‘Aqibətinizi’ düşünün
HƏYAT adlı səyahətdə qarşımıza çoxlu seçimlər çıxır. Sözsüz ki, yolu əlimizə almazdan əvvəl onun axırını fikirləşmək müdriklik olardı. Bəziləri qəbul etdikləri qərarlara görə sonradan çox peşmançılıq çəkmişlər. Yəqin sən də haçansa demisən: «Belə olacağını əvvəlcədən bilsəydim, heç vaxt bu addımı atmazdım».
Təcrübəli səyahətçi hər bir yolun hara apardığını bilmək istəyir. O, xəritəyə baxır, həmin yerə yaxşı bələd olan adamlardan soruşur. O, mütləq yol nişanlarına da baxacaq. Bəs həyat adlı səyahətdə ən yaxşı yolu necə tapmaq olar? Allah bir dəfə qədim İsrail xalqı haqqında Musa vasitəsilə demişdi: «Kaş ki müdrik olub bunu dərk edəydilər, aqibətlərini düşünəydilər» (Qanunun təkrarı 32:29).
Ən yaxşı məsləhət
Həyat səyahətindəki yolların ‘aqibəti’ ilə bağlı təlaş keçirməyə ehtiyac yoxdur. Həyat yolunun yolçularına ən yaxşı yolu məsləhət görmək üçün Allah ən əlverişli mövqeyə sahibdir. O, insanların getdiyi bir çox yolları və onların axırını görmüşdür. Müqəddəs Kitabda deyilir: «İnsanların yolları Rəbbin gözü qarşısındadır, onların hər addımlarını yoxlayır» (Süleymanın məsəlləri 5:21).
Yehova Onu sevən insanların qayğısına qalır. Kəlamı olan Müqəddəs Kitab vasitəsilə onlar üçün ən yaxşı yolu cızır. Biz oxuyuruq: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Buna görə də hər hansı yola addım atmamışdan əvvəl: «Gedəcəyim yolu mənə öyrət», — deyə dua edən qədim İsrailin padşahı Davud kimi Yehovanın məsləhətini axtarmaq müdriklik olardı (Məzmur 32:8; 143:8).
Etibarlı, təcrübəli səyahətçinin göstərdiyi yolla getmək insanda etimad doğurur və arxayınlıq yaradır. Artıq yolun hara apardığına görə adam narahat olmur. Davud Yehovadan rəhbərlik və göstəriş istəyir və ona riayət edirdi. Nəticədə o, 23-cü məzmurda ifadə olunduğu kimi, qəlb rahatlığı tapdı. Davud yazırdı: «Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, ismi şərəfinə salehlik yolu ilə aparır. Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram» (Məzmur 23:1-4).
Onların aqibəti necə olacaq?
Həyat yolu ilə səyahət edən bir məzmurçu, ya Asəf, ya da onun nəslindən olan bir nəfər etiraf edirdi ki, düz yoldan «az qala büdrəmişdi». Nəyə görə? O, vicdansız, zorakı adamları görüb, ‘pislərin firavanlığına’ həsəd aparmışdı. Onun fikrincə, ‘pis adamlar daim arxayın’ idilər. Ən pisi isə o idi ki, məzmurçu seçdiyi salehlik yolunu izləməyin müdrik olduğuna şübhə etməyə başlamışdı (Məzmur 73:2, 3, 6, 12, 13).
Sonra məzmurçu Yehovanın müqəddəs məkanına daxil oldu, dua edib pislərin axırı haqda fikirləşəndən sonra dedi: «Onların aqibətini dərk etdim». O, həsəd apardığı adamları gələcəkdə nə gözlədiyi barədə düşündü. Başa düşdü ki, belə adamlar ‘sürüşkən yerdədirlər’ və ‘bir anda dəhşət içində itib-batacaqlar’. Bəs məzmurçunun tutduğu yol haqqında nə demək olar? O etiraf edirdi ki, Yehova onu ‘sonra şərəfə çatdıracaq’ (Məzmur 73:17-19, 24).
