Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 iyul s. 14—19
  • Əsas təlimlərdən öyrənəcəyimiz çox şey var

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əsas təlimlərdən öyrənəcəyimiz çox şey var
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA YARADANDIR
  • NƏYƏ GÖRƏ ALLAH ƏZABLARIN OLMASINA İZİN VERİR?
  • BİZ AXIRZAMANDA YAŞAYIRIQ
  • TƏMƏL HƏQİQƏTLƏRƏ HƏMİŞƏ DƏYƏR VERƏK
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
  • Bu sualların cavabını tapın
    Rayon toplantısının proqramı 2025/26 (rayon nəzarətçisinin iştirakı ilə)
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Həqiqəti yalandan ayıra bilirsiniz?
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 iyul s. 14—19

TƏLİM MƏQALƏSİ 30

NƏĞMƏ 97 Həyatımız Allahın Kəlamından asılıdır

Əsas təlimlərdən öyrənəcəyimiz çox şey var

«Mən bunları sizə daima xatırlatmaq niyyətindəyəm. Hərçənd siz bunları yaxşı bilirsiniz və sizdə olan həqiqətdə möhkəm durmusunuz» (2 BUT. 1:12).

ƏSAS FİKİR

Müqəddəs Kitab təlimlərini öyrəndiyiniz vaxtdan uzun illər keçsə də, onlardan hələ çox şeylər öyrənə bilərsiniz.

1. Müqəddəs Kitab təlimlərini ilk dəfə öyrənəndə bu sizə necə təsir etmişdi?

MÜQƏDDƏS KİTABIN əsas təlimləri həyatımızı çox dəyişib. Məsələn, Allahın adının Yehova olduğunu öyrənmək Onunla dostluğumuzun başlanğıcı oldu (Əşy. 42:8). Ölülər haqda həqiqəti biləndən sonra ölən əzizlərimizin əzab çəkib-çəkmədiyi ilə bağlı suallarımıza cavab tapdıq (Vaiz 9:10). Yehovanın yer üzündə Cənnət yaradacağı ilə bağlı vədi isə gələcəklə bağlı narahatçılıqlarımızı aradan qaldırdı. Həmçinin öyrəndik ki, ömrümüz 70-80 ildən ibarət olmayacaq, biz əbədi yaşayacağıq (Zəb. 37:29; 90:10).

2. 2 Butrus 1:12, 13 ayələri Müqəddəs Kitabın əsas təlimlərinin hətta yetkin məsihilərə də kömək etdiyini necə göstərir?

2 Müqəddəs Kitabın əsas təlimləri bizim üçün adiləşməməlidir. Həvari Butrus ikinci məktubunu «həqiqətdə möhkəm» duran məsihilərə yazmışdı. (2 Butrus 1:12, 13 ayələrini oxuyun.) Həmin vaxt yığıncaqda yalançı müəllimlər və allahsız insanlar peyda olmuşdu və onlar bacı-qardaşların ruhani vəziyyəti üçün ciddi təhlükə yaradırdı (2 But. 2:1—3). Butrus bacı-qardaşların özlərini bu təhlükələrdən qoruması üçün onları möhkəmləndirmək istəyirdi. Bunun üçün Butrus yığıncağa artıq bildikləri bəzi təlimləri xatırlatdı. Bu təlimlər onlara sonadək sədaqətlərini qorumağa kömək edəcəkdi.

3. Nəyə görə bütün məsihilər Müqəddəs Kitabın əsas təlimləri üzərində daima düşünməlidirlər? Nümunə çəkin.

3 Uzun illərdir həqiqətdə olmağımıza baxmayaraq, Müqəddəs Kitabın əsas təlimlərindən hələ də çox şey öyrənə bilərik. Belə bir nümunə üzərində düşünək: həm təcrübəli aşbaz, həm də aşpazlığı yeni öyrənən insan, ola bilər, yemək bişirərkən eyni ərzaqlardan istifadə etsin. Amma təcrübəli aşbaz illər ərzində bu ərzaqlardan yeni-yeni və maraqlı təamlar hazırlamağı öyrənib. Eynilə uzun illərdir Yehovanın xidmətçisi olan insanla həqiqəti yeni öyrənən insan Müqəddəs Kitabın əsas təlimlərinə müxtəlif tərəflərdən yanaşa bilər. Vəftiz olunandan sonra, yəqin ki, həyatımızda, yaxud Yehovaya xidmətdə gördüyümüz işlərlə bağlı çoxlu dəyişikliklər olub. Uzun illər əvvəl öyrəndiyimiz təlimləri indiki vəziyyətimizə aid etsək, özümüz üçün yeni və faydalı şeylər aşkar edə bilərik. Gəlin görək yetkin məsihilər Müqəddəs Kitabın üç əsas təlimindən nə öyrənə bilərlər.

