TƏLİM MƏQALƏSİ 36
NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr
Ağsaqqalları köməyə çağırın
«Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın» (YAQ. 5:14).
ƏSAS FİKİR
Ruhani cəhətdən köməyə ehtiyac duyanda yığıncağın ağsaqqallarına üz tutmaq vacibdir.
1. Yehova xidmətçilərinin Onun üçün dəyərli olduğunu necə göstərir?
YEHOVA xidmətçilərinə böyük dəyər verir. O onları İsanın qanı bahasına satın alıb və qayğılarına qalmaları üçün ağsaqqallar təyin edib (Həv. 20:28). Yehova ağsaqqalların onlarla nəvazişlə davranmasını gözləyir. Bu qardaşlar Məsihin başçılığı altında Yehovanın xidmətçilərinə təravət verir və onları ruhani təhlükədən qoruyurlar (Əşy. 32:1, 2).
2. Yehova kimlərə xüsusilə qayğı göstərir? (Hizqiyal 34:15, 16).
2 Yehova bütün quzularının qayğısına qalır, amma zəif olanlara xüsusi diqqət göstərir. O, ağsaqqallar vasitəsilə bu xidmətçilərinə ruhani cəhətdən dayaq olur. (Hizqiyal 34:15, 16 ayələrini oxuyun.) Bununla belə, Yehova istəyir ki, köməyə ehtiyac duyanda özümüz təşəbbüs göstərək. Yaxşı olar ki, belə vəziyyətlərdə Ona dua etməklə yanaşı, yığıncaqda «çoban və müəllim» olan kəslərdən də kömək istəyək (Efes. 4:11, 12).
3. Ağsaqqalların yığıncaqdakı rolunu araşdırmağın hər birimizə hansı faydası var?
3 Bu məqalədən görəcəyik ki, Yehova ruhani cəhətdən zəifləyən kəslərə ağsaqqallar vasitəsilə necə kömək edir. Bu sualların cavabını tapacağıq: «Ağsaqqallardan nə zaman kömək istəməliyik? Bunu nəyə görə etməliyik? Onlar bizə necə kömək edir?» Ola bilsin, hal-hazırda Yehova ilə münasibətlərimiz çox möhkəmdir və ağsaqqalların köməyinə ehtiyac duymuruq. Bununla belə, bu sualların cavabını bilmək Yehovanın ağsaqqallar vasitəsilə verdiyi köməyə minnətdarlığımızı artıracaq və öyrəndiklərimiz, bəlkə də, bir gün həyatımızı xilas edəcək.
AĞSAQQALLARI KÖMƏYƏ NƏ VAXT ÇAĞIRMALIYIQ?
4. Yaqub 5:14—16, 19, 20 ayələrində ruhani naxoşluqdan söhbət getdiyini nəyə əsasən deyə bilərik? (Həmçinin şəkillərə baxın.)
4 Şagird Yaqub Yehovanın ağsaqqallar vasitəsilə bizə göstərdiyi kömək barədə belə yazır: «Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın». (Yaqub 5:14—16, 19, 20 ayələrini oxuyun.) Konteksdən görünür ki, Yaqub ruhani cəhətdən naxoş olmaqdan danışır. Çünki ayədə həmin insanın həkimi yox, ağsaqqalı çağırması buyrulur. Üstəlik, naxoş insanın günahları bağışlanandan sonra sağalacağı qeyd edilir. Müəyyən mənada, həm fiziki, həm də ruhani cəhətdən xəstələnən insanların oxşar addımları atması lazımdır. Məsələn, fiziki cəhətdən xəstələnən insan həkimə gedir, simptomlarını deyir və həkimin göstərişlərinə əməl edir. Eynilə ruhani cəhətdən xəstələnən insan ağsaqqallara yaxınlaşmalı, problemini deməli və Müqəddəs Kitabdan aldığı məsləhətlərə əməl etməlidir.
