Köməyə ehtiyacı olanlara inayət göstərin
“Hər kəs qardaşına inayət... etsin” (ZƏKARYA 7:9).
1, 2. a) Biz nəyə görə inayət göstərməliyik? b) Hansı sualları müzakirə edəcəyik?
YEHOVA ALLAH bizi öz Kəlamında “mərhəməti [inayəti]” sevməyə təşviq edir (Mika 6:8). O, bunu nəyə görə etməli olduğumuzun səbəblərini də göstərir. Bu səbəblərdən biri odur ki, “mərhəmətli [inayətli] adam öz canına yaxşılıq” edir (Süleymanın məsəlləri 11:17). Bu doğrudan da belədir! Mərhəmət və inayət göstərərək, insanlarla səmimi və yaxın münasibət əldə etmək olar. O zaman bizim e’tibarlı dostlarımız olacaq. Bu isə əsl səadətdir! (Süleymanın məsəlləri 18:24).
2 Müqəddəs Yazılarda, həmçinin deyilir: “Salehliyin və inayətin ardınca gedən adam həyat... tapar” (Süleymanın məsəlləri 21:21). Bəli, əgər “inayətin ardınca” gediriksə, Allahın gözündə daha qiymətli olacaq və gələcəkdə bol-bol xeyir-dualar, o cümlədən əbədi həyatı miras alacağıq. Bəs biz inayəti necə və kimlərə təzahür etdirə bilərik? Və bu xüsusiyyət adi insanpərvərlikdən və ümumi mərhəmətdən fərqlənirmi?
İnsanpərvərlik və inayət
3. İnayət insanpərvərlikdən nə ilə fərqlənir?
3 Adi insanpərvərlik və inayət bir-birindən çox fərqlənir. Məsələn, biz çox vaxt başqalarına dərin şəxsi bağlılıq duymadan insanpərvərlik göstəririk. İnayəti isə bizə əziz olan adamlara təzahür etdiririk. Müqəddəs Kitaba əsasən, aralarında səmimi və yaxın münasibətlər yaranan insanlar bir-birlərinə inayət göstərə bilərlər (Təkvin 20:13; 2 Samuel 3:8; 16:17). Yaxud insanlar vaxtilə onlara edilən yaxşılığa görə inayət göstərə bilərlər (Yeşu 2:1, 12-14; 1 Samuel 15:6; 2 Samuel 10:1, 2). Bu fərqi əyani surətdə təsəvvür etmək üçün, gəlin, Müqəddəs Kitabın insanpərvərliklə inayət arasındakı fərqi göstərən iki nümunəsini müqayisə edək.
4, 5. Müqəddəs Kitabdan gətirilən iki nümunə, insanpərvərliklə inayət arasındakı fərqi necə göstərir?
4 Məsələn, Pavel də daxil olmaqla, gəmi qəzasına uğrayan adamlara insanpərvərlik göstərildi. Bu adamlar Malta adasının sahilinə çıxdılar (Həvarilərin işləri 27:37-28:1). Bu adanın sakinləri, qəzaya uğrayan dənizçilərə kömək etməyə borclu olmasalar da, hətta onları tanımasalar belə, həmin insanları sevinclə qəbul edib, onlara “qeyri-adi bir insanpərvərlik” göstərdilər (Həvarilərin işləri 28:2, 7). Onların qonaqpərvərliyi səmimi, ancaq təsadüfi idi və onlar bunu yad adamlar üçün edirdilər. Bu səbəbdən həmin xüsusiyyət insanpərvərlik adlanır.
5 Gətirilən nümunəni, Davudun öz dostu Yonatanın oğlu Mefiboşetə göstərdiyi inayətlə müqayisə edin. Davud Mefiboşetə növbəti sözlərlə müraciət etdi: “Sən daima mənim süfrəmdə çörək yeyəcəksən”. Davud öz qərarını izah edib dedi: “Atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq [inayət] edəcəyəm” (2 Samuel 9:6, 7, 13). Davudun Mefiboşetə göstərdiyi xeyirxahlığını münasib olaraq sadəcə mehribanlıq deyil, inayət adlandırmaq olar, çünki bu, Davudun Yonatanla bağladığı əhdə sadiq qaldığına şəhadət edirdi (1 Samuel 18:3; 20:15, 42). Allahın xidmətçiləri də bu gün bütün insanlara insanpərvərliklə yanaşırlar. Lakin onlar inayəti, yə’ni dəyişməz məhəbbəti həmimanlılarına təzahür etdirirlər (Matta 5:45; Qalatiyalılara 6:10).