YEHOVA YARADANDIR

4. Yehovanın Yaradanımız olduğunu öyrənəndə bu sizə necə təsir etmişdi?

4 «Hər şeyin bənnası... Allahdır» (İbr. 3:4). Biz bilirik ki, planetimizi və orada yaşayan canlıları hikmətli və qüdrətli Yaradanımız xəlq edib. Amma bu təlimdən öyrənə biləcəyimiz çox şey var. Yehova bizi yaratdığı üçün bizimlə bağlı hətta ən xırda məqamları bilir. Bundan əlavə, O bizə dəyər verir və bizim üçün nəyin daha yaxşı olduğunu bilir. Beləliklə, bu sadə həqiqəti, yəni Yehovanın Yaradanımız olduğunu bilməyimiz həyatımızı yaxşıya doğru dəyişib və ona məna qatıb.

5. Yehovanın Yaradan olmasını bilməyimiz bizə nə öyrədir? (Əşiya 45:9—12).

5 Yehovanın Yaradanımız olduğunu bilmək bizə təvazökarlığı öyrədir. Məsələn, Əyyub peyğəmbər Yehova haqda yanlış fikirlər söyləmişdi. Onun fikri-zikri özündə və haqlı olduğunu sübut etməkdə idi. Amma Yehova ona qüdrətli Yaradan olduğunu xatırlatdı (Əyy. 38:1—4). Bunun sayəsində Əyyub Allahın yollarının insanın yollarından nə qədər üstün olduğunu anladı. Sonralar Əşiya peyğəmbər buna bənzər bir fikir yazmışdı: «Heç gil dulusçuya “bu nədir düzəldirsən” deyər?» (Əşiya 45:9—12 ayələrini oxuyun.)

6. Yehovanın Yaradan kimi uca mövqeyi haqda düşünmək xüsusilə nə vaxt vacibdir? (Həmçinin şəkillərə baxın.)

6 İllər keçdikcə məsihi Yehovaya və Onun Kəlamına güvənmək əvəzinə daha çox öz ağlına güvənməyə başlaya bilər (Əyy. 37:23, 24). Bəs o, Yaradanı olan Yehova haqda və Onun hikmətinin və qüdrətinin böyüklüyü haqda düşünsə, bunun ona hansı faydası olacaq? (Əşy. 40:22; 55:8, 9). Bu təməl həqiqət insana Yehovanın fikirlərinin ali olduğunu anlamağa və təvazökarlığını qorumağa kömək edə bilər.

Kollaj: 1) Ağsaqqallar görüşündə bir ağsaqqal təklif söyləyir, amma bu o biri ağsaqqallara ağlabatan gəlmir. 2) Təklif söyləyən ağsaqqal sonra gecə ulduzlu səmaya baxıb düşünür.

Öz fikirlərimizə tarazlı yanaşmağa bizə nə kömək edə bilər? (6-cı abzasa baxın)e


7. Rəhilə təşkilatdakı dəyişiklikləri qəbul etmək üçün nə etdi?

7 Yehovanın Yaradan olduğu haqda düşünmək Sloveniyada yaşayan Rəhiləyə təşkilatdakı dəyişiklikləri qəbul etməyə kömək edib. O deyir: «Rəhbərlik edən qardaşların qərarları ilə razılaşmaq bəzən mənə çətin olur. Məsələn, baxmayaraq ki, qardaşların saqqal saxlaması ilə bağlı Müraciətəa baxmışdım, saqqallı qardaşın nitqlə çıxış etdiyini ilk dəfə görəndə şok oldum. Bu dəyişikliyə uyğunlaşmaq üçün Yehovaya dua elədim». Rəhilə anladı ki, Yehova yerin və göyün Yaradanı olduğu üçün təşkilatını ən doğru şəkildə idarə etməyin yolunu bilir. Əgər siz də hansısa yeni təlimi başa düşməyə və ya dəyişikliyi qəbul etməyə çətinlik çəkirsinizsə, onda vaxt ayırıb Yaradanımızın hikmətinin və qüdrətinin böyüklüyü haqda dərindən düşünün (Rom. 11:33—36).

NƏYƏ GÖRƏ ALLAH ƏZABLARIN OLMASINA İZİN VERİR?