Fiziki cəhətdən xəstələnəndə həkimə müraciət etdiyimiz kimi ruhani cəhətdən də xəstələnəndə ağsaqqallara yaxınlaşmalıyıq (4-cü abzasa baxın)
5. Yehova ilə dostluğumuzun möhkəm olub-olmadığını necə yoxlaya bilərik?
5 Yaqub yazdığı məktubun 5-ci fəslində bizi təşviq edir ki, ruhani cəhətdən zəifləməyə başladığımızı görürüksə, ağsaqqallara müraciət edək. Yehova ilə dostluğumuza ciddi zərər dəyməzdən öncə kömək istəmək ağıllı hərəkət olardı. Özümüzə qarşı dürüst olmalıyıq. Müqəddəs Kitabda deyilir ki, ehtiyatlı olmasaq, özümüzü aldadıb Yehova ilə münasibətimizin möhkəm olduğunu düşünə bilərik (Yaq. 1:22). Birinci əsrdə Sardda yaşayan bəzi məsihilər də bu səhvi etmişdilər. İsa onlara demişdi ki, heç də ruhani vəziyyətlərinin yaxşı olduğunu düşünməsinlər (Vəhy 3:1, 2). Bəs Yehova ilə münasibətimizin yaxşı olub-olmadığını necə yoxlaya bilərik? Bunun bir yolu ibadətə olan əvvəlki şövqümüzü indiki ilə müqayisə etməkdir (Vəhy 2:4, 5). Növbəti suallar üzərində düşünə bilərik: «Müqəddəs Kitabı mütaliə etməkdən duyduğum sevinc azalıb? İbadət görüşlərindən tez-tez qalıram? Çox vaxt yığıncağa hazırlaşmadan gedirəm? Xidmətə həvəsim sönüb? İstirahət və əyləncəyə, yaxud maddi şeyləri əldə etməyə əvvəlkindən daha çox vaxt sərf edirəm? Bunlar barədə tez-tez düşünürəm?» Əgər bu suallardan ən azı birinə «hə» deyə cavab verdinizsə, bu göstərir ki, Yehova ilə münasibətləriniz lazımi qədər möhkəm deyil və əgər bir tədbir görməsəniz, vəziyyət getdikcə pisləşəcək. Özünüz Yehova ilə münasibətlərinizi möhkəmləndirə bilmirsinizsə, yaxud Yehovanın qanununu artıq pozmusunuzsa, mütləq ağsaqqallardan kömək istəyin.
6. Ciddi günah edən kəslər nə etməlidir?
6 Bəzi günahlar o qədər ciddidir ki, əgər insan tövbə etmirsə, Yehovanın Şahidi kimi qala bilməz. Belə bir günah işləmişiksə, ağsaqqalların biri ilə danışmalıyıq (1 Kor. 5:11—13). Ciddi günah işləyən insanın Yehova ilə münasibətlərini bərpa etməsi üçün köməyə ehtiyacı var. Yehovanın onu fidyə vasitəsilə bağışlaması üçün o, «tövbəni göstərən işlər» görməlidir (Həv. 26:20). Bu işlərdən biri də ağsaqqallarla danışmaqdır.
7. Başqa kimlər ağsaqqalların köməyinə ehtiyac duyur?
7 Ağsaqqallar təkcə ciddi günah işləyənlərə yox, həmçinin ruhani cəhətdən zəifləmiş kəslərə də kömək edirlər (Həv. 20:35). Məsələn, ola bilsin, qorxursunuz ki, zəifliyinizlə mübarizədə məğlub olarsınız. Əgər həqiqəti öyrənməmişdən qabaq narkotik aludəçisi olmusunuzsa, pornoqrafiyaya baxmısınızsa və ya əxlaqsız həyat tərzi sürmüsünüzsə, pis meyillərlə mübarizə aparmaq xüsusilə çətin gələ bilər. Bu mübarizəni tək aparmaq məcburiyyətində deyilsiniz. Özünüzü rahat hiss etdiyiniz bir ağsaqqalla danışın. O sizi diqqətlə dinləyəcək, faydalı məsləhətlər verəcək, həmçinin xatırladacaq ki, mübarizənizi davam etdirsəniz, Yehovanı razı salacaqsınız (Vaiz 4:12). Bəlkə də, zəifliyinizlə mübarizə sizi yorub. Ağsaqqallar sizə xatırlada bilər ki, kömək istəməyiniz Yehova ilə münasibətlərinizə ciddi yanaşdığınızı və təvazökar olduğunuzu göstərir (1 Kor. 10:12).