6. Allahın Kəlamında inayətin hansı fərqləndirici xüsusiyyətləri qeyd olunur?
6 İnayətin daha bir neçə fərqləndirici xüsusiyyətlərini görmək üçün, gəlin Müqəddəs Kitabdan üç epizodu qısa olaraq nəzərdən keçirək. Bu epizodlardan öyrənəcəyik ki, inayət 1) konkret işlərdə, 2) könüllü surətdə və 3) xüsusən köməyə ehtiyacı olanlara göstərilir. Bundan əlavə, inayəti bu gün necə təzahür etdirməyimizin üsulunu da nəzərdən keçirəcəyik.
Ata inayət göstərir
7. İbrahimin qulu Betuel ilə Labana hansı hadisəni nəql etdi və hansı məsələni qaldırdı?
7 Əvvəlki məqalədə xatırlanan İbrahimin qulu ilə baş verən hadisənin necə sona yetdiyini “Təkvin” kitabının 24:28-67 ayələrindən oxuyuruq. Rebeka ilə rastlaşdıqdan sonra, İbrahimin qulunu qızın atası Betuelin evinə də’vət etdilər (28-32-ci ayələr). Orada qul İbrahimin oğlu üçün arvadı necə axtardığını təfsilatı ilə nəql etdi (33-47-ci ayələr). O, işinin belə uğurlu olmasını Yehovadan bir əlamət kimi qəbul etdiyini xüsusi vurğulayıb dedi: “Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən” Allahdır (48-ci ayə, MKŞ). Qul, şübhəsiz, ümid edirdi ki, baş verən hadisə barədə açıq söhbət Betueli və Labanı, bu işin arxasında Yehovanın durduğuna əmin edəcək. Söhbətin sonunda qul soruşdu: “Mənə deyin görüm, siz ağama xeyirxahlıq [inayət] və sədaqət göstərmək istəyirsiniz, ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim” (49-cu ayə, MKŞ).
8. Rebekaya aid işdə Betuel necə davrandı?
8 Yehova artıq öz inayətini İbrahimə təzahür etdirmişdi (Təkvin 24:12, 14, 27). Rebekaya İbrahimin qulu ilə getməyə icazə verərək, Betuel də bu cür davranmaq istəyəcəkmi? Allahın inayəti insan inayəti ilə tamamlanacaqmı? Yoxsa qulun uzun səyahəti əbəs olacaq? Labanla Betueldən: “Bu iş Allahdan oldu” sözlərini eşitmək qul üçün necə də sevindirici idi! (50-ci ayə, MKŞ). Onlar bu işdə Yehovanın iştirakını gördülər və Allahın qərarı ilə dərhal razılaşdılar. Sonra Betuel inayət göstərib dedi: “Budur, Rebeka qarşındadır, al və get və Rəbbin söylədiyi kimi sənin ağanın oğluna arvad olsun” (51-ci ayə). Rebeka İbrahimin qulu ilə getməyə razılaşdı və bir azdan İshaqın sevimli arvadı oldu (49, 52-58, 67-ci ayələr).
Oğulun göstərdiyi inayət
9, 10. a) Yaqub oğlu Yusifdən nəyi xahiş etdi? b) Yusif atasına necə inayət göstərdi?
9 İbrahimin nəvəsi Yaquba da inayət göstərilmişdir. “Təkvin” kitabının 47-ci fəslindən öyrənirik ki, Yaqub Misirdə yaşayan zaman “öləcəyi günlər” yaxınlaşdı (27-29-cu ayələr). Ancaq Allahın İbrahimə və’d etdiyi torpaqdan kənarda ölməyi onu narahat edirdi (Təkvin 15:18; 35:10, 12; 49:29-32). Yaqub Misirdə basdırılmağı istəmirdi, buna görə də xahiş etdi ki, onun cəsədini Kən’an torpağında dəfn etsinlər. Atasının arzusunu, yüksək vəzifəyə sahib olan oğlu Yusifdən başqa kim daha yaxşı yerinə yetirə bilərdi?