8. Yehovanın əzablara izin verməsinin səbəbini bilmək bizə hansı faydanı gətirib?

8 Nəyə görə Allah əzabların olmasına izin verir? Bu suala cavab tapa bilməyən bəzi insanlar Allaha qəzəbləniblər və yaxud ümumiyyətlə Onun mövcud olmadığı qənaətinə gəliblər! (Məs. 19:3). Siz isə öyrənmisiniz ki, əzablarımız Yehovadan deyil, miras aldığımız günahın ucbatındandır. Həmçinin başa düşmüsünüz ki, Yehovanın səbri sayəsində milyonlarla insanın Onu tanımaq və əzablara birdəfəlik son qoyacağı barədə öyrənmək imkanı yaranıb (2 But. 3:9, 15). Bu həqiqətlər sizə təsəlli verib və Yehovaya yaxınlaşdırıb.

9. Hansı vəziyyətlərdə Yehovanın əzablara izin verməsinin səbəbini yadımıza sala bilərik?

9 Biz başa düşürük ki, Yehovanın əzablara son qoyacağı vaxtı səbirlə gözləməliyik. Amma bununla belə, bizim, yaxud yaxınlarımızın başına bəla gələndə, haqsızlıqla üzləşəndə, yaxud ölüm-itim olanda Yehovanın əzablara daha tez son qoymadığına görə məyus ola bilərik (Həb. 1:2, 3). Belə vaxtlarda yaxşı olar, Yehovanın nəyə görə salehlərin əzab çəkməsinə izin verdiyi barədə düşünəkb (Zəb. 34:19). Həmçinin Onun əzablara birdəfəlik son qoymaqla bağlı niyyətini xatırlaya bilərik.

10. Anasının ölümünə tab gətirməyə Enn bacıya nə kömək edir?

10 Əzabların səbəbi haqda bildiklərimiz bizə dözümlü olmağa kömək edə bilər. Hind okeanında Mayotta adasında yaşayan Enn bacı deyir: «Bir neçə il əvvəl anamı itirmişəm. Bu mənim üçün ağır dərddir. Amma tez-tez özümə əzabların səbəbkarının Yehova olmadığını xatırladıram. O, bütün əzablarımıza son qoymağı və ölən doğmalarımızı həyata qaytarmağı həsrətlə gözləyir. Bu həqiqətlər barədə düşünmək mənə elə qəlb rahatlığı verir ki, bəzən özüm də məəttəl qalıram».

11. Yehovanın əzablara izin verməsinin səbəblərini bilmək bizə təbliğ işini davam etdirməyə necə kömək edir?

11 Yehovanın əzablara nəyə görə izin verdiyini bilmək bizə təbliğ işini davam etdirməyə kömək edir. Həvari Butrus Yehovanın səbrinin tövbə edən insanlar üçün xilas olduğunu bildirəndən sonra belə yazmışdı: «Görün siz müqəddəs yaşayış və möminlik baxımından necə insan olmalısınız» (2 But. 3:11). Bizim mömin əməllərimizə sahə xidməti də daxildir. Yehova kimi biz də insanları sevirik. Onların yeni dünyada yaşamasını istəyirik. Yehovanın səbri sayəsində ərazimizdəki insanların Ona ibadət etmək imkanı var. Bir düşünün, sizə necə böyük şərəf nəsib olub! Siz Yehova ilə əməkdaşlıq edərək son gəlməmiş mümkün qədər çox insanın Onu tanımasına kömək edə bilərsiniz! (1 Kor. 3:9).

BİZ AXIRZAMANDA YAŞAYIRIQ

12. Müqəddəs Kitabda axırzaman barədə yazılanlar bizi nəyə əmin edir?

12 Müqəddəs Kitab axırzamanda insanların necə olacağını dəqiq təsvir edir (2 Tim. 3:1—5). Bu peyğəmbərliyin yerinə yetdiyini görmək üçün ətrafımıza baxmaq kifayətdir. Biz insanların xüsusiyyətlərinin və davranışlarının getdikcə pisləşdiyini görürük. Bununla da Allahın Kəlamında yazılanların həqiqət olduğuna daha da əmin oluruq (2 Tim. 3:13—15).

13. İsanın Luka 12:15—21 ayələrində çəkdiyi məsələ əsasında özümüzə hansı sualları verə bilərik?