8. Etdiyimiz hər səhvə görə ağsaqqala yaxınlaşmalıyıq? İzah edin.
8 Etdiyimiz hər səhvə görə ağsaqqallara yaxınlaşmağa ehtiyac yoxdur. Tutaq ki, hansısa bacıya və ya qardaşa qəlbini yaralayan söz demisiniz və ya hirsinizi cilovlaya bilməmisiniz. Dərhal ağsaqqala yaxınlaşmaqdansa, İsanın məsləhətinə əməl edib həmin məsihi ilə aranızda sülh yarada bilərsiniz (Mət. 5:23, 24). Mülayimlik, səbir və özünəhakimlik xüsusiyyətləri barədə araşdırma aparın ki, gələcəkdə bu keyfiyyətləri daha yaxşı təzahür etdirə biləsiniz. Əlbəttə, əgər bundan sonra da probleminizi həll edə bilmirsinizsə, ağsaqqallardan kömək istəyə bilərsiniz. Filippililərə yazdığı məktubunda həvari Bulus bir qardaşdan Evodiyaya və Sintixiyə aralarındakı fikir ayrılığını həll etmək üçün kömək etməsini xahiş etmişdi. Eynilə yığıncağınızdakı ağsaqqal da, ola bilsin, sizə bu cür kömək edəcək (Filip. 4:2, 3).
AĞSAQQALLARI NƏYƏ GÖRƏ KÖMƏYƏ ÇAĞIRMALIYIQ?
9. Nəyə görə utansaq da, ağsaqqallardan kömək istəməliyik? (Məsəllər 28:13).
9 Ciddi günah işləyəndə, yaxud zəifliyimizlə mübarizədə məğlub olduğumuzu hiss edəndə kömək istəmək üçün bizə iman və cəsarət lazımdır. Nə qədər utansaq da, ağsaqqallarla danışmalıyıq. Nəyə görə? Çünki Yehova ağsaqqalları Onunla münasibətlərimizi möhkəm saxlamaq üçün təyin edib. Ağsaqqallarla danışanda Yehovaya və verdiyi göstərişlərə etibar etdiyimizi göstəririk. Biz başa düşürük ki, yıxılmamaq üçün Onun köməyinə ehtiyac duyuruq (Zəb. 94:18). İşdir, günah etmişiksə, günahımızı boynumuza alıb bir də onu təkrarlamasaq, Yehova bizə rəhm edəcək. (Məsəllər 28:13 ayəsini oxuyun.)
10. Günahlarımızı gizlətməyə çalışsaq, nə baş verər?
10 Günahımızı ağsaqqallara etiraf edəndə Yehova bizi bağışlayır. Amma onu gizlətməyə çalışanda vəziyyəti daha da ağırlaşdırırıq. Davud padşah günahlarını ört-basdır edəndə ruhani, emosional və fiziki cəhətdən əzab çəkirdi (Zəb. 32:3—5). Fiziki xəstəlik kimi ruhani problemi də vaxtında həll etməyəndə vəziyyət pisləşir. Yehova bunun baş verməsini istəmir. Buna görə də O bizi ağsaqqallar vasitəsilə Onunla «aramızdakı məsələləri» həll etməyə səsləyir (Əşy. 1:5, 6, 18).
11. Ciddi günahı gizlətsək, bunun başqalarına hansı zərəri dəyər?
11 Əgər biz ciddi günahımızı gizlətsək, başqaları da bundan əziyyət çəkəcək. Nəticədə, bütün yığıncaq Yehovanın müqəddəs ruhundan məhrum olar və yığıncaqdakı sülh itər (Efes. 4:30). Ona görə də kiminsə ciddi günah etdiyini biliriksə, onu ağsaqqallarla danışmağa təşviq etməliyika. Başqasının günahını gizlədəndə biz də Yehovaya qarşı günah etmiş oluruq (Lav. 5:1). Yehovaya məhəbbət bizi həqiqəti danışmağa təşviq etməlidir. Bununla yığıncağın təmiz qalmasına və günah edən insana Yehova ilə münasibətlərini bərpa etməsinə kömək edirik.