Hiylə və yaxud şübhəli işlərlə firavanlığa çatanların hərəkətlərinin nəticəsi haqqında düşünəndə məzmurçu düz yolda olduğuna əmin oldu. O belə qənaətə gəldi: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır». Yehova Allahla yaxın münasibətdə olmaq həmişə əbədi faydalar gətirir (Məzmur 73:28).
«Tutduğun yolu bil»
Bizim qarşımıza da bənzər seçimlər çıxa bilər. Ola bilsin, siz şirnikdirici iş müqaviləsi bağlamaq, işdə irəliləyiş, yaxud yaxşı qazancı olan şərikli iş təklifi almısınız. Düzdür, hər yeni işin öz təhlükəsi var. Bununla belə seçiminizin ‘aqibəti’ barədə əvvəlcə düşünməyin vacibliyini anlayırsınızmı? Onun nəticələri necə ola bilər? Evdən uzaq qalmaq insanın həm özü, həm də həyat yoldaşı üçün gərginlik yarada bilər. Bəs sizdən bu tələb olunacaqmı? İş yoldaşlarınızın, yaxud hotellərdə və ya başqa yerlərdəki adamların pis təsirinə məruz qalacaqsınızmı? Qarşınızdakı yolu diqqətlə yoxlamaqla müdrik qərar çıxara biləcəksiniz. Süleymanın məsləhətinə diqqət yetirin: «Tutduğun yolu bil» (Süleymanın məsəlləri 4:26, «Contemporary English Version»).
Hər birimizə, xüsusilə də gənclərə bu məsləhətin üzərində düşünmək yaxşı olardı. Bir gənc oğlan ehtiras oyadan səhnələrlə dolu bir filmi kirayə götürüb baxdı. Film onda elə ehtiras oyatdı ki, yaxınlıqda yaşayan fahişənin yanına getdi. Axırda ona qalan kədər, vicdan əzabı və xəstəliyə tutulmaq qorxusu oldu. Baş verən hadisə eynilə Müqəddəs Kitabda təsvir olunan hadisəyə bənzəyir: «Kəsilməyə aparılan bir öküz kimi... qadının ardınca düşdü». Kaş ki o, ‘aqibətini’ düşünəydi! (Süleymanın məsəlləri 7:22, 23).
Yol nişanlarına etibar edin
Çoxları razılaşacaq ki, yol nişanlarına məhəl qoymamaq ağılsızlıqdır. Ancaq təəssüf ki, həyat yolunda verilən göstərişlər xoşlarına gəlməyəndə bəziləri məhz belə davranır. Yeremyanın günlərindəki bəzi israillilərə nəzər salaq. Xalq iki yol arasında qalmışdı və Yehova Allah onlara məsləhət verdi: «Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, o yolla gedin». Lakin xalq inadkarlıqla cavab verib dedi: «O yolla getməyəcəyik» (Yeremya 6:16). Həmin üsyankarların ‘aqibəti’ necə oldu? Eramızdan əvvəl 607-ci ildə babillilər gəlib Yerusəlimi yerlə-yeksan etdilər və sakinlərini Babilə əsir apardılar.
Allahın verdiyi göstərişlərə məhəl qoymasaq heç vaxt xeyir tapmayacağıq. Müqəddəs Yazılar bizi səsləyir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:5, 6).
Allahın bəzi xəbərdarlıqları «Giriş qadağandır» kimi işarələrə bənzəyir. Məsələn, Müqəddəs Kitabda deyilir: «Pislərin yoluna ayaq basma, şər insanın yolları ilə getmə» (Süleymanın məsəlləri 4:14). Belə zərərli yollardan biri Süleymanın məsəlləri 5:3, 4 ayələrində təsvir olunub: «Əxlaqsız qadının dodağından sanki bal axır, dili şirin, yağdan yumşaqdır. Amma aqibəti yovşan kimi acıdır, ikiağızlı qılınc kimi kəskindir». Kiməsə istər fahişə ilə, istərsə də başqa biri ilə cinsi əxlaqsızlıq cəlbedici görünə bilər. Ancaq əxlaqi davranışı nizama salan «Giriş qadağandır» kimi işarələrə məhəl qoymamaq yalnız və yalnız fəlakətə sürükləyəcək.