13 Axırzamanda yaşadığımızı bilmək həyatımıza necə təsir edir? Biz başa düşürük ki, vaxt gözləmir. İsanın çəkdiyi bir məsəl bunu başa düşməyin vacibliyini göstərir. Bu məsəl Luka 12:15—21 ayələrində yazılıb. (Ayələri oxuyun.) Nəyə görə məsəldəki varlı insanı «ağılsız» adlandırılır? Problem bu insanın varlı olmasında yox, həyatda nəyə üstünlük verməsində idi. O, «Allahın gözündə varlanmaq əvəzinə özünə var-dövlət» toplamağın hayında idi. Bununla o, böyük səhv edirdi, çünki vaxt gözləmirdi. Onun ömrünə az qalmışdı. Allah həmin adama belə deyir: «Elə bu gecə sənin canını alacaqlar». Bu hadisədən hansı nəticəni çıxarırıq? Bu dünyanın sonuna elə də çox qalmayıb. Buna görə də yaxşı olar, növbəti suallar üzərində düşünək: «Qoyduğum məqsədlərdən vaxtın gözləmədiyini başa düşdüyüm görünür? Bəs uşaqlarıma hansı məqsədlər qoymağa kömək edirəm? Gücümü, vaxtımı və maddi vəsaitimi, əsasən, nəyə xərcləyirəm, varlanmağa, yoxsa göydə xəzinə yığmağa?»

14. Mikinin hadisəsində olduğu kimi axırzamanda yaşadığımızı unutmamaq nəyə görə vacibdir?

14 Axırzamanda yaşadığımızı təsdiq edən sübutlar barədə düşünmək həyata baxışımızı tamamilə dəyişə bilər. Belə bir şey Miki adlı bir bacı ilə də baş vermişdi. O bölüşür: «Məktəbi bitirəndən sonra heyvanların araşdırılması ilə bağlı ali təhsil almaq istəyirdim. Eyni zamanda öncül olmaq, təbliğçilərə tələbat olan ərazidə xidmət etmək məqsədim var idi. Yetkin dostlarım məni belə bir sual üzərində dərindən düşünməyə təşviq etdilər. “Arzuladığım karyeranı qurmaq və eyni zamanda ruhani məqsədlərimə çatmaq nə dərəcədə realdır?” Onlar mənə bu dünyanın sonuna az qaldığını xatırlatdılar və dedilər ki, heyvanlar haqda araşdırma aparmaq üçün yeni dünyada əbədiyyət boyu vaxtım olacaq. Buna görə də mən qərara gəldim ki, qısamüddətli kurslara gedib praktiki bacarıqlara yiyələnim. Beləcə, öncül kimi xidmət etməyə kömək edən iş tapdım. Həmçinin təbliğçilərə tələbat olan əraziyə, Ekvadora köçə bildim». Hazırda Miki və həyat yoldaşı həmin ölkədə səyyar xidmətdədirlər.

15. Nəyə görə xoş müjdəyə maraq göstərməyən insanlardan əlimizi üzməməliyik? Nümunə çəkin. (Həmçinin şəkillərə baxın.)

15 İnsanların əvvəl-əvvəl xoş xəbəri qəbul etməməsi bizi ruhdan salmamalıdır. Onların fikirləri dəyişə bilər. Elə götürək İsanın qardaşı Yaqubu. O, İsanın evdəki davranışını, onun Məsih olduğunu göstərən sübutları və insanlara tayı-bərabəri olmayan tərzdə təlim verdiyinin şahidi olmuşdu. Bununla belə, o, illərlə İsanın davamçısı olmadı. Yalnız İsa diriləndən sonra Yaqub onun şagirdi oldu. Özü də çox şövqlü bir şagirdi!c (Yəh. 7:5; Qal. 2:9). Odur ki, həqiqətə hələ maraq göstərməyən qohumlarınızdan əlinizi üzməyin, eləcə də müjdəni qəbul etməyən insanlara təkrar təbliğ etməyin vacibliyini unutmayın. Yadda saxlayın ki, axırzamanda yaşayırıq, təbliğ işi gözləmir. İnsanlar bu gün onlara dediyiniz sözü gələcəkdə, bəlkə də, böyük müsibət başlayandan sonra yada sala bilərlərd.

Mütaliə edən bir bacı həqiqətdə olmayan bacısına zəng vurur. Bacısı öz qızı ilə birlikdə alış-veriş edir.

Həqiqətə maraq göstərməyən qohumlarımızdan əlimizi üzməməyə bizi nə təşviq edir? (15-ci abzasa baxın)f


TƏMƏL HƏQİQƏTLƏRƏ HƏMİŞƏ DƏYƏR VERƏK

16. Yehovanın əsas təlimləri xatırlatmasının hansı faydasını görmüsünüz? (Həmçinin «Onların vasitəsilə başqalarına kömək edin» adlı çərçivəyə baxın.)

