Yehovanın Kəlamı canlıdır
«Birinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
«SALEHLƏR artanda xalq sevinər, pis hökmdar olanda xalq nalə çəkər» (Süleymanın məsəlləri 29:2). Müqəddəs Kitaba daxil olan «Birinci Padşahlar» kitabından bu məsəlin doğruluğunu aydın surətdə görmək olar. Bu kitabda Süleymanın həyat yolundan bəhs edilir. Onun padşahlıq dövründə qədim İsrail yer üzünün ən inkişaf etmiş və sülh içində yaşayan dövlətinə çevrilir. Həmçinin «Birinci Padşahlar» kitabında Süleymanın ölümündən sonra dövlətin iki yerə bölünməsindən və ondan sonra İsraildə və Yəhudada padşahlıq edən 14 padşahdan da bəhs edilir. Bu padşahlardan yalnız ikisi Yehovaya bütövlüklə sadiq qalır. Bu kitab, İlyas peyğəmbəri də daxil etməklə, daha altı peyğəmbərin fəaliyyəti haqqında bizə mə’lumat verir.
Kitab Yerusəlimdə və Yəhudada Yeremya peyğəmbər tərəfindən qələmə alınmışdır. Kitabın məzmunu eramızdan əvvəl 1040-cı və 911-ci illər arasında baş vermiş hadisələrdən bəhs edib təqribən 129 illik tarixi dövrü əhatə edir. Kitabı tərtib edərkən, görünür, Yeremya, «Süleymanın əməlləri kitabı» kimi əski mətnlərə müraciət etmişdir. Artıq bu cür mətnlər mövcud deyil (1 Padşahlar 11:41; 14:19; 15:7).
MÜDRİK PADŞAH ÖLKƏYƏ SÜLH VƏ FİRAVANLIQ GƏTİRİR
«Birinci Padşahlar» kitabı Davud padşahın oğlu Adoniyanın, atasının padşahlıq taxtını ələ keçirmək cəhdi haqqında olan maraqlı bir hadisə ilə başlayır. Natan peyğəmbər qəti addımlar atıb onun planlarını alt-üst edir və Davudun oğlu Süleymanı padşah kimi məsh edir. Yehova taxta yenicə oturmuş padşahın istəyini bəyənib ona ‘hikmətli və dərrakəli ürəklə’ bərabər ‘var-dövlət və şöhrət də verir’ (1 Padşahlar 3:12, 13). Süleymana müdriklikdə və var-dövlətdə heç kim çata bilməz. İsrail xalqı sülh və firavanlıq içində yaşayır.
Süleymanın apardığı tikinti işləri arasında Yehovanın mə’bədi və müxtəlif növ dövlət binaları da var. Yehova Allah Süleymanı əmin edir: «Sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam». Amma Allah və’dini yalnız bir şərtlə yerinə yetirəcəkdi: Süleyman Yehovaya itaətkar qalmalı idi (1 Padşahlar 9:4, 5). Həqiqi Allah həmçinin onu itaətsizliyin gətirib çıxardığı pis nəticələrdən də xəbərdar edir. Amma müəyyən vaxtdan sonra Süleyman bir çox əcnəbi qadınlarla evlənir. Sonra onların tə’sirinə mə’ruz qalıb qoca yaşında yalan allahlara ibadət etməyə başlayır. Yehova onun padşahlığının bölünəcəyi haqqında peyğəmbərlik edir. Süleyman 40 il padşahlıq etdikdən sonra eramızdan əvvəl 997-ci ildə ölür. Onun yerinə oğlu Rexavam padşah olur.
Müqəddəs Kitab suallarına cavablar:
1:5 — Nəyə görə Davud hələ sağ ikən Adoniya taxtı ələ keçirməyə çalışırdı? Müqəddəs Kitab buna cavab vermir. Amma belə bir qənaətə gəlmək məntiqə uyğun olardı: Adoniya böyük qardaşları Amnonla Avşalomun, həmçinin ola bilər, Davudun digər oğlu Kilavın da öldüyünü nəzərə alıb, Davudun sağ qalmış oğulları arasında ən böyüyü kimi padşahlıq etməyə hüququ olduğunu düşünürdü (2 Şamuel 3:2-4; 13:28, 29; 18:14-17). Güclü ordu başçısı Yoavın və nüfuzlu baş kahin Evyatarın dəstəyinə arxalanan Adoniya, çox güman, cəhdinin boşa çıxmayacağına əmin idi. Davudun Süleymanı padşah etmək fikrində olmasından Adoniyanın xəbəri olub-olmadığı haqqında Müqəddəs Kitabda heç nə deyilmir. Bununla belə, Adoniya qurbanlar kəsdiyi məclisə nə Süleymanı, nə də Davuda sadiq olan başqa adamları də’vət edir (1 Padşahlar 1:9, 10). Buradan belə nəticəyə gəlmək olar ki, Adoniya Süleymanı özünün rəqibi sanırdı.
