidən görməyimə şadam. Mən sizə bu broşüranı gətirmişəm, orada çoxlu maraqlı suallara Müqəddəs Kitab vasitəsilə cavab verilir. [Broşüranı ona ver və arxa səhifəsinə baxmağı təklif et.] Bu mövzulardan hansı sizi daha çox maraqlandırır? [Cavab verməsinə izin ver. Sonra onun seçdiyi fəsli aç.] İcazə verin, bu broşüradan Müqəddəs Kitabın verdiyi cavabları tapmaq üçün necə istifadə edə biləcəyimizi göstərim». Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərmək üçün bir və ya iki abzası, eləcə də «oxuyun» ayələrini müzakirə edin. Budur, sən artıq Müqəddəs Kitab öyrənməsinə başladın! Broşüranı ev sahibinə ver və növbəti dəfə baş çəkmək üçün vaxt təyin et. Bu fəsli bitirdikdən sonra ya ev sahibinin seçdiyi növbəti fəsli keçə, ya da broşüranın birinci fəsildən başlaya bilərsən.