AĞSAQQALLAR BİZƏ NECƏ KÖMƏK EDİR?
12. Ağsaqqallar ruhani cəhətdən zəif olanlara necə kömək edirlər?
12 Ağsaqqallara ruhani cəhətdən zəif insanlara dayaq olmaq buyrulub (1 Salon. 5:14). Əgər Yehovanın bəyənmədiyi bir iş tutmusunuzsa, ola bilsin, onlar fikirlərinizi və hisslərinizi bilmək üçün suallar verəcəklər (Məs. 20:5). Bəlkə də, tutduğunuz əmələ görə utanırsınız, yaxud böyüdüyünüz mədəniyyət və xasiyyətiniz ucbatından ağsaqqallarla danışmaq sizə çətin gəlir. Amma üzləşdiyiniz çətinliyi ağsaqqallara açıq desəniz, onlar sizə kömək edə biləcəklər. Ola bilər, yanlış sözlər işlədəcəyinizdən qorxursunuz (Əyy. 6:3). Narahat olmayın, ağsaqqallar dərhal sizin haqqınızda yanlış nəticə çıxarmayacaq. Onlar sizə diqqətlə qulaq asacaq və vəziyyəti hərtərəfli görməyə çalışacaqlar (Məs. 18:13). Ağsaqqallar başa düşür ki, sürünün qeydinə qalmaq üçün vaxt lazımdır və bir dəfə danışmaq kifayət etməyə bilər.
13. Ağsaqqallar dua və Müqəddəs Kitabdakı məsləhətlər vasitəsilə sizə necə kömək edə bilər? (Həmçinin şəkillərə baxın.)
13 Ağsaqqallar istəmirlər ki, onlarla danışandan sonra siz tutduğunuz əmələ görə özünüzü daha da günahkar hiss edəsiniz. Əksinə, onlar sizin üçün dua edəcəklər. Ağsaqqalların duasının necə böyük təsirə malik olduğunu görüb yaxşı mənada təəccüblənə bilərsiniz. Həmçinin ağsaqqallar sizə kömək etmək üçün «Yehovanın adı ilə» başınıza «yağ» sürtəcəklər (Yaq. 5:14—16). «Yağ» deyiləndə Allahın Kəlamındakı həqiqətlər nəzərdə tutulur. Ağsaqqallar məharətlə Müqəddəs Kitabdan istifadə edərək sizə təskinlik verəcəklər və Yehova ilə münasibətlərinizi bərpa etməyə kömək edəcəklər (Əşy. 57:18). Onların Müqəddəs Kitabdan verdiyi məsləhətlər düzgün davranmaq qətiyyətinizi artıra bilər. Ağsaqqalların vasitəsilə sanki Yehovanın sizə: «Yol budur. Bu yolla get», — dediyini eşidəcəksiniz (Əşy. 30:21).
Ağsaqqallar naxoş insana Müqəddəs Kitab vasitəsilə təsəlli verirlər və ruhlandırırlar (13 və 14-cü abzaslara baxın)
14. Qalatiyalılara 6:1 ayəsinə əsasən ağsaqqallar «səhv bir iş» görən insana necə kömək edirlər? (Həmçinin şəkillərə baxın.)
14 Qalatiyalılara 6:1 ayəsini oxuyun. «Səhv bir iş» görən məsihi Allahın saleh normalarına uyğun davranmır. «Səhv bir iş» deyiləndə insanın yanlış qərarı və ya hansısa ciddi günahı nəzərdə tutula ola bilər. Ağsaqqallar məhəbbətdən irəli gələrək onu «mülayimcəsinə düzəltməyə» çalışacaqlar. «Düzəltmək» kimi tərcümə olunan yunan sözü tibdə də istifadə olunan termindir. Bu söz insanın əlil qalmaması üçün sümüyünün yerinə salınmasını təsvir edir. Yaxşı həkim çalışacaq ki, sümüyü yerinə salanda bu çox ağrılı olmasın. Eynilə ağsaqqallar da ruhani cəhətdən bizi sağaldanda bunu ağrımızı artırmadan etməyə çalışırlar. Ağsaqqallara özlərindən də «muğayat» olmaq məsləhət görülür. Onlar insana səhvini düzəltməyə kömək edəndə özlərinin də günahlı olduqlarını unutmurlar. Ağsaqqallar kömək etdikləri insandan daha üstün və saleh olduqlarını düşünmüşlər, ona qınayıcı nəzərlə baxmırlar, əksinə, şəfqətli olmağa çalışırlar (1 But. 3:8).