1:49-53; 2:13-25 — Süleyman Adoniyanı əfv etsə də, nə üçün sonda onu öldürtdürür? Adoniya Bat-Şevaya müraciət etmişdi ki, Avişaqla evlənmək istəyini padşaha bildirsin. Bat-Şevadan fərqli olaraq, Süleyman Adoniyanın nə məqsəd güddüyünü gözəl başa düşmüşdü. Davudla Avişaqın arasında cinsi əlaqə olmasa da, bu gözəl qız padşahın cariyəsi hesab olunurdu. O vaxtın adətlərinə görə, bu qıza yalnız Davudun qanuni varisi sahib ola bilərdi. Çox güman ki, Adoniya Avişaqla evlənsə, yenidən taxta sahib ola biləcəyini düşünürdü. Adoniyanın xahişində padşahlıq etmək iddiasının olduğunu görən Süleyman öz əfvini ləğv edir.
6:37–8:2 — Mə’bədin təntənəli açılışı nə vaxt keçirilmişdir? Mə’bədin inşası Süleymanın padşahlığının 11-ci ilində, yə’ni eramızdan əvvəl 1027-ci ilin səkkizinci ayında sona yetdi. Güman ki, mə’bədin bütün ləvazimatını içəri gətirmək və onu tam hazır vəziyyətə salmaq üçün 11 ay vaxt lazım idi. Mə’bədin təntənəli açılışı isə, eramızdan əvvəl 1026-cı ilin yeddinci ayında keçirilmişdir. Bu fəsillərdə mə’bədin tikilişinin başa çatmasından sonra aparılan başqa tikinti layihələri də təsvir edilir. Bu mə’lumatlar mə’bədin açılışından əvvəl aparılan bütün tikinti işləri haqqında tam təsvir yaratmaq məqsədilə verilir (2 Salnamələr 5:1-3).
9:10-13 — Süleymanın Qalileya diyarındakı 20 şəhəri Sur padşahı Xirama verməsi Musanın qanununa zidd getmirdimi? Levililər 25:23, 24 ayələrindəki qanun yalnız israillilərin tutduqları torpaq sahələrinə aid idi. Süleymanın Xirama verdiyi şəhərlər Və’d edilmiş diyarın ərazisində yerləşsə də, ola bilsin ki, orada israilli olmayanlar yaşayırdı (Çıxış 23:31). Süleymanın bu hərəkətindən, o cümlədən «özü üçün at çoxaltması» və çoxlu arvad almasından, Qanunun tələblərini tam yerinə yetirmədiyini görmək olar (Qanunun təkrarı 17:16, 17). Hər necə olsa da, Xiram hədiyyədən narazı qalır. Görünür buna səbəb, şəhərlərin bütpərəst sakinlər tərəfindən lazımi qaydada saxlanılmaması və ya əlverişili yerdə yerləşməməsi idi.
11:4 — Süleymanın Allaha sonadək sadiq qalmamasına səbəb qocalıq idimi? Xeyr, məsələ bunda deyildi. Süleyman çox gənc yaşında padşah olmuşdu və hakimiyyətdə 40 il olmasına baxmayaraq, hələ o qədər də yaşlı deyildi. Bundan başqa, demək olmaz ki, o, Yehovadan tamamilə üz döndərmişdi. Göründüyü kimi, o, dinlərarası fəaliyyətdə iştirak etməyə cəhd edirdi.
Bizim üçün ibrət dərsləri:
2:26, 27, 35. Yehovanın dediyi hər bir şey mütləq yerinə yetir. Elinin nəslindən olan Evyatarın kahinlik vəzifəsindən azad edilməsi ilə «Elinin evinə qarşı Rəbbin [Yehovanın]... söylədiyi söz yerinə yetdi». Evyatarın Pinxasın nəslindən olan Sadoqla əvəz edilməsi ilə Saylar 25:10-13 ayələrindəki sözlər yerinə yetdi (Çıxış 6:25; 1 Şamuel 2:31; 3:12; 1 Salnamələr 24:3).
