Bazar, 12 oktyabr
[Yehova] sizi güclü, mətin, sarsılmaz edəcək (1 But. 5:10).
Allahın Kəlamında Onun sadiq xidmətçiləri güclü insanlar kimi təsvir olunub. Amma onların arasından ən güclüləri belə özlərini heç də həmişə güclü hesab etmirdilər. Məsələn, Davud padşah bəzən özünü «dağtək sarsılmaz» hiss edirdi, bəzən isə canına qorxu düşürdü (Zəb. 30:7). Yehovanın ruhu Şimşona qeyri-adi güc verirdi. Şimşon başa düşürdü ki, Yehovanın verdiyi güc olmasa, o, «gücdən düşüb adi adam kimi olar» (Hak. 14:5, 6; 16:17). Bu sadiq insanlar Yehovanın sayəsində güclü idi. Həvari Bulus Yehovadan gələn gücə ehtiyac duyduğunu başa düşürdü (2 Kor. 12:9, 10). O, səhhətindəki problemlərlə mübarizə aparırdı (Qal. 4:13, 14). Hərdən ona düzgün davranmaq çətin olurdu (Rom. 7:18, 19). Bəzən isə narahatlıq, naməlumluq onu sıxırdı (2 Kor. 1:8, 9). Amma Bulus zəif olanda güclü idi. Çünki Yehova ona ehtiyac duyduğu gücü verirdi. w23.10 s. 12, abz. 1, 2
Bazar ertəsi, 13 oktyabr
Yehova... ürəyi [görür] (1 İşm. 16:7).
Əgər biz hərdən dəyərsizlik hissi ilə mübarizə aparırıqsa, onda Yehovanın bizi Özünə necə cəlb etdiyi barədə düşünə bilərik (Yəh. 6:44). O bizim özümüzdə görmədiyimiz yaxşı cəhətlərimizi görür, ürəyimizdəkiləri bilir (2 Saln. 6:30). Ona görə də Yehovanın «siz dəyərlisiniz» sözünə inanmalıyıq (1 Yəh. 3:19, 20). Bəzilərimiz həqiqəti öyrənməzdən əvvəl etdiyimiz səhvlərə görə hələ də özümüzü günahkar hiss edirik (1 But. 4:3). Hətta Yehovaya sədaqətlə xidmət edən məsihilərin arasında da zəiflikləri ilə mübarizə aparanlar var. Bəs sizin də ürəyiniz nəyəsə görə sizi qınayır? Əgər elədirsə, bilin ki, Yehovanın digər sadiq bəndələri də oxşar hisslər keçirib. Məsələn, həvari Bulus zəiflikləri barədə düşünəndə özünü qınayırdı (Rom. 7:24). Təbii ki, o, günahlarından tövbə etmişdi və vəftiz olunmuşdu. Bununla belə, yenə də özünü «həvarilərin ən kiçiyi» və «günah sahiblərindən ən betəri» adlandırmışdı (1 Kor. 15:9; 1 Tim. 1:15). w24.03 s. 27, abz. 5, 6
Çərşənbə axşamı, 14 oktyabr
Xalq... Allahı Yehovanın evini tərk edib (2 Saln. 24:18).
Yuəs padşahın səhvini təkrarlamamaq üçün nə etməliyik? Biz Yehovanı sevən, Onu razı salmaq istəyən insanlarla dostluq etməliyik. Onlar bizi yaxşı işlərə təşviq edəcək. Həmçinin mütləq deyil ki, yalnız öz yaşıdlarımızla dostluq edək. Bildiyimiz kimi, Yuəs Yəhyadaydan yaşca xeyli kiçik idi. Dostlarınız barədə özünüzə bu sualları verin: «Onlar Yehovaya imanımı möhkəmləndirməyə kömək edir? Məni Allahın normalarına uyğun yaşamağa təşviq edir? Mənimlə Yehova və Onun dəyərli həqiqətləri haqda söhbət edir? Yehovanın normalarına hörmətlə yanaşır? Sadəcə eşitmək istədiklərimi deyir, yoxsa səhvimi də göstərir?» (Məs. 27:5, 6, 17). Açığı, dostlarınız Yehovanı sevmirsə, onlar sizə lazım deyil. Amma Yehovanı sevirlərsə, onlardan bərk yapışın, onların sizə çox köməyi dəyəcək! (Məs. 13:20). w23.09 s. 9—10, abz. 6—7