10 “Yaradılış” kitabında oxuyuruq: “[Yaqub] oğlu Yusifi çağırıb dedi: “Əgər gözlərində lütf tapmışamsa... and iç ki, xeyirxahlıq [inayət] və sədaqət göstərib, məni Misirdə basdırmayacaqsan, atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb, onların məqbərəsində basdıracaqsan” (Yaradılış 47:29, 30, MKŞ). Yusif söz verdi ki, bu xahişi yerinə yetirəcək. Qısa vaxtdan sonra Yaqub vəfat etdi. Yusif və Yaqubun başqa oğulları atalarının cəsədini “Kən’an diyarına götürdülər və onu Mamre qarşısında Makpela tarlasının mağarasında basdırdılar; o mağaranı İbrahim... satın almışdı” (Təkvin 50:5-8, 12-14). Bununla da Yusif atasına inayət göstərdi.
Gəlinin göstərdiyi inayət
11, 12. a) Rut Naomiyə necə inayət göstərdi? b) Rutun “son inayəti” nəyə görə “ilk inayətindən” daha yaxşı idi?
11 “Rut” kitabı, dul Naomiyə moablı gəlini tərəfindən necə inayət göstərildiyi haqqında mə’lumat verir. Onun gəlini Rut da dul qalmışdı. Naomi Yəhudeyanın Beytlehem şəhərinə qayıtmaq qərarına gəldikdə, Rut onunla qalmaq niyyətində olduğunu söylədi: “Haraya getsən, oraya gedəcəyəm, harada qalsan, orada qalacağam; xalqın xalqım olacaq, Allahın Allahım” (Rut 1:16, MKŞ). Sonradan Rut, Naominin yaşlı qohumu Boaza ərə getməyə razı olmaqla da inayət göstərmiş oldua (Təsniyə 25:5, 6; Rut 3:6-9). Boaz ona dedi: “Son inayətin sənin ilk inayətindən daha yaxşıdır, çünki fağır olsun, zəngin olsun gənclərin ardınca getmədin” (Rut 3:10).
12 Burada “ilk inayət” sözü altında, Rutun öz xalqını tərk edib, Naomi ilə getməsi nəzərdə tutulur (Rut 1:14; 2:11). Rutun “son inayəti” isə, yə’ni Baoza könüllü ərə getməsi, “ilk inayətindən daha yaxşı” idi. İndi Rut, doğmaq üçün həddindən artıq qoca olan Naomiyə varis dünyaya gətirə bilərdi. Nikah bağlandı və Rutun övladı olduqda beytlehemli qadınlar nida etdilər: “Naomiyə oğul doğulub” (Rut 4:14, 17, MKŞ). Haqlı olaraq “nəcabətli qadın” sayılan Rut, Yehovadan gözəl mükafat aldı. O, İsa Məsihin ulu valideyni oldu (Rut 2:12; 3:11, MKŞ; 4:18-22; Matta 1:1, 5, 6).
İnayət əməllərdə təzahür etdirilir
13. Betuel, Yusif və Rut inayəti necə təzahür etdirdilər?
13 Betuelin, Yusifin və Rutun inayəti necə təzahür etdirdiklərinə diqqət yetirdinizmi? Onlar bunu yalnız dildə deyil, konkret əməllərdə göstərdilər. Betuel yalnız “Rebeka qarşındadır” demədi, həm də onun getməsinə izin verdi (Təkvin 24:51, 59). Yusif atasına: “Necə deyirsən, elə də edərəm” deməklə kifayətlənmədi, qardaşları ilə birlikdə “atasının vəsiyyətini tamamilə” yerinə yetirdi (Yaradılış 47:30; 50:12, 13, MKŞ). Rut yalnız: “Haraya getsən, oraya gedəcəyəm” demədi, ancaq həqiqətən də xalqını tərk edib, Naomi ilə birlikdə Beyt-Lehemə gəldi (Rut 1:16, 19). Yəhudeyada Rut yenə də “qayınanasının bütün tapşırıqlarına əməl etdi” (Rut 3:6, MKŞ). Beləliklə görürük ki, Rutun, o cümlədən Yusifin və Betuelin inayəti əməllərində təzahür olundu.
14. a) Allahın müasir xidmətçiləri inayəti əməldə necə göstərirlər? b) Sizin vilayətinizdə məsihçilərin bir-birlərinə etdikləri xeyirxah işlər barədə danışın.