Belə yola qədəm qoymazdan əvvəl özünüzdən soruşun: «Bu yol məni hara aparır?» Bir anlıq ayaq saxlayıb onun ‘aqibəti’ üzərində düşünmək insanı uçuruma aparan yoldan saxlamaq üçün kifayət edə bilər. QİÇS və cinsi yolla ötürülən başqa xəstəliklər, arzuolunmaz hamiləlik, abort, korlanan münasibətlər, vicdan əzabı belə xəbərdarlıqlara məhəl qoymayanların yolunu korlayır. Həvari Pavel əxlaqsızlıq edənlərin yolunun sonunu açıq-aydın göstərmişdir: onlar «Allahın Səltənətini miras almayacaqlar» (1 Korinflilərə 6:9, 10).
«Yol budur»
Hərdən tutduğumuz yolun bizi hara apardığını görmək çətin olur. Buna görə də məhəbbətli qayğısına və aydın rəhbərliyinə görə Allaha necə də minnətdarıq! Yehova demişdi: «Yol budur, gedin bu yola» (Yeşaya 30:21). Yehovanın göstərdiyi yol bizi hara aparıb çıxaracaq? Həmin yol ensiz və çətin olsa da, İsa dedi ki, o, əbədi həyata aparır (Matta 7:14).
Getdiyiniz yolun üzərində bir anlığa düşünün. Bu düz yoldurmu? O hara aparır? Duada Yehovadan rəhbərlik istəyin. «Yol xəritəsi» olan Müqəddəs Kitabdan məsləhət alın. Hətta, ola bilsin, təcrübəli səyahətçidən, Allahın yolu ilə yeriyən bir nəfərdən, məsləhət almağa ehtiyac duyasınız. Əgər istiqaməti dəyişmək lazım gələrsə, bunu dərhal edin.
Çox vaxt səyahətçi onu düzgün yolda olduğuna əmin edən yol nişanını görəndə ruhlanır. Əgər həyat yolunuzu yoxlayanda salehlik yolu ilə getdiyiniz aşkar olursa, cəsarətlə yolunuza davam edin. Səyahətin ən mükafatlandırıcı hissəsi hələ qarşıdadır (2 Peter 3:13).
Hər bir yol insanı harasa aparır. Tutduğunuz yolun sonuna çatanda harada olacaqsınız? Orada durub: «Kaş ki başqa yolu seçəydim!» deməklə heç nə əldə edə bilməyəcəksiniz. Beləliklə, həyat yolunda növbəti addımı atmazdan əvvəl özünüzdən soruşun: «Bu yolun ‘aqibəti’ necə olacaq?»
[16-cı səhifədəki çərçivə]
‘Aqibətiniz’ necə olacaq?
Gəncləri çox vaxt şirnikləndirir və təzyiq göstərirlər ki, dəbdə olan şeyləri təcrübədən keçirsinlər. Aşağıda bəzi mümkün vəziyyətlər sadalanır.
◼ Kim isə sizi siqaret çəkməyə təhrik edir.
◼ Yaxşı niyyətdən irəli gələrək, müəllim sizi universitetdə ali təhsil almağa təşviq edir.
◼ Spirtli içkilərin, bəlkə də narkotik maddələrin olacağı qonaqlığa dəvət edilirsiniz.
◼ «Nə üçün İnternetə öz tərcümeyi-halını salmayasan?» — deyə kimsə təklif edir.
◼ Tanışınız sizi zorakı, yaxud əxlaqsız səhnələrin olduğu filmə baxmağa dəvət edir.
Belə vəziyyətlərdən birinə düşsəniz, nə edəcəksiniz? Sadəcə təslim olacaqsınız, yoxsa ‘aqibətinizi’ ciddi düşünəcəksiniz? Yaxşı olar ki, özünüzdən soruşasınız: «Bir kişi qoynuna od alanda əyin-başı yanmazmı? Köz üzərində gəzənin ayaqları bişməzmi?» (Süleymanın məsəlləri 6:27, 28).