16 Aldığımız ruhani qidanın müəyyən hissəsi Müqəddəs Kitabın əsas təlimlərini heç vaxt eşitməyən insanlar üçün hazırlanır. Məsələn, hər həftə olan açıq nitqlər, jw.org saytındakı müəyyən məqalələr və videolar, həmçinin kütləvi jurnallar əsas etibarilə Yehovanın Şahidi olmayan insanlar üçün nəzərdə tutulub. Buna baxmayaraq, oradakı fikirlər bizim üçün də faydalı ola bilər. Onlar Yehovaya məhəbbətimizi artırır, Onun Kəlamına imanımızı möhkəmləndirir və insanlara əsas təlimləri daha məharətlə öyrətməyimizə kömək edir (Zəb. 19:7).

Onların vasitəsilə başqalarına kömək edin

Həqiqətlə maraqlanan insanlar üçün nəzərdə tutulmuş məqaləni oxuyanda, videoya baxanda və nitqə qulaq asanda düşünün görün bu məlumatı başqalarına kömək etmək üçün necə istifadə edə bilərsiniz. Növbəti suallar bu sahədə sizə kömək edə bilər:

  • «İnsanları əmin etmək üçün hansı dəlillər gətirildi?»

  • «Bu həqiqəti öyrətməyə kömək edəcək hansı nümunə çəkildi?»

  • «Bu mövzu kimə maraqlı gələ bilər və mən onunla bu barədə nə vaxt danışa bilərəm?»

17. Hansı vəziyyətlərdə Müqəddəs Kitabın əsas təlimləri barədə düşünə bilərsiniz?

17 Yehovanın Şahidi olan bizlər Müqəddəs Kitabdakı hansısa həqiqətə aydınlıq gətiriləndə çox sevinirik. Bununla yanaşı, biz ilk dəfə öyrəndiyimiz və bizi Yehovaya yaxınlaşdıran təməl həqiqətləri də çox qiymətləndiririk. Öyrəndiyimiz kimi onların xeyrini bu gün də görürük. Məsələn, təşkilatdan aldığımız hansısa göstərişlə razılaşmayanda təvazökarlıq göstərib bu təşkilatı qüdrətli və hikmətli Yaradanımızın idarə etdiyini yadımıza salırıq. Özümüz, yaxud yaxınımız problemlə üzləşəndə səbirli olub Yehovanın əzablara nəyə görə izin verdiyi barədə düşünə bilərik. Həmçinin vaxtımızı və vəsaitimizi nəyə sərf edəcəyimizə qərar verərkən axırzamanda yaşadığımızı, vaxtın gözləmədiyini yadımıza sala bilərik. Ümid edirik ki, Yehovanın xatırlatdığı əsas təlimlər bizi bundan sonra da möhkəmləndirəcək, ruhlandıracaq və daha da hikmətli edəcək.

MÜQƏDDƏS KİTABIN BU ƏSAS TƏLİMLƏRİNDƏN NƏLƏRİ ÖYRƏNMƏK MÜMKÜNDÜR?

  • Yehovanın Yaradanımız olması

  • Yehovanın əzablara izin verməsinin səbəbi

  • Axırzamanda yaşamağımız

NƏĞMƏ 95 Həqiqət nuru parlayır

a Rəhbərlik Şurasının müraciəti 8 (2023).

b «Gözətçi qülləsi»nin 2007-ci il 1 iyun sayının 12—16 səhifələrində yerləşən «Bütün iztirablara tezliklə son qoyulacaq» adlı məqaləyə baxın.

c «İnsanları sev. Şagird hazırla» broşürünün 8-ci dərsinə baxın.

d «Gözətçi qülləsi»nin 2024-cü il may sayının 8—13 səhifələrində yerləşən «Yehovanın gələcək hökmləri ilə bağlı nəyi bilirik?» adlı məqaləyə baxın.

e ŞƏKLİN İZAHI. Bir ağsaqqalın təklifi ağsaqqallar şurasının ürəyincə olmur. Daha sonra bu ağsaqqal ulduzlu səmaya baxanda öz fikirlərinə daha tarazlı və obyektiv yanaşmağa başlayır.

f ŞƏKLİN İZAHI. Bir Yehovanın Şahidi mütaliə zamanı axırzamanda yaşadığımızı sübut edən dəlilləri araşdırır. Bu onu bacısına zəng edib təbliğ etməyə təşviq edir.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş