TƏLİM MƏQALƏSİ 29
NƏĞMƏ 87 Gəl təravət tap!
Məsləhəti necə vermək olar?
«Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq» (ZƏB. 32:8).
ƏSAS FİKİR
Yaxşı məsləhət verməyi necə öyrənə bilərik?
1. Kimlər məsləhət verməlidir? İzah edin.
MƏSLƏHƏT verməyi xoşlayırsınız? Bu bəzilərinə asan başa gəlir. Bəziləri isə məsləhət verməyə çəkinirlər və bunu edərkən özlərini narahat hiss edirlər. Hər necə olsa da, vaxtaşırı hər birimiz kiməsə məsləhət verməli oluruq. Çünki bununla bacı-qardaşlara sevgimizi göstəririk. İsa Məsih də demişdi ki, onun həqiqi davamçıları bir-birilərinə olan məhəbbətləri ilə tanınacaqlar (Yəh. 13:35). Allahın Kəlamında yazılıb ki, «şirin dostluq» «saf öyüddən» doğur (Məs. 27:9).
2. Ağsaqqallar nəyi bacarmalıdır və nəyə görə? (Həmçinin «Həftəiçi görüşlərdə verilən məsləhət» adlı çərçivəyə baxın.)
2 Əsasən, ağsaqqallar məsləhət verməyi yaxşı bacarmalıdırlar. Yehova və İsa onlara yığıncağın qeydinə qalmağı həvalə edib (1 But. 5:2, 3). Ağsaqqallar bunu necə edirlər? Onlar nitqlər söyləyərək Müqəddəs Kitaba əsaslanan məsləhətlər verirlər. Bəzən isə kiməsə ayrıca məsləhət vermək lazım gəlir. Bura həmçinin Yehovadan uzaqlaşan kəslər də aiddir. Ağsaqqallar və ümumilikdə hər birimiz yaxşı məsləhət verməyi necə öyrənə bilərik?
3. a) Yaxşı məsləhət verməyi necə öyrənə bilərik? (Əşiya 9:6; həmçinin «Məsləhət verərkən İsanın nümunəsini izləyin» adlı çərçivəyə baxın.) b) Bu məqalədə nəyi araşdıracağıq?
3 Yaxşı məsləhət verməyi öyrənmək üçün Müqəddəs Kitabda adı çəkilən insanların, əsas da İsa Məsihin nümunəsini araşdıra bilərik. O, Müqəddəs Kitabda «Müdrik məsləhətçi» adlanır. (Əşiya 9:6 ayəsini oxuyun.) Bu məqalədən öyrənəcəyik ki, kimsə bizdən məsləhət istəyəndə necə davranmalıyıq və insan bizdən özü məsləhət istəməsə də, ona məsləhət vermək lazım gələndə nə etməliyik. Həmçinin məsləhəti münasib vaxtda və düzgün tərzdə verməyin vacibliyindən danışacağıq.
KİMSƏ BİZDƏN MƏSLƏHƏT İSTƏYƏNDƏ NƏ ETMƏLİYİK?
4, 5. Kimsə bizdən məsləhət istəyəndə əvvəlcə özümüzə hansı sualı verməliyik? Nümunə çəkin.
4 Kimsə bizdən məsləhət istəyəndə ilk reaksiyamız nə olmalıdır? Düzdür, dostumuzun bizə etibar etdiyini görmək xoşumuza gələ bilər. Amma əvvəlcə özümüzə bu sualı verməliyik: «Mən bu sahədə məsləhət verməyə uyğun adamam?» Bəzən kömək etməyin ən yaxşı yolu məsləhət vermək yox, bu sahədə ona kömək edəcək insana yönəltməkdir.
5 Belə bir nümunəyə baxaq. Tutaq ki, yaxın dostunuzun səhhətində ciddi problem var. O sizə müalicə üsulları ilə bağlı araşdırma apardığını deyir. Sonra da soruşur ki, sizin fikrinizcə, hansı üsulu seçsə, daha yaxşı olar. Ola bilsin, sizin üstünlük verdiyiniz müalicə üsulu var, amma siz bu cür xəstəlikləri müalicə etmək üzrə ixtisaslaşmış həkim deyilsiniz. Belə halda dostunuza kömək etməyin ən yaxşı yolu bu xəstəliyi müalicə edə bilən mütəxəssis tapmaqdır.
6. Məsləhət verməzdən öncə nə etsək, daha yaxşı olar?
6 Hətta hansısa məsələ ilə bağlı məsləhət verməyə uyğun adam olduğumuzu düşünsək də, yaxşı olar ki, bizdən məsləhət istəyən adama cavab verməyə tələsməyək. Nəyə görə? Çünki Məsəllər 15:28 ayəsində yazılıb: «Saleh adam cavab verməzdən qabaq ürəyində fikirləşər». Bəs əgər cavabı bildiyimizi düşünürüksə, onda necə? Yenə də araşdırma aparmaq, dua etmək və düşünmək üçün bir az vaxt ayırsaq yaxşı olar. Onda verəcəyimiz cavabın Yehovanın fikrini əks etdirdiyinə daha da əmin olacağıq. Gəlin Natan peyğəmbərin nümunəsinə baxaq.
7. Natan peyğəmbərin hadisəsindən nə öyrənirsiniz?
7 Davud padşah Natan peyğəmbərə demişdi ki, Yehova üçün məbəd tikmək istəyir. Natan da dərhal ona niyyətini həyata keçirməyi məsləhət görmüşdü. Amma Natan gərək əvvəlcə Yehovanın fikrini öyrənərdi, çünki Yehova Davudun məbəd tikməyini istəmirdi (1 Saln. 17:1—4). Bu hadisə göstərir ki, kimsə məsləhət istəyəndə danışmağa tələsməsək, ağıllı davranmış olarıq (Yaq. 1:19).
8. Məsləhət verməzdən əvvəl daha nəyə görə ehtiyatlı olmalıyıq?
8 Məsləhət verəndə başqa hansı səbəbə görə ehtiyatlı olmalıyıq? İnsan məsləhətimizə qulaq asıb yanlış qərar verərsə, üzləşdiyi pis nəticəyə görə biz də məsuliyyət daşıyacağıq. Buna görə də verəcəyimiz məsləhəti min ölçüb bir biçməliyik.
İNSAN SORUŞMADIĞI HALDA ONA NECƏ MƏSLƏHƏT VERƏ BİLƏRİK?
9. Ağsaqqallar məsləhət verməzdən əvvəl nəyə əmin olmalıdırlar? (Qalatiyalılara 6:1).
9 Hərdən ağsaqqalların «səhv bir iş» görən bacıya və ya qardaşa məsləhət vermək üçün özlərinin təşəbbüs göstərməsi lazım gəlir. (Qalatiyalılara 6:1 ayəsini oxuyun.) Ola bilsin, insan yanlış yolla gedir və bu, ciddi günaha aparıb çıxara bilər. Ağsaqqalların məqsədi belə insana əbədi həyata aparan yolda qalmağa kömək etməkdir (Yaq. 5:19, 20). Amma məsləhətlərinin işə yaraması üçün əvvəlcə onlar əmin olmalıdırlar ki, doğrudan da, bu insanın atdığı addım yanlışdır. Çünki bacı və ya qardaş bizdən fərqli qərar verirsə, bu o demək deyil ki, o, Yehovanı narazı salan hərəkət edir (Rom. 14:1—4). Amma ola bilər ki, o, doğrudan da, yanlış addım atıb. Bu zaman ağsaqqallar özləri təşəbbüs göstərib ona necə məsləhət verə bilər?
10—12. Ağsaqqallar təşəbbüs göstərib məsləhət verərkən nə etməlidirlər? Nümunə çəkin. (Həmçinin şəkillərə baxın.)
10 İnsan soruşmadığı halda ona məsləhət vermək ağsaqqallar üçün çətin ola bilər. Nəyə görə? Həvari Bulus demişdi ki, insanın atdığı addımın yanlış olduğundan özünün xəbəri olmaya bilər. Buna görə də ağsaqqallar ona məsləhət versələr, o bunun səbəbini başa düşməyə bilər. Odur ki, ağsaqqallar məsləhət verməmişdən qabaq onu bu məsləhəti eşitməyə hazırlamalıdırlar.
11 Gəlin bir nümunəyə baxaq. Təsəvvür edin, əkinçi bərkimiş torpaqda bitki yetişdirmək istəyir. O, toxum əkməzdən əvvəl torpağı belləyir. Bunun sayəsində torpaq yumşalır və səpinə hazır vəziyyətə gətirilir. Daha sonra o, toxumu əkir və sulayır. Ağsaqqal da öz təşəbbüsü ilə kiməsə məsləhət verməzdən əvvəl “torpağı hazırlamalıdır”. Məsələn, o, münasib vaxtda qardaşa belə deyə bilər: «Xətrin mənə əzizdir, buna görə də bir məsələ barədə səninlə danışmaq istəyirəm». Əgər məsləhət verən qardaş məhəbbətli və mehriban ağsaqqal kimi tanınırsa, başqalarına onun məsləhətini qəbul etmək asan olacaq.
12 Söhbət əsnasında ağsaqqal vurğulaya bilər ki, hər kəs səhv edir və hər birimizin vaxtaşırı məsləhətə ehtiyacı olur (Rom. 3:23). Bununla da o, sanki torpağı yumşaltmağa davam edir. Ağsaqqal sakit tonla və hörmətcil tərzdə Müqəddəs Kitabdan ona hansı səhv addımı atdığını göstərə bilər. Qardaş səhv addım atdığını qəbul edəndən sonra ağsaqqal “toxum səpməyə” başlayacaq, yəni ona səhvini düzəltmək üçün nə etməli olduğunu aydın şəkildə izah edəcək. Sonda ağsaqqal qardaşı tərifləyərək və onunla birgə dua edərək əkdiyi toxumu “sulayacaq” (Yaq. 5:15).