2:37, 41-46. Kiminsə «Allahın qanunlarını pozsam belə, cəzalanmayacağam» deyə düşünməsi necə də təhlükəli ola bilər! ‘Həyata aparan ensiz yoldan’ qəsdən dönənlər öz ağılsız qərarlarının acı nəticələrindən mütləq əziyyət çəkəcəklər (Matta 7:14).
3:9, 12-14. Yehova, xidmətlərini yerinə yetirmək üçün Ondan müdriklik, dərrakə və rəhbərlik istəyən xidmətçilərinin səmimi dualarına cavab verir (Yaqub 1:5).
8:22-53. Süleyman, və’dlərini yerinə yetirən və duaları eşidən sevgi dolu xeyirxahlıq Allahı olan Yehovaya ürəkdən gələn hisslərini necə də gözəl ifadə etdi! Süleymanın təntənəli açılış mərasimində söylədiyi dua üzərində düşünərkən, Allahın şəxsiyyətinin bu və digər tərəflərinə görə minnətdarlığımız daha da artacaq.
11:9-14, 23, 26. Süleyman müəyyən vaxtdan sonra Allaha itaətsizlik edəndə Yehova ona qarşı düşmənlər qaldırdı. Həvari Peterin dediyi kimi: «Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir» (1 Peter 5:5).
11:30-40. Axiya Yarovam haqqında peyğəmbərlik etmişdir. Süleyman peyğəmbərlik sözlərindən narazı qalıb, Yarovamı öldürmək istəyir. Padşahın əhval-ruhiyyəsi indi əvvəlkindən necə də fərqlənir: hələ 40 il bundan əvvəl Adoniya və digər sui-qəsdçiləri cəzalandırmaq belə istəməmişdi (1:50-53). Sözsüz ki, bu dəyişikliyə səbəb onun Yehovadan uzaqlaşması idi.
PADŞAHLIQ İKİ YERƏ BÖLÜNÜR
Yarovam adamları ilə padşah Rexavamın yanına gəlib ondan atası Süleymanın üzərlərinə qoyduğu boyunduruğu yüngülləşdirməyi xahiş edir. Xahişlərini yerinə yetirmək əvəzinə, Rexavam üzərlərinə bundan da ağır yük qoyacağı ilə onları hədələyir. İsrailin on qəbiləsi üsyan edib Yarovamı özünə padşah seçir. Padşahlıq bölünür. Rexavam Yəhuda ilə Binyamin qəbilələrinin daxil olduğu cənub padşahlığının, Yarovam isə şimalda yerləşən on qəbiləli İsrail padşahlığının padşahı olur.
Xalq Yerusəlimdəki mə’bədə gedib orada ibadət etməsin deyə, Yarovam qızıldan iki dana düzəldib birini Dan şəhərində, digərini isə Bet-Eldə qoyur. Yarovamdan sonra hakimiyyətdə olan padşahlar bunlardır: Nadav, Baaşa, Ela, Zimri, Tivni, Omri, Axav və Axazya. Rexavamdan sonra Yəhudada padşah olanlar bunlardır: Aviya, Asa, Yehoşafat və Yehoram. Bu padşahların dövründə yaşayan və fəaliyyət göstərən peyğəmbərlər isə bunlardır: Axiya, Şemaya, adı çəkilməyən Allah adamı, o cümlədən Yehu, İlyas və Mikeya.
Müqəddəs Kitab suallarına cavablar:
18:21 — İlyas xalqa ya Yehovaya, ya da Baala xidmət etməyi söyləyəndə xalq nə üçün dinmir? Yəqin onlar, Yehovanın tələb etdiyi kimi, Ona xüsusi sədaqətlə ibadət etmədiklərini anlayıb özlərini günahkar hesab edirdilər. Yaxud, ola bilsin, onların vicdanları o dərəcə kütləşmişdir ki, adlarını Yehovanın xidmətçiləri qoyaraq, Baala səcdə qılmaqda pis bir şey görmürdülər. Yehova Öz qüdrətini nümayiş etdirdikdən sonra onlar dedilər: «Yehova Allahdır! Yehova Allahdır!» (1 Padşahlar 18:39, KM).
