TƏLİM MƏQALƏSİ 42
NƏĞMƏ 44 Məzlumun duası
Dualarınızı necə yaxşılaşdıra bilərsiniz?
« Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver» (ZƏB. 119:145).
ƏSAS FİKİR
Müqəddəs Kitabda yazılan dualardan çox şey öyrənə bilərik.
1, 2. a) Ürəyimizi Yehovaya açmağa nə mane ola bilər? b) Yehovanın dualarımıza diqqətlə qulaq asdığını haradan bilirik?
HƏRDƏN sizə elə gəlir ki, dualarınız səthidir, həmişə eyni sözləri təkrarlayırsınız? Bu hamı ilə baş verə bilər. Qaçaqaç içində yaşadığımız üçün bəzən dualarımız da tələm-tələsik olur. Yaxud ola bilər ki, Yehova ilə danışmağa özümüzü layiq bilmədiyimiz üçün ürəyimizi Ona açmaq çətin gəlsin.
2 Müqəddəs Kitabda deyilir ki, Yehova üçün önəmli olan dualarımızın bəlağətli olması yox, həlim ürəkdən gəlməsidir. O, «həlimlərin diləyini» eşidir (Zəb. 10:17). Yehova dediyimiz hər bir sözə diqqətlə qulaq asır, çünki bizimlə yaxından maraqlanır (Zəb. 139:1—3).
3. Bu məqalədə hansı sualları araşdıracağıq?
3 Məqalədə növbəti suallara cavab tapacağıq: «Nəyə görə Yehovaya arxayınlıqla dua edə bilərik? Dualarımızın daha da dolğun olması üçün nə etmək olar? Müqəddəs Kitabda qələmə alınan səmimi duaların üzərində düşünmək bizə öz dualarımızı yaxşılaşdırmağa necə kömək edə bilər? Narahatlıq ucbatından dua etməyə söz tapa bilmiriksə, nə etmək olar?»
YEHOVAYA ARXAYINLIQLA DUA EDİN
4. Yehovaya arxayınlıqla dua etməyə bizə nə kömək edə bilər? (Zəbur 119:145).
4 Yehovanın bizim rifahımızı düşünən sadiq Dost olduğunu başa düşsək, Ona arxayınlıqla dua edə biləcəyik. 119-cu məzmurun yazarı da istəyirdi ki, Yehova ilə arasında bu cür səmimi münasibət olsun. Məzmurçunun həyatı dərd-sərsiz deyildi. Mənfur insanlar onun adına qara yaxmışdı (Zəb. 119:23, 69, 78). Bundan əlavə, məzmurçu bəzən öz səhvlərinə görə də ruhdan düşürdü (Zəb. 119:5). Buna baxmayaraq, ürəyini Yehovaya açmağa qorxmurdu. (Zəbur 119:145 ayəsini oxuyun.)
5. Nəyə görə mənfi hisslərin bizi duadan saxlamasına izin verməməliyik? Nümunə çəkin.
5 Yehova hətta ciddi günah işləmiş insanları da Ona dua etməyə səsləyir (Əşy. 55:6, 7). Ona görə də yol verməməliyik ki, özümüz haqda mənfi fikirlər bizi dua etməkdən saxlasın. Belə bir nümunəyə baxaq: pilot bilir ki, köməyə ehtiyacı olsa, dispetçerlə əlaqə saxlaya bilər. Əgər o, istiqaməti itiribsə, yaxud hər hansı səhvə yol veribsə, buna görə utanıb dispetçerlə əlaqə saxlamayacaq? Əlbəttə ki, saxlayacaq. Eynilə biz də çaşqınlıq içində olanda və ya günah işləyəndə arxayınlıqla Yehovaya dua edə bilərik (Zəb. 119:25, 176).
DUALARI DOLĞUNLAŞDIRMAĞIN YOLLARI
6, 7. Yehovanın xüsusiyyətləri haqda düşünmək dualarımızı necə dolğun edə bilər? Nümunə çəkin. (Həmçinin haşiyəyə baxın.)
6 Ürəyimizi Yehovaya boşaldanda, dərin fikirlərimizi və hisslərimizi Onunla bölüşəndə dualarımız daha dolğun olur. Bəs bu cür dua etməyə bizə nə kömək edə bilər?
7 Yehovanın xüsusiyyətləri üzərində düşününa. Yehovanın xüsusiyyətləri üzərində nə qədər çox düşünsək, ürəyimizi Ona açmaq bir o qədər rahat olacaq (Zəb. 145:8, 9, 18). Gəlin Kristin adlı bir bacının nümunəsinə baxaq. Onun atası qəddar insan olub. Bacı bölüşür: «Yehovanın məhəbbətli Ata olduğuna inanmaq və Onunla danışmaq mənə çətin idi. Düşünürdüm ki, səhvlərimə görə O məndən üz döndərər». Bəs Yehovanın hansı xüsusiyyəti Kristinə kömək etdi? O deyir: «Yehovanın sədaqəti və məhəbbəti üzərində çox düşündüm və əmin oldum ki, O məni sevir və əlimi heç vaxt buraxmaz. Yıxılsam belə, sevgisi azalmayacaq, məni ayağa qaldıracaq. Bu barədə düşünəndə həm sevincimi, həm də kədərimi Yehova ilə rahat bölüşə bilirəm».
8, 9. Dua etməzdən əvvəl nə deyəcəyimizi düşünməyin hansı faydaları var? Nümunə çəkin.
8 Nə deyəcəyinizi fikirləşin. Dua etməzdən əvvəl bir neçə sualın üzərində düşünə bilərsiniz. Məsələn: «Hal-hazırda hansı problemlərlə üzləşirəm? Bağışlamalı olduğum kimsə var? Həyatımda baş verən hansısa dəyişikliyə uyğunlaşmaq üçün Yehovanın köməyinə ehtiyac duyuram?» (2 Pad. 19:15—19). Biz həmçinin İsanın öyrətdiyi duanı yadımıza salıb Yehovanın adı, Padşahlığı və iradəsi barədə nə deyə biləcəyimizi düşünə bilərik (Mət. 6:9, 10).
9 Aliska adlı bacı bir gün öyrənir ki, yoldaşına ölümcül beyin xərçəngi diaqnozu qoyulub. Bacıya Yehovaya dua etmək çox çətin idi. O xatırlayır: «Kədərdən fikirlərim o qədər dağınıq idi ki, duada nə deyəcəyimi bilmirdim». Bacı ona nəyin kömək etdiyi barədə deyir: «Duadan əvvəl fikirlərimi toparlamaq üçün bir neçə dəqiqə vaxt ayırıram. Bu mənə kömək edir ki, duam yalnız özüm və yoldaşımın xəstəliyi barədə olmasın. Belə edəndə daha sakit oluram və müxtəlif mövzularda dua edə bilirəm».
10. Nəyə görə tələsmədən dua etməliyik? (Həmçinin şəkillərə baxın.)
10 Tələsmədən dua edin. Düzdür, hətta qısa dualar da bizi Yehovaya yaxınlaşdırır. Amma uzun dualar etməyə vaxt ayırsaq, çox yəqin ki, Yehovaya ən dərin fikirlərimizi ifadə edə biləcəyikb. Aliska bacının həyat yoldaşı Elayca bölüşür: «Çalışıram gün ərzində çox dua edim, amma uzun dualar etmək üçün vaxt ayıranda özümü Yehovaya daha yaxın hiss edirəm. Yehova sözümü tez deyib qurtaracağımı gözləmir, buna görə də Ona tələsmədən dua edirəm». Belə bir şeyi sınaqdan keçirin: rahat dua edə biləcəyiniz bir vaxt və yer seçin. Fikrinizi heç nə yayındırmadan, mümkün olsa, hətta ucadan Yehovaya dua edin və bu cür uzun dualar etməyi vərdişə çevirin.
Tələsmədən dua etmək üçün uyğun məkan və vaxt seçin (10-cu abzasa baxın)
MÜQƏDDƏS KİTABDAKI SƏMİMİ DUALAR ÜZƏRİNDƏ DÜŞÜNÜN
11. Müqəddəs Kitabdakı səmimi duaların üzərində düşünməyin hansı xeyri var? (Həmçinin «Onların hissləri sizə tanışdır?» adlı çərçivəyə baxın.)
11 Müqəddəs Kitabda qələmə alınmış səmimi duaların və məzmurların, yəni ilahi nəğmələrin üzərində düşünməyin böyük xeyrini görə bilərsiniz. Yehovanın xidmətçilərinin ən dərin hisslərini Ona açdığını görüb siz də bunu etməyə təşviq olunacaqsınız. Həmçinin dualarınıza əlavə etmək üçün yeni ifadələr kəşf edəcəksiniz. Ola bilsin, oxuduğunuz hansısa dua sizin hisslərinizi əks etdirəcək.
12. Hər hansı bir duanın üzərində düşünərkən özümüzə hansı sualları verə bilərik?
12 Müqəddəs Kitabdakı hər hansı duanın üzərində düşünərkən özünüzdən soruşun: «Bu sözləri kim demişdi? Hansı şəraitdə demişdi? Onun duada dediyi hissləri mən də keçirirəm? Bu duadan nələr öyrənə bilərəm?» Bu suallara cavab tapmaq üçün, ola bilsin, əlavə axtarışlar aparasınız, amma bunu etməyə dəyər. Gəlin bir neçə nümunəyə baxaq.
13. Hənnədən dua ilə bağlı öyrəndiyimiz bir şey nədir? (1 İşmuil 1:10, 11; həmçinin şəklə baxın.)
13 1 İşmuil 1:10, 11 ayələrini oxuyun. Hənnə bu duanı edəndə iki böyük problemi var idi. Əvvəla, o, sonsuz idi, ikincisi, günüsü onun gününü qara etmişdi (1 İşm. 1:4—7). Əgər siz də artıq uzun müddətdir ki, hər hansı problemlə mübarizə aparırsınızsa, Hənnənin duasından nə öyrənə bilərsiniz? O, vaxt ayırıb dərdini Yehovaya danışandan sonra çiyinlərindən ağır yük götürüldü (1 İşm. 1:12, 18). Əgər siz də qayğı yükünüzü Yehovaya versəniz, yəni dərdinizi, keçirdiyiniz hissləri Ona danışsanız, xeyli yüngüllük tapacaqsınız (Zəb. 55:22).
Hənnə sonsuz olduğuna və günüsünün rişxəndlərinə görə kədər içindədir və ürəyini Yehovaya boşaldır (13-cü abzasa baxın)
14. a) Hənnənin nümunəsindən daha nə öyrənirik? b) Müqəddəs Kitabda yazılanlar barədə düşünmək dualarımızın dolğunluğuna necə təsir edir? (Haşiyəyə baxın.)
14 Hənnə oğlu İşmuil dünyaya gələndən bir neçə il sonra onu baş kahin Əliyə verdi (1 İşm. 1:24—28). Hənnə etdiyi səmimi duada Yehovanın sadiq xidmətçilərini qoruduğuna və onların qeydinə qaldığına əminliyini ifadə etdic (1 İşm. 2:1, 8, 9). Hənnənin evdəki problemləri, ola bilsin, olduğu kimi qalırdı, amma o, fikrini bu problemlərə yox, Yehovanın verdiyi nemətlərə cəmləmişdi. Buradan nə öyrənirik? Əgər Yehovanın keçmişdəki sadiq xidmətçilərinə necə kömək olduğu və bizə indiyə kimi necə dayaq olduğu barədə düşünsək, hazırkı problemlərimizə daha asanlıqla tab gətirə biləcəyik.
15. Haqsızlıqla üzləşəndə Ərəmya peyğəmbərin duasından nə öyrənə bilərik? (Ərəmya 12:1).
15 Ərəmya 12:1 ayəsini oxuyun. Ərəmya peyğəmbər həyatının bir dönəmində pis adamların işinin yaxşı getdiyini görüb narahat olmuşdu. Onu həmçinin soydaşlarının onunla pis rəftarı da məyus edirdi (Ərm. 20:7, 8). Ərəmyanın hissləri bizə də tanışdır, çünki insanlar bizi də ələ salır, biz də nadürüst insanların sanki problemsiz olduğunu görürük. Ərəmya bu şeylərə görə narazılığını bildirsə də, Allahı haqsızlıq etməkdə günahlandırmadı. O, Yehovanın üsyankar xalqa necə cəza verdiyini öz gözü ilə gördü və yəqin, Yehovaya etibarı daha da artdı (Ərm. 32:19). Biz də haqsızlıqların bizə necə təsir etdiyini Yehovaya açıq deyə bilərik. Həmçinin Yehovanın məsləhət bildiyi vaxtda haqsızlığa son qoyacağına etibar etdiyimizi bildirə bilərik.
16. Əsirlikdə olan lavilinin duasından nə öyrənə bilərik? (Zəbur 42:1—4; həmçinin şəkillərə baxın.)
16 Zəbur 42:1—4 ayələrini oxuyun. Bu məzmuru əsirlikdə olduğu üçün soydaşlarından uzaq düşən bir lavili yazmışdı. Məzmurdan onun keçirdiyi hissləri görmək olar. Əgər biz evdən çölə çıxa bilmiriksə və ya etiqadımıza görə həbs olunmuşuqsa, yəqin, onun hansı hissləri keçirdiyini başa düşürük. Əhvalımız bir gün yaxşı, bir gün pis ola bilər. Amma hansı hissləri keçirməyimizdən asılı olmayaraq, yaxşı olar ki, bu barədə Yehova ilə danışaq. Belə etsək, fikirlərimizi daha yaxşı başa düşəcəyik və vəziyyətimizə başqa tərəfdən baxacağıq. Məsələn, lavili başa düşdü ki, onun Yehovanı ucaltmaq üçün yeni imkanları olacaq (Zəb. 42:5). O həmçinin Yehovanın onun necə qeydinə qaldığı haqda düşünürdü (Zəb. 42:8). Allaha etdiyimiz səmimi dualar bizə də fikirlərimizi ayırd etməyə, aramlıq tapmağa və dözmək üçün güc əldə etməyə kömək edəcək.
42-ci məzmuru yazan lavili ürəyini duada Yehovaya açmışdı. Hisslərimizi duada ifadə edəndə vəziyyətimizə fərqli tərəfdən baxa bilirik (16-cı abzasa baxın)
17. a) Yunus peyğəmbərin duasından nə öyrənirik? (Yunus 2:1, 2). b) Çətinliklər zamanı Zəbur kitabındakı bəzi ifadələr bizə necə kömək edə bilər? (Haşiyəyə baxın.)
17 Yunus 2:1, 2 ayələrini oxuyun. Yunus peyğəmbər bu duanı nəhəng balığın qarnında olarkən etmişdi. O, itaətsizlik etsə də, əmin idi ki, Yehova onun səsini eşidəcək. Yunus duasında Zəbur kitabından çoxlu ifadələr işlətmişdid. Görünür, o bu məzmurları çox yaxşı bilirdi. Bunların üzərində düşünmək Yunusu əmin etmişdi ki, Yehova ona kömək edəcək. Eynilə biz də bəzi Müqəddəs Kitab ayələrini əzbərləməyə çalışsaq, çətin anlarımızda Yehovaya dua edərkən onlar yadımıza düşər və bizə təsəlli verə bilər.
DAİMA DUA EDƏRƏK YEHOVAYA YAXINLAŞIN
18, 19. Bəzən duada hisslərimizi sözlə ifadə edə bilmiriksə, Romalılara 8:26, 27 ayələrindəki hansı fikir bizə təsəlli verə bilər? Nümunə çəkin.
18 Romalılara 8:26, 27 ayələrini oxuyun. Hərdən biz o qədər narahatlıq keçiririk ki, hisslərimizi sözlərlə ifadə etmək çətin olur. Amma biz köməksiz deyilik. Belə vaxtlarda müqəddəs ruh bizim əvəzimizə Allaha «yalvarır». Nə mənada? Yehova müqəddəs ruhu vasitəsilə Kəlamında bir sıra duaları yazdırıb. Həmin duaları edənlər bizim vəziyyətimizə bənzər vəziyyətlə üzləşmiş insanlardır. Fikirlərimizi aydın ifadə edə bilməyəndə Yehova bu dualardakı bəzi ifadələri bizim dilimizdən çıxan dua kimi qəbul edir və onlara cavab verir.
19 Bu fikir Rusiyadan olan Yelena adlı bacıya kömək etmişdi. O, dua etdiyinə və Müqəddəs Kitabı oxuduğuna görə həbs olunmuşdu. Yelena bacı o qədər sarsılmışdı ki, dua etmək ona çətin idi. O bölüşür: «Onda yadıma düşdü ki, özümü pis hiss edəndə və nə haqda dua edəcəyimi bilməyəndə Yehova keçmişdəki sadiq xidmətçilərinin dualarını mənim etmək istədiyim dua kimi qəbul edəcək. Bu fikir həyatımın ən çətin dönəmində mənə böyük təsəlli verdi».
20. Stresli anlarımızda zehnimizi dua etməyə necə kökləyə bilərik?
20 Stresli anlarımızda dua edərkən fikrimizi cəmləmək çətin ola bilər. Bu zaman bizə nə kömək edə bilər? Dua etməzdən əvvəl Zəbur kitabının audioyazısına qulaq asa bilərik. Həmçinin Davud padşah kimi hisslərimizi yazıya tökə bilərik (Zəbur 18; 34; 142 və onların müqəddiməsi). Sözsüz, ürəyimizi dua etməyə hazırlamaq üçün hansısa konkret qaydalar yoxdur (Zəb. 141:2). Sizin üçün hansı işə yarayırsa, onu edin.
21. Nəyə görə Yehovaya ürəkdən dua edə bilərik?
21 Biz hələ heç nə deməmişdən əvvəl Yehovanın hisslərimizi başa düşməsi qəlbimizə rahatlıq verir (Zəb. 139:4). Bununla belə, duada öz hisslərimizi Ona açanda və Ona etibar etdiyimizi dilə gətirəndə bu, Yehovaya xoş gedir. Buna görə də səmavi Atanıza dua etməyə çəkinməyin. Onun Kəlamında yazılan dualardan yararlanın. Ona ürəkdən dua edin. Sevincinizi, kədərinizi Yehova ilə bölüşün. O, əsl Dost kimi həmişə sizin yanınızda olacaq!
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
a «Həyat bələdçimiz olan ayələr» kitabının «Yehova» başlığı altındakı «Yehovanın möhtəşəm xüsusiyyətlərindən bəziləri» adlı hissəyə nəzər salın.
b Yığıncaqda hamının adından edilən dualar adətən qısa olur.
c Hənnə duasında Musanın yazdıqlarına oxşar sözlərdən istifadə etmişdi. Onun Müqəddəs Yazılar üzərində dərin düşündüyü aydın görünür (Qan. 4:35; 8:18; 32:4, 39; 1 İşm. 2:2, 6, 7). Əsrlər sonra İsanın anası Məryəm Hənnənin dediyi həmd sözlərinə bənzər sözlər istifadə etmişdi (Luka 1:46—55).
d Məsələn, Yunus 2:3—9 ayələrini Yunusun dediyi ardıcıllıqla Zəbur 69:1; 16:10; 30:3; 142:2, 3; 143:4, 5; 18:6 və 3:8 ayələri ilə müqayisə edin.