Təşəbbüs göstərib məsləhət vermək məhəbbət və bacarıq istəyir (10—12 abzaslara baxın)
13. Ağsaqqal insanın məsləhəti başa düşdüyünə əmin olmaq üçün nə edə bilər?
13 Bəzən məsləhət verən insan bir şey deyir, qarşı tərəf isə başqa şey başa düşür. Bəs ağsaqqal bunun baş verməməsi üçün nə edə bilər? O, insana nəzakətlə suallar verə bilər (Vaiz 12:11). Eşitdiyi cavablar sayəsində o həmin insanın verilən məsləhətin məğzini başa düşüb-düşmədiyini görə bilər.
MƏSLƏHƏTİ DÜZGÜN VAXTDA VƏ DÜZGÜN TƏRZDƏ VERƏK
14. Nəyə görə hirsli vaxtımızda məsləhət verməməliyik?
14 Qeyri-kamil olduğumuzdan hamımız bəzən sözlərimiz və ya hərəkətimizlə başqalarının xətrinə dəyirik (Kol. 3:13). Allahın Kəlamında deyilir ki, kiminsə sözləri və hərəkəti bizim hətta qəzəblənməyimizə səbəb ola bilər (Efes. 4:26). Amma hirsli başla məsləhət verməməliyik. Nəyə görə? «Çünki insanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaq. 1:20). Əgər hirsli vaxtımızda məsləhət versək, qaş düzəldən yerdə göz çıxararıq. Sözsüz, bu o demək deyil ki, bizi qəzəbləndirən insana fikrimizi, hisslərimizi heç vaxt bildirməməliyik. Amma yaxşı olar, sakitləşəndən sonra danışaq. Onda söhbətimiz daha gözəl alınar. Əlihu Əyyuba məsləhət verərkən bu sahədə gözəl nümunə qoymuşdu.
15. Əlihunun nümunəsindən nə öyrənirik? (Həmçinin şəklə baxın.)
15 Əyyub saxta dostlarının ittihamlarına qarşı özünü müdafiə edəndə Əlihu günlərlə onu dinləmişdi. Onun Əyyuba yazığı gəlirdi. Amma Əyyub Yehova haqda haqsız danışanda və özünü günahsız çıxarmağa çalışanda Əlihu qəzəbdən alışıb yanırdı. Bununla belə, Əlihu öz növbəsini gözlədi. Əyyuba məsləhət verəndə isə mülayim və hörmətcil şəkildə danışdı (Əyy. 32:2; 33:1—7). Əlihunun nümunəsindən vacib bir fikri öyrənirik: məsləhəti düzgün vaxtda verməli və bunu hörmətlə, məhəbbətlə etməliyik (Vaiz 3:1, 7).
Əlihu qəzəbdən alışıb yansa da, sakit və hörmətcil tərzdə məsləhət verdi (15-ci abzasa baxın)
BUNDAN SONRA DA MƏSLƏHƏT VERİN VƏ MƏSLƏHƏTİ QƏBUL EDİN
16. Zəbur 32:8 ayəsindən nə öyrənirsiniz?
16 Bu məqalənin əsas ayəsində Yehova deyir ki, «sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq». (Zəbur 32:8 ayəsini oxuyun.) Bu sözlər göstərir ki, Yehova bizdən dayağını heç vaxt əsirgəməyəcək. O bizə təkcə məsləhət vermir, həmçinin bu məsləhətə əməl etməyə də kömək edir. Yehova bu sahədə bizə gözəl nümunə qoyub. Kiməsə məsləhət vermək lazım gələndə gəlin Onun nümunəsini izləyək. Məsləhət verdiyimiz insanın düzgün qərar verməsinə dəstək olmaq üçün nəzərimiz həmin insanın üstündə olsun.
17. Əşiya 32:1, 2 ayələrinə əsasən Müqəddəs Kitab əsasında konkret məsləhət verən ağsaqqalları nə ilə müqayisə etmək olar?
17 İndiki zəmanədə məsləhət vermək və məsləhət almaq heç vaxt olmadığı qədər vacibdir (2 Tim. 3:1). Müqəddəs Kitab əsasında konkret məsləhət verən ağsaqqallar «susuz diyarda axar çaylar» kimidirlər. (Əşiya 32:1, 2 ayələrini oxuyun.) Eşitmək istədiyimiz yox, ehtiyac duyduğumuz məsləhəti verən dostlarımıza minnətdarıq. Onların məsləhəti «gümüş qabda qızıl almalar» qədər dəyərlidir (Məs. 25:11). Məsləhət vermək və məsləhət almaq üçün hər birimizin hikmətə ehtiyacı var. Gəlin bu sahədə hamımız daima inkişaf edək.
NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»