20:34 — Yehova Axava suriyalılar üzərində qələbə verdikdən sonra, Axav nəyə görə Suriya padşahı Ben-Hadadı sağ buraxır? Ben-Hadadı öldürmək əvəzinə Axav onunla saziş bağlayır. Sazişə əsasən Suriyanın paytaxtı Dəməşq şəhərindəki bazarlar Axavın nəzarəti altına keçir. Bundan bir qədər əvvəl, Ben-Hadadın atası, eynilə Samariyanın küçələrindən ticarət məqsədləri üçün istifadə edirdi. Axav da ticarət maraqlarını Dəməşqdə tə’sis etmək üçün Ben-Hadadı sağ buraxır.
Bizim üçün ibrət dərsləri:
12:13, 14. Həyatımızda mühüm dəyişikliklər etməzdən əvvəl, Allahın prinsiplərinə hörmət bəsləyən və Müqəddəs Kitaba əsaslanan dərin biliyə malik olan müdrik və yetkin insanlarla məsləhətləşməliyik.
13:11-24. Xoş niyyətli ruhani bacı və ya qardaşımızdan gələn, amma bir qədər şübhəli görünən məsləhət və ya təklifi yalnız Allahın Kəlamındakı sağlam rəhbərlik ilə müqayisə etmək lazımdır (1 Yəhya 4:1).
14:13. Yehova daxilimizdə yaxşı bir şey tapmaq üçün ürəyimizi diqqətlə tədqiq edir. Yehovanın tapdığı yaxşı şey nə qədər kiçik olsa da, xidmətdə əlimizdən gələni ediriksə, onda Allah onu böyüdəcək.
15:10-13. Biz dönüklüyü cəsarətlə rədd edib əvəzində həqiqi ibadəti inkişaf etdirməliyik.
17:10-16. Sarfatlı dul qadın İlyası peyğəmbər kimi qəbul edib ona hörmət göstərdiyinə görə, Yehova da bunun əvəzində ona xeyir-dua verir. Allah bu gün də, imanımızdan irəli gələn işlərimizə diqqət yetirir və Padşahlıq işini müxtəlif yollarla dəstəkləyən xidmətçilərini mükafatlandırır (Matta 6:33; 10:41, 42; İbranilərə 6:10).
19:1-8. Güclü müqavimətlərlə üz-üzə gələndə Yehovanın bizə mütləq kömək edəcəyinə əmin ola bilərik (2 Korinflilərə 4:7-9).
19:10, 14, 18. Yehovanın ibadətçiləri heç vaxt tək deyillər. Yehova və ümümdünya qardaşlığı onlarladır.
19:11-13. Yehova təbiət qüvvələrində ilahiləşən allah deyil.
20:11. Ben-Hadad Samariyanı dağıtmaqla öyünəndə İsrailin padşahı ona belə cavab verir: «Qurşanan [döyüşə hazırlaşmaq üçün zirehlərini geyinən] adam [döyüşdə qələbə çalıb qayıdandan sonra] soyunan kimi öyünməsin». Biz də, yeni bir tapşırıq alarkən onu asanlıqla yerinə yetirəcəyimizlə öyünməməliyik (Süleymanın məsəlləri 27:1; Yaqub 4:13-16).
BİZİM ÜÇÜN ÇOX FAYDALIDIR
Musa Sina dağında Allahın verdiyi qanunu xalqa xatırladarkən İsrail övladlarına belə dedi: «Budur, bu gün qarşınıza bərəkət və lə’nəti qoyuram. Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, bərəkət tapacaqsınız. Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz... bu gün sizə buyurduğum yoldan azsanız, lə’nətə düçar olacaqsınız» (Qanunun təkrarı 11:26-28).
Bu sözlərin dəyərini «Birinci Padşahlar» kitabını nəzərdən keçirərkən aydın şəkildə gördük və özümüz üçün bir çox qiymətli ibrət dərsləri də aldıq. Həqiqətən bu kitabdakı mə’lumat canlı və tə’sirlidir! (İbranilərə 4:12).
[13-cü səhifədəki şəkil]
Süleymanın inşa etdiyi mə’bəd və başqa tikililər.
[14-cü səhifədəki şəkil]
Yehova qüdrətini nümayiş etdirdikdən sonra camaat ucadan dedi: «Yehova Allahdır!»