15. Problemimiz yarananda nə etməyimiz yaxşı olar?
15 Yığıncaqdakı ağsaqqallara etibar edə bilərik. Onlar şəxsi məsələləri məxfi saxlamaq, məsləhəti öz fikirlərinə yox, Müqəddəs Kitaba əsasən vermək və bizə davamlı şəkildə kömək göstərməklə bağlı təlim alırlar (Məs. 11:13; Qal. 6:2). Ağsaqqallar xasiyyətcə və qazandıqları təcrübə baxımından bir-birilərindən fərqlənirlər. Bununla belə, istənilən ağsaqqala yaxınlaşıb problemimizi danışa bilərik. Əlbəttə, istədiyimiz cavabı eşitmək məqsədilə bir-bir bütün ağsaqqallara yaxınlaşmayacağıq. Belə etsək, Allahın Kəlamındakı «sağlam təlimi» yox, «qulaqlarına xoş gələni» eşitmək istəyənlər kimi davranmış olarıq (2 Tim. 4:3). Ağsaqqala yaxınlaşanda, ola bilsin, o bizdən soruşacaq ki, bu problemlə bağlı başqa ağsaqqallarla danışmışıqmı və onlar bizə hansı məsləhəti veriblər. Üstəlik, təvazökarlıqdan irəli gələrək, ağsaqqal məsləhət verməzdən əvvəl, ola bilsin, digər bir ağsaqqalın da fikrini öyrənəcək (Məs. 13:10).
BİZİM MƏSULİYYƏTİMİZ
16. Bizim hansı məsuliyyətimiz var?
16 Ağsaqqallar Allahın quzularına nəzarət etsələr də, onlara hansı qərarı verməli olduqlarını deməyəcəklər. Bu bizim öz məsuliyyətimizdir. Hər birimiz öz danışığımız və davranışımızla Allahı sevdiyimizi və Onu razı salmaq istədiyimizi göstərməliyik (Rom. 14:12). Yehovanın köməyi ilə düzgün qərarlar verib sədaqətimizi qoruya bilərik. Buna görə də ağsaqqallar necə davranmalı olduğumuzu bizə diktə etməyəcəklər. Əksinə, Müqəddəs Kitabdan Yehovanın bu məsələ ilə bağlı nə düşündüyünü deyəcəklər və qərarı öz öhdəmizə buraxacaqlar. Onların Kəlamdan verdiyi məsləhətə əməl etməklə ağlımızı işlətməyi öyrənəcəyik və hikmətli qərarlar verəcəyik (İbr. 5:14).
17. Yehova bizim nə etməyimizi istəyir?
17 Yehovanın quzusu olmaq bizim üçün böyük şərəfdir. O, «yaxşı çoban» olan İsanı yer üzünə göndərdi ki, bizim uğrumuzda həyatını fidyə versin və beləcə, əbədi yaşamaq imkanımız olsun (Yəh. 10:11). Yehova yığıncağın qayğısına qalmaq üçün ağsaqqallar təyin etməklə verdiyi bu vədi yerinə yetirir: «Sizə ürəyimcə olan çobanlar verəcəyəm, onlar sizi biliklə, dərrakə ilə bəsləyəcək» (Ərm. 3:15). Odur ki, ruhani cəhətdən zəif və xəstə düşəndə ağsaqqalları köməyə çağırmağa qorxmamalıyıq. Gəlin Yehovanın ağsaqqallar vasitəsilə göstərdiyi köməkdən tam yararlanaq.
NƏĞMƏ 31 Rəbbin yoluyla daim get
a Günah edən insana kifayət qədər vaxt verməyimizə baxmayaraq, o, ağsaqqallara yaxınlaşıb günahını etiraf etməsə, Yehovaya sədaqətdən irəli gələrək bunu biz edəcəyik.