14 Allahın müasir xidmətçilərinin də əməldə inayət təzahür etdirmələrini görmək insana tə’sir bağışlayır. Məsələn, zəif, mə’yus və ya kədərli olan həmimanlılarına emosional cəhətdən kömək edən kəslər haqqında düşünün (Süleymanın məsəlləri 12:25). Həmçinin hər həftə maşınla yaşlıları Padşahlıq Zalındakı görüşlərə aparan çoxsaylı Şahidlər haqqında da fikirləşin. Artrit xəstəliyindən əziyyət çəkən 82 yaşlı Anna, çoxlarının hisslərini ifadə edərək dedi: “Kiminsə səni maşınla bütün yığıncaq görüşlərinə aparması Yehovanın xeyir-duasıdır. Bu cür qayğıkeş bacı-qardaşlar verdiyinə görə mən Yehovaya ürəkdən minnətdaram”. Yığıncağınızdakı bacı-qardaşlara bu cür kömək göstərirsinizmi? (1 Yəhya 3:17, 18). Əgər belədirsə, göstərdiyiniz inayətin yüksək qiymətləndirildiyinə əmin ola bilərsiniz.
İnayət könüllü təzahür etdirilir
15. Nəzərdən keçirdiyimiz Müqəddəs Kitabın üç nümunəsində inayətin daha hansı fərqləndirici xüsusiyyətləri qeyd olunur?
15 Nəzərdən keçirdiyimiz Müqəddəs Kitab epizodlarından görürük ki, inayət məcburi deyil, könüllü və həvəslə təzahür etdirilir. Məsələn, həm Betuel, həm də Rebeka İbrahimin qulu ilə könüllü olaraq razılaşdılar (Təkvin 24:51, 58). Yusif kənardan heç bir təzyiq olmadan inayət göstərdi (Təkvin 50:4, 5). Rut Naomi ilə getməyə qəti qərarlı idi (Rut 1:18). Naomi ona Boazın yanına getməyi təklif etdikdə, inayət moablı Rutu bu sözləri deməyə sövq etdi: “Dediklərinin hamısına əməl edərəm” (Rut 3:1-5, MKŞ).
16, 17. Betuelin, Yusifin və Rutun göstərdiyi inayət nəyə görə xüsusilə əhəmiyyətlidir və bu xüsusiyyəti göstərməyə onları nə təşviq etdi?
16 Betuelin, Yusifin və Rutun göstərdikləri inayət xüsusilə əhəmiyyətlidir, çünki nə İbrahim, nə Yaqub, nə də Naomi bu insanları iradələrinə zidd hərəkət etməyə məcbur edə bilməzdilər. Misal üçün, Betuel qızı ilə ayrılmağa borclu deyildi. O, İbrahimin quluna izah edə bilərdi ki, qızı ona çox kömək etdiyi üçün ondan ayrılmaq niyyətində deyil və bununla da, qulun təklifindən boyun qaçırardı (Təkvin 24:18-20). Yusif də atasının xahişini yerinə yetirib yetirməməyi özü şəxsən qərara ala bilərdi, axı Yaqub artıq ölmüşdü və oğlunu sözünün üstündə durmağa məcbur edə bilməzdi. Naomi isə özü dedi ki, Rutun Moabda qalmağa haqqı var (Rut 1:8). Rut isə yaşlı Boaza deyil, cavanlardan birinə ərə gedə bilərdi.
17 Betuel, Yusif və Rut könüllü olaraq inayət göstərdilər, buna onların ürəyi təşviq etdi. Davud padşah Mefiboşetə inayət göstərmək üçün sonradan daxilində təhrik hissi duyduğu kimi, onlar da bu keyfiyyəti yaxınlarına təzahür etdirməyi mə’nəvi cəhətdən özlərinə borc bildilər.
18. a) Ağsaqqallar hansı əhval-ruhiyyə ilə “sürünü otarırlar”? b) Bir ağsaqqal həmimanlılarına etdiyi kömək barədə fikrini necə ifadə etdi?
18 İnayət və xeyirxah işlər, əvvəlki kimi, indi də Allahın xalqının, xüsusilə də, Allahın “sürüsünü” idarə edən kişilərin fərqləndirici əlaməti olaraq qalır (Məzmur 110:3; 1 Saloniklilərə 5:12). Bu ağsaqqallar, tə’yinat aldıqları zaman onlara həvalə edilən e’tibarı doğrultmağı özlərinə borc sanırlar (Həvarilərin işləri 20:28). Lakin onlar ağsaqqallıq vəzifəsini və yığıncağın xeyri üçün olan başqa xeyirxah işləri “məcburi deyil, könüllü” yerinə yetirirlər (1 Peter 5:2). Ağsaqqallar məsihçiləri mərhəmətlə himayə edirlər. Bunu, sadəcə vəzifələrinə daxil olduğu üçün deyil, həm də sürüyə kömək etmək istədikləri üçün edirlər (Yəhya 21:15-17). Bir ağsaqqal deyirdi: “Mən qardaşlara baş çəkməyi, zəng etməyi və bununla da onlar barəsində düşündüyümü onlara bildirməyi sevirəm. Qardaşlara kömək etməklə böyük sevinc və məmnunluq duyuram!” Qayğıkeş ağsaqqalların hamısı bu sözlərlə tam razıdırlar.
Köməyə ehtiyacı olanlara inayət göstərin
19. Bu məqalədə nəzərdən keçirdiyimiz Müqəddəs Kitabın epizodları inayətə dair nəyi vurğulayır?
19 Nəzərdən keçirdiyimiz Müqəddəs Kitab epizodlarında diqqətəlayiq olan odur ki, inayət köməyə ehtiyacı olanlara göstərilir. Nəslini davam etdirmək üçün İbrahim Betuelin köməyinə ehtiyac duyurdu. Yaqub isə cəsədinin Kən’an diyarında dəfn edilməsi üçün Yusifin köməyinə möhtac idi. Naomi isə Rutun köməyi olmadan varisə sahib ola bilməzdi. Həm İbrahim, həm Yaqub, həm də Naomi başqalarının köməyi olmadan keçinə bilməzdilər. Elə bu gün də, inayəti xüsusilə köməyə ehtiyacı olanlara göstərmək lazımdır (Süleymanın məsəlləri 19:17). Biz, “yardıma çağıran düşkünə və yardımçısı olmayan yetimə”, həmçinin “ölüm təhlükəsində” olana diqqət yetirən qəbilə başçısı Eyubdan nümunə götürməliyik. Bundan başqa, Eyub “dul qadının ürəyini” sevindirir, “kora göz” və “topala ayaq” kimi xidmət edirdi (Eyub 29:12-15).
20, 21. Köməyimizə kimlərin ehtiyacı var və hər birimiz nəyə qərarlı olmalıyıq?
20 Şübhəsiz ki, hər bir məsihçi yığıncağında “yardıma çağıran” kəslər var. Ola bilsin, onlar tənhalıqdan, mə’yusluqdan, özlərini lazımsız hiss etdiklərindən, başqalarının e’tibarsızlığından, ciddi xəstəlikdən, yaxud da əzizlərinin ölümündən əziyyət çəkirlər. Bunun səbəbi hər nə olsa da, bizim üçün qiymətli olan bu insanların hamısı, xeyirxahlıq və inayət əks etdirərək həvəslə və səbirlə edə biləcəyimiz və etməyə borclu olduğumuz köməyə ehtiyac duyurlar (1 Saloniklilərə 5:14).
21 Gəlin bundan sonra da “inayəti... çox olan” Yehova Allahımızı təqlid edək (Çıxış 34:6; Efeslilərə 5:1). Xüsusilə də gəlin, köməyə ehtiyacı olanlara diqqət yetirərək, inayəti könüllü və konkret işlərdə təzahür etdirək. Bir-birimizə inayət göstərməklə Yehovaya ehtiram bəsləyəcək və böyük sevinc duyacağıq (Zəkarya 7:9).
[Haşiyə]
a Burada xatırlanan nikah haqqında geniş mə’lumatı, Yehovanın Şahidləri tərəfindən nəşr olunmuş “Müqəddəs Yazıların dərk edilməsi” əsərinə baxın, I cild, səh. 370 (ing.).
Siz necə cavab verərdiniz?
• İnayət insanpərvərlikdən nə ilə fərqlənir?
• Betuel, Yusif və Rut inayəti necə göstərdilər?
• İnayəti biz hansı əhval-ruhiyyə ilə göstərməliyik?
• Köməyimizə kimlərin ehtiyacı var?
[15-ci səhifədəki şəkil]
Betuel inayəti necə göstərdi?
[17-ci səhifədəki şəkil]
Rutun inayəti Naomi üçün xeyir-dua idi.
[18-ci səhifədəki şəkillər]
İnayət könüllü və konkret işlərdə təzahür etdirilir və köməyə ehtiyacı olanlara fayda gətirir.